Mən öz yalanlarımla inandırdım özümü,
Mən öz yalanlarımla baş-başayam hər gecə.
Mənə yağış pay verər, mənə külək bağışlar,
Mənə bu cür doğmadı, bu şəhərdə hər küçə.

İllərin ağrısı var, hər çiynimdə yük kimi,
Məni taqətdən salan səbəblərin sayı yox!
Mən bu ömrü büsbütün itirmişəm nə yazıq,
Nə bu bir gün, nə beş gün bunun ili, ayı yox.

Nə günahkar tapıram, nə günah var ortada.
Gözlərimdə görünür hər ağrının əl izi.
Yenə yetişdi axşam, yenə gəlir ağrılar.
Yenə ayaq səsləri silkələyir dəhlizi.

Yaralarım qan verir hər günəş qürubunda.
Mən ürək adamıydım, ürəyimi qırdılar.
Məni qınamaq üçün sən də tələs, yubanma.
Təkcə deyəcəyim bu: yordular dost, yordular…