Anna Netrebko və Yusif Eyvazovun Monakoda konserti olacaq

Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 23-də Monakoda Monte-Karlo Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC Monte-Karlo Opera Teatrının saytına istinadla xəbər verir ki, konsertdə С.Verdi, N.Rimski-Korsakov, С.Puççini və başqalarının əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

Mənbə: https://azertag.az