
Bu ilin oktyabr ayında keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının rəsmi seçimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusuna həsr olunan festivala 88-dən çox ölkədən 260-dan artıq müraciət daxil olub.
Seçim komitəsinin qərarı ilə proqrama 54 film – 27 tammetrajlı və 27 qısametrajlı sənədli ekran əsəri daxil edilib. Rəsmi seçimdə yeni nəsil yerli kinematoqrafçıların əməyini əks etdirən 5 Azərbaycan sənədli filmi də yer alır.
Yeddi gün davam edəcək festival çərçivəsində filmlərin nümayişi ilə yanaşı, ustad dərsləri, panellər və müzakirələr təşkil olunacaq. Tədbirə 100-dən çox beynəlxalq və yerli kino xadimi qatılacaq.
Layihəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən ənənəvi olaraq maliyyə və informasiya dəstəyi göstərilir.
Mənbə: https://azertag.az/