Xalq şairi Vahid ƏZİZ.Bayatılar

BAYATILAR

Ürəyimdə ayaz var,
Nə qış gedib,nə yaz var
Oyatma bənövşəni,
Kol dibində ayaz var

Kədərli baxmayaydın,
Göz yaşım axmayaydı
Yad baxmağı bir yana,
Yar yada baxmayaydı

Bu dünya çətin qala,
Yolları çətin qala
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala

Qalanın daşı oldum,
Gözümün yaşı oldun
Dünyada gün görmədim,
Sevəndə naşı oldum

Yanımda qal bir az da
Göz yaşı var arazda
Yar yuxusun danışıb,
Şəkli qalıb arazda

Yenə də axşam oldu
Gün keçdi,axşam oldu
Gecələr mən alışdım
Əriyən şam oldu…

Mənbə: Klassik Ədəbiyyat İnciləri