Xalq Yazıçısı İmran Qasımovun 100 illiyinə virtual albom hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının kollektivi “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Xalq Yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyinə həsr olunmuş virtual fotoalbom hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısının fotoları, həyat və yaradıcılığının əsas mərhələləri xronoloji ardıcıllıqla alboma daxil edilib.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır.

Virtual fotoalbomla aşağıdakı linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=0U8cWH1lBR8

Qeyd edək ki, bu il Xalq Yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd ediləcək.

İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Mənbə: https://azertag.az