Nemət TAHİR (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olub, oranı 2006-cı ildə bitirib. İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görüb. 2006-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.

  Şeirləri, hekayələri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.Günümüz”, “Azad qələm” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur.

  2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

  2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib. Ağdam rayonunun Səfərli qəsəbəsində yerləşən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib.

  2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

  Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Usare” (Ebrar Vakfı Kültür yayın organı, Kahramanmaraş şəhəri), “Kardelen”, (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində nəşr olunub.

   “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda “Mübarizlər” adlı şeiri işıq üzü görüb.