Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində ilk dəfə olaraq beynəlxalq muğam (makom) sənəti forumu keçiriləcək. Tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.

Özbəkistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO-nun himayəsi altında keçiriləcək forumda “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq. Qeyd edək ki, makom – özbək musiqisində vokal-instrumental silsilədir.

Tədbir Oksaroy meydanında və ona yaxın ərazilərdə keçiriləcək. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil ediləcək, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı olacaq.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq tellərinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Forumda Əməkdar artist, Milli Konservatoriyanın müəllimi, istedadlı tar ifaçısı Sahib Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Mənbə: https://azertag.az