“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Kitaba şairin müxtəlif illərdə işıq üzü görən kitablarından seçmə şeirlər və poemalar daxil edilib.
Yetişməkdə olan yeni nəslin nümayəndələrini görkəmli Xalq şairlərimizin zəngin ədəbi-bədii yaradıcılığı ilə yaxından tanış etmək məqsədilə nəfis tərtibatda işıq üzü görən kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği yönündə yorulmaq bilmədən çalışan və oxucuları hər dəfə yeni nəfis tərtibatlı orijinal kitablarla-zəngin xəzinə ilə baş-başa buraxan “Kitab Klubu” nəşriyyatı tərəfindən Sevimli Xalq şairimiz, lirik şeirlər və həzin duyğular müəllifi, ədəbiyyat tariximizdə daha çox şair-filosof kimi tanınan Nəriman Həsənzadənin “Seçmə şeirlər” (“Kitab Klubu”, 2015, 400 səhifə, 100 tiraj) işıq üzü görmüşdü.
Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…” adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.