
Avstraliyanın Sidney şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü qeyd olunub . Konsert proqramında çıxış edən Azərbaycanın tanınmış gənc müğənniləri AZTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli və Avroviziya müsabiqəsinin təmsilçisi İlkin Dövlətov ifası ilə tamaşaçıların böyük rəğbətini qazanıb.8 Noyabr – Zəfər Günü münasibətilə Avstraliya İttifaqının Sidney şəhərində təntənəli bayram tədbiri təşkil olunub. Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə baş tutub.Mərasimdə diplomatik korpusun nümayəndələri, biznes və akademik dairələrin təmsilçiləri, media nümayəndələri, Avstraliyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də yerli milli icmaların rəhbərləri iştirak ediblər.Konsertdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vaqif Seyidbəyli açılış nitqində 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının şanlı tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, altı il əvvəl qazanılmış tarixi Qələbə yalnız işğalın sona çatması deyil, həm də milli ləyaqətin, qürurun və ədalətin bərpası idi. Diplomat şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək bu Zəfərin xalqımızın birliyi, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində əldə olunduğunu qeyd edib. Tədbirdə həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri Gülmira Vəliyeva və Şahin Camalov da iştirak ediblər.Çıxışda Azərbaycanın haqq mübarizəsində yanında olan Türkiyə və Pakistan kimi qardaş ölkələrə, eləcə də ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan Avstraliya hökumətinə və digər dost dövlətlərə minnətdarlıq ifadə olunub.Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Azərbaycanın tanınmış müğənnisi, AZTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli, eləcə də “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil etmiş İlkin Dövlətov geniş konsert proqramı ilə çıxış ediblər.Almaxanım Əhmədlinin və İlkin Dövlətovun səhnə mədəniyyəti, məlahətli səsi və yüksək ifaçılıq məharəti konsert iştirakçılarında xoş təəssürat yaradıb. Gənc sənətçilərin ifaları Sidney səhnəsində Azərbaycan musiqisinin zənginliyini və milli-mənəvi dəyərlərimizin gözəlliyini bir daha nümayiş etdirib. Onların çıxışı tamaşaçıların gur alqışları ilə müşayiət olunub.Konsert proqramında Əməkdar artist Sevinc Hüseynlinin rəhbərlik etdiyi yeni yaradılmış Azərbaycan Milli Rəqs Dərnəyi Azərbaycan musiqi və rəqs sənətinin müxtəlif nümunələrini əhatə edən proqram tədbirə xüsusi rəng qatıb.Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadə çıxışında Avstraliyada yaşayan azərbaycanlıların ikinci vətən hesab etdikləri bu ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməyə çalışdıqlarını vurğulayıb.Sidneydə keçirilən bu möhtəşəm tədbir Azərbaycan xalqının Zəfər sevincini, milli birliyini və vətənpərvərlik ruhunu uzaq Avstraliyada yaşadıb. Almaxanım Əhmədlinin və İlkin Dövlətovun uğurlu çıxışı isə bayram konsertinin yadda qalan məqamlarından biri olub.