Yunus Əmrəyə
Mәni dә cavankәn çöllәrә saldı,
Bir çarıq, bir әsa, bir әba verdi.
Mәni dә göndәrdi buğda dalınca
Yol verdi, at verdi, araba verdi.

Tapdım әrәnimi, tanıdım әri,
Ona hizmәtdәyәm o gündәn bәri.
Dedi abad elә bu könüllәri,
Nә qәdәr dağılmış xaraba verdi.

Tanrıya sirdaşam, haqqa yaram mәn,
Dünәn yox olmuşdum, bu gün varam mәn.
Tәk olan Allaha minnәtdaram mәn,
Mәnә Yunus kimi bir baba verdi.

2010, 21 mart