Ömrüm boyu gözümdə kam,
Bu həsrəti daşıyıram.
Mən birtəhər yaşayıram,
Təkcə səndən nigaranam…

Yandı qəlbim, soldu keçdi,
Bir də sevmək daha gecdi,
Mənə olan oldu, keçdi,
Təkcə səndən nigaranam…

Mən sahilsiz bir gecəyəm,
Heç bilmirəm kiməm, nəyəm,
Nə vecinə, mən necəyəm,
Təkcə səndən nigaranam…

Gəlib hərdən düşər yada,
O günlər bir nağılsa da,
Bütün dünya dağılsa da,
Təkcə səndən nigaranam…

Ömür ötür aram-aram,
Heç bilmirsən yoxam, varam,
Mənsə səni soruşaram,
Təkcə səndən nigaranam,
Təkcə səndən nigaranam!..

Mənbə: Klassik Ədəbiyyat İnciləri