Azərbaycan Aşıqlar Birliyinin nəşri: “Aşıq şeirinin poetik biçimləri və çeşidləri”

Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan çıxıb. Kitabın redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.
Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə hazırlanan kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. Aşıq şeir biçim və çeşidləri ilə musiqi-havacat bağlantıları da ilk dəfə bu kitabda izahını tapıb.
Kitabda göstərilib ki, aşıq sənəti özündə milli kimlik mücadiləsini, müstəqil dövlətçilik düşüncəsini, ana dilinə mehr-məhəbbəti, mərdlik və halallığı cəmləşdirir.
Kitab geniş oxucu auditoriyası, ədəbiyyatsevərlər, aşıq sənəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Aşıq ədəbiyyatının təbliği yönündə oxucu rəğbətini qazanacağına ümid edirik.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.