“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

* * *

Tənha aşiqlərə keşik gecələr,
Mənim təkliyimə yiyə çıxmadı…
Fələklə əlbirdi keşiş gecələr,
Ümiddən düymələr heç açılmadı…

Yiyəsiz sevdanın saçı pırtlaşıq,
Daha indən belə hörüyə gəlməz …
“Yanıq Kərəmi”yə ağlayan aşiq,
Güzgü qabağında gülməyə bilməz…

Dedin, göz yaşıyla islanmışdılar
Pəncərən önündə qızılgüllərin…
Səni xatirəylə ağlatmışdılar?
Ay şehi qurusun qızılgüllərin!

Yarpaq ayrılığı

Pəncərəmdən boylanır
Yaşılı getmiş yarpaq.
Baxışlarım xoflanır:
-Payıza kim qalacaq?

Yarpaq…Yarı yaşıldı,
Budağa yaraşırdı.
Fəsil-ömür yaşıdı…
Fəsil onu atacaq…

Bu da bir ayrılıqdı…
Rənglərə bulaşıqdı…
Dərdim hələ uşaqdı,
Payızla oynayacaq.