Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən 38-ci Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı olub. Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

Hər gün yüzlərlə ziyarətçini qəbul edən sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda Azərbaycan ədəbi, elmi əsərləri də nümayiş olunur.

Nazirlikdən bildirilib ki, sərgi zamanı, həmçinin layihə üzrə türk dilində yenicə nəşri başa çatdırılan, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı Türkiyə ictimaiyyətinə təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat qonaqlara kitabla bağlı ətraflı məlumat verib, nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması işinə vacib töhfə olduğunu bildirib. Kitab ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 4 kitabın da nəşrinin tamamlanması və Nizami irsinin tanıdılması, təbliği məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

Mənbə: http://www.edebiyyatqazeti.az