Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

https://c.radikal.ru/c36/1907/b2/f30beb752d10.jpg

Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qeyd olunub ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladı, böyük intibahın təməli qoyuldu. Qısa müddət ərzində müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə respublikamızın keçmiş SSRİ-nin inkişaf edən ölkələrindən birinə çevrilməsinə nail olmuşdur.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Bu il şəhər statusu verilməsinin 70 yaşı tamam olan Sumqayıt ötən əsrin 40-cı illərinin sonunda salınsa da, məhz ulu öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində bu şəhərə yeni nəfəs verildi.
Vurğulanıb ki, Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib.
Mədəniyyət və incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.

Mənbə: http://sumqayitxeber.com