Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Sən hardan biləsən nədir məhəbbət,
Əllərin uzalı qaldımı , söylə?
Gedənin addımın sonadək sayıb,
Qayıdıb gəlməsin gözlərdən belə…

Sən hardan biləsən nədir məhəbbət
Dualar etməyi öyrəndinmi sən?
Narahat, nigaran, tək qalanda yox…
Gözlərin doluxanda biləcəksən…

Sən hardan biləsən nədir məhəbbət
Evdə hazırın yox, pay da gəlməyib.
Nə sənin kitabın yazmayıb bunu,
Nə də ki, ürəyin səndən getməyib…

Sən hardan biləsən nədir məhəbbət
Yolunu saatla gözləmək nədir,
Yorğun simasını görüb, həvəslə
Fikrini dağıtmaq, cəmləmək nədir…

Sən hardan biləsən nədir məhəbbət
Yad bir oyuncaq tək qırmısan onu
Oynadıb, yorulub eyni oyundan,
Divarın küncünə qoymusan onu

Sən hardan biləsən nədir məhəbbət
Telini oynadıb, qoxlamağı var
Hələ həsrətinə tab gətirməyib
Arada uşaqtək ağlamağı var

Sən hardan biləsən nədir məhəbbət
Həvəsinə qurban gəzirsən hələ
Xoşbəxtlik toy qurub səninçün, amma,
Təxirə salmısan sən onu yenə.

Sən hardan biləsən nədir məhəbbət
Əyləncə axtarıb yorulmadınmı?
Kiminsə ürəyin ayağın altda
Qıranda həyatdan utanmadınmı…?

Sən hardan biləsən nədir məhəbbət
Sevinc göz yaşını qəmə qatdınmı?
Sən heç sevdiyini üzməmək üçün,
Özünü atəşə, oda atdınmı?

Sən hardan biləsən nədir məhəbbət
Kədəri qəlbində gizləmək nədir
Könlünü alarsan, amma özünün
Dərdinsə hələ də öz qəlbindədir.

Sən hardan biləsən nədir məhəbbət
Kiməsə özünü xərcləmək kimi,
Həyat da, sevgi də bir fəlsəfədir.
Sona İntizaram, yazdığım şeir,
Ərmağandır sənə, həmişəki kimi…