
Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür
Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanır, adları ehtiramla yad edilir. Çünki həmin şəxsiyyətlər yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər.
AZƏRTAC xəbər verir ki, belə ölməz, parlaq şəxsiyyətlərdən biri də bu gün anadan olmasının 84-cü ildönümü tamam olan SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevdir.
On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib.
Mənbə: https://azertag.az/