Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) Fəxri Siyahısına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssam İskəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyevə 11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən qurumun sertifikatları təqdim olunub.

Dünya uşaq ədəbiyyatı yaradıcılarını və uşaqları bir araya gətirən Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) 1953-cü ildə İsveçrənin Sürix şəhərində fəaliyyətə başlayıb və dünyanın 81 ölkəsi üzrə milli bölmələrdən ibarətdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə ölkəmiz 2012-ci ildə Şuraya üzv qəbul edilib və Azərbaycan uşaq ədəbiyyatının təbliği istiqamətində əməkdaşlığa başlanıb.

Qurumun başlıca məqsədi dünyanın hər yerində uşaqlara yüksək bədii zövqə malik kitabları əldə etmək imkanını vermək, xüsusilə inkişaf etməkdə olan ölkələrdə keyfiyyətli uşaq kitablarının nəşrini və yayımını təşviq etməkdir.

Şuranın iki ildə bir təşkil etdiyi beynəlxalq konqreslər uşaqlar üçün ədəbiyyat və kitab mədəniyyəti sahəsində çalışan nüfuzlu mütəxəssisləri bir araya gətirir. Eyni zamanda şura tərəfindən uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan, “Kiçik Nobel Mükafatı” da adlandırılan Hans Kristian Andersen Mükafatı təqdim olunur.

Həmçinin şura tərəfindən görkəmli yazıçılar, illüstratorlar və tərcüməçilərdən ibarət Fəxri Siyahı hazırlanır. Şuranın Fəxri Siyahısı uşaq və yeniyetmələr üçün ədəbiyyatın dünyada təbliğində əhəmiyyətli rola malikdir.

Mənbə: https://culture.gov.az/