Azərbaycanın “Simurq” muğam ansamblı avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Mənbə: https://azertag.az/