Xalq şairi Səməd VURĞUN.”Dağlar”

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar