Gələndə yaşımı heç soruşmadı,
Baxmadı zamana, yaşa bu sevgi.
Birdən bir dəlisov oğlana döndü,
Tutdu pəncərəmi daşa bu sevgi.

Dedilər yol axtar qız ürəyinə,
Süzül damla-damla, süz ürəyinə.
Od qoydum yanmışın buz ürəyinə,
Az qaldı dünyanı aşa bu sevgi.

O səslər hələ də qulağımdadı,
Baharın həsrəti yanağımdadı.
Hələ ki, payızın sınağındadı
Görək, dözəcəkmi qışa bu sevgi.