https://b.radikal.ru/b03/1906/f3/1d77250940ad.jpg

İyun ayının 23-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Möhtəşəm Azərbaycan” qəzeti redaksiyasının akt zalında Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Müqəddəs qələm” və digər media mükafatları laureatı, bir sıra nüfuzlu qəzet və jurnallarda məsul vəzifələrdə çalışmış, hazırda “İdeal Market” qəzetinin təsisçisi və baş redaktoru, “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru” kitablarının müəllifi, şairə, istedadlı jurnalist İlhamə Məhəmmədqızının 50 illik yubileyinə və çoxillik səmərəli jurnalistlik fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday açaraq, yubilyarın ömür yolu və səmərəli jurnalistlik fəaliyyəti haqqında geniş məlumat verdi.

Sonra “Qafqaz Media” İctima Birliyinin sədri, XalqTv-nin icraçı direktoru, Prezident təqaüdçüsü, şairə Hacı Azadə Taleh Abbasqı və XalqTv-nin direktoru yazıçı Hacı Hidayət Şirvanli çıxış edərək İlhamə Məhəmmədqızına ürək sözlərini və təbriklərini çatdırdılar. Yubilyara XalqTv tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim olsundu, kollektiv adından Aygun Məmmədova İlhamə xanıma gül buketi təqdim etdi.

Tədbirin təşkilatçılarından və mənəvi dəstəkçilərindən – “Dəlidağ” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlı, “Çeşmə” Ədəbi Məclisinin sədri, şairə Lilpar Cəmşidqızı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt regional bölməsinin sədri, şairə Qənirə Mehdixanlı, “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru Firdovsi Cəfərxan, “Günəşli sabah” qəzetinin təsisçisi və baş redaktoru Aygün Hacıyeva, “Möhür” kiçik müəssisəsinin rəhbəri, veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü Zümrüd Baloğlanova həyat və yaradıcılığı haqqında öz fikirlərini bölüşmüşlər.

Tədbirdə həmçinin peşəkar rejissor, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist Ağalar İdrisoğlu, şairə, publisist “Möhtəşəm Azərbaycan” qəzetinin tedaktoru Nisə Heydərli, şairə, “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini Sevinc Qərib, Sumqayıt Regional Mədəniyyət idarəsinin nümayəndəsi Eldar Xanlaroğlu, yubilyarın qələm dostları – Asif Asiman, Məryəm Aslanqızı, Qaratel Azəri, Xürrəm Qafanlı, Süleyman Sərraf, Kəramət Əmirli, Rəfail Laçınlı, Nizami Kolanılı, Alı Səfolu, Vüsal Ağayev, Asif Hüseynoğlu, Güloğlan Dünya, Ədalət İzzətoğlu, Nəriman Nərimanlı, Sevinc Murad və Natiq İsmayıloğlu iştirak və çıxış etmişlər.

Azərbaycan Aşıqlar Birliyi Sumqayıt regional bölməsinin nəzdində yaradılmış “Aşıq qızlar” dərnəyinin rəhbəri aşıq Ruhiyyə Qarabağlı öz şirin avazı ilə tədbirə xoş ovqat bəıxş etmişdir.

İlhamə Məhəmmədqızının bacısı, səmimi xanım Elnarə Məmmədova çıxış edərək tədbir iştirakçılarına ailələri adından minnətdarlığını bildirmiş, Elnarə xanımın qızı, gənc və istedadlı müğınni, şəhərimizin bir sıra tədbirlərində məharətlə çıxış edən, öz məlahətli səsi ilə dinləyiciləri ovsunlayan Vüsalə Məmmədova tədbirə yeni rəng, yeni çalar qatmışdır.

Tədbirdə İlhamə Məhəmmədqızına Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday tərəfindən fəxri diplom, gül çələngi və qiymətli hədiyyə təqdim olunmuşdur.
Tədbir XalqTv-nin əməkdaşları Mənsurə Həşimova və Jalə Əkbərova tərəfindən lentə alınaraq, arxivləşdirilmişdir.
Sonda xatirə şəkilləri çəkilmişdir.

Mərcan Sabirqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.