Ulduz olub uzaqlarda dayanma,
Mənə gəlsin gözlərinin qadası.
Yanmalıdır eşqimizin ocağı,
Bir od vurub çatasıyam, çatası.

Hey düşürəm arzuların dalına,
Əl atıram dəymişinə, kalına.
İnam adlı bir köhlənin yalına
Yatasıyam, yatasıyam, yatası.

Üzmədiyim ümman qədər dərinsən,
Çatmadığım arzu qədər şirinsən.
Üz döndərib dumanlara bürünsən,
Elə bilmə batasıyam, batası.

Xan Kərəmi yada sala, andıra,
Həsrət məni buğum-buğum yandıra,
Birdəfəlik bu ayrılıq andıra
Öz əlimi qatasıyam, qatası.

Əllərimi dağ doğraya, daş kəsə,
Taqətimi gözdən axan yaş kəsə,
Aylar-illər pambıq ilə baş kəsə,
Yenə sənə çatasıyam, çatası.