Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.

İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Böhtan şərlə vur da ləkə,
Təmiz, paka zil qara da.

Gözləməyib abır-həya,
Böyük, kiçik salma saya.
Varlığını sarsın riya,
Gətir ətrafı zara da.

Tək özünü təriflə, öy,
Kim tuş gəldi hikkənlə söy.
“Mən-mən” deyib döşünə döy,
Vur başını divara da.

Başqasına etməklə lağ,
Şitliyinlə lap çıxar ağ,
Girlən bax belə bir sayaq,
Gəlmə bir işdə kara da.

Qur hiylənlə fitnə-fəsad,
Ucuz alıb söz baha sat,
Ağrı, acı, qubar yarat,
Olsan nə zaman harada.

İşarəylə qaş-göz oynat,
Yaxa cır, özünə əl qat,
Mayallaq aş, qalx şıllaq at,
Hoqqalar düşün arada.

İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Hansı hədyan gəlsə dərkə,
Çək onu zildən cara da.
17.03.2021.