Şuşada qış fəslindən fotoları lentə alacaq sonuncu fotoqraf ölkəmizdə səfərdədir

Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.

Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıb.

Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Fabian Weiss (Almaniya) isə hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 13-16 dekabr tarixlərində Şuşanı ziyarət edəcək.

Azərbaycana səfəri çərçivəsində dekabrın 12-də xarici fotoqraf ilə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirildi, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq.

Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.

Mənbə: https://culture.gov.az/