Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Ömürlük məhəbbət olmur, əzizim,
Hər yazın qış payı, payız payı var.
Mürgülü dənizin, susqun dənizin
Küləklər yuxusun oğurlayırlar.

Bir də görürsən ki, boşalıb için,
Əlindən salmısan, düşüb dağılıb.
Daha heç kim deyil o kəs səninçün,
Baxırsan, yerində sınıqlar qalıb.

Toxunsan, əlini yaralar o qəm,
Qınayıb qalarsan hədər illəri.
Bir də görərsən ki, tamam sökmüsən
İçindən o bəyaz xatirələri.

Bir də baxarsan ki, daşa dönmüsən,
Daşlaşıb içində inamın, sözün.
Elə bil, bahardan qışa dönmüsən,
Yanan da özünsən, yaman da özün.

Yollar uzaqlaşır, dəyişir fikir,
Zaman dəyirmandı, əriyir izim.
Bütün ayrılıqlar ömürlük çəkir,
Ömürlük məhəbbət olmur, əzizim.