“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı , filologiya elmləri doktoru, şair-ədəbiyyatşünas, tənqidçi Xəlil Rza Ulutürkün “Mən ümmanlar təşnəsiyəm” adlı yeni kitabı 440 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Kitaba şairin müxtəlif illərdə işıq üzü görən kitablarından seçmə şeirlər və poemalar daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan şairi və tənqidçisi Xəlil Rza Ulutürkün “Seçilmiş əsərləri”nin iki cildliyi 2005-ci ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.
Yeri gəlmişkən, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…” adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.