Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IX hissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

 

    YORĞUN XƏYALLAR

Sənsizlik bir səhra tükənməz –bitməz

Ümidim olubdur yollar yorğunu

Gözlərin dənizdir,kipriklər dalğa

Mənsə seyrə dalan dəniz vurğunu

Yenə  sual dolu baxışla baxdım

Utanıb gizlətdi sözlər doğrunu

Ancaq həqiqətdir,əminəm ki,mən

Hər zaman söyləyir gözlər doğrunu

Röyana gələcəm hər kəsdən xəlvət

Şirin edəcəyəm sənin yuxunu

Deyirsən qorxuram mən qaranlıqdan

Bu gecə qovacam sənin qorxunu

                                             YAZ YAĞIŞI

                          Bir yaz səhərində görüşdük yenə

                          Köçdü ürəyimdən həsrətin qışı

                          Gözlərin ruhumu aldı əlimdən

                          Unuda bilmirəm odlu baxışı

                          Sevinib göz yaşı tökdü buludlar

                          Düzdü saçlarına bahar naxışı

                          Əl-ələ,göz-gözə islandıq birgə

                          Şahid oldu bizə bir yaz yağışı