Category: Publisistika

  • Ədalət RƏSULOVA.”Süleyman Rəhimov xatirələrdə”

            Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. Onun əsərlərində iki cür kənd görürük, birincisi miskin görünüşə malik, haqsızlıqlarla dolu köhnə kənd, ikincisi isə inkişaf etmiş mədəni görkəmə iqtisadiyyata, yüksək ideyalar uğrunda  mübarizə aparan insanlara, güclü texnikaya malik olan gur işıqlı kolxoz kəndini təsəvvürümüzdə canlandırırıq. Süleyman Rəhimov realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq mübarizəsini inandırıcı şəkildə təsvir etmişdir. Zülm və işgəncədən cana doymuş, mənlikləri alçaldılmış, təhqir edilmiş yoxsullar əl-ələ verərək işğalçılara qarşı mübarizə etmişlər. Köhnə kəndin təsvirində “Şamo”,  “Ata və oğul”, “Aynalı” əsərlərində, “Ötən günlər dəftərindən” adlı hekayələr kitabında geniş şəkildə qələmə almışdır. “Şamo” dakı Şehli kəndinin təsvirində varlılarla kasıblar arasında ziddiyət aydın görürünür. Bu kənddə yaşayan varlılar dəbdəbəli  həyat sürürlər, onlar ehtiyyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə isə yoxsulların qaranlıq daxmaları öz varlığından utanırmış kimi dərələrin küncünə, təpələrin yamacına sığınır. Bu yastı-yapalaq daxmalarda yaşayan insanlar bir parça çörəyə möhtac olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür, döyülür, təhqir edilirlər. Bu baxımdan müəllifin “Üzsüz qonaq”, “Muzdur əhvalatı”, “Mozalan kəndi”, “Xoruzlu dəsmal”, “Su ərizəsi” kimi hekayələri daha qabarıq şəkildə qələmə alınmışdır.

          Yazıçı “Saçlı” romanında bu mübarizənin davamını,  köhnə ictimai quruluşun tör-töküntüləri olan Zülmət və onun bandit dəstəsi, rayon icraiyyə komitəsi sədri kimi yüksək vəzifə tutan sinfi düşmən Qəşəm Sübhanverdizadə kimi ünsürlər azad kənd uğrunda mübarizəyə qarşı çıxırlar.Yeni qüvvələrin birgə səyi mübarizəsi nəticəsində Zülmət və Qəşəm kimiləri məhv edərək azad və mədəni kənd uğrunda apardıqları mübarizəyə nail olurlar. Uğrunda mübarizə apardıqları yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi kimi, onun insanları da hüquqsuz kəndlilərdən fərqlənirlər. Onlar cəmiyyət üçün insanların rifahı naminə xeyirxah işlərlə məşğul olurlar. Bu baxımdan ədibin “Yanan buludlar” adlı hekayə-oçerki xüsusilə diqqəti cəlb edir. Əsərdə Sovet hakimiyyəti illərində xalqımızın daim artan mədəni tələblərindən bəhs olunur. Hekayənin qəhrəmanı Nəbi kişi inkişafı düzgün başa düşən bir surət kimi verilmişdir. Nəbi kişi böyük bir kolxoza başçılıq edirdi. Onun  sədr olduğu kolxoz zəngin həyatın canlı bir nümunəsidir. O, istəyir ki, insanlar daha çox işlərə qadir olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin ön sırasında getsinlər. Müasir kənd mövzusunda yazılmış “Ağbulaq dağlarında” romanında yeni həyat, yeni ictimai münasibətlər xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atası kimi xeyirxah işlər görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. “Qardaş qəbri”, “Mehman”, “Ana abidəsi” və bu kimi başqa əsərlərində Süleyman Rəhimov kənd həyatından sonuz bir məhəbbətlə söhbət açır. Süleyman Rəhimovun xalq həyatı ilə yaxından  bağlılığı və yaratdığı obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli gəlir.     Geniş xalq həyatını, Azərbaycan zəhmətkeşlərinin xoşbəxt həyat uğrunda mübarizəsini inqilab illərində və quruculuq dövründə keçdiyi həyat yolunu göstərən bədii əsərlərimiz çoxluq təşkil edir. Ancaq xalq həyatının vüsəti, əzəməti və inkişafı haqqında danışanda Süleyman Rəhimovun əsərləri ön sırada gəlir. Onun əsərlərində xalq həyatını dərindən, istedadla, böyük yaradıcılıq əzmi ilə qələmə aldığını müşahidə edirik. Süleyman Rəhimov öz yaradıcılıq işini həmişə geniş ictimai fəaliyyətlə əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə yerinə yetirmişdir. O, belə hesab etmişdir ki, “yazıçı harada, hansı şəraitdə olursa-olsun onun ürəyi yaradıcı sənətkar ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir. O, əməklə, qələmlə, kağızla birləşməli, yüksək bədii məhsulunu verməlidir”! Yaradıcılıq işini ictimai fəaliyyətdən ayrı təsəvvür etməyən sənətkarın zəhməti qəlb çırpıntıları öz bəhrəsini vermişdir. Sosialist Əməyi Qəhrəmanı adı Süleyman Rəhimovun və bütünlükdə Azərbaycan sovet ədəbiyyatının bədii nailiyyətlərinin yüksək qiymətləndirilməsi, yaradıcı zəhmətin şöhrətidir. Onun bir sənətkar kimi qələmi həmişə nurlu olmuşdur.

          Yazıçı sənətin və sənətkarın yaradıcısı olan xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etməyi, ona arxalanmağı əsərlərində, sadə insanların təsvirində müvəffəq olmuşdur. Ədib xalqa onun qatı düşmənlərini tanıtdırmaqda, müxtəlif əks-inqilabçı qüvvələrin cəhalətin, meşşanların, məsləksizlərin iç üzünü açmaqda bir inqilabçı yazıçı kimi xalq arasında tanınmışdır. Süleyman Rəhimovun əsərlərində əks olunan böyük həyat həqiqətlərindən biri də sovet xalqları arasındakı sarsılmaz beynəlmiləl birliyinin tarixi kökləri və bu qardaşlığın böyük həyatı gücü ilə yeni məzmun kəsb etməsidir. Humanizim, xalqalar dostluğu ideyası tarix boyu ədəbiyyatda, incəsənətdə bəşəri bir arzu kimi təbliğ edilmişdir. Bu həqiqət S.Rəhimovun yaratdığı obrazlarda müxtəlif millətlərdən olan inqilabçı qəhrəmanlarda, onların məslək, əqidə birliyində çoxmənalı ifadəsini tapmışdır.

           Müasir ədəbiyyatımızın şöhrətlənməsində, müxtəlif millətlərdən geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri çox güclü olmuşdur. Xalqımızın gözəl mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini igid babaların ağ günlər üçün fədakarlığını söz sənətində yaşatdığına, əbədiləşdirdiyinə görə Süleyman Rəhimov sevilərək oxunan yazıçılardan olmuşdur.

          Məhşur ədib E.Heminquey  həqiqi yazıçını məmbəyi çox dərinliklərdə olan sərin sulu kəhrizə bənzədir. Əgər bu kəhriz mənşəyini başı qarlı uca dağların yeraltı laylarından alırsa, heç zaman bitib tükənmir, dayanmır, qurumur, daim axır, ana yurdun göllərinə, çəmənlərinə, ucsuz-bucaqsız tarlalarına gözəllik və bərəkət çiləyir. Süleyman Rəhimov bitib tükənməyən kəhriz kimi milyonlarla insanların ürəklərinə əsərləri vasitəsiilə sərin su çiləyir. Bu ilham bulağı inqilabi keçmişimizə üz tutaraq  xalqın yeni ideyalarla silahlanıb hakimiyyəti ələ alması onun əsərlərində təkraredilməz lövhələrlə verimişdir. Yazıçı müharibədən əvvəlki yeni həyatın necə çətin və mürəkkəb şəraitdə qurulmasından, Böyük Vətən müharibəsində xalqımızın nailiyyətlərindən bəhs edən üçcildlik “Saçlı”, romanı yaradıcı ziyalılarımızın zəhmətindən danışan “Ana abidəsi”, təbii sərvətlərin insan səadətinə tabe olmasından bəhs edən “Ağbulaq dağlarında” əsərləri xalqımızın tarixinə şərəfli və ləyaqətli səhifələr yazan qəhrəman Həcər və Nəbinin əfsanəvi igidliyindən danışan “Qafqaz qartalı”, müasir dövrümüzün mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edən “Qoşqar qızı”, C.Məmmədquluzadəyə həsr olunmuş “Uğundu” romanlarını yaratmışdır. Bu ilham bulağından məkdəbdən, maarifdən bəhs edən “Ata və oğul”, hüquq işçilərinin həyatından canlı lövhələr yaradan “Mehman” əsəri onun səmərəli yaradıcılıq axtarışlarının nəticəsi idi. Bu görkəmli realist sənətkarın əsərlərində xalqın tərəqqisinə maneçilik törədən qüvvələr, mənfi tiplər çox böyük ustalıqla qələmə alınmışdır. Ədib bədii yaradıcılığa başladığı ilk vaxtlardan bu məsələyə xüsusi əhəmiyyət vermiş, qabaqcıl cəmiyyətdə mütərəqqi qüvvələrin mənafeyinə xidmət edənlərlə daha çox maraqlanmışdır. Cəsarətlə demək olar ki, əsərdən-əsərə onun müsbət qəhrəmanları qüvvətlənmiş, canlılıq və gerçəklik kəsb etmişdir. Görkəmli alim Məmməd Arif müasirlik probleminə toxunaraq yazırdı: “Müasir mövzu dediyimiz zaman bəziləri bunu sadəcə bugünkü gündən yazmaq mənasında başa düşürdülər. Lakin unutmamalıdırlar ki, sovet yazıçısı üçün müasir mövzu, sovet həyatının həqiqi simasını, onun əsas nailiyyət və çətinliklərini, insanlarının yaradıcılığını, mənəvi aləmini, sevinc və kədərini təsvir etmək deməkdir. Müasir mövzu deyərkən həyatımızın səciyyəvi adamlarını və hadisələrini, fikrini və ruhunu nəzərdə tutmalıyıq. Bu, hər zaman belə olub, bizdə də belə olmalıdır”.

         Böyük Vətən müharibəsinin qızğın günlərində otuzuncu illərin hadisələrinə müraciət edən ədib bu məqsədlə, ədəbiyyatımıza “Mehman” povesti kimi qiymətli bir əsər ərsəyə gətirmişdir. Vətən müharibəsinin ağır illərindən insanlarımızın qəhrəmanlıqlarından, dostluqlarından, vətənpərvərliklərindən bəhs edən “Medalyon”, “Qardaş qəbri”, “Torpağın səsi”, insanların saflığından söhbət açan “Gəlin qayası”, mənəvi sərvətimiz olan durna gözlü göllərimizdən söhbət açan “Gəlin qayası”, “Güzgü göl”, qəzəbli ata məhəbbəti ilə damğalanan “Kəsilməyən kişnərti”, həqiqət və azadlıq uğrunda düşünən insanların ürək döyüntüsünü tərənnüm edən, şöhrət və mülkiyyət əsiri olan adamları damğalayan “Məhtaban”, məhəbbətin əbədiliyindən bəhs edən “Bəhram və Zərəfşan” və s. kimi mənalı, gözəl povestlər, həmçinin “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Su ərizəsi”, “Minnətsiz çörək” kimi qiymətli hekayələr də böyük sənətkarın ilham çeşməsinin məhsuludur. Heç də tam olmayan bu siyahıdan aydın görünür ki, yazıçının mövzu dairəsi son dərəcə geniş və rəngarəngdir. Xalqımızın bir əsrdən artıq dövrünü əhatə edən Süleyman Rəhimov sözün həqiqi mənasında qüdrətli qələm sahibi, unudulmaz xarakterlər yaratmaq, xalq dilinə, ruhuna hakim olmaq, onun keçmişində işıqlı cəhətləri müasir baxışla süzgəcdən keçirib bugünün oxucusuna çatdıran böyük sənətkardır. Yazıçını həmişə ön cəbhədə olan, sarsılmayan, mərd, vüqarlı bir əsgərə bənzətmək olar. Azərbaycan sovet ədəbiyyatının beşiyi başında ayıq-sayıq dayanan bu mərd ürəkli, fəhlə hünərli əsgərin dizləri heç zaman qatlanmamışdır. O, xalqa sıx ideyalarla bağlanmışdır. Ədibin özü  demişdir: “Mən hər dəfə əlimə qələm alanda elə bil silah götürüb səngərə girirəm. Ədəbiyyat ən böyük səngərdir. Əlbəttə burada atəş açılmır, toplar, tanklar, təyyarələr vuruşmur, hisslər, fikirlər, düşüncələr vuruşur, dünya görüşləri çarpışır. Yazıçı öz əsərləri vasitəsiilə oxucularının qəlbinin dərinliklərinə nüfuz edir. Onun öz sözləri ilə desək, həqiqi yazıçı bu mənada əlinə qələm alan gündən son nəfəsinə qədər səfərbər olmalıdır”.

         S.Rəhimov Azərbaycan sovet Yazıçılar İttifaqına başçılıq edəndə də özünü müsəlləh əsgər kimi səngərdə hiss etmiş, qələmini “süngüsünü” döyüşlərdən şərəflə çıxarmışdır.

          Süleyman Rəhimovun yaratdığı surətlərin çoxu onunla bir cəmiyyətdə yaşayan, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar olmuşdur. Yazıçının istedadını yüksək qiymətləndirən Səməd Vurğun yazmışdır: “Süleyman nadir simalardandır. O, çox cürətli adamdır. Məhz buna görə də mən ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının ağır artileriyasıdır. Hər hansı bir sözü Rəhimov istədiyi şəkilə salmaq gücünə malikdir. Lakin onun qələmi nə qədər müti vəziyyətə düşsə də, əsas bir məqsədə, surətin daxili aləmini, psixologiyasını, ictimai-siyasi baxışlarını açmağa xidmət edir. Maraqlıdır ki, onun yaratdığı yüzlərlə surət danışıq tərzi, xarakteri, cəmiyyətdəki yeri, mövqeyi ilə seçilir, yadda qalır. Yazıçı bu müxtəlif xarakterli, müxtəlif səviyyəli surətləri bacarıqla bir sırada birləşdirir. Onun üslubunu surətlərin sayından və xarakterindən asılı olaraq çox səsli musiqi alətinə bənzətmək olar. Bu kimi məziyyətlər onu xalq ruhunun incəliklərinə, adət-ənənəsinə, dilinə bələd olan bir sənətkar kimi tanımaq imkanı verir. Yazıçının yaradıcılığında sağlam və sərt realizm, xalq müdrikliyi və yumoru üzvi surətdə birləşir, eyni zamanda bu birləşmədə xalq həyatının və insanların münasibətlərindəki təsvirin həyatiliyi dərin ictimai-tarixi ümumiləşdirmə yolu ilə göstərilir. Həmçinin xalq arasındakı satirik nağılların süjet və surətlərin ədib tərəfindən məhəbbətlə işlənməsi yazıçının üslubunda və xarakterində öz əksini tapır”.

          Süleyman Rəhimov əlli ildən artıq həvəs və məhəbbətlə, enerjisini əsirgəmədən yazıb-yaratmış, zəhməti sayəsində necə möcüzələrə qadir olduğunu yazdığı əsərləri vasitəsilə sübut etmişdir. O, özünü Azərbaycan xalqının və ədəbiyyatının “əli qələm tutan fəhləsi” adlandırır və bununla fəxr edir. O zamankı Partiya və hökumətimiz onun əməyini qiymətləndirmiş, Sosialist Əməyi Qəhrəmanı  kimi fəxri ad vermişdir.

         Sənətdə müasirlik geniş anlayışdır. Onu acaq günün hadisələrindən yazmaq mənasında başa düşmək birtərəfli olardı. Müasirlik ruhu mövzudan daha artıq, müəllifin qələmə aldığı hadisələrə münasibətindən, mövqeyindən asılıdır. Yazıçı orijinal istedad, daima axtaran böyük  sənətkardır. Ədib haqqında yazan Azərbaycan və rus  tənqidçiləri onun qüdrətli söz ustası olduğunu dəfələrlə qeyd etmişdilər. Görkəmli sənətkarın kitablarında respublikamızın təxminən bir əsrlik tarixinin bədii salnaməsi yaradılmışdır. Onun roman və povestlərində, hekayə və xatirələrində XIX əsrin ikinci yarısından başlayaraq, xalqımızın azadlıq və sosializm uğrunda mübarizəsinin parlaq səhifələri, kəskin sinfi toqquşmaların geniş lövhəsi, adamların dünyabaxışı və əxlaqında baş vermiş mühüm  dəyişikliklər öz əksini tapmışdır.

         Xalq yazıçısı Süleyman Rəhimov böyük ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə ədəbi yaradıcılıq işini ustalıqla əlaqələndirib, onlarca dəyərli romanlar, povestlər, hekayələrlə yanaşı elmi və publisistik məqalələr də yazmışdır. Azərbaycan sovet nəsrinin və pedoqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edən zəngin irsdə Azərbaycan xalqının həyat yolu, inqilabi mübarizəsi, keçmişi və gələcəyi  ilə bağlı vacib məsələlər, digər tərəfdən gənc nəslin təlim-tərbiyə məsələləri son dərəcə parlaq və inandırıcı şəkildə təsvir olunmuşdur.  Hələ gənc yaşlarında xeyli müddət müəllim işləmiş bu böyük sənətkarın elə bir əsəri tapılmaz ki, orada xalq maarifinə, məktəbə, müəllimə bir sözlə  mühüm pedaqoji məsələlərə öz dəyərli fikirlərini çatdırmamış olsun.  Müəllimlik müqəddəs sənətdir. Körpə balalara təlim-tərbiyə vermək, onları yetişdirib boya-başa çatdırmaq, gələcək üçün faydalı vətəndaşlar hazırlamaq vacib və gərəklidir. Bütün bu deyilənlərlə yanaşı S.Rəhimov öz məqalələrinin birində yazmışdır: “Sənətkar üçün daha mən zirvəyə çatdım” demək ən qorxulu və dəhşətli xəstəlikdir. Sənətkar özünə qarşı daima tələbkar olmalıdır.

         Süleyman Rəhimovun gücü nədədir? Nə üçün görkəmli, tələbkar ədəbiyyatşünaslar onu bu dərəcədə yüksək qiymətləndirmişlər?

          Ədibin əsərləri haqqında yazmış müəlliflərin siyahısı çox genişdir. Onların arasında  akademik Məmməd Arif, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir  üzvü M.Cəfər, filologiya elmlər doktoru professor Cəfər Xəndan, Ağamusa Axundov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pənah Xəlilov, Musa Adilov kimi tanınmış alimlər vardır. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev kimi görkəmli söz ustaları öz qələm yoldaşları haqqında yüksək fikir söyləmişlər. Rus yazıçı və ədəbiyyatşünaslarından Y.Libedinski, K.Simoniv, K.Zelinski, Z.Kedrina, A.Adalis, Q.Lomidze, N.Vorobeyeva, S.Xitarova və başqaları ədibin yaradıcılığı ilə maraqlanmış, əhəmiyyətli mülahizələr irəli sürmüşlər.

          Yuxarıda adları çəkilən tənqidçi və ədəbiyyatşünaslar Süleyman Rəhimovun yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirmişlər!

                              Köksündə min əsər yaşadır hər gün,

                             Günəşdən od alır hər bir əsərin.

                             Sənətlə ölçülür sənətkar ömrün,

                            Sənə haqqımız var sənətkar deyək.

                                                                     ***

    Fatehlər susdurub sənətkar səsi,

    Qartal qanadlısan zirvələrdə gəz!

    Öz eli ucalda bilməyən kəsi,

    Bəşər də yığılsa ucalda bilməz.

    ***

                                 Sənin ömrün bu həyata bənzəyir,

                                 Muganı da mil düzü də var onun.

                            Ömrü yolun kainata bənzəyir,

                                 Qartal qanadlısan zirvələrdə gəz!

            ***

    Bədii yaradıcılıq qocalmaq bilməyən sənətdir. Yazıçı həyat həqiqəti ilə bədii həqiqətin uyğunluğuna daha ciddi diqqət verir. Əsərlərində yüz illik həyatı yaşadan, ədəbiyyatımızı zənginləşdirən belə sənətkarlara ehtiyyacımız daha çoxdur. Süleyman Rəhimovun yaradıcılığından, onun mənalı həyatından  söz açmaq, yarım əsrdən artıq mürəkkəb bir dövrün mübarizələrlə dolu səhifələrini varaqlamaq deməkdir. Mənalı və məhsuldar həyatının ən yüksək zirvələrinə çatmış, sənətkarımızın keçdiyi həyat yolu ədəbi gəncliyimiz üçün vətənə sədaqət nümunəsidir.

          Əminik ki, ədibin sevə-sevə yaratdığı əsərləri heç vaxt öz qiymətini itirməyəcək, nəsillər dəyişdikcə onun əsərləri sevilərək oxunacaq.    

    AMEA Nizami Gəncəvi adına ədəbiyyat insitutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Ədalət RƏSULOVA.”Müstəqilliyimizin şair qurbanı – 130″

         Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkirin Seyfəli kəndində gəlmişdir. Babaları Cənubi Azərbaycandan olmuşdur. Atası molla Məhəmmədəli dövrünün zəngin bilikli ziyalılarından biri kimi tanınmışdır. O, 1898-ci ildə vəfat etmişdir. Hələ çox kiçik olan Əhməd zehinli, uşaq kimi hamının rəğbətini qazanmışdır. İlk təhsilini doğma kəndindəki mollaxanada almış, sonra isə Gəncədə ruhani seminariyasında oxumuşdur. Onun müəllimləri arasında görkəmli Azərbaycan ziyalılarından şair-dramaturq Hüseyn Cavid, jurnalist tənqidçi Abdulla Şur, Şeyxülislam Pişnamazzadənin olması həmin məktəbin nüfuzu və səviyyəsi haqqında dərin təsəvvür yaradır. Qələm təcrübəsinə hələ seminarist ikən başlayan Əhməd ilk şeirləri ilə müəllimlərinin rəğbətini qazana bilmişdir. Abdulla Tofiq (Şur) vaxtıilə dostu Abdulla Şaiqə yazdığı bir məktubunda Ə.Cavadın bir gənc şair kimi onda böyük ümidlər oyatdığından bəhs etmişdir.

          1912-ci ildə Əhməd Cavad seminariyanı bitirərək müəllimlik şəhadətnaməsi almışdır. Birinci Dünya müharibəsi illərində şair rus imperializminə və onun havadarlıq etdiyi erməni daşnaqlarına qarşı türk vilayətlərindəki mübarizədə yaxından iştirak etmişdir. Xeyriyyə cəmiyyətinin üzvlərindən biri kimi Ərzurum, Qars və Batumda geniş fəaliyyət göstərmişdir. Ə.Cavad müharibədən ən çox zərər çəkmiş Batumda küçə-küçə gəzib siyahılar tərtib etmiş, yoxsulları, əlilləri qeydə almışdır. O, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi köməklik etmişdir.  Bu mürəkkəb şəraitdə xeyriyyə işlərindən imkan düşdükcə məqalə və şeirlər yazaraq orduya əlindən gələn mənəvi köməyi etmiş, həm də öz xalqını oyatmağa çalışmışdır.

         Batumda olarkən (1916-cı ildə) Ə.Cavad gələcək həyat yoldaşı Şükriyyə xanıma rast gəlmiş, bir qədər sonra onunla ailə qurmuşdur.

          1917-ci ildə Rusiyada bəşər tarixində ictimai-siyasi hadisə ilə müqayisə oluna bilməyən Oktyabr çevrilişi baş verir. İmperiyada amansız  zülmə məruz qalan xalqlara öz müqəddəratını həll etmək hüququ verirdi. Bir çox xalqlar kimi Azərbaycanın da vətənpərvər övladları yaranmış fürsətdən istifadə edərək Tiflisdə toplanıb maddi və mənəvi mərhumiyyətlər hesabına olsa da,  1918-ci ilin 28 Mayında  Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edirlər. Yaranmış Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhəri elan olunur. Lakin az sonra Cümhuriyyət Bakı şəhərinə köçürülmüşdür.  Qabaqcıl, vətənpərvər, ziyalılar tərəfindən yeni müstəqil dövlət böyük ruh yüksəkliyi ilə qarşılanır.  Əhməd Cavadın yazdığı şeirlər müstəqil dövləti tərənnüm etməklə yanaşı, azadlıq, vətənpərvərlik ideyalarının vüsətini əks etdirmişdir. Həmin dövrdə yazdığı şeirlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi məhşurlaşır.

    Azərbaycan! Azərbaycan!
    Ey qəhrəman övladın şanlı Vətəni!
    Səndən ötrü can verməyə cümlə hazırız!
    Səndən ötrü qan tökməyə cümlə qadiriz!
    Üçrəngli bayrağınla məsud yaşa!

    Minlərlə can qurban oldu!
    Sinən hərbə meydan oldu!
    Hüququndan keçən əsgər,
    Hərə bir qəhrəman oldu!

    Sən olasan gülüstan,
    Sənə hər an can qurban!
    Sənə min bir məhəbbət,
    Sinəmdə tutmuş məkan!

    Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə,
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!
    Azərbaycan! Azərbaycan!

          1920-ci ilin aprel ayının sonlarında tərkibi əsasən rus bolşeviklərindən və erməni daşnaqlarından ibarət olan  XI Qızıl Ordu Azərbaycan ərazisinə yeridildi, müstəqil dövlətimizin fəaliyyətinə son qoyuldu. Cümhuriyyətin süqutundan bir neçə ay sonra Ə.Cavad təyinatla Qusar rayonuna  müəllim göndərilmiş, ailəsi ilə birlikdə          Qusarın  Xulud kəndinə köçərək burada əvvəl müəllim, az sonra isə həmin məktəbin direktoru kimi fəaliyyət göstərmişdir.

         1922-ci ildə Ə.Cavad Ali Pedaqoji İnstituta daxil olur. Bir il sonra o görkəmli azadlıq mücahidi M.Ə.Rəsulzadənin silahdaşlarından Mirzəbala Məmmədzadənin Türkiyəyə getməsini təşkil etməkdə ittiham edilərək həbs edilmiş, lakin ittiham sübuta yetmədiyi üçün azad olunmuşdur. O, 1924-cü ildə “Maarif və mədəniyyət” jurnalına məsul katib təyin olunur. İşləyə-işləyə  təhsil aldığı Ali Pedaqoji İnstitutu 1926-cı ildə bitirmiş, sonra Azərbaycan Politexnik İnstitutunda müəllimlik etmiş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent, dilçilik kafedrasının müdiri, rus dili üzrə ilk professorlardan biri olmuşdur.

          Əhməd Cavadın yaradıcılığının birinci mərhələsi, bədii axtarışlarının məzmunu haqqında aydın təsəvvür yaradır. Bu baxımdan onun “Qoşma” (1916) və “Dalğa” (1919) kitabları çox qiymətli əsərlər hesab olunur. Bu mərhələnin səciyyəvi və maraqlı nümunələrindən biri şairin öz qələminə, istedadına müraciətlə yazdığı “Şeirimə” (1913) əsəridir. Bu şeirdə müəllif bir qədər keçmişə qayıdaraq, bir şair kimi yaradıcılığa başladığı günləri yada salır, ilk uğurlarından necə sevindiyini xatırladır. Lakin bu şeiri qələmə alarkən Əhməd Cavad böhranlı fikir və duyğulardan sıxılaraq şair olduğu üçün peşimançılıq çəkir. “Yaralı quş” şeiri də şairin bu mərhələdəki əhval-ruhiyyəsinin əks olunduğu əsərlərdən biridir:

    Yaralıdı könlüm quşu, yaralı,

    Yaralandı yazıq şair olalı!

         Əhməd Cvadın 1910-cu ilin əvvəlindəki axtarışları zamanı yaradana müraciətlə yazılmış “Münacat” adlı şeirində bütün ümidini, iradəsini tanrıya bağlayır, vətənin, xalqın xilası naminə ondan imdad diləyir:

    Ey mərdliyi ilhaq edən böyük haqq,

    Buyruq sənin, qullarına nə sorma?

    Pək dərdliyik, bir ərzimiz var ancaq:

    Cəbrayıldan göndər bizə bir sancaq!..,

    Yarəb, vətən sənin, iman sənindir!

    Mömini dindirən  Quran sənindir!

          “Sən”, “Bir gül əkdim”, “Ümidimə”, “Görünməz yollardan” kimi şeirlərdə lirik qəhrəmanın ümüdsizliyi son həddə çatmışdır. Ən ağır böhranlı vaxtlarda belə Əhməd Cavad özünü  ovundurmaq üçün fövqəladə bir qüvvə tapmışdır.

          Əhməd Cavadın “Nədən yarandın” (1914) şeiri onun yaradıcılıq dünyasını yaxından tanımağa  imkan verir.

    Sən qüdrətin açıb-coşan vaxtında,

    Mələklərin gülüşündən yarandın.

    Sehir dilli bir fırçanın əliilə,

    Ahuların duruşundan yarandın…

    Qaranlıqda boğularkən ümidim

    Dan ulduzu yürüşündən yarandın…

    Gözəllikçin təbiətlə qüdrətin

    Yavaşca bir coşqusundan yarandın.

    Qələm əldə ilhamımı dinlərkən

    Sən qəlbimin duruşundan yarandın.

        “Dalğa” şeirində şairin vətənpərvərlik duyğuları, geniş həyat hadisələri sənətkarlıq baxımından daha təsirli vasitələrlə əks etdirilir. “Qoşma” və “Dalğa” arasında keçən müddətdə Azərbaycanda, bütünlükdə Yaxın Şərqdə böyük miqyaslı, mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi.

         Əhməd Cavad  ilk Azərbaycan Xalq Cümhuriyyətini bolşevik-daşnaq əsarətindən xilas etmək üçün gəlmiş türk ordusunu öz əsərlərində dərin səmimiyyətlə qarşılayır, onun təkcə azərbaycanlılar qarşısında deyil, bütün türklər və tərəqqipərvər dünya qarşısında tarixi xidmətlərini tərənnüm edirdi. “Türk ordusuna” şeirində qardaş ölkənin xilaskar ordusu Turandan rus işğalçılarını qovduqları üçün alqışlanırdı. Viran edilmiş Xan sarayı da xalqın müsibətləri üçün qan ağlayan Araz da, Kür də, Qara dəniz də vüqarlı Qars qalası, uca Dağıstan dağları da türk ordusunun insanpərvərlik missiyası sayəsində şeirdə yeni həyata qovuşurlar:

    Ey şanlı ölkənin şanlı ordusu,

    Unutmam Qafqaza girdiyin günü!

    Gəlirkən qovmağa Turandan Rusu,

    Ayağını Qara dəniz öpdümü?!

          Əhməd Cavadı, onun təmsil etdiyi azadlıqsevər Azərbaycan ziyalılarını milli istiqlal uğrunda mübarizə cəbhəsinə gətirən səbəbləri açıqlamaq baxımından “Kuropatkinə” (1917) şeiri xüsusiilə əhəmiyyətlidir. Kuropatkin Rusiya imperiyasının milli əyalətlərdə, müsəlmanların yaşadıqları regionlarda hökmranlıq edən canişinlərinin ümumiləşdirilmiş surətini vermişdir. İmperiyanın sadiq nökərləri əllərindəki hüdudsuz hakimiyyətdən sui-istifadə edirdilər. Şairin nəzərində öz amansızlığı ilə dünyada bədnam olmuş rus çarizmi, yaxud onun yerində imperiya iddiaları ilə əyalətləri qorxuya salan “Qızıl ordu” Azərbaycanın müstəqillik yoluna qədəm qoymasını, milli dövlətini qurub, əsrin tələblərinə uyğun yeni inkişaf yoluna düşməsi Rusiya bolşeviklərini bərk narahat edirdi. Onlar əvvəlcə Yaxın Şərqdə, sonra isə dünya inqilabının qələbəsi üçün Azərbaycandan bir vasitə kimi istifadə etmək, müstəqil Azərbaycan hökumətini yıxmaq, ölkənin strateji sərvətlərini, o  cümlədən neftini talamaq haqqında planlar hazırlayırdılar. Bu acı həqiqətləri görən Əhməd Cavad tez-tez bütün xalqın adından öz etiraz səsini ucaldırdı:

    Bu dağlar mənimdir, yeni gün gördü,

    Boğar səni ahım, ey duman, gəlmə!

    İnanma fələyə, dönükdür üzü,

    Bir üzə gülməyir, hər zaman, gəlmə!

    Sən ey gözlərimə batan quruntu,

    Sağlam bir imana səndən nə qorxu?

    Bəslərsə vicdanlar pək böyük duyğu,

    Yenilməz bir qələ hər vicdan, gəlmə!

           1920-ci il aprel ayının son günlərində Bakını işğal edən XI Qızıl Ordu Azərbaycan Demokratik Respublikasının mövcudluğuna son qoyulması, şairin yaradıcılığında yeni ideya-bədii meyillərin təzahürü ilə müşahidə olundu. Onun dərin sarsıntılarla kədər ifadə edən şeirləri, eləcə də “Göy-göl” şeiri qələmə alındığı illərdə Azərbaycan poeziyası ictimai-siyasi səbəblər üzündən böhran keçirirdi. Lirika acınacaqlı bir vəziyyətə düşmüşdür. Bolşevik əsarətinin mənəvi sıxıntıları nəticəsində  H.Cavid,  A.Şaiq və Ə.Cavad əvvəlki kimi yaradıcılıq fəallığı göstərə bilmirdilər. Belə bir vaxtda lirikamızın parlaq incilərindən olan “Göy-göl” şeiri  Azərbaycan poeziyasına yeni bir yaradıcılıq havası gətirdi. Bu nadir təbiət hadisəsini şair doğma Gəncənin, Azərbaycanın rəmzi kimi tərənnüm etmiş, onun şair təxəyyülündə əbədi bir yer tutmuşdur. “Pərizadə”, “Unudulmuş sevda”, “Sən ağlama”, “Nə yazım?”, “Gözəl qadın”, “Aya”, “Madonnaya” kimi şeirləri də bu qəbildəndir.

    Eşqimin nə imiş bilməm günahı,

    Yıxıldı kölnümün istinadgahı.

    Nəsibim olsa da, dünyanın ahı,

    Bu gün göz yaşımı siləcəyəm mən.

    Yaxında didarım nəsib olmazsa,

    Ümidsizlik məni salıb atəşə.

    Alaraq əlimə dəmirdən əsa,

    Bir gün hüzuruna gələcəyəm mən.

           Əhməd Cvadın iyirminci illərin əvvəllərinə aid əsərlərinin müəyyən bir qismi onun Quba qəzasında Qusarın Xuluq kəndində müəllimlik etdiyi zamanın məhsuludur. Yaşadığı yerdə kənd müəlliminin məişət qayğılarından, yazmaqla yanaşı, şair ucqar bir Azərbaycan kəndindən imkan taparaq dünyada baş verən hadisələrə münasibətini bildirirdi. Onun qəlbi Xuluqdan çox-çox uzaqlarda türk övladlarının başına gələn faciələrdən bəhs edən “Volqa aslanlarına”, “Vətəndaş”, “Nə üçündür?” kimi şeirlər də yazmışdır.

            1920-ci illərin sonu, 1930-cu illərin ortalarında müxtəlif səviyyəli yığıncaqların xitabət kürsülərindən siyasətbaz cızmaqaraçılar köhnə müsavatçı Əhməd Cvadı gözümçıxdıya salır, onun keçmiş fəaliyyəti haqqında dəhşətli nəticələr verə biləcək böhtanlar irəli sürürdülər. Belə əməllərə son qoymaq məqsədilə Ə.Cavad “İşçi!”, “Bir may bayramı”, “Moskva”, “Qızıl əskər nəğməsi”, “Pambıq dastanı” kimi əsərlərində yeni sosial mühitin tələblərinə cavab verməyə çalışmışdır.

           Şairin yaradıcılığı təkcə lirik əsərlərdən ibarət deyil, o eyni zamanda epik janr sahəsində də qiymətli yaradıcılıq uğurları əldə etmişdir. Buna misal olaraq onun “Səsli qız”, “Kür”  və “Pambıq dastanı” nı misal göstərmək olar.

           Xalqın istiqlaliyyəti uğrunda mübarizəsi Ə.Cavadı bütün ömrü boyu düşündürən, uğrunda həyatını qurban verdiyi bir həyat yolu olmuşdur. “Səsli qız” poemasının ideya-məzmununda bu amal qabarıq surətdə verilmişdir. Əsərin süjet xətti onun baş qəhrəmanının şərəfinə mədhiyyə kimi düşünülmüşdür. Bu qızın səsi şairin nəzərində dünyadakı səslərin ən gözəli kimi verilmişdir. Bir qədər sonra gərgin, böhranlı vəziyyətinə çatanda məlahətli səs sahibi el yolunda canından keçməyə hazır olan bir qəhrəman kimi ucalır. Şair qədimdə amansız bir hökmdarın qonşuluqda yerləşən , ərazisi kiçik olan bir ölkəyə hücum edərək orada törətdiyi vəhşiliklərdən söz açmışdır. Düşmənin altı aylıq müharibədən, təxribat və qırğın əməliyyatlarından sonra  başsız qalmış minlərlə ailə qaçqın və didərgin düşmüşdür.  Poemanın qəhrəmanı müğənni Sara qalib şahın xoşuna gələn sözləri yox, öz qəlbinin dərinliklərindən süzülüb gələn vətən deyimlərindən ibarət mahnısını oxuyur, el-obanın düşdüyü müsibətlərdən nalə çəkir:

    Mən ki səndən doymamışdım,

    Quş qonmağa qoymamışdım.

    Bir almanı soymamışdım,

    Kim sənə kəc baxdı, dağlar?!

    Dalğınam mən belə baxta,

    Ürəyim qan, laxta-laxta.

    Bax ki, kimlər çıxtı taxta,

    Küstü kimin baxtı, dağlar?!

    Çıxmamış gün, batmamış dan,

    Qanlı bir toz qalxdı yoldan.

    Qoç igidlər oldu qoldan,

    Qanlı kəfən taxtı dağlar!

          Bu mahnıdan sonra mövcud qaydaya görə xaqana mey təqdim edən Sara rəqqasələrin işə başladığı məqamdan istifadə edərək iti bir hərəkətlə badəyə zəhər tökür. Xaqan öz cəzasına çatır. Poema Saranın – “Səsli qızın” şərəfinə qoşulmuş oynaq, şən mahnı ilə bitir. Şairin ilhamının əsas işığı Saranın üzərinə yönəldilmişdir. Proloqdan epiloqa qədər poemada əsas yer tutan Sara bütün hadisələrin mərkəzində durmuşdur.

         “Pambıq dastanı” ilə  “Kür dastanı” poemaları arasında bəzi ümumi cəhətlər vardır. Onların ikisinin də kökündə şairin lirik duyğuları təsvir və tərənnüm edilir. Birinci əsərdə pambığın mədəni bitki kimi vətənə və digər ölkələrə yayılması tarixçəsi, ikinci əsərdə isə Kürün mənşəyindən başlamış Xəzərə tökülənə qədər davam edən yola nəzər salınır. Bu yol üstündəki ellər-obalar, təbiət mənzərələri təsvir olunur. Kürün lirik obrazını yaradan Ə.Cavad Kür sahillərində dolaşan  Yunan, Ərəb, Rus ordularını görmüş, onların Kürdən su içən atlarının kişnərtisini eşitmiş kimi olur. Şair əsərdə Kür çayını Azərbaycanın timsalına çevirir. Dönə-dönə hücumlara məruz qaldığına, əyalətlərinin işğal edildiyinə baxmayaraq, Azərbaycan xalqının dözümü, dəyanəti, özündə qüvvət tapıb odlar-alovlar içindən çıxması, milli mənliyini qoruması ideyasını şair bir daha təsdiq edir.

          Əhməd Cavad Azərbaycan Türk dili ilə yanaşı, Fars, Ərəb, Rus, Gürcü, Ləzgi dillərini də mükəmməl bilirdi. O, xalqlar arasında dostluğun, qarşılıqlı ədəbi-mədəni əlaqələrin inkişafında bədii tərcümənin roluna böyük əhəmiyyət vermişdir. İ.Turgenev, A.Puşkin və M.Qorkidən tərcümələri bunu deməyə əsas verir ki, Ə.Cavad  rus dilini yüksək səviyyədə mənimsəmişdir.

          Şair Nobel mükafatı laureatı Knut Hamsunun (Norveç ədibi) məhşur əsərlərindən olan “Aclıq” (Azərbaycan dilində, 1930), Maksim Qorkinin  “Cocuqluq” (Azərbaycan dilində, 1929) romanlarının və bir sıra başqa yazıçılarının klassik nəsr əsərlərinin Ə.Cavad tərəfindən tərcümələri oxucular tərəfindən səmimi qarşılanmışdır.

          Şair Şekspirin “Romeo və Cülyetta”sını qərbin “Leyli və Məcnun” u səviyyəsində Azərbaycan oxucusuna sevdirmişdir. Məhəbbət və qısqanclığın faciəsi olan “Otello” orijinalda olduğu kimi şair tərəfindən tərcümə edilmişdir. O, əsərlərin bədii səviyyəsinin qorunub saxlanlmasına ciddi əhəmiyyət verişdir.

          Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər arasında böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması xüsusi yer tutur. Qonşu gürcü xalqının mənəvi sərvəti olan bu əsər üzərində işləyərkən gürcü dilini səlist bilən Əhməd Cavad aylarla Gürcüstanda qalmış, əsər ətrafında araşdırmalar aparmışdır. Nəticədə layiqli bir bədii tərcümə yaratmışdır.

          Əhməd Cavad milli istiqlal şairi kimi Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur.

    AMEA Nizami adına Ədəbiyyat İnsititutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Gülnar SƏMA.”Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinin nəşrinə bir baxış “

    Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istərsə də müstəqillik illərində hər iki ölkənin ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikasını Almaz Ülvinin “Azərbaycan-özbək (çağatay) ədəbi əlaqələri” kitabından izləmək oldu.

    Hər iki dövlətin müstəqillik qazanmasından sonra bir sıra qurumlarının, xüsusilə Elmlər Akademiyalarının, Yazıçılar Birliklərinin əməkdaşlığı davam edib. Bu istiqamətdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Dünya Gənc Türk Yazarlar Birliyinin, Daşkənddə “Azərbaycan evi”nin, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Beynəlxalq Türk Akademiyasının fəaliyyətini ayrıca diqqətə çatdırmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə xidmətləri sovet dövründən gündəmdə olub. Belə ki, Xalid Səid Xocayevin çevirdiyi Mahmud Kaşğarlının “Divani lüğət-it-türk” əsərinin tərcüməsinin əlyazma nüsxəsi AMEA    Dilçilik İnstitutunun elmi arxivində saxlanılır. 1985-ci ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” seriyasından nəşr etdirdiyi “Azərbaycan-özbək ədəbi əlaqələrindən səhifələr” elmi məqalələr toplusunda 16 elmi tədqiqat məqaləsi yer almışdı.

    Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinə aid tərcümə, tərtib, araşdırma, nəşr və digər bu kimi işlərin aparılmasında Ramiz Əskərin, Kamil Vəliyevin, Almaz Ülvinin, Akif Bağırovun, Yaşar Qasımbəylinin, Vaqif Arzumanlının, Ənvər Cabbarlının, Rəsmiyyə Sabirin, Əkbər Qoşalının, Səlim Babullaoğlunun, İlqar İlkinin, Şahlar Dağlaroğlunun, Əjdər Olun, Samir Abbasovun, Qulu Kəngərlinin, Ədalət Əsgəroğlunun rolu danılmazdır.

    Ramiz Əskər 1994-cü ildə Yusif Balasağunlunun “Qutadğu Bilig”ini (Kamil Vəli Nərimanoğlu ilə), 2006-cı ildə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”ünü (dörd cilddə), 2009-cu ildə “XX əsr özbək şeiri antologiyası”nı, 2011-ci ildə Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”ni və “Baburnamə”ni, Sultan Hüseyn Bayqaranın “Divan”ını, 2018-2019-cu illərdə Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib. Alim xidmətlərinə görə Özbəkistanın “Babur” mükafatına layiq görülüb. 2003-cü ildə “Qutadğu bilik”, 2008-ci ildə “Mahmud Kaşğari və onun “Divanü-lüğat-it-türk”, 2020-ci ildə “Əlişir Nəvai və onun “Xəmsə”si” adlı elmi-tədqiqat kitabları nəşr olunub.

    Müstəqillik dönəmində işıq üzü görmüş kitablardan Xalq yazıçısı Anarın hazırladığı 1993-cü ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Türkün 101 şairi” kitabını göstərə bilərik. Həmin kitabda özbək yazarlarından Rauf Pərfinin “Duyumlar” əsəri A.Bağırovun, Məhəmməd Salihin “Əgər bu sinəmə”, “Gecə”, “Ona ağı deyib” əsərləri V.Cəbrayılzadənin çevirməsində yer almışdı. 1992 və 2005-ci illərdə “Turan çələngi”, 2000-ci ildə “Türkün dastanı” toplularının çap olunmasının özünəməxsus əhəmiyyəti vardır. Özbək folklorçusu Məmmədqul Curayevin toplayıb tərtib etdiyi “Əlişir Nəvai haqqında rəvayətlər” 1994-cü ildə Füzuli Bayat tərəfindən Azərbaycan dilində nəşr edilmişdi. 2000-ci ildə Azərbaycan-özbək ədəbi-publisistik əlaqələrinin körpüsünü yaradan yazıçı-publisist Ağəddin Mansurzadənin “Özbəkistanda nəyim qaldı” adlı sanballı kitabı çap olunmuşdu.

    Müstəqillik illərində xüsusi çəkisi olan layihələrdən biri kimi 2005-ci ildə “UGART cəhdləri” (Özbəkistan, Gürcüstan, Azərbaycan: yaradıcılıq – tərcümə cəhdləri) adlı konfransı qeyd edə bilərik. Həmin konfransda “Çağdaş özbək ədəbiyyatından seçmələr” bölməsində Akif Azalp “Şərqlə Qərbin yol ayrıcında (Çağdaş özbək şeirinə bir baxış”) adlı icmal məqaləsində Tutubikə, Möhtərəm Uluğova, Fərağət Kamalqızı, Aygün Suyundukova, Fəriqə Əfruz, Xasiyyət Rüstəmova kimi müəlliflərin əsərlərinə münasibət bildirmişdi. “Dünya ədəbiyyatı”nın xüsusi buraxılışında çağdaş özbək poeziyasından Abdulla Arifin (S. Babullaoğlu), Osman Əzimin (A. Azalp), Bəhram Ruziməhəmmədin (G. Mövlud), Eşkabil Şükürün (G. Mövlud), İqbal Mirzənin (A. Azalp), Mirpolad Mirzənin (G. Mövlud), Əziz Səidin (S. Babullaoğlu), Osman Qoşqarın (A. Azalp), Qoşqar Narqabilin (A. Azalp), Siracəddin Səyyidin (G. Mövlud), Xasiyyət Rüstəmovanın (A. Azalp), Xurşud Dövranın (S. Babullaoğlu) şeirləri və Xeyrəddin Sultanovun “Ya cəmşid!” (M. Nur), Əbdülhəmid İsmayılın “İki qocanın tarixçəsi” (P. Yusif) adlı hekayələri toplanmışdı.Əlaqələrin davamı olaraq 2006-cı ildə “Turan çələngi” kitabının təqdimat mərasimi, 2007-ci ildə Əlişir Nəvainin “Mizan ul-ovzan” əsərinin tərcüməsinə və “Şərq təranələri”nə həsr edilmiş gecə təşkil olunmuşdu. 2007-ci ildə Akif Azalp “Turan havası” kitabını, 2009-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyi və “Vektor” Uluslararası Elm Mərkəzi Rəsmiyyə Sabirin tərcüməsində Xasiyyət Rüstəmin “Qorxunc” seçmə şeirlər kitabını nəşr etdi. 2010-cu ildə Ağacəfər Həsənlinin tərtib və redaktorluğu ilə islam ölkələri şairlərinin şeirlərindən ibarət “Sevgi fəsli” kitabı çap olundu, kitaba Azərbaycan şairlərinin tərcüməsində özbək ədəbiyyatından seçmələr də daxil edildi.2019-cu ildə Şahista Kamranlının tərcümə etdiyi Qoşqar Narqabilin “Xoşbəxtliyin bazarı varmı, yaxud beş dul və bir rəis” pyesi Almaz Ülvinin ön sözü və Əkbər Qoşalının rəyi ilə çap olunub. Xasiyyət Rüstəmin 2020-ci ildə Bakıda çap olunan “Leyli ağaclar” kitabındakı şeirləri Afaq Şıxlı, “Gündəlik” bölümünü Eluca Atalı və Şermurad Sübhan özbəkcədən dilimizə uyğunlaşdırıblar. Onun redaktorluğu ilə yayımlanan “Kitab dünyası” qəzeti də mədəni əlaqələrin inkişafında xüsusi rola malikdir.Bunlarla yanaşı, Azərbaycan ədəbiyyatının Özbəkistanda nəşri də gündəmdən düşməyib. İlk dəfə 2014-cü ildə Məhsəti Gəncəvi, Heyran Xanım, Xurşudbanu Natəvan şeirlərindən ibarət “Eşq içində pərvanələr” kitabı Aydın Hacıyevin tərcüməsində özbək oxucularına təqdim olunmuşdur. Kitabın məsul katibi professor Həmdulla Baltabayev, tərtibçiləri isə Almaz Ülvi və Yaşar Qasımbəylidir. Həmçinin 2014-cü ildə çap olunmuş “Ömürdən uzun gecə” ədəbi-bədii kitabında Azərbaycan yazarlarının əsərləri də yer alıb. 2016-cı ildə isə Daşkənddə “Özbək ədəbiyyatı və Azərbaycan (tədqiqatlar, ədəbi portretlər, söhbətlər)” kitabı çap edilmişdir.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2018-ci ildə “Cümhuriyyət ili” münasibəti ilə başladılmış nəşr layihəsində “Ozarbayjon Demokratik Respublikası va mustaqıllık davrı Ozarbayjon adabıyotı” adlı kitab özbək dilində çap olunmuşdur. Nəşr Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri və Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabları əsasında hazırlanmışdır. Bu kitab Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, “Termez Universiteti” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev tərəfindən özbək dilinə uyğunlaşdırılıb.

    2018-ci ildə Azərbaycan və özbək dillərində Daşkənddə çap olunan “Özbək şeir çələngi”nin tərtibçisi və uyğunlaşdıranı Şahməmməd Dağlaroğlu və Şəhla Qasımovadır. Həmin nəşrə məsul Əkbər Qoşalı, redaktor Fərid Hüseyndir. “Özbək şeir çələngi”nin məsləhətçiləri Qənirə Paşayeva və Samir Abbasov, rəyçiləri akademik Nizami Cəfərov və professor Almaz Ülvidir.

    2019-cu ildə özbək şairlərinin Nəsimi haqqında yazdığı şeirlərdən ibarət “Məndə sığar iki cahan” kitabı da işıq üzü görüb. Həmçinin Cəlil Məmmədquluzadənin hekayələri Osman Quçkarın tərcüməsində akademik İsa Həbibbəylinin ön sözü ilə 2019-cu ildə “Poçt qutusu” adı ilə Daşkənddə “Mümtaz” nəşriyyatında çap olunub.

    Vurğuladığımız kimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə apardığı işlər də danılmazdır. 2019-cu ildə İnstitutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Eyni zamanda Akademik İsa Həbibbəylinin 70 illiyi münasibətilə Özbəkistanda yayımlanan “Ustoz” dərgisinin xüsusi buraxılışını Almaz Ülvi və Yaşar Qasımbəyli nəşrə hazırlayıb çap etdirmişdir. Xüsusi buraxılışın məsul katibi professor Həmdulla Baltabayev, tərcüməçisi Obidjon Shofiyevdir.

    2019-cu ildə Maqsud Şeyxzadənin 110 illiyi Azərbaycanda və Özbəkistanda qeyd edilib,  həmin il “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı ədibin 110 illiyi münasibətilə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu və ön sözü ilə çap olundu.

    2020-ci ildə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Əlişir Nəvainin “Hikmətli sözlər” əsəri Azərbaycan və özbək dillərində çap olunub. Əsəri Almaz Ülvi, Yaşar Qasımbəyli, Akif Azalp tərcümə ediblər. 2020-ci ildə İnstitutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirilib.

    Bu iki ölkənin ədəbi əlaqələrini müstəqillik işığında gözdən keçirərkən belə bir təəssürat yaranır ki, sovet dövrünün beynəlmiləlçilik təbliğatının əksinə olaraq Azərbaycan-özbək ədəbi əlaqələri türk kökəninə əsaslanaraq inkişaf edib. Müstəqillik illərində həyata keçirilən sanballı işlər möhkəm özül daşlarına söykənir. Belə ki, hələ sovet dövründən əsərlərin tərcümə və nəşr işlərində kifayət qədər irəliləyiş vardı.

  • Şəkidən rənglər

    Gözəlliklər yurdu Şəkidən bir günlük təəssüratlarım

    Azərbaycanımız dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də coğrafi şəraiti, iqlimi və göz oxşayan təbiəti ilə seçilir. Qədim gözəlliklər yurdu olan vətənimizin tarixdə iz qoyan və bu gün də sayılıb-seçilən oğul və qızları ilə çağdaş tarixə imza atan bölgələrindən biri də  Şəkidir.  Bura şərq ədəbiyyatının qibləsi sayılan Mirzə Fətəli Axundovun, Turan məfkurəsinin  zirvəsini yaradanlardan biri olan ölməz şairimiz Bəxtiyar Vahabzadənin, məşhur dilçi alim Əbdüləzəl Dəmirçizadənin, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundovanın, general Ziya Yusifzadənin, tanınmış alim, professor Şirməmməd Hüseynovun, məşhur incəsənət xadimi, bəstəkar Cövdət Hacıyevin və digər onlarla ünlü şəxsiyyətlərin doğulub boya-başa çatdığı məkandır. Bu rayon öz məktəblərinin məzunları ilə gerçəkdən  qürur duya bilər. Rayonda fəaliyyət göstərən məktəblərin bir çoxu ilə bağlı ürəkaçan sözlər demək mümkündür. Lakin bu yazıda Şəki şəhərində yerləşən 18 saylı məktəbdən və bu məktəbdə  yaxın günlərdə gerçəkləşən məzuniyyət törənindən söz açacam.  

    Şəhərin 18 saylı tam orta məktəbində  sözün həqiqi mənasında gələcəyinə sonsuz inam olan işıqlı  şagirdlər – gələcəyin layiqli vətəndaşları yetişdirilir. 18 saylı orta məktəb zaman-zaman yurdumuza savadı, zəkası, tərbiyəsi və cəmiyyətə faydalılığı  ilə seçilən  insanlar bəxş etmişdir.  Bu qocaman məktəbin  işinə məsuliyyətlə yanaşan, yüksək intellektli və səmimi kollektivi var.  Məktəbin direktoru Məmməd Mahmudov belə bir kollektiv formalaşdırdığına və məktəbdə yüksək səviyyədə təlim-tərbiyə işi qura bildiyinə görə valideynlər və rayon ictimaiyyəti tərəfindən sevilir və hər yerdə rəğbətlə qarşılanır. Hər il olduğu kimi bu il də ənənəyə uyğun  olaraq bu məktəbdə “Son zəng“  törəni oldu. Tədbiri məktəbin XI a sinif şagirdi Aysu Yusifli açdı.  Tədbirdən öncə müəllimləri mənə məlumat verdilər ki, Aysu oxuduğu illər ərzində məktəbin ən çalışqan,  ictimai işlərdə öz fəallığı ilə seçilən şagirdlərindən biri olub. Dəfələrlə  “Fəxri fərman” və “Təşəkkürnamə”lərlə təltif edilmişdir.  Son zəngdə həm müəllim kollektivi, həm məzunlar, həm də valideynlər kifayət qədər fəal şəkildə iştirak edirdilər. Məktəbin direktoru Məmməd Mahmudov, müəllimlərdən 11-cilərin sinif rəhbəri Səba müəllimə,  Yeganə müəllimə və Sevinc müəllimə, ürək sözləri olan valideynlər və şagirdlər çıxış etdilər.  Bütün çıxışların bir ana xətti vardı; hamı məzunlara davamlı uğurlar, millətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmağı arzu edirdilər və onların gələcəkdə cəmiyyətdə nüfuz sahibi olan insanlardan biri kimi görmələrini diləyirdilər.

    Doğrusu, bu məktəbin məzun törəni və müəllim kollektivinin gözəlliyi məndə dərin təəssürat yaratdı. Özəlliklə öz üslubu, valideynlərə və şagirdlərə yanaşma tərzi ilə seçilən, intellekti və yüksək qabiliyyəti ilə çoxlarından fərqlənən Səba müəllimə qəlbimdə daha dərin iz buraxdı. Səba müəllimə bu il məzun olan 11-cilərin sinif rəhbəri olub. İcazənizlə onu sizə daha yaxından tanıdım, əziz oxucu! Rəsulova Səba Qüdrət qızı 1969-cu ildə Şəki şəhərində doğulub. 1987-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildən Şəki şəhəri 18 saylı tam orta məktəbdə işləyir. 2022-ci ildə müəllim kimi fəaliyyətinin 30 illiyini qeyd edib. İşlədiyi müddət ərzində özünü həm şagirdlər, həm də valideynlər arasında sevdirə bilib. Onu sevdirən isə sənətinə bağlılığı, işinə məsuliyyətlə yanaşması, intellekti, geniş dünyagörüşü və zəhmətkeşliyi olub. O, daim öz üzərində çalışan ən fəal müəllimlərimizdən biridir. Tədbirin sonunda yenidən şagirdlərin qarşısına çıxan 18 saylı məktəbin direktoru  Məmməd Mahmudov və sinif rəhbəri Səba Rəsulova məzunlara öz dəyərli tövsiyələrini verdilər, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzuladılar. Biz də Səba müəlliməni 30 illik peşə fəaliyyəti münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu şərəfli işində uğurlar və şanslar arzulayırıq. 11-cilərdən öz fəallığı ilə seçilən  Aysuya və onunla bərabər məzun olan bütün uşaqlara  tezliklə istədikləri ali təhsil ocaqlarına qəbul olunmasını və tələbə adını qazanmalarını arzu edirik.

    Nübar İftixarqızı

    Mənbə: https://manevr.az/

  • Gülnar SƏMA.”Dəyanət Osmanlının lirikası”

    Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir: ƏtraflıTürk olmaq çox çəkilməz bir dərddiTanrı dərdi türkə görə yaratmış. Və şah tacından şərəflidiTürk adını savunmaq… Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik ki, “Türkdən qorxurlar çünki zəfər alın yazısıdı türklərin”. Şair bu hökmündə özünə arxayındır. Yəni türkün zəfər çalması sadəcə alın yazısı olduğuna görə həyata keçmir, ortada min illərin faktları, sübutları vardır. Gerçəklikləri bilən şair özünə inamda daha qətiyyətli olur: “Çarəsizliyin başı üstə qosqoca türk bayrağı, surətini görüncə adamın sözü dilində, dili ağzında titrər al-qumaş kimi”. Bu misralara sondan önə doğru şərh vermək daha məqbul olar. “Al-qumaş kimi” təşbehi əslində al, yəni qırmızı rəngdə olan türk bayrağının qumaşdan olmasına işarədir. Və rənglərin paralelliyi: dilin və bayrağın al rəngdə olması. Eyni zamanda titrəmək felinin hər iki tərəfi özünə bağlaması gözdən yayınmır. Titrəmək felindən əvvəl dil və söz, sonra isə al-qumaş sözünün işlədilməsi, bir sözlə iki anlayışın arasında qurulmuş məntiqi bağdır. Bütün bunlardan sonra hadisənin baş vermə anı yada düşür. Yəni dilində sözünün, ağzında dilinin titrəməsi türk bayrağının surətini gördüyün zaman baş verər. Misraların ümumi əlaqəsindən belə başa düşmək olur ki, titrətməyə düşən başqalarına qarşı haqsızlıq etmiş tərəfdir. Bu haqsızlıq o qədər irəli yeriyib ki, məzlumun çarəsizliyi ilə nəticələnib. Ən əsası odur ki, çarəsizliyin çarəsi türk bayrağının özünü yetirməsindədir. Qosqoca türk bayrağı çarəsizliyə yardım əli uzadırsa, o zaman bu çarəsizliyi yaradanların aqibəti dili ağzında titrəməkdən başqa heç nə ola bilməz. Bənzər fikirlərə şairin başqa şeirlərində də rast gəlirik: Qiyamətin döşündən basıb,Tanrı dağlarına çıxan mələk səstürkün ən qoca nəğməsi,vətən haqqında azadlıq duası.Ən qanlı savaşı türkün məzar daşıymış. Bu misralarda sanki türk tarixinin bir ümumiləşdirilməsi nəzərə çarpır: – türkün səsinin Tanrı dağlarından gəlməsi- vətən haqqında azadlıq duasının türkün ən qoca nəğməsi olması- türkün ən qanlı savaşının onun məzar daşı olması Tanrı dağları ilə bağlılıq türkün ən qədim tarixinə aiddir. Vətənin azadlıq nəğməsini oxuyaraq böyük türk imperiyalarının qurulması dövrü orta əsrləri əhatə edir. Savaşa başladısa, məzar daşına çevrilməyi gözə alaraq vətənini xilas etməsi isə müasir türk tarixində olmuş hadisələrdir. Belə ki, XX əsrin əvvəllərində Çanaqqala zəfərindən keçərək özünə Cümhuriyyət qurmuş Türkiyə ilə yanaşı, XXI əsrin əvvəllərində öz torpaqlarını qəsbkar düşməndən azad etmiş Azərbaycanın gerçəklikləri buna misaldır.Türkçülük mövzusundan əlavə diqqəti çəkən əsas cəhətlərdən biri də Dəyanət Osmanlının yaratdığı obrazlardır. Məsələn, Dəyanət Osmanlının şeirlərində gecənin öz aləmi var. Şairin yaradıcılığından gecə özünəməxsus keçir. Biz gecəni gah şairin üşüdüyü günün fotosundan, gah da saçlarının qoxusu hopmuş sözlərindən keçərkən görürük. “Külək isə bütün canlıların ahıdır”. Özü cansız kimi qəbul olunmuş küləyin canlıların ahı olaraq obrazlaşdırılması təkrarsızdır. Yaxud da şairin ittiham etdiyi başqa obyektlərə baxaq: arılar və quşlar obrazlarına: Arılar baharı daşıdı çiçəklərdən,göyümüzün havasını quşlar apardı.Arılarla quşlar adamlardan öncəyaşayıb tükətdi sevgiləri. Öncə arıların çiçəklərdən baharı daşıması, sonra isə quşların göyün havasını aparması şikayət təsiri bağışlayır. Lakin məlum olanda ki, onların bu hərəkətləri məhz sevgidən imiş o zaman ittihamçı mövqeyindən geri çəkilirsən. Onların sevgini tükətməkdə ittiham olunmasının əsl səbəbini sevgilərinə tamamilə sahib çıxmaları ilə əlaqələndirirsən. Bütöv sevgi daşıyıcıları olduğu üçün haqq verirsən və əslində adamların

  • Gülnar SƏMA.”Sabir Mustafanın “Qayıdış” poeması”

    Türk dünyasının bəşəriyyətə bəxş etdiyi fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevə ithaf olunmuş əsərlərdən biri də Sabir Mustafanın “Qayıdış” poemasıdır. Poema proloq, “Qayıdış”  və epiloq hissələrindən ibarət olub, əvvəldən axıra kimi heca vəznində qələmə alınmışdır. İlk baxışdan üçlük şeir şəklinə bənzəyən (aba, cdc qafiyələnməsi) əsər əslində dördlük şəklində (abab) yazılmışdır.

    Şair proloqda hər əsərini bir zəfəri hesab edərək tərcümələrini və türk sonetlərini xatırladır. Klassiklərdən Nizaminin fars dilinə bal qataraq İskəndərə ehtiram göstərərək özünə heykəl qoyduğundan söz açır. Daha sonra böyük şəxsiyyətdən əsər yazmağın məsuliyyətinə vicdanla yanaşdığını və bir gün Heydər parkında dolanarkən onun nurlu gözlərindən xeyir-dua aldığını qeyd edir.

    “Qayıdış” adlanan əsas hissə yazarın qara bulud kimi dolmasını bildirməsi ilə başlayır. Səbəb olaraq Göyçə, İrəvan  kimi yurd yerlərimizi itirməyimizə dünyanın göz yumması göstərilir. Bununla birgə, Dərbənd, Borçalı kimi dərdlərimizə Xudafərin dərdinin də əlavə olunmasına yanğı, Qarabağı itirmək qorxusundan doğan həyəcanlar əsərin vətənpərvərlik ruhunu yüksəldir. Bütün bunların kökündə ermənilərə yazığımız gəlməsilə yanaşı, cütbaşlı qartala ümid bağladığımızın dayandığını qeyd edən müəllif təlaş içindədir. Şairin etiraz etdiyi əsas məqamlardan biri də milyonlarla qaçqınımızın didərgin düşməsini Avropanın heç düşünməməyidir. Müəllif işğal olunmuş rayonlarımızın adlarını çəkməklə onların acınacaqlı vəziyyətinə dünyanın biganə qaldığına etiraz edir. Bənzətmə ilə göstərir ki, “Sam dayı pozmadı halını belə, Qan içən yağıya arxa dayandı”.

    Belə bir anda meydana çıxan cəhbəçilərin fəaliyyəti şairi qane etmir. Astarı üzə çıxan koministlərin isə 20 Yanvar qırğınını törətdiyi yada salınır. Bütün bunlar azmış kimi Qarabağda “Erməni qan içib sərxoş olmuşdu”. Şair Azərbaycanı “mən” obrazı ilə təqdim edir. “Ürək parçalanır ana vətəntək” misrasında qəbirə bir təşbehlə nigaranlığını əks etdirir. İkiyə bölünməni, parçalanmanı müqayisə etmək üçün Azərbaycan təşbehin bənzədilən elementi olur. Vətənin güneyilə quzeyinin bir-birindən ayrı düşməsini, torpaqlarının əlindən alınmasını bir bədənin– yəni özünün paramparça edilməsi kimi mənalandırır.

    Ölkədaxili çatışmazlıqlara da münasib epitetlərlə münasibət bildirən yazar belə bir durumda tarixi qəhrəmanlarımız olan Cavanşirə, Babəkə, Koroğluya üz tutur. Onlar da ermənilərin  arxadan zərbə vuran xain gürzə olduqlarını tarixi faktlarla xatırladırlar. Müəllif onu da xüsusi olaraq vurğulayır ki, biz həmişə vuruşmalarda ruslara sadiq olmuşuq, amma əvəzində indi ruslar bizim ermənilər tərəfindən məhv edilməyimizə şərait yaradırlar. Bundan məharətlə istifadə edən düşmənlərin əsl siması cizgilənir:

    Erməni belədir, məqamı duyur,

    Zəifsə, dost bilib durur xidmətdə,

    Güclüsə cəlladtək dərini soyur.

    Şair Şah İsmayıl Səfəvini xatırlamaqla onun çağdaş dövrümüzdəki davamçısı Heydər Əliyevə xalqın üz tutmağını doğru qərar hesab edir. Qarbaçovun dövründə hakim bir dövlətin Azərbaycanda artıq can verdiyi vaxtlarda ulu öndərin xalqın haqq səsinə səs verməsi, Moskvadan Naxçıvana qayıtması “Heydər-millətimin düşünən başı” kimi sətirlərə yansıyır.

    Birinci dəfə olaraq üçrəngli bayrağımızın Şərqə pəncərə olan Naxçıvanda dalğalanması, Heydər Əliyevin qayıdışından sonra hər şeyin öz yerini tapmağa başlaması belə ifadə olunur: “Başın baş işi var. Ayağın ayaq. Ayaq can atmadı fikrə dalmağa”. Heydər Əliyevin qayıdışından sonra ölkədə başın baş, ayağın da ayaq işi görməsi rəmzi şəkildə ifadə edilsə də, gerçəklikdən xəbər verir. Qeyd edilir ki, onun Naxçıvanda yaratdığı bu qayda-qanunlar ermənilərin oranı da ələ keçirmək planlarını darmadağın etdi. Amma onlar öz vəhşiliklərindən əl çəkmədilər: “Vahimə yaratdı göz çıxartmaqla Burundan, qulaqdan şələ bağladı”. Türkün bu cür məhv olunmasına seyrçi nəzərlərlə baxan Avropanın laqeydliyinə “Qoşqarın başından zirvə sürüşdü” kimi sətirlərlə münasibət bildirilir. Şair avropanın erməniləri dəstəkləməsinin nə qədər əsassız olduğunu xəyalən Sena çayına verdiyi sualın cavabında görür. O, Sena çayından erməni soyqırımı haqqında soruşanda çaydakı bütün balıqlar qəşş edib uğunur.

    Gerçəklik odur ki, ermənilər tarixi Azərbaycan torpaqlarında türksüz Ermənistan qurmağı bacarmışlar. Belə bir zamanda xalq öz inandığı oğlunu rəhbərliyə çağırır:

    Heydər mərd deməkdir, aslan deməkdir,

    Xalqın taleyini yazan deməkdir-

     fikirləri ilə ona olan inam ifadə olunur. Onun hələ yetmişinci illərdəki quruculuq işlərinə nəzər salınır. Kəndlərdə qamış daxmaların əvəzinə daş evlər ucaldılması, arabaların maşınlara uğur diləməsi kimi əməli işlər poetik sözün gücü ilə keçmişə güzgü tutur.

    “Qayıdış” bölümündə Heydər Əliyevin doxsan üçüncü ildən sonra rəhbərliyə qayıdışı və həmin zamanlar ölkəmizin durumuna da müəllif xüsusi yer ayırır. Qanunların kağız üstündə yatdığı, rüşvətin qanunlara möhür olduğu belə bir dönəmdə onun gəlişinin xilaskarlıq missiyasını daşıdığı vurğulanır. Heydər Əliyevin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışı cütbaşlı qartalın da məğlubiyyət günü hesab edilir. Onun üçrəngli bayrağı öpüb and içdiyi gün bütün türk dünyasına yeni nəfəs gətirən tarix kimi dəyərləndirilir. Əsərdə gül yarpağına bənzədilən Qarabağın üstündəki riyakar böcəklərin də türkün birliyi sayəsində məhv ediləcəyinə böyük inam ifadə olunmuşdur. Ağlın xərçəngi hesab edilən müharibələrin ədalətlə bitəcəyinə də müəllif inamı vardır.

    Həmin dövrün təfərrüatlarını canlandırmağa çalışan şair, rəhbərin ölkənin bölgələrini gəzərək səmimi görüşlər keçirdiyini də unutmur. Azərbaycanın azadlığına Təbrizin müjdələr verməsi, Bəzz qalasının, Ərdəbil düzünün üzünün gülməsi bir gün bütövləşəcəyimizə olan inamı göstərir. “Tarixdə tarixə döndü bu zəfər, Qayıdış qaytardı Azərbaycanı” – hökümüylə müəllif xalqın verdiyi doğru qərarı alqışlayır.

    Epiloqun əsas məğzi isə “Qayıdış əbədi qurtuluş oldu” kimi sətirlərdə üzə çıxır. Ulu haqqın bəxtinə qurtuluş yazmış olduğu bir öndərə salnamə yazmaq arzusunun gerçəkləşməsi şairi sevindirir. “Mənim şah əsərim bu yeni nəğməm, Onun şah əsəri Azərbaycandır!” kimi misralarla əsər yekunlaşır.

  • Nailə AXUNDOVA.”Günümüzün reallığı”

    İmtahan nəticələrinə görə valideynin övladına sərt çıxışı toplu bir problemə çevrilib. Övladının 30 sualdan 26 düzü var deyə onu depresiyaya salan valideynlər-həyat sizcə bir diplomlamı ölçülür? Mükəmməlliyyətçi olmaqdan çıxaq. Bu heç kimə heç nə qazandırmır. Çalışan hər kəsin işlərində qüsurların olması təbiidir. Bu hər bir işdə keçərlidir. Zaman, təcrübə, illərin əməyi bu biliyi,bacarığı vərdiş halına salır ki, artıq bizlər işinin ustadı oluruq. O işin hər problemini həll edə bilirik. Zamanın bizə ədalətli də davrandığı olur, qəddar davrandığı da. Bir övladdan hər valideynin gözləntiləri var: tərbiyəli olsun, bilikli olsun, sözə baxan olsun,onu daim qürurlandırsın. Və bizlər bunu hər daim övladlarımızın qulaqlarını batıra-batıra, bağıraraq elan edirik onlara. Heç onların nə hisslər keçirdiklərini hiss edirikmi? Empatiya qururuqmu? Sözsüz ki, arzuolunmaz davranışlarında cəza olmalıdır. Hər şey güllü-gülüstan olmur. İpin ucunu övladlarımıza verək? Söhbət belə gedə bilməz. Amma onları doğru yönəldək. Sevgi ilə. Zatən həyat acımasızdır. Harada, nə vaxt qarşılarına necə insanlar çıxıb,onlara xətər verəcəklər bilmək olmur. Hər bir valideynə övladlarına sevgilərini gizlətmədən-hansısa yolla etiraf etmək arzusuyla…

    Mənbə: https://vetenim-azerbaycandir.az

  • Gülnar SƏMA.Fərid Hüseyn “Təkrarın tənhalığı”nda

    “Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə” – misraları Fərid Hüseynin “Təkrarın tənhalığı” kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi “…həyata bəhanəymiş elə-belə” sətirləri sadəcə gözdən pərdə asmaq üçünmüş. Qısacası, bənzətmə çox müdrikcəsinə seçilib. Fərid Hüseyn ömrü Füzuli qəzəlləri kimi bütün ölçü-biçimləri yerində olan ömürdür… ƏtraflıAd – 00:37

    Bu ömrün müəyyən epizodlarına da şeirlərində yer ayrılıb. “Anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür”, “mən “rəhmətliyin oğlu” və “bacım “rəhmətliyin qızı”dı” – sətirlərində ata adı çəkilmir, lakin ilk baxışdan ana, qardaş, bacı üçbucağı təsiri bağışlayan bu cümlənin məntiqi vurğusu ata sözünün üzərinə düşür. Və müxtəlif misralarda müxtəlif üsullarla özünütəqdimin cizgilərini görürük: “İnsanı öz taleyi qədər heç nə təəccübləndirmir, bu xəbərsizlikdən doğur min dona girmiş arzular”, “yaşadıqca insan ömür sarvanından günah karvanının dəvəsinə çevrilir”, “Özümdən böyük qablarla su daşıyıram, bədənimin bütün xəritəsindən tər axır”, “Sən paklığına qovuşacağını düşünürsən, ancaq insanlar inanmır sənin dəyişəcəyinə”.

    “Ürəyim yaralar muzeyidi”, “ayaqlarım gəzdiyimiz yerlərdən izlərini gəmirir” – Ürək Azərbaycan dilində sinonimi olan bədən üzvüdür. Ayaq isə əllə əl-ələ verib mürəkkəb söz yaradır, ancaq ona yaraşan antonim başdır. Doğrudan da, bəzi sözlərin gizli sövdələşməsi çox başayaq olur. Fərid isə ürək və ayaq sözlərindən həm təzad, həm də doğmalıq yaradıb. Öncə yaralar muzeyi olan ürək, sonralar “qəfəsə bülbülün xatirəsini danışır ürəyim” – misraları ilə başqa bir görəvdə xidmətini davam etdirir. Ürək işləri sevgisiz alınmır.

    Fəridin sevgili misraları da bənzərsizdir. “Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı, sağ ol, sən də məni sevdin” – unutmaq olmaz ki, bu eşqin qəhrəmanı da sən özünsən. Lirik qəhrəman həm də öz sevdiyinin qəhrəmanlığını vəsf edir. Başqa seçimi yox, “gözümün görməyə alışmadığı qədər gözəlsən” – etirafında gözlər gözəllik görməyə alışdırılır. “Mən səni ərəb çöllərində təs quruyanacan sevdim, ancaq dəniz buxarlananacan unuda bilmərəm” – misraları isə zaman məhfumuna münasibətdə ədalətli olmağa çalışır, sevməyin zaman kəsiyi ilə unutmağın zaman kəsiyi arasındakı təzad mübarizə aparır. Unutmaq feili öz hərəkətlərinə belə haqq qazandırır: “Onlu günlərin təqvimini düzəldəndən sonra bilir illərdə nə az gün varmış”. Yəni hər yaşadım dediyimiz gün ömürdən sayılmaz. Günlərimizi ömrümüzə hesablayanı isə qiymətləndirməyi bacarmalıyıq:

    Sənsiz sevinclərim də

    ələmimdir, yasımdır.

    Tapdım sevgi yolumu – 

    Gözlərin kompasımdır.

    – bəndi sevdiyini heca vəznində də mükəmməl etiraf etməyin sübutudur. Bu sevginin bəhrəsi olaraq “Səniz qaldı məndən sonra səni bütün sevənlər”.  Sonra qoşması cümləyə bir neçə məna verə bilər; Səni məndən sonra sevənləri sənsiz qoydum və ya mən bütün sevənlərindən qabağa düşdüm.

    Sevməyin gözəl tərəfləri kimi gözəlliyə qənim tərəfləri də var: “İlahi, çox ağırdı, bir ayrı cür zülmdü sevdiyin insanları günahından tanımaq”. Zülmün qələbəsinin bu cür ifadəsi ağlasığmazdır. “Tribuna kimi bezmisən məndən, həqiqəti içinə qısıb, səsini yayıram” sətirləri isə lirika ilə ictimai problemlərin sintezini görüntüləyir. Oxşar ictimai mahiyyətli nümunələrə yetərincə rast gəlmək olur: “gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib, istəmir əcəl ayağında ondan ötəri kimsə səhərin qapısına minnətçi düşsün”, “qəbirqazanın rəhimsiz təpiyindən içi çevrilən torpaq kimiyəm – bir üzümdə həyata, bir üzümdə ölümə yer verirəm”, “doğru sözləri höccələmə, səni rahat başa düşürlər – axı əzəldən yalan dilində danışırsan”. 

    Fəridin şeirlərində tarixlə çağımız arasındakı bağlantıları da müşahidə edirik. “İndi qızıllarla bəzədilmiş saraylarda, ötən əsrlərin laylasının şirinliyindən yeni əsrin vicdanı məst olur” və ya “Üzüm gəlmədi, Topqapıda qılınclardan qanları soruşum, İstanbul” sətirləri ədəbiyyatda məskunlaşmış mövzulardandır. Fikrin ifadə tərzini isə özünüz görürsünüz. Həm də ötənlərə ötkəm qiymət: “Görünür, keçmişin vəzifəsi həm də olanları gözümüzdə kiçiltməkdi…” Keçmiş hər zaman qalib gələ bilmir. Bəzən elə fəlakətlər olur ki, günü-gündən yenilənir. Onu keçmiş insanlar icad etsə də, keçmişə gömmək olmur. Tarix tarixliyində qalmır, bu günümüzə pərçimlənir. Olanlar gözümüzdə kiçilməsin deyə onu özümüzlə bərabər müasirləşdiririk. Bəs söhbət nədən gedir?! “Müharibədir: Əsgər ağzında evlərindəki çörəyin xəyalını çeynəyir” – bəli, müharibənin bu daşlaşmış qanunu eradan əvvəlki kimi günümüzə də keçərlidir. “Ayağını itirmiş əlillərin addım səsləri duyulurdu dünən – o səslərdən bildim ki, sevgi itmir” – tarixin sıradan çıxara bilmədiyi, heç müharibənin də yenə bilmədiyi sevgi. Qədim yunan əsatirlərində çox zaman müharibələrin sevgi üstündə başladığını da oxumuşuq. Buna baxmayaraq hələ də, sevginin müharibəyə qalib gələcəyi günə pənah gətiririk. Əslində tarixə gömülməli olan və insan adına ləkə gətirən şey müharibədir. “İnsanları gerçəklər yox, xəyallar yaşadır, odur ki, ilk insan qatilini ustufca unutmuşuq” və günümüzün muzdlu qatilləri də vaxt gələcək heç nə olmamış (əslində heç nə etməmiş) kimi unudulacaq. Çünki “İndi yaşadığım anlar səbəblərə gözünün ucuyla da baxmır…” İndi indidir. Onun mühakimə obyektləri özünəgörədir. Səbəb nəticənin keçmişidir: “Bülbül kababı yeyənə gül alıram, mənə bu da azdır hələ”.

    Mənbə: https://525.az/

  • Rüstəm İbrahimbəyovun xatirəsinə – Xalq yazıçısı Anar yazır

    Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə razılaşırdı.


    Bilmirəm, uzun ömür xoşbəxtlikdir, ya əzabdır?! Əlbəttə, yaşamağın özü taleyin lütfüdür, amma həyatın boyu yaxınlarını və dostlarını itirmək də dözülməz ağrıdır. Doğrusu, onu da bilmirəm ki, çoxlu dostun olmaq xoşbəxtlikdir, ya bədbəxtlik.

    Təbii ki, parlaq, maraqlı insanlarla ünsiyyət səadətdir, amma bir-birinin ardınca onları itirmək də – məşəqqətdir.

    Dostlarımın bir qismini ölüm apardı, bir qismini həyat. Rüstəmi məndən ölüm aldı. Eləcə də Yusif və Vaqif Səmədoğluları, Araz Dadaşzadəni, Emin Sabitoğlunu, Fikrət Qocanı, Maqsud İbrahimbəyovu, Toğrul Nərimanbəyovu, Elçin Aslanovu, Fuad Seyidzadəni, Rasim Əliyevi, Həsən Turabovu, Vasif Adıgözəlovu, Arif Babayevi, Rasim Ocaqovu, Eldar Quliyevi, Vaqif İbrahimoğlunu, Rafiq Hüseynovu… Mən hələ ancaq sənət adamlarının adlarını çəkdim: İşıqlı insanların qəmli siyahısı…

    Məni Rüstəmin tək işgüzarlığı, aşıb-daşan enerjisi yox, respublikanın həyatında hər şeydən xəbərdar olması da mat qoyurdu. Yolum Moskvaya düşəndə hökmən görüşürdük və hər dəfə soruşurdum: “Rüstəm, Azərbaycanda nə var, nə yox?”

    Bir də məni heyrətləndirən o idi ki, nə qədər məşğul, başı qarışıq olsa da, heç bir dost məclisindən boyun qaçırmırdı, ən müxtəlif səpgili dost-tanışlarıyla ünsiyyətdən vaz keçməzdi. Rusiyanın və xarici ölkələrin məşhur kino ulduzlarıyla, görkəmli yazıçılar, teatr xadimləri, rəssamlar, bəstəkarlar, jurnalistlər, alimlər, siyasət xadimləriylə dost-aşnaydı, amma heç vaxt uşaqlıq dostlarını, ən sadə peşə sahiblərini də unutmurdu, onlarla oturub-durmaqdan çəkinmirdi.

    Rüstəm hər cəhətdən çağdaş dövrün sənəkarı idi, XX və XXI əsrin övladıydı. Amma mənə elə gəlirdi ki, o həm də orta əsrlərdən bizim zamanəyə gəlib çıxmış cəngavərdi – hər məqamda ləyaqətli davranışına görə, mərdanəliyinə görə, qeyrət, namus anlayışlarına görə.

    İctimai həyatımın çətin məqamında o məni tərəddüdsüz dəstəkləmişdi. Mən də Rüstəm sağdan-soldan ləyaqətsiz hücumlara məruz qalanda onu müdafiə edən yazı yazdım, onun rəhbərlik etdiyi İttifaqda qalacağımı bildirdim.

    Hələ SSRİ vaxtı o dövrün sital tənqidçiləri Rüstəmi sovet həyatını qara boyalarla əks etdirdiyinə görə kəskin tənqid edirdilər. O zaman Rüstəmi Ulu öndər Heydər Əliyev müdafiə etdi, sonrakı yaradıcılıq uğurlarını da yüksək qiymətləndirdi.

    Müstəqillik dövründə isə bir zaman yüksək vəzifələr tutan, indi adları belə unudulmuş məmurlar Rüstəmi ədəbiyyat və kino tarixindən silməyə çalışdılar. Bu dəfə onu qoruyan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım oldu.

    Rüstəmin öz xalqı, öz vətəni üçün etdiklərinin zərrə qədərini etməmiş adamlar onu millətə xəyanətdə suçlayırdılar. Özü də kimi? Azərbaycanın Xalq yazıçısını, öz şöhrətiylə millətini şöhrətləndirən sənətkarı, dünyada tanınmış kino xadimini, öz teatrını yaratmış dramaturqu, ən nüfuzlu beynəlxalq mükafatlar qazanmış sənətkarı, Moskvada, SSRİ Xalq deputatlarının əksəriyyəti bizim əleyhimizə olan qurultayında, ermənipərəst Fransada, Paris televiziya kanallarında xalqımızın haqq səsini ucaldan böyük vətənpərvəri…

    Nə yaxşı ki, vaxt hər şeyi yerbəyer edir. Kimin kim olduğu gec-tez məlum olur.

    Ölüm hər kəsin nəsibidir, amma ölümsüz əsərləri xalqına yadigar qoyub gedən sənətkar həmişə diridir.

    Rüstəm İbrahimbəyov da Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi uzun müddət Vətənindən uzaqlarda, Moskvada yaşayıb-yaratdı. Amma hamısı sonda əbədi olaraq doğma torpaqlarına qayıtdı.

    Əlvida Rüstəm, dostum, qardaşım.

    ANAR

    13 mart 2022

    Mənbə: http://ayb.az/

  • Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”

    “Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa qadir olan, son min ilin yetirdiyi ən böyük Vətənoğlu, millət qəhrəmanı, xalq fədaisidir”.

    Belə bir xalq fədaisinin ömür-gün yolundan bəhs edən  “Əbədiyyət dastanı” poeması “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarətdir. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Birinci kitab əsərin yazılma səbəblərini açıqlayan nəsrlə yazılmış girişlə başlayır. Hər iki kitab adlanan hissədə ənənəvi poemalar kimi proloqlar verilib. Birinci kitabda 28 başlıqdan istifadə olunub. Proloq dördlük şeir şəklində yazılıb:

    Eşqə qadağa yox, sevgiyə sərhəd,

    Xatirən canlıdır, şöhrətin diri.

    “Ömrünün mənası millətə xidmət,

     Adının mənası Allahın şiri” –

    – Əsərin ilk bəndi olan bu misralardan poemada əsas mətləbin rəhbər və xalq sevgisi üzərində qurulduğu görünür. Xalqın böyük sevgisinə sahiblənən Heydər Əliyevin ölümü böyük faciə kimi sözün ən təsirli təqdimatını üzə çıxarır:

    Döydü qapıları qara bir xəbər,

    Hərə öz içinə qısılı qaldı.

    Təyyarə torpağa enənə qədər,

    Baxışlar göylərdən asılı qaldı.

     Şair bu faciənin gücünü qabartmaq üçün xeyli sayda bayatı-ağı, yaralı qoşmalardan istifadə etmişdir. Poemanın əvvəli lirik notlar üzərində qurulub. Heç bir süjet və ya əhvalatların təsviri hiss olunmur. “O həyatı sevirdi” bölümündə onun həyat sevgisi, yaradıcı insanlara hamiliyi sözün ən poetik çalarları ilə vəsfə tuş gəlib:

    Memar ilə danışır

    Kərpiclə daş dilində.

    Heykəl ilə danışır

    Heykəltəraş dilində.

    Bu bölümdən sonra hadisələrin sujet ətrafına cəm olunması nəzərə çarpır. Heydər Əliveyin 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Uşaqlığından qeyri-adi insan olduğu təsvir edilir. Gəncliyindəki fəaliyyətindən “Gizli bir təşkilatda aydın bir rəhbər oldu, Öz milləti yolunda hər gün səfərbər oldu” – misralarından məlumat alırıq. Onun şəxsi həyatının da millət üçün töhfə olduğu vurğulanır: “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci”. İzzət ananın öz gəlini Zərifə xanıma “Heydərim amanatı!” vəsiyyəti isə milli nümunə örnəyi kimi mənalandırılır.

    Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi “Gəlişinlə sən gətirdin bu torpağa qurtuluşu, 14 iyul – on dörd illik rəhbərliyin özül daşı” kimi misralarla vəsf olunur. Sonra “Türk oğlu türk Kremildə rəhbər oldu!” sətirləriylə onun Moskvadakı işi və ona qarşı törədilən təxribatlar bədiiləşdirilir.

    Qırmızı imperiyanın onu gözdən salmağa cəhd etdiyi bir dönəmdə doğulduğu Naxçıvanın öz doğma balasına qucaq açması millət və rəhbər sevgisinin vəhdəti kimi verilir. Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə bu böyük şəxsiyyətin öz xalqının yanında olmağı gerçəkliklərin ifadəsi kimi əksini tapır.

    “Heydər “Xalq!” deyəndə xalq “Heydər!” dedi” bölümündə qarşılıqlı sevginin bütün incəlikləri nəzmə çəkilir. Ümummilli liderin qara nefti ağ yanağına çəkməsi, millətini səfalətin girdabından xilas etməsi, dünyanın marağını ölkəmizə yönləndirməsi poemada peşəkarlıqla ifadə olunub. “Dünyanı gətirib qədəmlərinə, Qaldırdı milləti Tanrı dağına” – kimi misralarda bir dövlət başçısının siyasi qələbəsi etiraf edilir. “Ata Heydər – Atatürk” bölümündə hər iki dahinin tale bənzərliyi ilə yanaşı, bir sıra oxşar cəhətləri sadalanır. Bildirilir ki, onların hər ikisi dünyaya mayda gəlib, gözlərinin rəngi eynidir, ikisinin də atasının adı Əlirzadır və s. Bölümün yekununda şairin inamı ən yüksək həddə çatır:

    Yüz əlləşsin, yüz vuruşsun,

    tapa bilməz xata türkü,

    Onu min il qoruyacaq

    Azərbaycan torpağının

    Heydər adlı Atatürkü!!!

    Əsərin bu hissəsindən sonra lirizm güclənir. “Son görüş, son ayrılıq” bölümündə bəzi epik təsvirlər nəzərə çarpır. Respublika Sarayında aprelin 21-də Ali Hərbi Məktəbin otuz illik bayram tədbiri keçirilən gün Heydər Əliyevin çıxış edərkən səhhətinin pisləşməsi, çıxışını yarımçıq kəsməyə məcbur olmağı və yenidən əhvalı düzələrkən səhnəyə qayıdaraq sözünə qaldığı yerdən davam etməsi sınmayan bir şəxsiyyətin simvolu kimi xarakterizə edilir. Onun Ali Baş Komandan olaraq son görüşünün hərbçilərlə olması simvolik şəkildə yozumlanır. “O – general, o – komandan, o – əsgər, Bu, son görüş, son ayrılıq günüydü” – misraları bir komandanın yeri gələndə bir general, yeri gələndə sıravi bir əsgər kimi öz görəvini layiqincə yerinə yetirməsinin tərənnümüdür. Heydər Əliyevin səhnədən əl eyləyib getməsinin son gediş olduğunu şair böyük ağrı ilə qələmə alır. “Bugünkü kədərimiz Ucadır Heydər qədər, Başın sağ olsun, Vətən!” misraları itkinin necə böyük olduğunun yaşantılarıdır.

    “Səndən sonra” adlı bölümdə “Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol!” misralarında şair onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevə olan xalq inamından bəhs edir. Poemanın birinci kitabı “Minnətdarlıq” adlı parçayla bitir.

             “Böyük ömrün davamı” adlanan ikinci kitab da proloqla başalyır. Proloqda müdrik bir qocanın bu əsərin yazılmasına xeyir-dua verməsindən bəhs edilir. İkinci kitabda 19 yarımbaşlıqdan istifadə olunub. Doqquzuncu bölümədək olan hissələr lirik düşüncələr toplusudur. Əsas fikirlər “Yenə mən səninkiyəm, yenə mən səninləyəm” və ya “Tayfa dönüb xalq olur, xalq millətə çevrilir Sənin adın gələndə!” tipli misralarda cəmləşib.

    “Davam edir bu tarix” bölümündən sonra şairin yeni düşüncələri ilə qarşılaşırıq. Ulu öndərin yoluyla inamla addımlayan Prezidentimizin ölkədə apardığı quruculuq və abadlıq işlərindən söz açılır: “İllərlə yol görməyən Zirvələrin qoynuna cığır açır, yol çəkir”. Bakı adlı gözəlin belini qucaqlayan körpülərdən gələcək nəsillərin keçəcəkləri obrazlı şəkildə mənalandırılır. Bundan sonrakı bölümlər “Anam Azərbaycanın canlı xəritəsidir üzündəki cizgilər” fikirlərinin lirik tərənnümü fonunda davam etdirilir. Heydər Əliyevin yaradıcı insanlara olan diqqətindən, tariximizə, soy-kökümüzə dərin bələdçiliyindən söz açılır.

    Hər iki hissə, demək olar ki, tərənnüm üslubunda yazılıb. “Dövlət adlı bir sarayı Kərpic-kərpic ucaltmışdı, divar-divar hörmüşdü o!” – qətiyyəti müəllif inamının həqiqətə əsaslandığının göstəricisidir. Poemanın sonlarına yaxın şair etiraf edir ki, “Bu əsəri kimlərəsə xoş gəlməkçün yazmadım, Sözün canı nədədirsə, mən o canı yazmışam”. Poema “Göylərdən göndərdi yaradan səni” parçasıyla tamamlanır.

    Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. Eyni ideya və mövzu ətrafında birləşən ayrı-ayrı şeirlərin hibridi vardır. Zəlimxan Yaqub bu əsərində dastan tipində dastan yaradan kimi yox, dastançılıq ənənəsinin mahir bilicisi, dastançılıq ruhunun daşıyıcısı olaraq sözünü deyir. Ümumiyyətlə, əsərin özəyini türk millətinin qəhrəman oğulları sayəsində əbədi yaşarlılığı ideyasına inam təşkil edir:

    Gülnar Səma

  • Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı

    Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi, ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı.Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi. Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.Ulu öndər Heydər Əliyev 1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdı. Bu hadisədən cəmi bir il sonra yazıçıların VII qurultayında Heydər Əliyev birbaşa Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı.1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Ulu Öndərin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi unutmadılar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır.Göründüyü kimi, ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham alıb.

  • Ədəbiyyatşünas-alim Gülnar SƏMA.”Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında”

    Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb.

    Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik.

    Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması “Ol”- dedin kainat oldu”- sətirləri ilə başlayır. Göstərilir ki, Adəmlə Həvvanın tanrının sözündən çıxaraq cənnətdən qovulmasının cəzası bu günə qədər davam edir. Hələ də insanlar süni cənnətlər yaratmağa can atırlar. Əsərdə bir ideya diqqəti çəkir. Allah bir insan yaratdısa, sonralar bu çoxmillətlilik necə meydana çıxdı?! “Dünyanın hər yerində eynidi it, at, donuz! Amma insan türkdü, rusdu, farsdı” sətirləri ilə bu müxtəlifliyə işarə edilir. Poemanın məğzi ondan ibarətdir ki, böyük dövlətlər kiçik dövlətləri, böyük xalqlar kiçik xalqları yer üzündə cənnət qurmaq adıyla məhv edir. Şairin də amalı bunları müasir insana çatdırmaqdır.

    Əsərdə tanrı və onun insan həyatında rolu məsələsi də qoyulub. Müəllifin fikrincə, insan özü bir dara düşməyincə yadına düşmür ki, tanrı da təkdir. Bəzən yazarın ziddiyyətli mövqeyi ortaya çıxır. Həm tanrının yazdığı yazıya, taleyə inam var, həm də “Hər kəsin şərəfi, şöhrəti Özünün ağlı qədərdi…” qənaətinə gəlinir. Sonra xalq olaraq düşdüyümüz mənəvi böhranların kökləri axtarılır, başqa millətlərlə müqayisələr aparmaqdansa, vahid Azərbaycan olmaq istəyənlərin olmamasından gileylənir. Şair qonşu dövlətlərin yardımını dəstəkləsə də, el məsəlini xatırladır ki, “qonşu işığına umud olan qaranlıqda qalar”. Özün əkib-becərməsən başında turp əkəcəklər deyə xəbərdarlıq edir. Müəllif “millət” və bu sözün tərkibindəki “illət” sözünə də açıqlama gətirir. Hər iki sözün izahı fonunda inkişaf və məhvə yuvarlanmaq anlayışlarını izah edir. İllət o zaman başlayır ki, min il əvvəl olmuş İmam Hüseyn müsibətinə başına, döşünə qara bağlayıb yas saxlayan xalq öz Qarabağ dərdinə, əsirlikdə olan qızlara, gəlinlərə, körpələrə yas saxlamır. Mükəmməl bir təzadla əsl mətləbini çatdıra bilir: “Fatimeyi-Zəhra bu günümüzü görsəydi, balalarını unudub dərdimizə şaxsey deyərdi”. Bizsə, öz fəlakətlərimizin fərqində deyilmişik kimi, özümüzü xoşbəxt göstərməyə, başqalarına təsəlli verməyə meyl edirik. Bu yerdə müəllif milli düşüncədən irəli gələn bir deyimi xatırladır: “Türklər gözünüzdə yaş qalıbsa, öz halınıza ağlayın- deyərdi”. Şairə təsir edən odur ki, indi biz bəşəriyyətin diqqətini özümüzə yönəldib, bizim problemlərin həllinə çağırmaqdansa, elə hey başqalarının fikrini çəkirik. Sona yaxın müəllif vətənimizin ikiyə parçalanmasına da toxunur. Əsər boyu ilk insanın cənnətdən qovulmasından sonra törədə biləcəyi cinayətlər Azərbaycanın timsalında göstərilir. Yəni cənnətdən məhrum edilmiş insanlar Azərbaycan kimi bir məmləkəti də cənnət olmaq şansından məhrum edirlər. Şair sonda belə qənaətə gəlir ki, “Cənnətdən qovulmaqdı, bəlkə, insanın uğuru”.Ola bilsin ki, bu uğur sözünün  alt qatlarında müəllif ironiyası dayanır.

    Onun 2011-ci ildə qələmə aldığı “Bakı-Quba yolu” poeması müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr edilmişdir. Əsər nikbin əhval-ruhiyyə ilə lirik notlar üzərində yazlıb. Bakıdan Qubaya yol alan şairi yollarınyol alan şairi yolların təmiri çaşdıracaq dərəcədə sevindirir. Bölgələrdəki quruculuq və abadlıq işləri onu heyran qoyur, “Təzə Heydər muzeyi yeni bir Tacmahaldı” fikirləri ilə heyranlığını ifadə edir. Xınalığın abadlaşıb göz oxşaması bir vətəndaş olaraq şairi fərəhləndirir. Müəllif həmin yolların bərpasına belə bədii məna verir: “Yol keçmişdən gələndi, Gələcəyə gedəndi”. Şair xüsusi olaraq xatırladır ki,keçmişdən gələn yol XX əsrin əvvəllərində ermənilərin Qubada törətdikləri qırğınlarla kəsişir. Həmin vəhşiliyin başında duran Lalayanın əməllərinə lənət yağdırılır. Bütün bu zülmlərə rəğmən Azərbaycanın dünyada özünü təsdiqləyə bilməsi güclü vətəndaşlıq pafosu ilə çatdırılır. Müəllif Lalayan oğlu Balayana üz tutur ki, “Gəl Milli parkı dolan, Öz içində alış, yan”. Azərbaycanın göz önündə olan inkişafını gör və böhtan dolu yazdıqlarından utan. Əsərin yekunu da nikbin sonluqla bitir, Zəfər yürüşünə hər an hazır olduğumuza əminlik ifadə olunur.

    Müəllifin 2010-cu ildə yazılmış “Qəbələ” poeması da kiçik parçaların bir mövzu ətrafında cəm olunması yolu ilə qələmə alınıb. Əsərin ilk başlanğıcında məlum olur ki, şair yayın istisindən baş götürüb Qəbələyə qaçır. Lap uşaqlıq yaddaşında qalan Dürca, Qəmərvan yaylağını xatırlayır. Lakin Qəbələyə bu yaşında verilən qondarma adı olan Qutqaşın xoşuna gəlmir. Bölgəyə sonrakı gəlişi şairi sözün yaxşı mənasında təəccübləndirir. Onun palçıqlı və keçilməz kimi tanıdığı yollar indi tamamilə abadlaşıb. Həmin yolların baxımsız vaxtlarında şair də gənc idi. Lakin indi qocalığını soyadı ilə boynuna alan şair ömrünün bu çağlarını Qəbələdən uzaqda, Bakıda 13-cü mərtəbədə yaşamasına sanki təəssüflənir. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı belə xarakterizə edilir: “Musiqi ulduzları bütün dünyadan gəlib Qəbələdə sayrışır”. Nəvəsi ilə rayonun müasirliyinə heyran qalan şair etiraf edir ki, “burda eyni zamanda dörd fəsil yaşayırdı”. Son bölüm olan “Bizim eradan əvvəl” adlı hissədə Qəbələnin qədim tarixindən söz açılır. “Torpağın arxivindən durub ayağa qalxır ən qədim – yeni şəhər” sətirləri ilə Azərbaycanın qədim şəhərlərinin müasir sivilizasiya ilə uyğunlaşa bilməsinə sevinir.Poema gənc ölkəmizin səadətinə yazılmış himn təsiri bağışlayır.

    Şairin “Dörd addım” poeması 2008-ci ildə yazılmışdır. Əsər təhnalığın şikayətləri ilə başlanır. Dörd addım sanki yalnızlığın ölçü vahididir. Sonra isə ümumi yaşamdan gileylər hiss olunur. Yaxın dost-tanışdan narazılıq edilir. Ehtiyacı olan anlarda yanında olmadıqları üçün onları qınayır da. Birdən əsərin axarında dəyişiklik yaranır. Lirik qəhrəmanın tanrıya şükranlığı başlayır. Özü-özünə etiraflar edir: “Hikkəm zindan olubdu mənim yazıq ağlıma”. Hətta hansısa qeyri-müəyyən ölümdən söz açılır. Qatil olduğunu da etiraf edir. Məlum olur ki, dörd divar elə zindanın rəmzi simvolu imiş. Bəzən ora qanunu və ədaləti qorumaq üçün addım atanda da düşmək olur. Bu poemanın lirik qəhrəmanı da polis işləyərkən bir harın biznes adamını öldürdüyü üçün həbsxana divarları arasında düşüncələrə dalmağa məhkum edilmişdir; “Bu dörd divar daş deyil, Daşa dönmüş səbirdi” misraları ilə əsər tamamlanır. Bu sətirlərdə itirilmiş azadlığın susmağa məhkum olunmasının faciəsi nümayiş olunub.

    Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poeması ulu öndər Heydər Əliyevin səksən beş illiyinə ithaf edilib. Şair poemanın əvvəlində zaman haqqında fəlsəfi düşüncələrini bəyan edir. Nəhayət, bəlli olur ki, “hər min ilin sonunda Allahımız əzəldən bu millətin səhvini, Qamətini düzəldən bir xilaskar göndərir”.Təbii ki, Allah bu millət üçün həmişə dəyərli insanlar göndərib, amma “Min-min gələn insandan Birisi Heydər olub”. Şair qəhrəmanının uşaqlıq illərini, Naxçıvanda doğulmasını və qeyri-adi bir insan kimi həyata atılmasını böyük coşğu ilə oxucusuna çatdırır. Heydər Əliyevin “Kommunist imperiyasının olimpinə ucaldı”ğını ən böyük insani uğur hesab edir. Onun bir müsəlman, bir türk olması ruslar üçün bir göz dağı, bir görk olduğu da vurğulanır. Qeyd edilir ki, Heydər Əliyevin bu ucalığını biri bacarığa, biri bəxtə yozur. Yolunu kəsmək üçün hər cür hiyləyə əl atırlar, bu da mane olmayanda canına da qəsd etməyə hazır olublar. Lakin o, mümkünsüz işləri görməyə adət eləmişdi. İmperiya çökən zaman ailəsini qorumağı da bacarır. Bir səhər çağı Naxçıvana qayıdır və xalqının imdadına çatır. Azərbaycanı stabil inkişaf yoluna çıxarır. Şair poemaya epiloq kimi on il əvvəl yazdığı “Ata” şeirini əlavə edib.

    Onun “Şəhidlər Xiyabanı” poeması yeddi yarımbaşlıqdan ibarətdir. Poema bütövlükdə Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunub. Elə əsərin əvvəlindən qəhrəmanının müxalif olduğu anti-insanlıq təsvir edilir. Fikrət Qoca Çingizin əzəmətli obrazını canlandırmaq üçün onun şəxsiyyət bütövlüyünü təqdim edir: “Kürsü əvəzinə dırmaşıb öz hövsələsinə çıxmışdı”. Şair o cəsur insanın cəsarətini qabartmaq üçün bu misraları yazır: “Altdan kəfən geyinmişdi, üstdən əzik-üzük paltara bənzər bir şey”. Ç.Mustafayevin vətənin dar günündə olan çağırışına Nübar xala da qoşulmuşdu, lakin oğullar buna razı olmamışdılar. O, Nübar xalanın çağırışına tənə edərək həmin qadını “saçı uzun, ağlı gödək” hesab edən deputatların tənəli cavablarını da vermişdi. O da qeyd edilir ki, Çingiz başında başından bahalı papaq gəzdirənlərə Qarabağ lazım olmadığını sübut edir. Çünki Çingiz rəsmən peşə sadiqliyinə and içən jurnalistlərdən deyildi. Onun şərait tələb edəndə bu yolu könüllü seçməsi alqışla təqdim olunur. Müəllif onun hönkürə-hönkürə Xocalı soyqırımında başı soyulmuş, gözü oyulmuş meyitləri, goreşən kimi eşilib pis günə qoyulmuş körpələri lentə almasını həm də ermənilərin amansızlıqlarını tarix unutmasın deyə xatırladır. Tarixin səhvləri də göstərilir ki, o cür qətliama baxmayaraq rəsmi Bakı radioda iki nəfərin öldüyünü xəbər vermişdi. Sonra şair onun Laçında apardığı çəkilişlərdən bəhs edir. Çingiz döyüş meydanını tərk edib qaçanları geri çağıranda balaca dəstənin böyük komandiri onu ələ salır. O isə cavabında bildirir ki, mən də Nübar xala kimi qadınları ön cəbhədə aslan ürəkli oğullarımız olduğuna əmin eləmişəm. Əvəzində isə sizin kimi qorxub qaçanları görürəm. Əsərin ən dramatik məqamlarından biri də odur ki, ona bir xalqın döyüş tarixini bu cür biabırçılıqla lentin yaddaşına köçürmək ağır gəlir. Poemanın sonluğu çox təsirli bitir, həmişə özündən qabaqda olub döyüşü çəkən kamerası, indi vurulmuş Çingizi çəkirdi. Əsər belə yekunlaşır ki, “Çingiz kimi vətəni candan artıq sevməkdi qəhrəmanlıq”. Bu qəhrəmanlığın fövqündə çağdaş insanın vətəndaşlıq mövqeyi nümayiş olunur.

    Göründüyü kimi, Fikrət Qocanın da poemalarının əsas mövzusu müasir Azərbaycanın gerçəklikləridir. Bu gerçəkliklər çağdaş əsərlərin çağdaş qəhrəmanlarının simasında özünü göstərir.

    Gülnar SƏMA

    Mənbə: https://525.az/

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİN AZƏR XANLAROĞLU HƏQİQƏTİ”

    Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi bir neçə ay ərzində aşıq sənəti böyük itkilərlə üzləşdi. Sazın-sözün böyük cəfakeşi, özü də bu dünyadan vaxtsız getmiş Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, bu sənətkarların varlığından “nə qazandı, sazın ömrü qazandı, nə itirdi, Azərbaycan itirdi!”Bu sənətkarların hər birinin dünyalarını dəyişməsi sənət üçün, bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Azər Xanlaroğlunun vaxtsız ölümü isə doğmaları, yaxınları ilə yanaşı, bütün sənətsevərlərin qəlbini ikiqat göynətdi. Həmin gün təkcə Azəri yox, Xanlar Məhərrəmovu da yenidən itirdik sanki… O Xanları ki, şirin ləhcəsi, xoş avazı ilə zili bəmə, bəmi zilə bağlayıb könüllər ovsunlayardı. Yaxın dostu və sənətinin vurğunu, vurduğu xalların, güllərin heyranı olan Zəlimxan Yaqub da nahaqdan demirdi ki, “ya saz öldürəcək, ya Xanlar məni”. Həmin gün bir ailə ikinci böyük itkisi ilə üzləşir, sənət mülkü son iyirmi ildə bir ailədən çıxmış ikinci böyük sənətkarla vidalaşırdı.Amansız ölüm “havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri” olan Xanları da vaxtsız almışdı əlimizdən. Amma heç olmasa onda bir təsəllimiz – Aşıq Xanlar ocağının və sənətinin davamçısı Azər vardı. Elə o vaxtlar Zəlimxan Yaqub da Azərin gələcəyinə böyük ümid bəsləyərək yazırdı: “Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam etdirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlaya bilmirəm. Xanlar gəlir durur gözlərimin qabağında. Boyu-buxunu da, çalğısı-havacatı da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı”. Və Zəlimxan Yaqub bunu bir ata üçün, sənətkar üçün böyük xoşbəxtlik sayır, Aşıq Xanları da sözün əsl mənasında xoşbəxt taleli sənətkar adlandırırdı. Aşıq Xanlar bir ata və sənətkar ömrünü övladının – Azərin ömründə yaşayırdı.Azər sənətdə çox erkən parlamış, bənəzərsiz ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşmış, sorağı ölkəmizin hüdudlarını aşmışdı. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə fərqlənir, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilirdi.Respublikamızda keçirilən bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xarici ölkələrdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil etmişdi. Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi və Birliyin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi.Azəri sevdirən istedadı, sənətdə özünəməxsusluğu – könüllərə od vuran sazı, hər havada vurduğu zərif xallar və incə döndərmələrlə yanaşı, həm də onun səmimiliyi, təvazökarlığı, böyük-kiçik yerini bilməsi, dünya malında gözü olmaması idi. Özünün və sözünün yerini bilən idi, heç vaxt sənəti ucuz tutmazdı. Son illərdə səhhətində problemlər olsa da, mümkün qədər öz ağrılarını başqalarına yük etməməyə çalışırdı. Həmişə şən, pozitiv əhval-ruhiyyədə görsənirdi. Amma xəstəlik öz işini görməkdəydi. Gördü də… 2018-ci il may ayının 12-də Azərsevərlər üçün səhər qara xəbərlə açıldı. O gün sənət bağçasının güllərini şaxta vurdu, şirin avazı ilə könüllər oxşayan bir bülbülün ötən səsi, sazımızın şah pərdəsi qırıldı, tellər, simlər “Azər bu dünyadan köçdü” deyib, haray çəkdi. Amma Azər sadəcə dünyasını dəyişdi, ölmədi, ölümsüzlüyə qovuşdu.Çünki onun ömrü ölməz olan bir sənətin ömrüdür, gündən-günə çeşmələnən, çaylanan bir danılmaz həqiqətin ömrüdür! Həqiqət isə heç zaman ölmür. Sənətin Azər Xanlaroğlu həqiqəti də zaman-zaman yaşaycaq.


    Musa NƏBİOĞLU

    Azərbaycan AşıqlarBirliyinin katibi,Əməkdar Mədəniyyət İşçisi

    Mənbə: https://adalet.az/

  • Ədalət RƏSULOVA.”Didərgin şairin Vətən nisgili”

    Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında  özünəməxsus  yeri  olmuşdur.

         Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən Abşeronun Qala kəndindəndir. A.İldırım ibtidai təhsilini Bakıda, “İttihad” məktəbində almışdır. 1925-ci ildə şəhər gimnaziyasını bitirmiş, 1927-ci ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. Bir neçə aydan sonra isə onu “tacir oğlu” adı ilə damğalayıb universitetdən xaric etmişlər. Bu dövrdə artıq mətbuatda ilk şeirləri ilə çıxış edən A.İldırım Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin yığıncaqlarında fəal iştirak edirdi. Bir qədər sərbəst ruhda yazılmış bəzi əsərləri üstündə ilk zərbələrə də elə o vaxtdan məruz qalmışdır:

    Zirvədə oynayan rüzgarlar acı.

    İllərlə görünməz başının tacı.

    Anlat ki, dərdinin nədir əlacı,

    Nədir bu dumandan tüllər, a dağlar?!

          Poeziyamızın ənənəvi mövzularından birinə həsr edilmiş bu şeirdə dağları Azərbaycanın rəmzi kimi, “acı rüzgarlar”, “dumandan tüllər” təşbehləri isə 20-ci illərdə xalqımızın düçar olduğu ictimai faciələrə işarə kimi mənalandıran o zamankı siyasi baş idarə A.İldırımı Dağıstana sürgün edir. O dövrün bir sıra Azərbaycan ziyalıları kimi A.İldırım Dağıstanda bir müddət pedaqoji işlə məşğul olur. Azərbaycanın və Dağıstanın ecazkar təbiətini tərənnüm edən şeirlər yazır. Bakıda çapa hazırlanan ilk kitabını  isə təbii ki, kommunizmə zidd fikirlər aşılayan bir kitab kimi yasaq edirlər. Kitabın tirajı müsadirə olunur. A.İldırım yenidən Dağıstandan Türkmənistana sürgün olunur. Özünün sonralar etiraf etdiyi kimi şair, Dağıstanda olduğu kimi Türkmənistanda da eyni hissləri yaşayır.

         A.İldırımın Aşqabadda milli ruhlu şeirləri əldən-ələ dolaşır, şair qısa bir müddətdə vətənpərvər ziyalıların, açıq fikirli tələbələrin sevimlisinə çevrilir. Lakin o, burada özünü  və təzəcə qurduğu ailəsini gözləyən təhlükəni də aydın görür. Buna görə də 1933-cü ilin iyun ayında həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana  getməyə məcbur olur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün sıldırım qayalar və uca dağlar arasından keçir, çətin cığırlarla günlərlə yol getdikdən sonra nəhayət İran torpağına çatırlar. Ancaq İranda A.İldırımı dərhal həbs edirlər. Onu bolşevik cəsusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə A.İldırımın səhhətində dərin izlər qoyur. 25 gündən sonra, nəhayət, azad edilib. Məşhəd şəhərinə göndərilir. Burada iş yeri tapa bilməyən A.İldırım uzun müddət yoxsul, acınacaqlı həyat sürür. A.İldırım İranda çox qala bilməyib tezliklə Türkiyəyə gedir. və Türkiyənin Elazığ adlanan məkanında yaşamağa başlayır.

            Şairin İranı tərk etməsinin əsas səbəbi orada şahlıq rejiminin amansızlığı idi. 30-cu illərin ortalarında Türkiyə respublikası təkcə türk elləri arasında yox, Yaxın Şərqin islam regionunda yeganə ölkə idi ki, Atatürk inqlabından sonra həqiqi mənada insanların azadlığı və ölkənin istiqlaliyyəti üçün müəyyən imkanlar yaradılmışdı. A.İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif  bölgələrdə “bucaq müdirliyində” (qəsəbə bələdiyyəsində), Malatyanın Qala qəsəbəsində bələdiyyə idarəsində işləmişdir.

          A.İldırımın Türkiyə mətbuatında xeyli şeirləri dərc olunmuş, bir sıra əsərləri “Boğulmayan bir səs” (1936) kitabında toplanmışdır. 1990-cı ildə Bakıda buraxılmış ilk kitabı isə “Azərbaycanın didərgin övladı şair Almas İldırım şeirlərilə” adlanır. Bu kitabda şairin 18 əsəri dərc olunmuşdur. Lakin Azərbaycanın da Türkiyənin də şeirsevənləri A.İldırımın irsi arasında ən mötəbər körpünü şairin 1990-cı ildə Ankarada çap olunmuş, 61 əsərini əhatə edən “İgidlərə səsləniş” və 1994-cü ildə Bakıda buraxılmış, yüzə yaxın əsərini əhatə edən “Qara dastan” kitabları birləşdirir.

         1934-cü ildə A.İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. O, artıq əvvəlki illərlə müqayisə edilməyəcək bir səadətə qovuşur. Şair burada özü üçün ikinci vətən, iş yeri, həmdərdlər tapır. Amma yenə də qəlbi Azərbaycanın həsrətilə yanır. Onun qürbətdəki lirikasının qiymətli nümunələri təbii ki, bu illərə təsadüf etmişdir. Zorla düçar edildiyi didərginliyin ağır yükünü həyatının sonunadək daşıyan  A.İldırımın əsərlərində qəriblik bütün təfərrüatı, ən incə məqamları ilə öz əksini tapmışdır. Bu mənada A.İldırımın yaradıcılığı Azərbaycan poeziyasında qürbət lirikasının ən zəngin nümunələrindən biri kimi qiymətləndirilmişdir.  Bu mövzuya tez-tez müraciət edən şair bir şeirinin adını “Qürbətdə” qoymuş, başqa bir əsərini “Qürbət məktubları” adlandırmış, üçüncüsünü “Qərib quşuma” başlığı ilə qələmə almışdır. Son əsərində deyil, bir sıra şeirlərində də onun dönə-dönə müraciət etdiyi yaralı quş obrazı həmişə qürbətdə təsvir edilir:

    Of! Bakı, bu ayrılıq mənə ölümdən ağır,

    Aləmə bahar gəldi, sənə yağmur, qar yağar…

         Şair hələ vətənində ikən doğma yurdunu bürümüş haqsızlıqlardan, ölkədə baş verən faciələrdən cana gəlib vətən içində qəribsəməyə başlamışdı: “Arazla dərdləşmə”, “Qafqaz dağlarına”, “A dağlar”, “Neçin şair doğuldum?”, “Ömrüm xarab oldu, hey”, “Əlvida Bakı” və s. şeirlərini qələmə almışdır.

    Bax, nə deyir yenə bu coşğun Xəzər,

    Qoynunda şimaldan gələn yad gəzər.

    Bu bir dərd ki, məni ömrümcə əzər,

    Salır məni haldan-hala, əlvida!…

          A.İldırımın qürbət lirikasını canlandıran yaşadığı illərin Azərbaycan gerçəkliyi, xalqın tarixi keçmişi, təbii gözəllikləri, zəngin yeraltı sərvətləri, qədim tarixi abidələr, zəngin mədəniyyət, şeir-sənət ölkəsi olan Vətən torpağı idi. Lakin  A.İldırım bu əsərləri yazan dövrdə  Azərbaycanın  zəhmətkeş  və  qeyrətli  xalqı  olmazın əzablara, sıxıntılara məruz  qalmışdı.

         Şairin “Gözəlim”, “A dağlar”, “Ölsəm” qoşmaları, bir sıra şeirləri məhz bu məzmunda başa düşülür. Onların adi təbiət hadisələrindən daha çox vətəndə baş alıb gedən ictimai ədalətsizliklərə həsr olunduğu aydın görünür:

    Çiçəkli qoynunda bir baxça tikdim,

    Suvara-suvara gözyaşı tökdüm.

    Gecə-gündüz əməyini mən çəkdim,

    Yoldu meyvəsini yellər, a dağlar!

         Vətən həsrəti A.İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı xəttini təşkil edir. “Əsir Azərbaycanım” şeiri də bu qəbildəndir.

    Hanı məni gül qoynunda doğuran.

    Xamırımı göz yaşıyla yoğuran,

    Beşiyimdə “layla balam” çağıran,

    Azərbaycan, mənim bəxtsiz anam oy!

    Neçə ildir həsrətində yannam oy!

    …Könlümə tək Kəbə tapdım səni mən,

    Sənsiz neynim qürbət eldə günü mən.

    Sənsiz neynim Allahı mən dini mən,

    Azərbaycan mənim tacım, taxtım oy!…

    Oyanmazmı kor olası baxtım oy!

         Göründüyü kimi, bu şeirin yığcam bir ideya-bədii kompozisiyası var. Onun hər bəndində ardıcıl surətdə mövzunun şərhinə aparan həyati bir məzmun açılır. Birinci bənddə lirik qəhrəmanın körpəlik çağları  xatırladılmış, onunla vətəni arasındakı ana-övlad münasibətləri öz əksini tapmışdır.

         Bu şeir həm də 20-ci illərdən üzü bəri Azərbaycanın başına gələn tarixi faciələr üçün onun qərib şair övladının  ürəyindən qopan həzin bir mərsiyə səciyyəsi daşıyır. “Azərbaycan, mənim bəxtsiz anam oy!” misrası və hər bəndin sonundakı “oy” təkriri isə milli folklor motivlərindən irəli gəlir.

         Əslən bakılı olan A.İldırımın şeirlərində öz doğma şəhərinin obrazı ümumiləşdirilir. Şair  vaxtilə dəfələrlə dolaşdığı doğma küçə və meydanlara, Xəzər sahilinə, Səbayel dolaylarına şeirlərində dönə-dönə müraciət edir. “Bakı” şeirində isə 20-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı şəhərin düşdüyü  vəziyyətin bədii təsviri verilir. Şairə görə qədim yunan əfsanələrinin qəhrəmanı Prometey, qadağalara baxmayaraq odu insanlara vermək üçün bilavasitə Abşerona, “dünyanın atəş dolu sinəsi” olan Bakının yanar qayalarına  üz tutmuşdur. Şeirdə təsvir olunan Bakı faciəsi A.İldırımın lirik qəhrəmanının əsas mənəvi-psixoloji aləmini səciyyələndirir:

    Bir zamanlar adına eşq oxudum illərlə,

    İndi artıq qəlbimin içində inlə, Bakı!

    Uğrunda çırpınanlar qolları bağlı getdi.

    Mən yanaraq kül oldum, sənin dərdinlə Bakı!

         Şair yaradıcılığı boyu dönə-dönə müraciət etdiyi türk  xalqlarının taleyi məsələsi ilə əlaqədar fikir və duyğularını özünün məşhur  “Qara dastan” şeirində ümumiləşdirmişdir. Əsərdən alınan ümumi təəssürat keçmiş Sovet imperiyasının ardıcıl surətdə yeritdiyi antitürk, antimüsəlman siyasətində Azərbaycan, Qazax, Qırğız, Türkmən, Özbək, Başqırd türkləri, Kırım, Qazan tatarları və başqa xalqlar ölçüyəgəlməz dərəcədə böyük maddi və mənəvi zərər çəkmişlər. On illər boyu imperiyanın rəhbər tutduğu “Parçala, hökm sür!” ehkamı bu xalqları bir-birindən ayırmaq, bir-birinə yadlaşdırmaq məqsədi güdmüşdür. Əsərdə əks etdirildiyi kimi, türkün on minlərlə ən yaxşı oğul və qızları, Sibirin “buzlu cəhənnəm” inə sürülmüş, heç bir günahı olmayan milyonlarla ailənin ocağı söndürülmüşdür.  Çox güman ki, dastanlara sığmayacaq bu faciələri hərtərəfli əks etdirmək üçün A.İldırım xüsusi bir silsilə yaxud ayrıca poema, dastan yazmağı düşünmüş, “Qara dastanı” isə onun ilk nümunəsi proloqu kimi qələmə almışdır. Sərlövhədə birinci kəlmə “qara” sözü təbiətdə, məişətdə rast gəldiyimiz adi bir rəng əlamətini bildirən mənasından  fərqli olaraq “qara gün”, “qara bəxt”, “qara kağız”, “qara bayram” söz birləşmələrinə uyğun bir məna ifadə edir. Şairin həbsxana və sürgünlərdə, kütləvi qırğınlarda həlak olan soydaşlarının xatirəsinə həsr etdiyi misraların qara  rəngidir. Beləliklə, “Qara dastan” dünyada  “xalqlar həbsxanası” kimi tanınan keçmiş Sovet İttifaqında ağır milli, ictimai zülmə məruz qalan xalqların o qara günlərini çox dəqiq ifadə etmişdir.

           Əəsərin ən təsirli bəndlərindən biri xüsusi olaraq Azərbaycana həsr edilmişdir:

    Azərbaycan dərd içində doğulmuş,

    Sevənləri diyar-diyar qovulmuş.

    Ağla şair, ağla yurdun dağılmış,

    Harda qopuz, harda qırıq kaman hey?

    Harda böyük vətən, harda Turan hey?

          Məlumdur ki, türk ellərinin başına gətirilən faciələrin ən dəhşətlisi məhz Azərbaycanda icra olunurdu. Almas İldırımın özü, ailəsi dəhşətli təqiblərdən, sıxıntılardan başına hava gəlib həlak olmuş bacısı; ikisi bir gündə ölmüş körpə oğlanları da həmin faciələrin qurbanları idi.

          “Ağla şair, ağla, yurdun dağılmış!” misrasında şairin dərdi ümumi xalqın dərdi ilə qaynayıb-qarışmışdır. Bu faciənin ən həzin, kədərli notları isə şeirin bir çox bəndlərində təkrar olunan  “Qoca türkün düşdüyü dərd yaman hey!” misrasında cəmləşir.

          Bir sənətkar kimi A.İldırımın bədii ifadə vasitələri çoxcəhətlidir. Əsərlərinin çoxu vətənpərvərlik, didərgənlik, hicran, qürbət mövzuları ətrafında toplandığına baxmayaraq, o, hər dəfə yeni formalar, təsvir və ifadə vasitələri tapıb işlətmişdir. Hələ Dağıstanda sürgündə ikən anasına məktub şəklində yazdığı “Boğulmayan bir səs” şeiri bu baxımdan diqqəti cəlb edir. Didərgin oğlunun həsrətilə yanan bir ananın təlaş və həyəcanları, ağlamaqdan  nuru getmiş gözləri, Allahın dərgahına yalvarışları təsvir olunur:

    Bəzən kipriyində iki damla yaş,

    Çıxırsan o tozlu yollar üstünə.

    Qəlbində çırpınır gizli bir təlaş,

    Derlər ki, bir dua oxursan mənə.

    Titrək dodaqlarla məni anırsan.

    Yanırsan, yanırsan, ana, yanırsan!

         Burda dərdi başından aşan, daimi övlad  həsrətindən giley edən gözü yaşlı ananın canlı portretinin yaradıldığı  diqqəti cəlb edir. Bu vəzn, ölçü və ahəng ananın ahəstə yalvarınışını, həzin görkəmini, titrək dodaqlarındakı dua pıçıltılarını, bir sözlə, onun qəlb aləmini əks etdirmişdir.

    Lakin mənim düşdüyüm fırtınalar, boranlar,

    Mehrabları əks edən dualardan nə anlar?!

    … Mən yanlız iman etdim qollarımın zoruna,

    Bu zor məni qurtarıb çıxaracaq yarına.

    Mən atmışam o köhnə, əski kürkümü, ana.

    Dinləsənə uzaqdan coşan türkümü, ana!

         Aydınca görünür ki, əvvəlki bəndlərdə ana obrazının təqdimindəki ahəstə, yalvarış ruhu şeirin ahəngindəki gərgin əhval-ruhiyyəni, çağırış ruhunu əks etdirmək üşün artıq kifayət etmir.  O, öz daxilindəki kəskin etiraz duyğusunu, lirik qəhrəmanın coşğun qəzəbini ifadə edir.

         A.İldırım yaradıcılığının yalnız dərd-qəmdən, hüzn və kədərdən ibarət olduğunu düşünmək yalnış olardı. Əlbəttdə vətəndən didərgin olub, doğmalarından ayrı qalması, yurd-yuvasına hökm edən əcaib qanunların təzyiqi şair kəlamının nəinki məzmununa, ruhuna, hətta şəkil və ahənginə də öz möhrünü vurmaya bilməzdi. Lakin nəzərə almaq lazımdır ki, A.İldırımın yaradıcılıq irsi hələ tam əldə edilməsə də, əldə olan nümunələrin özündə və sənətinin ümumi axarı, səciyyəvi istiqamətilə yanaşı, onun şeirlərində gələcəyə inam duyğusunun əlamətlərini görmək çətin deyil.

         Məsələn, “Müqəddəs ixtilal” şeirində aydın sabahlara ümid hisi, gələcəyə inam duyğusu şairin öz məsləkdaşlarına şağırış sədası ilə həmahəngdir;

    Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,

    Bir fırtına səsi var, buludlar göydə dal-dal.

    Açmış doğu bağrını sökəcək şəfəqlərə.

    Qop ey dəli fırtına, rişəni könlümə sal,

    İxtilal istəyirəm, müqəddəs bir ixtilal!

          Bir sıra şeirlərində A.İldırım öz lirik qəhrəmanını  “içimdəki bülbül” obrazı ilə canlandırır və onu inandırmağa çalışır ki, “bu qara gün keçicidir, bir gün bitər, inləmə: bağçamızda sarı bülbül yenə ötər inləmə” deyir…

          Lakin şairin böyük məhəbbətlə obrazını yaratdığı “içindəki bülbül” susmadı. Qoynunda əbədi sığınacaq tapdığı Türkiyədə sayğılarla, qayğılarla nəşr olunmuş əsərlərinin səhifələrindən qanadlanan bu bülbül uçdu, nəhayət, şairin elinə, obasına  yol tapdı. Bir gözü ağlayan, bir gözü gülən bu bülbülün gah həzn, gah da şaqraq cəhcəhləri daima eşidiləcək.

         Qürbətdə yaşamağa məcbur olan Almas İldırım 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən Türkiyədə vəfat etmişdir.

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Təki sağlıq olsun!”

    Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, – Ələddin müəllim! 

    …Sonuncu görüşümüzdən iyirmi il keçir. Bu iyirmi ildə çox şeylər dəyişib – həm ölkəmizin həyatında, həm də şəxsi həyatımızda. Yaşımızın üstə yaş gəlib. Amma Ələddin müəllimin səsindəki əvvəlki şirinlik də yerindədir, həlimlik və mehribanlıq da.  

    Borçalıdan pərvazlanmış xalis türk kişisi kimi həmişə böyük hörmət bəslədiyim Ələddin müəllimin bu zəngi məni hədsiz sevindirmişdi. Bir-birimizlə hal-əhval tutub, qərarlaşdıq ki, ən yaxın günlərdə görüşək. 

    …Və görüşdük. Yaş səksəni haqlasa da, zahirən çox da dəyişməyib. Əvvəlki əzəmət də yerindədir, əvvəlki mərdanə duruş da. Bir az da bəyazlaşmış saçları isə Borçalının başıqarlı dağlarını xatırlatdı mənə. İyirmi ildən sonrakı ilk görüşümüz o qədər səmimi, o qədər isti keçdi ki, vaxtın necə ötdüyünü də bilmədik. Bizi bir-birimizə bağlayan o qədər müqəddəs dəyərlər var ki, günlərlə danışsaq da, qurtarmaz. Bununla belə, nədən danışsaq da, istər-istəməz söhbətmiz fırlanıb Borçalı mövzusuna gəlirdi. Borçalının hər səhifəsi qürur mənbəyi olan tarixi keçmişindən, bu qədim Türk yurdunun bu gün səsi-sorağı dünyaya yayılmış görkəmli ictimai-siyasi xadimlərindən, dövlət, elm və mədəniyyət adamlarından, eləcə də, qəhrəmanlıq tariximizdən – Qarapapaq Borçalı igidlərindən tutmuş ən son İkinci Qarabağ müharibəsində böyük şücaətlə döyüşmüş gənclərimizdən söhbət açdıq. Ələddin müəllimin bu qədər şirin və səmimi söhbəti mənə filosoflardan birinin sözlərini xatırlatdı: «Сян даныш, сянин неъя адам олдуьуну дейим». 

    Doğrudan da, sanki Ələddin müəllimi özüm üçün yenidən kəşf etmişdim. Onun simasında Borçalının ağırtaxtalı kişiləri yenidən gözlərim önündə canlandı. O kişilər ki, bir kəlməsi küsülülər barışdırar, qan düşmənçiliyini aradan qaldırar, öyüd-nəsihət dolu hər məsləhəti gənclərin yoluna işıq saçar. O kişilər ki, sifətinin nuru bir məclisi işıqlandırar, bir elin daim yanar çırağına çevrilər. Və o kişilər ki, bizim onlara hər zaman böyük ehtiyacımız var. Təəssüf ki, sıraları getdikcə seyrəlir.

    Bu el ağsaqqalını əlavə təqdimata ehtiyac olmasa da, xatırladım ki, bu gün hamının daha çox Ələddin Borçalı kimi tanıdığı Ələddin Məhərrəm oğlu Həsənov 1942-ci il yanvar ayının 6-da Gürcüstanda – o zamankı Borçalı (indiki Marneuli) rayonunun Yuxarı Saral kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf etdiyindən ailədə dördüncü uşaq olan Ələddin yaşıdlarının çoxundan fərqli olaraq maddi çətinlik ucbatından orta təhsilini də vaxtında ala bilməyib – 12 yaşında birinci sinfə gedib. Doğma kəndində ibtidai təhsil alıb, sonra qonşu Aşağı Saral kəndindəki məktəbdə oxuyub. Qasımlı kənd orta məktəbini bitirdikdən sonra isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsinin axşam şöbəsində davam etdirib. Ömrünü pedaqoji işə həsr edib – gənclik illərindən başlayaraq təqaüdə çıxana kimi Bakıdakı Mədəni-maarif texnikumunda (indiki Bakı Humanitar kollecində) çalışaraq müəllim adını şərəflə daşıyıb. 

    Bəzən rüzgarın sərt əsən yelləri də onu dəyişə bilməyib. Haqqın yolundan və dürüstlüyündən heç zaman dönməyib, sözün yaxşı mənasında inadkar, haqsızlığa qarşı barışmaz olub, kimsəyə quyu qazmayıb, vədinə əməl edib, əhdini pozmayıb, bir dərdli görəndə qəminə şərik olub, sevinci bölüşüb.

    Bir müəllim kimi yetirmələrinə daim örnək olan Ələddin Borçalı həm də nümunəvi ailə başçısı kimi tanınıb – özü kimi pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Müşrəvan İslam qızı ilə bərabər Səbinə, Samirə, Mehriban, Sevda və Elxan kimi ləyaqətli övladlar böyüdüb. Qəşəm, Ərsan, Nərgiz, Aysel, Hüseyn, Şəhrizad, Bəhmən, Müşrəvan və Mehin kimi gülüzlü nəvələrin sevimli babasıdır.

    Ələddin müəllim görüşə əliboş gəlməmişdi. İki şeirlər kitabını təqdim etdi mənə: 2012-ci ildə işıq üzü görmüş “Külli nemətlərdən yüksəkdir Vətən” və 2022-ci ilin əvvəlində nəşr olunmuş “Qanana rəhmətdir qalan”. 

    Sazlı-sözlü Borçalıda dünyaya göz açıb, həyatda ilk addımlarını da burda atasan və şeirə-sənətə biganə olasan – heç ağlabatan deyil. Əslində Ələddin müəllimin şeir yazdığını bilirdim. Amma onu da bilirdim ki, bəziləri kimi, yazdıqlarının mürəkkəbi qurumamış redaksiya və nəşriyyatların qapısını yağır edənlərdən deyil. Yazmaq xətrinə yazanlardan da deyil. Şeirlərində həyata baxışını ifadə edir, düşündüklərini və onu düşündürənləri sözün poetik qüdrətinə güvənərək qələmə alır, oxucusunun ürəyinə yol tapmağı, onu düşündürməyi bacarır. Kitablarının on illik faislə ilə (2012 və 2022-ci illərdə – anadan olmasının 70 və 80 illik yubileyləri ərəfəsində) işıq üzü görməsi də  Ələddin müəllimin sözə qarşı məsuliyyətindən xəbər verir və hər iki kitabı onun həm də uğurlu yaradıcılıq hesabatı saymaq olar. Onun üçün əsas olan çox yazmaq, tez-tez nəşr olunmaq deyil, nə yazmaq, indiki yazarlar və kitab bolluğunda oxucuya necə kkitab təqdim etməkdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə demiş olsaq, istəyi odur ki, kitabları qalın yox, qalandan olsun. 

    Ələddin müəllimin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Gündəlik həyatda necədirsə, gənclərə hansı öyüd-nəsihəti verir, hansı yolu göstərirsə, onun şeirlərində də biz bunun şahidi oluruq. İnsanları bir-birinə qarğış etməməyə, kişi kimi söhbət aparmağa, arxasıza kömək olmağa çağırır. “Yüz fikir bir borcu ödəyə bilməz” kimi məşhur atalar sözünə söykənib “qaşınmayan yerdən qan çıxarma”, “ara qarışdırıb, evləri yıxma”, “kiminsə varına həsədlə baxma” kimi ağsaqqal məsləhəti verir:

    Ələddin göstərdi yolu-ərkanı,

    Səbr etsən, hər şeyin gələr zamanı.

    Sən özünlə bitmiş bilmə dövranı,

    Qoru məsləkini, qandırar səni.

    Böyük türk şairi N.F.Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu mənada, Ələddin Borçalı da “yarandığı gündən hey çalxanan” dünyada bu gün baş verənlərə bir şair kimi biganə qala bilmir, dünyanı “kainat mülkündə bir möcüzə” adlandırır. 

    Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Ələddin müəllimin 80 yaşı tamam olub. Ömrünün müdriklik çağlarını yaşayır, yazıb-yaradır. Doğrudur, şeirlərinin birində sağlıq durumu ilə bağlı giley-güzar da eləyir, arada “əcəl cəhd etdi ki, tutsun yaxamdan”, – deyir. Amma şükürlər olsun ki, artıq bu problem arxada qalıb. Özünün də dediyi kimi, qarşıda hələ diyar-diyar gəzməyi, bir el ağsaqqalı kimi elin xeyirində-şərində iştirak etməyi, məclislərdə xeyir-dua verməyi var. Bunu özü bədii dillə daha yaxşı ifadə edir:

    Nə yerdən, nə göydən doymamışam mən,

    Dünyanın sehrini çözməyim qalıb.

    Mən də söhbətindən doymadığım dəyərli ağsaqqalımız Ələddin müəllimə bundan sonra da sağlıqlı və uzun ömür arzulayır və deyirəm, qarşıda hələ çox görüşlərimiz, çox söhbətlərimiz var, təki sağlıq olsun, Ələddin müəllim!

    Musa NƏBİOĞLU

    Əməkdar mədəniyyət işçisi

  • 2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış – Gülnar SƏMA

    2020-2021-ci illərdə  Azərbaycanın bölgələrində yaranan  ədəbiyyata bir baxış - Gülnar SƏMA

    10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” məqalələri ilə mövzunu gündəmdə saxlayıb. 2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm.

    2020 və 2021-ci ilin əsas mövzularının ortaq olmasını, Vətən müharibəsində qazanılan zəfərin tərənnümünə daha çox yer verilməsini nəzərə alaraq bu iki ili birlikdə araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən mühüm hadisələri Tovuz döyüşləri, Vətən Müharibəsi və pandemiyadır. Bölgələrdə yaşayan yazarlar da həmin mövzulara biganə qalmamışlar. Rüfət Axundlunun “Amalı Zəfər olanım” şeiri Tovuz döyüşlərinə, “Zəfər Bizimdir” şeiri Vətən müharibəsinə həsr olunub. Bölgələrdə yaşayan gənc yazarlardan da Vətən müharibəsində vuruşanlar oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür, Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu və başqalarını göstərə bilərik. Qəbələdə yaşayan Cəlil Komradlının oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini fəth etdi. Aygün Sadiq “Vətənə çevrilən dost” şeirini şəhid olmuş dostu, baş leytenant Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib. Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım komandiri, şəhid baş leytenant Emil Əsədova şeir ithaf edib.

    Qələbənin əsas təminatı Şuşanın azad olunması oldu. Bu münasibətlə yazılmış Aygün Sadiqin “Azad yurdum, can Şuşa!” şeiri xüsusilə şeçilir. Eləcə də, Nargisin “Sən Xarıbülbülsən!” əsəri də Şuşanın əsas rəmzlərindən birinə aiddir.

    İqbal Nəhmətin “Biz qələbə qazandıq” marşı isə müharibənin zəfərlə nəticələnən sonluğu haqqındadır.

    Naxçıvanın 2020-ci ildəki ədəbi həyatı haqqında Elxan Yurdoğlunun “2020-ci ildə poeziya: axtarışlar, tendensiyalar” məqaləsi ətraflı təəssürat yaradır. Bölgənin ədəbi prosesinin formalaşmasında Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın, Həsənəli Eyvazlının, Adil Qasımovun, Əbülfəz Ülvinin, Gülay Tahirlinin, Gülsadə İbrahimlinin və başqalarının rolu böyükdür. Naxçıvanda işləyən Şükür Qafarın “Savaş zəfərlə bitdi” (2021) romanı “Savaş hələ bitməyib” romanının davamıdır, əsər Vətən müharibəsi mövzusundadır. Naxçıvanlı şair İsa Həsənoğlunun “Könül dəryası” 2012-ci ilin, “Söhbətcil duyğular” kitabı 2016-cı ilin nəşridir.

    Naxçıvanda fəaliyyət göstərən Nargisin 2020-ci ildə iki monoqrafiyası, “Beklenen dolunay” romanı, “Metakədər” kitabı və “Sehrli fırça” nağıllar kitabı, üç tərcümə kitabı yayımlanıb. Nargisin “Xocalıdakı körpə” əsərində düşmənin amansızlığına etiraz güclüdür. Şeir yaradıcılığı ilə birgə, Nargis “Dünyada tüğyan edən koronavirus pandemiyası bütün nəzərləri 1947-ci ildə Alber Kamünün yazdığı “Taun” (“Vəba”) əsərinə yönəltdi” – fikirləri yer alan məqaləsi ilə 2020-ci ilin aktual mövzusuna tarixdən boylanmışdır.

    Ölkəmizin əsas mədəniyyət ocaqlarından olan Sumqayıtın ədəbi inkişafında Namiq Mənanın, Ehtiram İlhamın, Nisə Qədirlinin, Rafiq Yusifoğlunun, Zirəddin Qafarlının, Əyyub Qiyasın, Ədalət Nicatın, Nazilə Gültacın, Gülnarə Cəmaləddinin, Əli Nəcəfxanlının, Namiq Dəlidağlının, Süleyman Hüseynovun, Xatirə Fərəclinin, Əvəz Mahmud Lələdağın, Nazir Rüstəmin, Almaz Bəyazidin, İlhamə Məhəmmədqızının, Emin Pirinin, Günel Eyvazlının, Çinarə Ömrayın və digərlərinin payı var. Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına Poeziya Evinin müdiri İbrahim İlyaslının 2020-ci il üçün göndərdiyi hesabatdan məlum olur ki, aprel ayının 26-dan başlayaraq Poeziya Evi “Hər gün bir yeni nəğmə, Hər gün bir yeni ilham” adlı onlayn layihəyə start vermişdir. 9 iyun tarixində X Beynəlxalq şairlər günü İbrahim İlyaslının moderatorluğu ilə baş tutmuşdur. Emin Pirinin “Müharibə gündəli”yi isə döyüşdə iştirakının nəticəsi olaraq yazılmışdır.

    Sumqayıt ədəbi mühitini təmsil edən Əşrəf Veysəllinin də 2020-ci ildəki yaradıcılığı məhsuldarlığı ilə seçilir. “Vətən, təbrik edirəm, təbrik edirəm səni Qəlbindəki duyğunun, hissin qələbəsidir” və ya “Əngin səmalarında bayrağımız yellənən Ərgünəşin, Murovun, Kirsin qələbəsidir” sətirləri olan şeirdə vətəndaş şairin ürək çırpıntıları dilə gətirilir.

    Vətən Müharibəsi iştirakçısı olan, Sumqayıtda yaşayan Elvin İntiqamoğlu 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Elvinin “İkinci Qarabağ” şeirlər silsiləsində “Müharibə xatirələri” də vardır. “Mühasirə” şeiri ilə müharibə mövzusunda yazılmış şeirlərə yeni mövzu daxil edir.

    Elvin Əlizadə Zəngilandan olsa da, Sumqayıtda məskunlaşıb. 2018-ci ildən AYB-nin üzvüdür, 2020-ci ildə gənc yazar kimi Prezident təqaüdünə, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi şeirində ölməz generalımızı tərənnüm edir.

    Sumqayıtlı yazarların içərisində 2021-ci ildə daha məhsuldarlığı ilə seçilən müəlliflərdən biri Rafiq Yusifoğludur. 2021-ci ildə onun “Xiffət” və “Zəfər dastanı” kitabları çap olunmuşdur. “Xiffət” 14 fəsildən ibarət olan nəsr əsəridir və müəllifin ilk romanıdır. “Zəfər dastanı” kitabında isə əksəriyyəti 2019-2021-ci illərdə yazılmış lirik şeirləri cəmlənmişdir.

    Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları daxildir. Filialın sədri Barat Vüsaldır. Həmin filialda Məzahir Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, Məhəmməd Astanbəyli, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Bilal Qoca, Tamella Poladlı kimi yazarlar cəmləşib. Uzun illər Qazaxda yaşayıb fəaliyyət göstərən gənc yazar Nuranə Təbrizin “Salam, Vətən” şeiri qalibiyyət himni təsiri bağışlayır. Qazaxın Kəmərli kəndində yaşayan Hürzad Əhmədlinin “O gün gələcək” (2021) kitabında bir neçə hekayə, poema və şeirləri yer almışdır.

    Ağstafalı şairlərdən Saqif Qaratorpağın, yazıçılardan Əli Cəfəroğlunun adını çəkə bilərik. Ağstafada yaşayan Rüfət Axundlu Tovuz döyüşlərinə həsr etdiyi şeirində yazır: “İgidlik ruhun, canında, Namus, qeyrət var qanında. Zəfər, hünər meydanında, Biri, on nəfər olanım”.

    Tovuzun 2020-ci ildəki ədəbi fəaliyyətindən söz açarkən sovet dövründən bəri fəaliyyətdə olan “Varislər” ədəbi məclisini xüsusi vurğulamalıyıq. Tovuzun istedadlı şairlərinə misal olaraq İsa Cavadoğlu, Qədir Hümbət, Çingiz Qəribli, Marif Həsənoğlu, Novruz Mizani Hafiz, Brilyant Atəş, Məhəmməd Mehdixanlı, Mehman Rasimoğlu, Nəbi Hüseyni kimi şairlərini göstərə bilərik.

    Tovuzdan olan, Vətən müharibəsinin döyüşçülərindən biri Toğrul Kərimlinin 2012-ci ildə “Gəlməyən dostlar”, 2013-cü ildə “Ədalət sorağında” kitabı işıq üzü görüb. Onun “Belə bacarırsan deyim yerimi, Qırpıb gözlərini vur öldür məni” misraları bir şair kimi də mükəmməl olduğunu təsdiq edir.

    Şəmkirli ədəbiyyat nümayəndələrinə misal olaraq Məzahir Hüseynzadə, Məhəmməd Turan, Tural Turan, Mətanət Qüdsi və başqa şairlərin adını çəkə bilərik. Şəmkirdən olan Tural Turanın 2017-ci ildə işıq üzü görmüş “Tanrı qağaya ismarış” kitabında “Qarabağ”, “Tanrıya istinadla”, “Erməni kitabçı əli ilə xoş-beş”, “On min voltluq sevgi” kimi nəsr əsəri ilə birgə şeirləri də toplanıb.

    AYB-nin Gəncə bölməsi Xəzangül xanımın sədrliyi ilə 2020-2021-ci illərdə də öz fəaliyyətini davam etdirmişdir. Gəncədə yaşayan şairlərdən Bahadur Fərman, Çiçək Mahmudqızı, Gülnarə Sadiq, Şəfa Vəli, Fərrux Rəhimli və digərləri fərqli yaradıcılıq üslublarına görə fərqlənirlər. İnqilab İsaqın “Savaş sevdası” (2020) kitabında istənilən qədər poetik nümunələr tapmaq mümkündür.

    Seymur Sönməz Paşayev Samuxda yaşayır. Onun 2016-cı ildə “Mənim mənli günlərim” və 2020-ci ildə “Bir addım həsrətim qalıb” kitabları işıq üzü görüb.

    Ölkəmizin şimal bölgəsində yaşayan yazarlara misal olaraq Ramiz Qusarçaylı, Aybəniz Əliyar və b. göstərə bilərik. Qubada yaşayan Zakir Məmmədin “Dedim sözü” (2007), “Haqqın calalı” (2009), “Bağışla” (2012), “Üç hekayət” (2016), “Vətənə aid” (2018), Mövlud Ağammədin “Sən ömrümün bənövşəsi” (2018), Səbuhi Hacıxanlının “Geriyə boylanan yollar” (2015), “Mən qərib deyiləm” (2008) Murad Muradovun “Bal köpüyü” (2018) kitabı işıq üzü görüb.

    AYB-nin Şabran bölməsinə Aydın Tağıyev rəhbərlik edir, onun “Alma oğurlayan divlər”, “Buz heykəllər əriyir”, “Dan üzü ölən adam” hekayələri, “Yuxuda qətl” povesti, “İspan çəkməsi” romanı orijinal əsərlərdir. Vüsal Hicranoğlu Xızı, Agah Xaçmazlı, Habil Rza Nur, Vüsal Yurdoğlu Xaçmaz ədəbi mühitinin təmsilçiləridir. Sara Selcan isə Hacıqabulda yaşayıb-yaradan şairlərdəndir.

    AYB-nin Şəki bölməsinə daxil olan müəlliflərə Tural Adışirin, Zaur İlhamoğlu, Aygün Sadiq kimi gəncləri göstərə bilərik. Balakəndən olan Aygün Sadiq 2019-cu ilin yekunlarına görə “Yazarlar” jurnalı tərəfindən “Natəvan” mükafatına layiq görülüb.

    AYB-nin Oğuz filialının rəhbəri Vüsal Oğuzdur. Həmin bölgəyə aid yazarlardan Nargilə Rəhman (Qafarova) “Xoşbəxtliyin ətri” (2019) kitabının müəllifidir. Filialı təmsil edən yazıçılardan Pərviz Əlyaroğlunun (Cəbrayılzadə) “50+1” hekayəsində Elmi Araşdırmalar Mərkəzinin professoru, bütün ömrünü insan beyninin anatomiyasını öyrənməyə həsr etmiş, əllini çoxdan haqlamış alim olan Robertin təcrübəsindən danışılır. Pərvizin Şuşa döyüşləri mövzusunda yazılmış “Mən Qarabağam!” hekayəsi Şuşa döyüşlərinə ithaf olunub. Onun “Tanrının əli” hekayəsində isə virus səbəbindən insanların məhkum edildiyi acımasızlıqlara etiraz edilir.

    Qəbələdə yaşayan şairlərdən Qərib Hüseynov, Qismət Məsimov və Qoşqar Qaraçaylı imzaları seçilən imzalardandır. Qəbələli şairimiz Cəlil Komradlının “Ana dilim” kitabı 2019-cu ildə çap olunub. Cəlil Komradlı oğlu Vətən müharibəsində şəhid olduqdan sonra övladının adını özünə təxəllüs götürüb. 2021-ci ildə çap olunan “Vətən sağ olsun” kitabı da Cəlil Xeyirbəy imzası ilə işıq üzü görüb.

    Qəbələnin Qəmərvan kəndindən olan Hüseynov Qərib Arifşah oğlunun “O bir əfsanə idi” (2020) kitabı Milli Qəhrəmanımız, Tovuz döyüşlərinin şəhidi, general Polad Həşimova həsr edilib. Kitab eyniadlı bir poemadan ibarətdir.

    Şamaxıdan olan gənc yazrlardan Yusif Nazim Ərəbsoyun, Saatlıdan isə Allahşükür Ağanın adlarını çəkə bilərik. Salyanlı şair Ümid Sadə çox gənc olmasına baxmayaraq istedadı ilə seçilir.

    Salyan rayonundan olan Həsən Kür könüllü olaraq Vətən müharibəsində iştirak edib. 2019-cu ildə “Boyat dərdin üstündə” və “Tikanlı məftillər” adlı iki kitabı nəşr olunub. Cəbrayıl və Qubadlı rayonlarında vuruşaraq 3 yanvar 2021-ci ildə müharibədən qayıdıb. Salyandan olan Firuzə Orucun isə “Adını “Sən” qoy” kitabı 2018-ci ildə çap olunub.

    Sabirabadda yaşayıb-yaradan Şahnaz Şahinin 2020-ci ildə “Xocalının Sərvəri” adlı sənədli povesti, 2021-ci ildə “Sabirabad Şəhidləri” və “Zəfər Nəğmələri” kitabları nəşr edilmişdir.

    Elnur Uğur Neftçala rayonunda yaşayıb-yaradır. “Unuda bilməyəcəyəm” (2006), “Şəhid məzarı” (2008), “Yuxuna gəlim” (2016), “Təkcə sən bilirsən” 2018), “Yuvalar quşsuz olmasın” (2019) kitablarının müəllifidir.

    Cənub bölgəsinə mənsub şairlərdən Ağamir Cavadın, Tərlan Əbilovun adlarını çəkə bilərik. İqbal Nəhmət isə Yardımlı rayonunun Urakəran kəndindəndir. “Götür məni o yerə ki…” (2003), “Külək, onu mənə gətir” (2015), “Sözdən sonrakı sabah” (2018) kitabları çap olunub.

    Cəlilabadda yaşayan şairlərdən Bilal Alarlı, Ədalət Salman, Əlizadə Nuri, Xətat Kilimçi (Mir Bağır), Bəhruz Xəlil kimi yetkin imzaları qeyd edə bilərik. Cəlilabadlı Şakir Xanhüseynlinin 2000-ci ildə “Gündüzlər küncə atılır gecə yanan çıraqlar” kitabı nəşr olunub.

    Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi, Prezident mükafatçısı və təqaüdçüsü, gənc şair Ramil Əhməd son illər işi ilə əlaqədar bölgədə fəaliyyətini aktivləşdirib. Kürdəmirdə yaşayan Tərlan Mazanovun “Zəfər Qoxusu” adlı antologiyada 5 şeiri çap olunub. Tərlan əsasən qəzəl, qoşma, gəraylı janrlarına müraciət edir.

    Beyləqanda yaşayan Orxan Həsəni 2018-ci ildən etibarən dövri mətbuatda bədii və publisistik mətnlərlə çıxış edir. 2019-cu ildə isə “Metro terminalının sevgisi”, 2021-ci ildə isə Vətən müharibəsindən bəhs edən “Vətən sizə minnətdardır” və “Füzulinin dişi” hekayələr kitabı çap olunmuşdur.

    Ağdaş rayonundan olan Zaur Məzahirin “Haqqın nişanəsi” (2021) kitabında 2020-ci ilə aid hadisələrə kifayət qədər yer verilib. “Gəncə terroru” şeirində “Qətliam üstünə gəldi qətliam, O vaxt Xocalıydı bu günsə Gəncə” söyləyərək 2020-ci ilin ən dəhşətli hadisəsinə münasibət bildirmişdir. Kitabda Zaur Məzahirin Ali Baş Komandana həsr etdiyi “Ağ atlı sərkərdənin dastanı” poeması və təmsilləri də cəm olunub.

    AYB-nin Qarabağ bölməsinə daxil olan şairlər də istedadı ilə seçilir. Ağcabədidə yaşayan şairlərdən Gündüz Sevindik, Məhsəti Musa, Cahandar Aybər, bərdəli şairlərdən Dədə Telman, Şəhriyar Seyidoğlu və Ruslan Dostəlini göstərə bilərik. Bərdədən olan Şəhriyar Seyidoğlunun 2016-cı ildə “Mənim ürəyimdə gizlənən qadın” kitabı çap olunub. Tahirə İsaqızı isə Ağcabədi rayonunda yaşayır. Üç kitab müəllifidir. AYB-nin üzvüdür. “Tanrı cəzası” adlı detektiv ruhlu romanı var.

    2020-ci ildən qaçqınlıq həyatına son qoyulan yazarlarımız hələ ki müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşamaqlarını davam etdirirlər. Kəlbəcərli şairlərə Savadsız Arzuman, Elməddin Nicat, Eyvaz Eyyub, Elşən Əzim, Vüsal Hicran, Məhəbbət Kəlbəcərli, Rəsul Murovdağlı kimi imzaları misal çəkmək olar. Əslən Kəlbəcərdən olan Elşən Əzimin “Pəncərə” hekayəsində “Sələmçi Şəfi” kimi tanınan insanın evində kirayə yaşayan Lalə müəllimin pandemiya dövründəki həyat tərzi bədiiləşdirilib. Kəlbəcərdən olsa da, Sumqayıtda məskunlaşan Namiq Dəlidağlının “Otel otağından reportaj” kitabı 2017-ci ildə çap olunub. Gəncədə məskunlaşan Vüsal Hicranın “Dünən şəhid oldu mənim tələbəm Mən də hamı kimi ağladım, yandım” misraları ilə başlayan şeiri “Bilməzdim Tarixdən 2 alanlar Özləri nə vaxtsa Tarix yazarmış…” misraları ilə tamamlanır.

    Ötən il AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun tərtib etdiyi “Bir ocaq başında – Aran ədəbi toplusu” çap edilmişdir və burada bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən seçmələr toplanmışdır.

    Füzulinin Seyidəhmədli kəndindən olan Elməddin Həbiboğlu “Geçikmiş arzular” (2012), “Vətənin daşına qoyun başımı” (2017) və “Təbəssüm” (2020) kitablarının müəllifidir. Əslən Füzulidən olan Səbuhi Qurbanov həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Ali Baş Komandanımız tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir.

    Beləliklə, 2020-2021-ci illərin həm dünya, həm də Azərbaycan üçün keçməkeşli il olmasına baxmayaraq, hər ilin özünəməxsusluqları bölgələrdə yaranan ədəbiyyatda da təzahür etdi. Ümumilikdə isə Vətən müharibəsi bu illərin ən əsas mövzusu oldu.

  • Gülnar SƏMA.”Xocalı soyqırımı poemalarımızda”

    Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Fəridə Hicranın “Xocalı sülh istəyir”, Elbariz Məmmədlinin “Mən savaşa çağırıram”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Nurəngiz Günün “Xocalı simfoniyası” və s. poemaları göstərə bilərik.

             Zəlimxan Yaqubun “O qızın göz yaşları” (2005) poemasında Xocalı uşağının timsalı olaraq Xəzangülün həyat tarixçəsi qələmə alınıb. Həqiqi tarixi hadisəyə istinad edilərək yazılan “O qızın göz yaşları” poemasında real Azərbaycan övladı olan Xəzangülün atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin ifadəsi düşmənə nifrət hissini gücləndirir. On yeddi parçadan ibarət olan poemanın özəyini təşkil edən həqiqət barədə müəllif epiqrafda məlumat verib. İlk bölümləri müstəqil şeirlər təsiri bağışlayan poemada üçüncü şeirdən sonra əsas mövzu olan Xocalı soyqırımı haqqında söz açılıb. Əsərə düyün vuran “Qanlı” rədifli qoşmada tökülən qanından qayalara, dağların köksünə xına yaxan türk insanının faciəsindən bəhs edilib. Bir türk uşağının günahsızcasına axıdılan göz yaşları erməni cinayətkarlarının əsl kimliyini tanıtmağa yetib. O qızın göz yaşlarındakı həqiqətlərin içində ermənilərin əllərdən çıxardıqları dırnaqlar, damaqlardan çıxardıqları dişlər, sinələrə basdıqları dağlar da ifadəsini tapıb.

    Poemanın “O qızın göz yaşları” bölümü o qədər həssaslıqla və ürək yanğısı ilə qələmə alınıb ki, oxuyan mütləq həmin misraların təsiri altına düşərək Xocalı faciəsinin dəhşətlərini bir daha yaşamalı olur. Axıdılan göz yaşlarına məxsus qisas hissinin bir gün mütləq hesabat istəyəcəyi poemada inandırıcı şəkildə çatdırılıb. O qız göz yaşları içində Metelərin, Bilgələrin türk ruhunu canında daşıyan övladlar dünyaya gətirəcəyini bəyan etməklə türkün sındırılmaz iradəsinə işarə edib. Xəzangülün əyilməzliyini nümayiş etdirdikdən sonra, müəllif müharibə dövrünün gerçəkliklərinin tablosunu yaradıb. Qızın atasının ağaca necə sarınıb balasının gözü qabağında diri-diri yandırılmağını qovrula-qovrula təsvir edib. Atasının işgəncələrinə dözməyən qızcığazın huşunu itirməsi, göz açanda atasından əsər-əlamət qalmadığını görməsi qorxunc səhnə kimi göz önündə canlandırılıb. Bu amansızlıqları görməyə məhkum edilən bir Azərbaycan qızı sınmır, düşmənə olan nifrətindən daha da güc alır. “Bu qədər inanılmaz əzabların içində Mərd durub sərt dayanmaq düşmənə son sözüydü” misralarını, atası üçün deyilsə də, qızına da şamil etmək olar. Poemanın son bölümü olan altı bəndlik “Xocalı” rədifli divanidə bu qırğının niyə və nə üçün törədilməsinin tarixi köklərinə toxunulub.

    Həmin faciədən bəhs edən Nurəngiz Günün “Xocalı simfoniyası” rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap olunmuşdur. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Poema qafiyəli şeirdən daha çox nəsr əsərini xatırladır. “İlahi! Sən Onlara rahatlıq ver…” çağırışı ilə başlayan əsər “İlahi! Sən Onları rahat et…” yalvarışları ilə tamamlanıb. Poemanın ilk parçaları Rüzgara müraciətlə başlayır. Ümumiyyətlə, bir sıra canlı və cansız varlıqlar obrazlaşdırılıb. Torpağın altındakı dipdiri ölülərin diksinməyini istəməyən müəllif günahsız qətlə yetirilənlərin “dünyadan axan səsləri” eşitmək istəmədiklərini Rüzgarın diqqətinə çatdırıb. Sivil dünyanın bir şey anlaması üçün indi “Böyük Hürkü”yə çevrilmiş həmin öldürülən insanlar “simvolik Marsilyoza vıyıltısı oxumaqla” qatillərinə cəza tələb edirlər. Müəllif ədalətsizliyə üsyanın simvolu kimi mənalandırdığı həmin xoru “Əsrin Simfoniyası – Ölülər himni” adlandırıb. Məlul Xocalı obrazında təqdim olunan şəhər Bəd Qonşu – Yazıq Erməni – Qırmızı Qospodin birliyi tərəfindən Xrosima dəhşətini, Xatın faciəsini çox-çox arxada qoyub, İnsanın ən pik vəhşilik həddini sübut edib. Əsərdə faciəni törədənlərin dini mənsubiyyətini diqqətə çatdırmaq üçün şair Məryəm Anaya, Mariyaya da suallar yağdırıb. Kilsə zənglərinin zorla müsəlman obasına soxulmağını məcazi mənada işlətsə də, əslində Kilsə və Müsəlman sözlərinin obraz kimi təqdim olunması diqqətdən yayınmır. Şair bu işarələrlə xristian birliyinin türklərə qarşı antiinsanlıq siyasəti yürütdüyünə nəzər cəlb edərək, Mariyadan- gözəl anadan etina gözləməyin faydasız olduğunu etiraf edib. Məryəmin diqqətinə çatdırıb ki;

    Ancaq ki, ana məməsi istəyir

    körpələr torpağın altında!

    Heç bir şey anlamır İnqalar!..

    İnqalar ana döşü əvəzinə

    İndicə torpağı əməcəklər!..

    Müəllif xristian birliyi tərəfindən türk körpələrinə qarşı törədilmiş amansızlığı məqsədyönlü işlərin tərkib hissəsi kimi təqdim edib. Ona görə uşaqlar məhv edilir ki, onlar böyüyüb türk soyunu davam etdirməsinlər. Şum edilmiş insanların Kütləvi Qırğınına səbəb budur. Bütün bunları şair “Nəhəng Ana – Ən Nəhəng Qüssə” adlandıraraq “Qlobal Ahın” şəklini çəkib Dünyaya nümayiş etdirmək, “Cahanın Canavar İştahlı Cümlə Adamyeyənlər Kolunun Cümlə Yırtıcılarını” əməllərinə görə cəzalandırılmasını istəyib. Erməni işğalı altındakı torpaqların kilsə səslərinə etiraz etdiklərini, azan səsləri istədiklərini dilə gətirib. Poemada körpələrlə yanaşı, onları itirməyin faciəsi ilə qovrulan anaların hıçqırıqları da obrazlaşdırılıb. Həmin səslər “Cahanşümul Şümürlərə, Cahan Goreşənlərinə, Alış-veriş Əmilərinə” cavabdehsiz! – deyə bağırır. İnsanlığını itirmiş “Bəşəri Zalımlara” “Üşüdürmü Sizləri hərdənbir xərək-xərək Ölülər?” – deyə suallar ünvanlayıb. Sona yaxın müəllif Dünya Kələkbazlarını düşünməyə səsləyərək, onları xəbərdar  edib ki, dünya yalnız sizin deyil!

             Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması xroniki torpaq xəstələrinin Xocalını Xrosimadan betər günə qoymaqlarına etiraz əlaməti olaraq yazılıb. Əsərin əvvəlində şair Xocalı qətliyamının dəhşətli səhnələrini  göz önündə canlandırıb:

    … Qanqarışıq qarlı düzdə

    Baş daş üstdə, daş baş üstdə,

    qol bir yanda, qıç bir yanda,

    lent bir yanda, saç bir yanda.

    Axıb körpə dodağından

    donub qalıb süd döş üstdə.

    Hələ də yol çəkə-çəkə

    necə düşüb göz qaş üstə?

    Qoca nə vaxt qaxac olub nəvəsini qucan yerdə,

    bu qarını kim gömüb kim, mərmi çuxur açan yerdə?

    Buz bağlayan bacı-qardaş sanki Siam əkizləri,

    qıpqırmızı çiçək açıb südtək bəyaz köksləri.

    Ananın yarı, balanın yarı cəsədlərindən yaranmış məzarlığa qarğaların qar-qar səsləri ilə hücum etmələri, o boyda hay-küyün Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanması dünyanın “Sus”u yox “SOS”u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Ayı utanıb gizlənən, ulduzları pörtən gecədə planetin Xocalı boyda yanıb sönməsini Çingizin kamera yaddaşına həkk etməsinin ağrı-acıları inandırıcı formada əksini tapıb. Poemada Xocalı- Çingiz Mustafayev- Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşi ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir. Şair 20 noyabrlara, 20 Yanvarlara, 26 fevrallara göz yumduqca gec-tez 11 sentyabrların yetişəcəyini Səfirin simasında ədalətsizliyə göz yumanlara bəyan edib. “Üzünə  çıxmaq çox ağır, özünə çıxın Qarabağın” misralarında qətilik və hökm əlamətləri hiss olunur. Müəllif BMT-nin dörd qətnaməsinin kif atıb, qat kəsməsinə qarşı çıxıb. Hətta həmişə türkün qanını tökən ermənilərin özlərini dünyaya haqsızlığa uğramış kimi göstərməklərinə münasibət bildirib. Poemanın daha təsirli məqamlarından biri başını bazarlar qatan, dədə-baba məzarları yuxularına girməyən soydaşlarının unutqanlığına münasibətdir. Poemanın sonunda şair yenidən Çingizin xidmətlərini xatırlayaraq, hətta onun kamerasının başına gələn müsibətləri, öz xilası bilənlərə tənə ilə yanaşıb: “Qırılan lentlərilə çoxlarını şad elədi kamera, yurd-yuvadan erkən qorxub qaçanları sanki azad elədi”. Əsər “XXI əsrin “X” ilinin xronikası” ilə tamamlanıb.

    Ələmdar Quluzadənin “Şəhid şəhər” poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın əvvəllərində Qərvənd, Tuğ, Meşəli, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Qaradağlı kimi yaşayış yerlərinin faciəvi aqibəti canlandırılıb. Zəngibasar, Xankəndi kimi yerlərdən Xocalıya pənah gətirənlərin başdan elənməsi, dərdlərinə çarə tapılmamağı Xocalı faciəsinin təməli kimi əks olunub. Faciənin baş verməsinə zəmin yaradan şəraitin təfərrüatları “Eşidilməyən haray” bölümündə verilib:

    Evlər də veribdir kürək-kürəyə,

    Ocaq küləklərdən odu borc alır.

    Səsini bayraqtək qaldırıb göyə

    Həyəcan təbili çalır Xocalı.

    Poema ümumilikdə lirik səpkidə yazılsa da, bəzi epiklik əlamətləri nəzərə çarpır. Bu səhnələr daha çox Xocalıdan olan qızın Bakıya həyəcanla zəng edib yardım istəməsində, rəhbərliyi təmsil edənlərin “Lazım olsa, özüm də Şirin candan keçəcəm” kimi bəyanatlarında özünü göstərir. Poemanın bir bölümü “366…” yarımbaşlığı ilə verilib. Həmin rəqəmin mahiyyəti bu misralarla çatdırılıb: “366 – çörəyim ilə Boy atan alçaqdır, piy basan qarın”. Poemada bir məsələ yada salınır ki, həmin 366-nın belə məhvedicilik qüdrətinə malik olması özbaşına deyildi, bunun üçün ona “Vatikan oxuyub xeyir-duanı, Moskva vermişdi icazəsini”. Bu misralar Xocalı faciəsinin yalnız ermənilər tərəfindən deyil, həm də onların havadarları tərəfindən törədildiyini təsdiq edir. Şair eyni zamanda öz şəxsi faciəsini ictimailəşdirib: “Sən mənim atama əl qaldırmısan, Mən sənin atana borcluyam demək”. Bu sətirlər müəllifin atasının timsalında erməni vəhşiliyinin qocalara tutduğu divanı özündə ehtiva edir. Əsərin “Qançiçəyi” bölümündə faciənin real görüntüləri yaradılıb. Şəhidlərimizin qəhrəmanlıqla həlak olmaqları bədii boyalarla verilib. “Əsirlər, girovlar” bölümündə yazılmış “Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar…” və ya “Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir qəssabxanalar” misralarında erməni fürsətcilliyinin daha amansız bir tərəfi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Nə qədər ağrılı olsa da, faciənin həqiqətləri çılpaq boyalarla təqdim olunub: “Ananın sinəsi qan çeşməsidir, Körpənin dodağı döş gəzir hələ”. Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb: “88 ili halal yaşadı, Halal zəhmət idi imanı, dini, Allahverdi idi atamın adı, Bəlkə, Allah aldı öz verdiyini”. Erməni qansızlığının qurbanı olmuş qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. “Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik” sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın “Çingiz Mustafayev”, “Təlatüm”, “Xatın-Xirosima-Xocalı yolu” bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir edilib. “Alver dünyası” başlıqlı son bölümdə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğalının səbəb və nəticələri göstərilib. Bu müsibətlərin sadəcə bir ölkə tərəfindən yox, Azərbaycanı istismar etmək istəyən müstəmləkəçilərin dəstəyi ilə törədilməsi bəyan edilib. Eyni zamanda həyata keçirdikləri soyqırımları ört-basdır etmək üçün özlərini yardımsevər kimi göstərmələrinə bu cür sətirlərdə kinayə ifadə olunub: “Gözü sərvətimdə olan ölkənin Balası balama paltar göndərir”. Digər tərəfdən Ermənistanla Azərbaycana qarşı olan münasibətdəki ayrıseçkilik poemada ifşa hədəfidir. “Qonşum yardım alır mərmini, topu, Mənə gələn yükdə yuxu dərmanı” – misraları həm həqiqi, həm də məcazi mənanı ifadə edib. Heca vəznində yazılmış əsərin dili son dərəcə poetikdir.

    Bu mövzulu əsərlərdə Çingiz Mustafayevin obrazına ayrıca yer verilib, onun xidmətləri diqqətdən yayınmayıb. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin baş vermə zamanına və məkanına görə Xocalı soyqırımı onlardan müsibətli qətliam kimi təqdim olunub.

    Gülnar Səma

  • Mənim səadətim – Şəfa Vəli yazır


    Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır…  Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. “Qapısız-pəncərəsiz otaqmı olar?” – deməyin… Otaqları sevməyin… Ya da elə sevin ki, onun üzünə qapını, pəncərəni bağlamayın; qoyun içinə çəksin dünyanı… Yalnız o zaman o otaqlar sizin dünyanız olar… O dünyanızın içində də heç vaxt dilinizə “tənhayam” sözü gəlməz… 

    İllər öncə bir hekayə yazmışdım – “Qütb adamı”… Hələ üzə çıxarmamışam onu. Bizim ətrafında fırlandığımızdı qütbümüz, ya sevgiylə, ya məcburən… Nə fərqi var ki?  Hamımızın içində bir fırlanma arzusu, hamımızın həyatında bir “qütb adamı” var. Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb oturduğumuz otaqda da o “qütb adamı” bizimlədir. “Yanımızda” olmaq üçün nəinki otağın, heç ömrümüzün də qapısını-pəncərəsini eyninə almır… 

    …Bir də səadətimiz var… Ölçüsünü özümüz təyin etdiyimiz, lazım bildikdə, qıraq-bucağını yeyələyib hamarlamağa çalışdığımız, istədiyimiz donu geyindirdiyimiz, “Tanrı ərməğanı” desək də, özümüzün uydurduğumuz səadətimiz… Həmişə ovcumuzun içindədi o, istədiyimizdə yox saya bilirik, istədiyimizdə həyatımızın baş köşəsində qırmızıdan taxt düzəldib oturduruq… Amma “tənha” otaqlara heç vaxt onu özümüzlə “aparmırıq”, qoyuruq qapının eşiyində… Qapı məhz bunun üçün lazımdı bizə… 

    Amma bu gün çərçivələdiyim səadətimdən yox, həyatıma əlvan bir bahar küləyilə daxil olmuş Səadətimdən danışmaq istəyirəm. Onunla bağlı bütün xatirələrimi büküb qoyuram bir tərəfə, bitmək bilməyən saatlarla dərdləşdiyimiz illəri də ötürürəm düşüncəmdən… Axtarıb tapıram şeirlərindən, oxuyuram… Oxuyuram… 

    “Tanrı sevgisindən libas geymişəm” – deyir bir şeirində… Doğru deyir… O, bunu daxilində hiss edir, mən illərdi zahirdən müşahidə edirəm. 
    Qışın bu çağında “Yaz nağılı”nı oxuyuram… “Günəş buludlarda alovlanardı” misrasına bükürəm qış hikkəmi… Bu gün qışa ögeyəm. Amma onu da bilirəm ki, yazın  əlvan nağılının fon rəngidi qışın bəyazlığı. Bilirəm, yenə qışdan küsürəm. Yenə yaza tələsirəm… 

    Yolumu kəsən “kədərin udum-udum udmasıdır” məni… Bu da Səadət xanımın misrasıdır, əhvalımı anlatmaqçün “mənimsəyirəm”… Sonra da “xəyalın közərən umudlarıyla”  unudulmadığımı umuram.  Unudulduğumda “yaşıl xatirələrin” daha çox üzdüyünü də oxuyuram Səadətimin şeirində…  

    İçimdə böyüyən “ah”ları yenə “yaz nağılı”na saxlayıram. Taleyin bir günü Səadət xanım üzü Xəzərə dayanıb “Yenə də dənizə tökülər ahım” dediyində, yanında olmaq, “ah”ımı “ah”ına qatmaq niyyətindəyəm… Qəfildən ağlıma gələn fikir də “ağıllı” sayılmaz; görəsən, bu niyyətim qışdan çıxacaqmı? Çiynimi çəkirəm ixtiyarsız… 

    “Gülüm, könlümüzə doldu soyuqluq, Elə bil qar düşüb güllərin üstə” – desə də, Səadət xanım, bizim tərəflərdə qar hələ cilvələnməyib… Soyuqluqmu? Dolu nədi, daşır… Boz rəngi sevməyimə baxmayaraq, ruhumdakı bozluğu “soyunmaq” üçün yazıya cummazdım yoxsa.  Belə anlarımda Səadət xanımdan eşitdiyim bir söz vardı həmişə: “Dərdi də dərd etmə özünə, gülüm…”  Bu dəfə isə özü uzaqdadı, amma mənə xitabən yazılan bir misra tapmışam “Düşüncə” şeirində: “A gülüm, ağlama təbiət kimi…” 

    …”Laləli sevgilərin Duyğusu yaman küskün” olur, bunu laləyə olan heyranlığımdan bilirəm. Amma “zümrüd gülüşü solğun  torpağın zamana küskünlüyü”nü daha dərindən anlamaq istəyirəm. Bunun üçün hansısa ilin hansısa ayında, qarışıq əhvallı bir gündə Səadətimlə üz-üzə oturub özümü sözə təslim etməliyəm… Sözə olan sevgimə xilaskar kimi sarılmaq şahmat oyununda “pat” olmaq kimidir. Bunu qulağıma pıçıldayan səs ürəyimim içindədimi, yoxsa başımın üstündə? Bilmirəm… Duyğularımı yollara salmaq istəmirəm. “Sevgi, sevgi!” bağıran iblislər yola çıxır” çünki…  Əbəs yerə “sevgini talenin bənövşə gülüşü” saymır Səadət xanım. Heç boynunu əyməyən, əzəmətli bənövşə görmüsünüz? Bir rüzgarlıq ömrünü məğlub olaraq yaşayır bənövşələr… Sonra da köçüb gedirlər… Səadət xanım demiş, “köçüb gedənlər Anlatmır ağ nağılı…”

    …Telefonuma gələn zənglə bölünür düşüncələrim. Anamdı…

    – Alo? Neynirsən? 

    – Anam mənim… Yazı yazıram Səadət Ələkbərovadan.

    – Hə… Sənin Səadətindən? 

    – Hə… Mənim Səadətimdən.

    – Qəzetdən oxuyaram… 

    – … 
     

    Mənbə: 525.az

  • Arzu ÇİNGİZQIZI.”Şəhid ömrü-örnək həyat”

                               Şəhid ömrü – örnək həyat

                Şəhidlik ən ali məqamdır. Şəhid bilərəkdən, şüurlu şəkildə özünü millətinə və vətəninə qurban edən şəxsdir. Qürur duyuruq ki, bizim də ölkəmizdə özünü vətənə qurban edən və hər an qurban olmağa hazır olan oğullar var. Şuşa, eləcə də 30 ilə yaxındır, erməni işğalı altında olan torpaqlarımız məhz bu oğulların sayəsində öz azadlığına qovuşdu.

              Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə və eləcə də yeniyetmələrə və şagirdlərimizə  bir  örnəkdir. Onların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin, xüsusən də biz müəllimlərin vətəndaşlıq borcudur. Dövlətimizin gələcək  taleyini müəyyən edən bu günki uşaqlarda vətənpərvərlik hislərinin tərbiyəsi vacib və önəmlidir.  Əlbəttə vətənpərvərlik hissi, azərbaycançılıq ideyası ilk öncə ailədən başlamalıdır. Biz müəlimlərin başlıca vəzifəsi şagirdlərdə vətənpərvərlik hislərini doğru tərəfə yönəltmək və  daha da möhkəmləndirməkdir.  Çünki  vətənpərvərlik hissi olmayan insan nəinki vətənə, hətta öz ailəsinə belə heç bir halda faydalı ola bilməz. Hələ qədim zamanlardan yazıçıların, şairlərin əsərlərindən süzülüb gələn dövlətçilik ənənələrini, vətənpərvərlik hissini uşaqlara aşılamaq  özü qürurvericidir.  Salyan rayonunda doğulub-böyüyən və hazırda ölkəmizin ünlü şairlərindən olan Namiq Hacıheydərli  “Gərək” adlı şeirində yazır:

                      İnsan ömrü qasırğada, tufanlarda keçsin gərək,

                      Hər vətəndaş bu dünyadan şəhid kimi köçsün gərək.

          Şair bu misraları ilə şəhidliyin təkcə səngərdə olmadığını deyir və hər bir insanın bu dünyadan şəhid ucalığı ilə köçə biləcəyini aşılayır. Bundan ötrü hər kəs öz sahəsində vətəninə və millətinə ləyaqətlə xidmət etməlidir. Ömrünü halallıqla, yurdunun yüksəlişi uğrunda durmadan çalışmaqla başa vurmalıdır. Bu halda hər vətəndaş dünyadan şəhid kimi müqəddəs olaraq köç etmək şansı qazanır. Bu baxımdan bizim üçün ən yaxşı örnək vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımızın həyat yoludur.

         Bu hisləri şagirlərə ötürə bilmək üçün gərək müəllim özü də vətənpərvərlik duyğularına malik olsun. Məktəbdə keçirilən bütün fənlər elmi biliklər verməklə yanaşı həm də şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq mənim üzərimə də böyük bir vəzifə düşdüyünü yaxşı anlayıram.  Şagirdlərə ədəbiyyatda  ulu keçmişimizi əks etdirən əsərləri, yaxud, Azərbaycan dili fənnindən dil qaydalarını başa salmaqla yanaşı həm də vətən,vətəndaşlıq anlayışları haqqında məlumat verirəm. Bu gün məktəbimizdə hər bir sinfə ayrı-ayrı  şəhidlərimizin adı verilib.  İndi şagirdlərimiz çox böyük qürur hissi ilə şəhidlərimizin adına layiq olmağa çalışırlar. Bu gün onların əksəriyyəti hərbçi olmaq, əsgər olmaq arzusu ilə yaşayır. Onlar çox xoşbəxtdir, çünki bu günki şagirdlər  müasir şanlı tarixin yalnız oxucusu deyil, həm də şahidləri və gərək olarsa, arxa cəbhənin kiçik qəhrəmanlarıdır.  Məktəbdə keçirilən tədbirlərdə onların hər biri şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında  şeir demək üçün can atırlar. Bəziləri hətta bu hissi qələmə alıb, özləri də  şeirlər  yazır. “Müəllim, mən şəhidlər haqqında şeir yazmışam, deyim?”, “Müəllim, mən şəhidlər haqqında inşa yazmışam, oxuyum?”- kimi şagirdlər tərəfindən bizə ünvanlanan suallarla tez-tez rastlaşırıq.  Hətta bəziləri şeiri deyərkən göz yaşlarına belə hakim ola bilmir. Bütün bunların şahidi olmaq, şagirdləri vətəninə, millətinə, şəhidlərimizə sevgi ruhunda böyüdüyünü görmək bizim üçün  izaholunmaz dərəcədə gözəl bir hissdir.

          Nə mutlu belə oğulları olan yurda!

          Nə mutlu belə oğulları böyüdən valideynə və tərbiyə edən müəllimə!

                                                               Arzu Çingizqızı

                                                     Salyan rayonu Pambıqkənd orta məktəbinin  

                                                     Ana dili və ədəbiyyat müəllimi

  • Adilə NƏZƏR.”SİZ ÖZÜNÜZLƏ DANIŞIRSINIZ?”

    Filologiya üzrə fəlsəfə doktoru,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır.

    Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan ikili şəxsiyyətdir. Bu fikrə əsaslanaraq deyə bilərik ki, özü ilə söhbət çox normaldır və hətta lazımdır (səssiz olduqda). Bu eyni zamanda əqli cəhətdən sağlamlığa işarədir.

    Əlbəttə ki, işin bioloji təkamül tərəfi də var. Özü ilə danışmaq kamilləşmə, yenilənmə baxımından mükəmməl sağlam bir davranışdır. Bunu adətən uşaqlar və tək yaşayanlar daha çox edir. İnsanın danışıq qabiliyyətinin inkişaf etməsinin əsas səbəbi, onun sosial varlıq olaraq ünsiyyət sistemini təmin etməkdir.

    Mən həyatımın axarını düşüncə gücümlə yönləndirə bilirəm. Amma təkcə düşünməklə deyil, düşündüklərimi həyata keçirməklə dəyişdirə bilirəm. Sıxıntılı zamanlarda yüksək səslə düşünürəm, çünki beynimdə düşündüklərim sıxıntıdan qurtarmağıma kömək etmir. Xüsusilə bu halım bir şeyə qərar verməyin çətin olduğu vaxtlarda daha çox baş verir. (bilmirəm, başqalarında necədir..)

    Bir çox qələm adamları “gündəlik” yazırlar. Gündəlik yazmasam da, şeirlərimin bəzilərinin (evdə olan vaxtlarımda yazılanlar) əlyazması – qaralama şeir dəftərlərim var. Orada şeirlərdən başqa ara-sıra fərqli fikirlər, həmin anın dəyişik duyğuları da qeyd olunub ki, onlar bəzən şeirlərlə əkslik təşkil edir. Hərdən açıb baxıram, düşünürəm ki, heç bir gündəlik oxucu üçün yazılmır və yazılmamalıdır. Gündəliklər müəllifin bir növ özü ilə söhbətidir.

    Qismət deyilən şey məncə ikiyə bölünür. Bir hissəsi insanın öz iradəsi ilə təyin olunursa da, digəri onun iradəsinə ziddir. Yəni həyat ssenari deyil, biz də rolumuzu oynamırıq. İradəmiz daxilində bütün seçimlərimizə cavabdehik. Məsələn, oxuduğumuz peşəni seçə bilərik, istədiyimiz dilləri öyrənərək bu yolda irəliləyə bilərik. Ancaq irq, boy və ailə kimi şeylər dəyişməz taleyin nümunələridir.

    Son iki ildə pandemiya səbəbilə evlərə qapandıq. Özümüzlə danışmaq o qədər güclü bir ünsiyyət vasitəsinə çevrildi ki, öz daxili düşüncə proseslərimizi dinləməyə başladıq. Halbuki əvvəllər bunu daha az edirdik. Demək ki, insanlar özləri ilə tək qaldıqda, daha rasional qərarlar qəbul edə bilirlər və daha təsirli olma potensialına sahib olurlar. Doğrudur, bunlar mədəni və yaradıcı həyatımızda bizə fayda verən amillərdir, amma yenə də qismən də olsa azadlığımıza qoyulan məhdudiyyətlərin aradan qalxmasını və yenidən sosial həyata tamamilə qayıtmağımızı arzulayıram. Bir də tövsiyə edirəm ki, özümüzlə danışarkən özümüzə qarşı xeyirxah olmağı unutmayaq. Əlbəttə ki, bəzən özümüzə qəzəblənə bilərik, özümüzü tənbehləyə, hətta söyə də bilərik, bununla belə, özümüzü bağışlamamız, özümüzə çox ağır yanaşmamağımız daha sağlam qərarlar qəbul etməyimizə və lazımsız olaraq stresə düşməməyimizə kömək edə bilər. Özü ilə danışmağın ən böyük faydası budur: bu səs-küylü dünyada sizi dinləyən bir nəfərin olduğunu bilmək gözəldir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ. “Akademik Y.E.Bertels yazıçı Mir Cəlalın evində”

    Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) “Nizaminin poetikası” mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş və respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.

    Akademik Nərgiz Paşayeva yazır: “…Mənim atam Bertelsi şəxsən tanıyırdı. Babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evində qonaq etmişdi”.

    Böyük alimin böyük oğlu Akademik Arif Paşayev də evlərində, süfrə ətrafındakı həmin görüşü (1947-ci ildə Arif müəllimin on üç yaşı var idi – H.N.) belə xatırlayır: “…Nurani bir insan idi. Balaca saqqalı var idi, o da ona yaraşırdı”.

    Bu zaman artıq görkəmli alim Sufizm və sufi ədəbiyyatı tarixi, eləcə də fars, tacik xalqları ədəbiyyatı sahəsində elmi tədqiqatların müəllifi kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.

    Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sevgisini təkcə alimin maraq dairəsinin deyil, həm də dostlarına, həmkarlarına yazdığı məktublardan da görür və indi onun xatirəsinə hörmət hissilə oxuyuruq.

    1943-cü illərdə Özbəkistanda yaşadığı vaxtlarda, akademik Heydər Hüseynova yazdığı məktublarda Nizami Gəncəvinin əsərlərilə yanaşı, otuz beş yaşlı yazıçı Mir Cəlalın da “Füzulinin sənətkarlığı” monoqrafiyasını göndərməsini xahiş edirdi.

    Mir Cəlal hələ 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda dissertasiya müdafiə etmiş və onu sonralar ayrıca kitab halında buraxdırmışdı.

    Yeri gəlmişkən deyim ki, uzunmüddətli elmi axtarışların yekunu olan bu əsər, o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi qarşılanıb və ədəbi hadisə kimi qiymətlənibdi.

    Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün hər dəfə bu mənəvi proqresə “qayıdışın” özü də yeni elmi axtarışlara səbəb olur. Azərbaycan intibahından söhbət gedir.

    Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının məhsulu olan “Nizami və Füzuli” adlı ensiklopedik əsəri də yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.

    Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyi əlamətdar günlərdə bu dostluq və elmi-ədəbi yaradıcılıq əlaqələri daha dərin köklərə gedib çıxır, daha geniş məna kəsb etmiş olur.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xuraman HÜSEYN.”Payız: gözəlliyin təntənəsi”

    Payız: gözəlliyin təntənəsi

    Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb  tədricən rəngini dəyişən rəngbərəng yarpaqlardan, çisələyən yağmurdan zövq almasından gözəl nə ola bilər ki? Gözəlliyi görmək, ondan zövq almaq gərəkdir.

    Böyük Hüseyn Cavid “Mənim Tanrım” şeirində deyirdi:

    Hər qulun cahanda bir pənahı var,

    Hər əhli-halın bir qibləgahı var,

    Hər kəsin bir eşqi, bir Allahı var,

    Mənim Tanrım gözəllikdir, sevgidir.

    Gözəl sevimlidir cəllad olsa da,

    Sevgi xoşdur sonu fəryad olsa da,

    Uğrunda mənliyim bərbad olsa da,

    Son dildarım gözəllikdir, sevgidir.

    Gözəllik bir insan zindanə bənzər,

    Sevgisiz bir başda əqrəblər gəzər,

    Nə görsəm, hankı bəzmə etsəm güzər,

    Həp duyduğum gözəllikdir, sevgidir.

    Cəfər Cabbarlının da eyniadlı şeiri gözəllik anlayışının nə demək olduğunu göstərir:

    Mən bir zaman öz-özümdən uzaxdım,

    Dün bir işıq buldum, ruhuma taxdım.

    Bütün əski tanrıları buraxdım,

    İndi artıq bir Tanrım var – gözəllik!

    Bütün əski tanrılara darıldım,

    Həp məcazi sevgilərdən yoruldum.

    Bir həqiqət buldum, ona vuruldum,

    Dünyada bir şüarım var – gözəllik!

    Oxşa məni, yeni Tanrım, sevindir!..

    Artıq fikrim, ruhum, duyğum sənindir!

    Çıx könlümdən, əski dünya, sonundur,

    Çünki yeni bir yarım var – gözəllik!

    Ürəkləri fəth edən gözəl – Afrodita

    Göz qamaşdıran gözəlliyə sahib olan Afrodita gözəllik ilahəsidir. Əfsanəyə görə, Afrodita dalğaların köpüyündən yaranıb. Bir bahar sabahı, Kipr adası sahillərində sakit dalğalanan dəniz birdən-birə ağ köpüklü dalğa ilə hərəkətə gəlir, bu dalğa ilə birlikdə bir sədəf qabığı sahilə çırpılır. Sədəfin qapağı açıldığı zaman içindən gözəllər gözəli Afrodita çıxır. Onun yanında eşq Tanrısı olan oğlu Eros da vardı. Afrodita qumsalda yeridikcə ayaqlarının dəydiyi yerlərdə al-əlvan, gözəl qoxulu çiçəklər açırdı…

    Zaman tanrıları olan heralar onları qarşıladılar və əvvəl Afroditanı yaxşıca yuyub vücudundakı duzlu dəniz suyunu təmizlədilər. Uzun saçlarını hörüb başını qızıl bir tacla bəzədilər, əyninə tüldən bəzəkli paltarlar geyindirib, boynuna göz qamaşdıran boyunbağı taxdılar. Daha sonra onu və oğlunu götürüb Olimp dağına qaldırdılar. Olimp dağındakı tanrılar bu gözəli görüncə heyranlıqlarını gizlədə bilmədilər.

    O gündən sonra Afrodita gözəllik və eşq ilahəsi olaraq Olimpdə digər tanrılarla birlikdə yaşamağa başladı.

    Afrodita gözəlliyi ilə sadəcə tanrıların deyil, insanların da ürəyini fəth etmişdi. İnsanların qəlbinə sevgi və eşq toxumları səpir, onlara nəşə və sevinc bəxş edirdi. Digər tərəfdən, çox vaxt bu nəşə və sevinc  eşq acısına da dönə bilirdi.  Gözəllik ilahəsi gücünü sadəcə insanlar və tanrılar üzərində göstərməzdi. Onun sözü bütün təbiətə keçirdi. Bir baxışıyla quduz dalğaları sakitləşdirir, nəfəsi ilə dəli kimi əsən küləkləri susdururdu. O, yer üzündə hər şeyi dirildir, ona həyat verirdi. Qurumuş çiçəkləri təkrar canlandırır, dünyanı bəzəyir, gözəlləşdirirdi.

    Dünya estetiklərinin əksəriyyəti deyir ki, gözəllik estetikanın ən ümumi və universal kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, insanın həyatında əvəzsiz rol oynayır, təbiət və cəmiyyət hadisələrini, incəsənət, əmək, ictimai münasibətlər və digər sahələri əhatə edir. O, insanlara müsbət enerji, pozitivlik, sevinc bəxş edir, fərəh gətirir, həzz, yaşamaq üçün stimul verir, onlarda həyat eşqi yaradır. Elə bu səbəbdən bütün dövrlərin dahiləri heç vaxt gözəlliyə biganə qalmayıb. Gözəllikdən ilham alan dahi şəxsiyyətlər onu təbliğ edib və onun şərəfinə təriflər söyləyiblər. Ümumiyyətlə, şair və yazıçılar həmişə gözəlliyi yaradıcılıqları üçün prioritet mövzu hesab ediblər və etməkdədirlər. Gözəlliyi sabit, metafizik bir ideya kimi qiymətləndirən Yunanıstanın idealist filosofu Platonun sözlərinə qüvvət üçün deyək ki, dünya var olandan yüksək qiymətləndirilən gözəllik  bundan sonra da – əbədi olaraq göz oxşayacaq…  Platon gözəlliyin mənbəyini fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görürdü. O, hesab edirdi ki, gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə, görünə bilməz.

    Gözəlliyi görmək

    Yazıçı Ejen İonesko müsahibələrinin birində gözəlliyi görməkdən danışır: “Pessimist bir dostum bizə qonaq gəlmişdi. O vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım. Ondan bir az əvvəl qızım dünyaya gəlmişdi. Evimiz darısqal idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Dostum gəldi və həyatın dəhşətlərindən, dünyanın rəzillik və miskinliklə, bitib-tükənməyən qəmlə, kədərlə dolu olmasından, evimizin darıxdırıcılığından və narahatlığından danışdı. Ona dedim: “Məncə, bura çox gözəldir, otağın ortasından asılmış əskilər belə göz oxşayır.” Dostum təəccüb və nifrətlə üzümə baxdı. Mənsə sözümə davam etdim: “Bəli, gözəldir. Baxmağı bacarsan görərsən ki, dünya başdan-başa möcüzədir, ilahi bir təntənədir.” O an doğrudan da mənə elə gəlirdi ki, zivədən asılmış paltarlar işıq saçır. Sanki dünyaya rəssam gözüylə baxmış və ən dəyərsiz əşyanın belə işıq saçdığını görmüşdüm. “Məsələn, üzbəüz binadakı üçkünc pərdəli, yöndəmsiz evi götürək. O evə məhəbbətlə və ya neqativ fikirləri beynindən çıxararaq baxsan, görərsən ki, necə şəfəq saçır. “Hər kəsin həyatında belə anlar olur. Məişət – əsl həyatın əsrarəngiz gözəlliyini öz arxasında gizlədən bomboz örtüyə bənzəyir. Gündəlik qayğı və vərdişlərin üzündən insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrətlənmək hissi yoxa çıxıb, yaddaşı korşalıb.”

    Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi ki, hər şeydə bir gözəllik var. Lakin bunu hamı görmür. Dostoyevski gözəlliyin insanlıq üçün nə qədər önəmli olduğunu, vacib rol oynadığını göstərirdi: “Bilirsinizmi , siz bilirsinizmi ki, bəşəriyyət ingilissiz də yaşaya bilər, almansız da yaşaya bilər, russuz lap yaxşı yaşayar, elmsiz,  çörəksiz yaşayar. Yalnız gözəlliksiz yaşaya bilməz, çünki onda həyatda heç nə etməyə lüzum qalmaz! Bütün sirr bundadır!”

    İtin dişləri

    Azərbaycanın böyük şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə  İsa peyğəmbərlə bağlı hekayədə müdrik bir insan surəti yaradır. Bazarın başında bir  dəstə  adam  bir it cəmdəyini qarğa-quzğun kimi dövrəyə alıb onun üfunətindən, xəstəlik mənbəyi olmasından danışır, üzlərini turşudur, ağızlarını büzürlər. Növbə İsa peyğəmbərə çatanda o söyləyir ki, heç inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər cəmdəyin başına yığışan hər kəsi heyran edir, onlar pərt halda başlarını aşağı salıb gedir, düşündüklərinə, danışdıqlarına görə xəcalət çəkirlər.

    “Dünyanı gözəllik xilas edəcək”

    Böyük rus yazıçısı Dostoyevskinin  “Dünyanı gözəllik xilas edəcək” sözlərini bilməyən yoxdur. Müasir dövrün yeniliklərindən olan estetik müdaxilə gözəllik naminə atılmış uğurlu addım olsa da, bunu qəbul etməyənlər də var. Həkim qarşısına keçən, əməliyyat masasına əyləşən insan bunun nə qədər ağrılı, çətin olmasını bilsə də, gözəllik naminə bu əzaba qatlaşır. Sublimasiya baş verir və insan arzusuna çatır. Əvvəlki dövrlərdən fərqli olaraq müasir insan qocalmaqdan, yaşa dolmaqdan qorxmur. Bilir ki, bunun çarəsi var. Əlbəttə, bütün bunlar gözəllik, göz oxşamaq üçündür.

    Özünü sevən entuziastlar eyni zamanda ətrafdakılar üçün də müsbət enerji mənbəyi olur. Gözlər gözəllik görür, həmin gözəlliyə heyranlıqla baxır. Daxili gözəlliyə önəm verənlərin yalnız çirkinlər olduğunu düşünənlər də var. Əsla belə deyil. İslam dünyasında peripatetik fəlsəfənin inkişafında böyük xidmətlər göstərmiş filosof Əbu Turxan deyirdi: “Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur”.

    İncəsənət üçün dərin və mistik mövzuların qaynağı olan payız fəslidir. “Son bahar – təbiətin kədərli, hüznlü ayı” deyib keçməyək. Bu gözəllikləri doyunca seyr edək. Hərçənd doymayacağıq, amma yenə də gözəllikdən zövq almağa çalışaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ədalət RƏSULOVA.”NOVRUZ GƏNCƏLİ”

    NOVRUZ GƏNCƏLİ

    XX əsrin 80-ci illərində yazıb-yaratmağa başlamış ziyalılardan biri də Novruz Gəncəli olmuşdur.

         Sadıqov Novruz İsmayıl oğlu 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz  böyük qardaşı Qulamhüseynin himayəsində yaşayır. O, 1934-cü ildə H.Z. Tağıyev adına Toxuculuq fabrikinin  nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alır. Toxuculuq fabrikində işləyən qardaşı Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq  Gəncədəki Toxuculuq fabrikinə işləməyə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir.  Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir. Ailənin bütün qayğıları Novruzun üzərinə düşür. Bütün  bu çətinliklərə  baxmayaraq, o məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Universitetin ikinci kursunda oxuyarkən o əyani şöbədən qiyabiyə keçirilərək ehtiyaca görə  Lerik rayonuna ezam olunaraq bir neçə orta məktəblərdə müəllimlik etmiş, hətta məktəb direktoru kimi pedaqoji fəaliyyət göstərmişdir.  

             Gənc Novruz  yazmış olduğu ilk şerini şair  Əhməd Cəmilə oxumuş,  bu şairin çox xoşuna gəlmişdir. Şairin ona  ilk sözü bu olmuşdur:- “Mən bundan sonra sənə Gəncəli təxəllüsü verirəm. Mütləq bu imza ilə yazıb-yaratmalısan”! demişdir. O zamandan ömrünün sonuna kimi  Novruz  Sadıqov  “Novruz Gəncəli” kimi fəaliyyət göstərmişdir. Onun “Odlu ürəklər” adlanan  ilk  kitabı “Gəncəli” təxəllüsü ilə 22 yaşında olarkən çap edilmişdir.                                                                                                                 

         Çoxşaxəli yaradıcılıq yolu keçmiş Novruz Gəncəli 1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950–1960-cı illərdə müxtəlif  vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifəsində çalışmışdır.

    Novruz  Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər yazıb. Ədibin komediyalardan ibarət kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində nəşr olunub. Müəllifin pyesləri rus dramaturqları tərəfindən tərcümə edilib.

          Şair öz qələmini tərcümə sahəsində də ustalıqla sınamış, C.Bayronun “Kavur”,  A.Makayenokun  “Tribunal”,  C.Patrikin “Qəribə Missis Sevinc”,  B.Brextin “Kuraj ana və onun uşaqları”  Hötedən,  Bayrondan, Puşkindən, Brextdən, Patrindən, Abayın əsərlərini doğma Azərbaycan dilimizə tərcümə etmişdir.

           Novruz  Gəncəlinin  qələmə aldığı pyeslər  Gəncə Dövlət Dram Teatrı, Azərbaycan  Musiqili  Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Musiqili Dram Teatrı,  Ağdam  Dövlət  Dram Teatrı  tərəfindən səhnələşdirilib. O, Azərbaycan dramaturgiyasında “Şəlalə” adlı ilk elmi fantastik pyes sayılan əsərin müəllifidir. Novruz  Gəncəli bir dramaturq olaraq  Azərbaycan  teatrına  maraqlı və orijinal səpkili, o dövrün aktual problemlərini özündə əks etdirən pyeslər də yazmışdır.  1950-1951-ci illərdə “Qızıl Dərviş”, 1951-1952-ci illərdə “Düşmənlər içində”, “Şəlalə”, “Yanmış planetin sərvətləri”, “El bizim sirr bizim”, “Niyə dirilmisən” kimi pyesləri tanınmış quruluşçu rejisorlar tərəfindən səhnələşdirilmişdir. 1969-cu ildə Sumqayıt Dövlət  Dram teatrının səhnəsində quruluşçu rejisor Arif Ağayevin qurluşunda A.Makayenokun “Tribunal” və C.Patrikin “Qəribə Missis Sevinc” pyeslərinə  müraciət olunaraq, maraqlı səhnə əsərləri uğurla nümayiş edilmişdir.

           Onun “Məhəbbət körpüsü”, “Ev bizim, sirr bizim”, “Səadət yağış deyil”,  “Unudulmaz günlər”,  “Şerlər”, “Dalğalar”,  “Mənim mahnılarım”, “Könüllər açılanda”,  “Unuda bilmirəm”, “Ədəbi dost” kimi kitabları nəşr olunmuşdur.   

          Novruz Gəncəli şerlərinin mövzusuna və xüsusiyyətlərinə görə seçilən, yadda qalan, sevilən şairlərdən idi. Ömrünün çox hissəsini Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan yazıb-yaradan şairin “Anamın səsi”, şerinə bəstələnmiş mahnını  bütün dünya tanımışdır. Dövrünə görə XX əsrin 80-ci illəri sülh və əminamanlıq illəri kimi xatırlanırdı. Məhs bu illərdə sözləri  Novruz Gəncəliyə musiqisi Ələkbər Tağıyevə məxsus olan “Anamın səsi” zamanın ən aktual mahnılarından biri hesab edilirdi. Heç təsadüfi deyildir ki, SSRİ xalq artisti Zeynəb Xanlarova,  Respublika  xalq artisti  Rübabə Muradova  və  əməkdar artist  Fatma  Mehrəliyeva  o illərdə  bu mahnını dünya ictimaiətinə bir mesaj olaraq tez-tez oxuyurdular. Novruz Gəncəlinin qələmə aldığı “Ananın səsi” şeri bu gün də öz aktuallığını saxlayır.

    Ana qəlbim odlanır,

    Söz düşəndə davadan.

    Bəs deyilmi ey insanlar,

    Töküldü qan, axdı qan?

    Bəs deyilmi, qara torpaq

    Su içdi göz yaşından.

    Yer üzündə dostun olsun,

    Gərək insan insanın,

    Qəlbimdəki bu arzular,

    Arzusudur zamanın.

    Mən anayam bu səsimdə

    Yerin, göyün, dərdi var.

    Sülhə gəlin, ey insanlar

    Yoxsa dünya məhv olar!

         Milli-mənəvi sərvətimiz sayılan muğamlarımızı, yurdumuzun əvəzolunmaz sərvəti  hesab edərək düşüncələrində  Arazı,  Kürü  Azərbaycanın bir cüt qiymətli incisinə bənzətmiş şair arzu kimi səsləndirdiyi, qələmə aldığı aşağıdakı misralar onun qəlbində yurd salan vətənpərvərliyidən xəbər verirdi:

    Oyanan Babəklər, Qoç Koroğlular,

    Çəkər qılıncını Murovla Qoşqar,

    Şahdağı hayqırar, Kəpəz hayqırar…

    Gözündə qalmasın xoş arzuların,

    Açılsın, Cənuba gedən yolların.

          Novruz Gəncəli 1971-ci ildə qələmə aldığı “Bizim sahildə” əsərinə film çəkilməsi üçün hazırladığı  ssenarisini rejisor Alla Axundovaya bildirir. Lakin bundan  xəbər tutan  kinorejissor  Hüseyn Seyidzadə  bu ssenariyə ikinci müəllif olaraq adının qeyd edilməsini Novruz Gəncəliyə təklif edir. Ancaq N.Gəncəli çox prinsipal adam olduğu üçün  Hüseyn  Seyidzadəyə  yox cavabını verir. Həmin vaxtdan əsər Kinostudianın arxivinə atılır. Bir müddət sonra əsər ondan xəbərsiz adı dəyişilərək  Alla Axundova və Hüseyn Seyidzadənin  iştirakı ilə “Var olun qızlar” adı altında film çəkilərək ekranlarda nümayiş etdirilir. Lakin film çox uğursuz alınır.  Bundan xəbər tutan Novruz Gəncəli 1973-1980-ci ilədək  bu məsələ ilə bağlı məhkəməyə müraciət edərək, müəlliflik hüququnu qorumağa çalışsa da heç bir nəticə əldə edə bilməyib. Ona edilən bu haqsızlıq yaradıcılığına mənfi təsir etmiş şair öz etirazını qələmə aldığı misralarda əks etdirmişdir.

    Mən qovdum vətəndən qara kabusu,

    Candan əziz tutdum arı namusu.

    Sən ey, qəm bilməyən gələcək nəsil!

    Üzümü görməyə eləsən arzu,

    Bax üfüqdən qalxan al səhər mənəm,

    Yurdumun istəyi o zəfər mənəm!

         Ona edilən haqsızlıqla barışmayan  şair  ömrünün  sonuna  kimi təkliyə qapanaraq həyatının son günlərini Bilgəh qəsəbəsindəki öz bağında keçirir. Şair Bilgəhdə olduğu zaman şerini misralara köçürərək sanki ömrünün son günlərini yaşadığını hiss edirmiş kimi, bu şeri qələmə alaraq oxucuları ilə vidalaşmışdır.

    Bəlkə sən deyəsən müqəddəs pəri,

    Tanrı məhv edərmi İblisi, şəri

    Məhv etmək istəmir, ya gücü çatmır

    Allah bəndəsiyəm, aç mənə sirri.

    Şairim dan yeri qızarır diyən,

    Xəstəsən, bu qədər düşünmək olmaz.

    Səni oxşamaq üçün yaranmışam mən

    Sualın könlümə gətirdi ayaz,

    Onun cavabını bu dünyada bir

    Allah özü bilir, ağır, çətindir.

    Nə qədər yüksəlsə insanın elmi,

    Alim ola bilməz tanrımız kimi.

    Yəqin İblisin də yaranmasında,

    Ali bir amalı düşünüb xuda

    Bəlkə də mübariz etməkçin sizi,

    Xaliqim yaratmış, bəzzad İblisi.

    Uzaq ol bu dərin düşüncələrdən,

    Allah amanında getməliyəm mən.

        Ömrünü, həyatını Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan bənzərsiz sənət əsərləri yaradan Novruz Gəncəlinin Ədəbiyyat sahəsindəki xidmətləri o dövürdə nəzərə alınaraq Ali Sovetin (11.09.1981)-ci ildə fəxri fərmanları və SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuşdur.  Bu gün təssüf hissi ilə qeyd etmək lazımdır ki, sağlığında ona xalq şairi fəxri adı verilməyib. Ancaq Novruz Gəncəlinin yaradıcılığı bu fəxri ada layiq bir sənət nümunəsi olmuşdur.

       O, milyonlarla oxucusunun qəlbində özünə əbədi bir xalq şairi adını qazandıra bilmişdir.

           Şair dramaturq Novruz Gəncəli 1995-ci il oktyabrın 19-da Bakı şəhərində vəfat etmişdir. O, doğulduğu Maştağa qəsəbəsindəki Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. Oxucuları bu gün də şairi rəhmətlə anırlar.

      Rəsulova Ədalət.

    AMEA Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun əməkdaşı.

  • Nizami CƏFƏROV.”Ədəbiyyatşünasın dünya meredianları”

    Əsgər Zeynalov-70

    Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov artıq neçə on illərin məhsuldar araşdırmaları ilə təsdiq etmişdir ki, o, həmkarlarının çoxu üçün səciyyəvi sayıla biləcək məhdud bir sahənin tədqiqatçısı deyil. Və onun nəşr edilmiş kitablarının adları da bunu göstərir: “Fransız ədəbiyyatında Şərq” (1996), “İrəvan ziyalıları” (1999), “Şərq Volter yaradıcılığında” (2001), “Azərbaycan bayatıları Qafqaz regionunda” (2001), “Viktor Hüqo” (2001), “Altaydan-Altaya” (2002), “İllərin yol yoldaşı” (2004), “Hara gedir bu qatar?” (2006), “Orda, bir yurd var, uzaqda” (2006), “Fransız dili” (Ali məktəb üçün dərslik, 2010, şərikli), “İrəvan ziyalıları” (Bakı, 2011, ingilis dilində), “İrəvan məktəbləri” (2012), “Viktor Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi” (2012), “Hüqo” (Bakı, 2014), “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” (2016) və s. Adlarını çəkdiyimiz bu əsərlər ədəbiyyatşünas alimin yalnız respublikamızda nəşr olunmuş kitablarıdır.

    Ə.Zeynalovun “Fransız ədəbiyyatında Şərq” kitabına verdiyi rəydə dünya şöhrətli fransız şərqşünası, Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitənin Prezidenti (Fransa-Paris) Jan Lui Bakke Qrammon vaxtilə yazmışdı: “Mən böyük maraqla cənab Əsgər Zeynalovun Bakıda azəri türkcəsində 1996-cı ildə nəşr olunmuş “Fransız ədəbiyyatında Şərq” əsərini oxudum. Lazımi şəraitin olmamasına baxmayaraq, heç vaxt Fransada olmayan fransızdilli bir müəllif belə dəyərli əsəri ərsəyə gətirə bilmişdir. 26 sentyabr, 1997-ci il”.

    Fransanın ən nüfuzlu orqanlarından olan “LEst Republicain” qəzetinin 2007-ci il 11 avqust tarixli nömrəsində ədəbiyyatşünas alim haqqında məqalə dərc olunmuşdur. “Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində” adlanan məqalə, əslində, Ə.Zeynalovdan Fransada götürülmüş müsahibə əsasında hazırlanmışdır. Məqalənin başlığının altında müəllif Daniel Bordür izahat xarakterli bir cümlə vermişdi: “Bakıda XVII, XVIII və XIX əsrlər fransız ədəbiyyatını tədris edən Əsgər Zeynalov bir aylıq Bözansondadır”. Məqalədə deyilir ki, Ə.Zeynalov doktorluq dissertasiyasını Şərq ədəbiyyatının Volter yaradıcılığına təsirindən müdafiə etsə də, onun sevimli yazıçısı dahi Hüqodur”.

    Məqalədə tədqiqatçı alim haqqında deyilir: “Hüqo haqqında kitabın müəllifi onun poeziyasını tərcümə etmiş, “Səfillər”in Azərbaycan versiyasının ön sözünü yazmışdır. 15-ə qədər kitabın, 250 məqalənin (indi 40-a qədər kitabın, 400-dən artıq məqalənin – N.C.) müəllifi olan professor Zeynalov öz ölkəsinin Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Onun fransız ədəbiyyatı ilə bağlı yazıları Moskvada və İranda nəşr olunmuşdur. O, Aleksandr Düma, Balzak, Jorj Sand, Qustav Flober, Gi de Mopassan yaradıcılığından söhbət edir, Ferney kəndində yaşamış Volterlə bağlı yumorlar danışır, ancaq həmişə Hüqonun üzərinə qayıdır, “Mən Bayronun, Hötenin, Şekspirin, yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünyada yalnız bir Hüqo var” deyir.

    2014-cü il iyulun 24-də yenə də “LEst Republicain” qəzetində Ə.Zeynalov haqqında “Qoca Hüqo, bəşəri Hüqo” adlı yazı dərc olunmuşdur. Professor Çəmən Babaxanova hadisənin şahidi kimi “Azərbaycan alimi Fransa elmi və ədəbi-ictimai fikrində” adlı məqaləsində yazır ki, Əsgər müəllimdən, bəlkə də, 40 dəqiqədən artıq müsahibə götürülsə də, ancaq kiçik bir yazı verilmişdir. Səbəbi isə erməni lobbisinin canfəşanlığı olmuşdur.

    Ədəbiyyatşünas alim haqqında 2013-cü il oktyabrın 6-da Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində geniş bir yazı təqdim olunmuşdur. Yazının müəllifi dünya şöhrətli hüqoşünas alim, eyni zamanda həmin cəmiyyətin prezidenti Arno Lasterdir. O, tədqiqatçı alim haqqında yazmışdı: “Azərbaycanın Universitet müəllimi Əsgər Zeynalov bizimlə ünsiyyət yartmışdır. Filologiya elmləri doktoru (doktorluğu Volter yaradıcılığı üzrədir), Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliyinin üzvü bir sıra kitab və məqalələrin müəllifidir. Onların bir çoxu Hüqoya həsr olunmuşdur”.

    2011-ci ildə Ə.Zeynalovun Sankt-Peterburq şəhərinin “Branko” nəşriyyatında “İrəvan ziyalıları” kitabı işıq üzü gördü. Xüsusi vurğulamaq lazım gəlir ki, “İrəvan ziyalıları” kitabının Sankt-Peterburq nəşrinə dünya şöhrətli rus alimi Boris Anatolyeviç Starkovun tutarlı, son dərəcə cəsarətli ön sözü əsərin dəyər və əhəmiyyətini əsaslı surətdə təsdiq edir.           

    B.R.Starkov ön sözdə yazır: “İlk baxışdan müasir rus oxucusu heç də elə düşünməsin ki, kitab Ermənistanın tarixindən bəhs edir. O, İrəvan və tarixinin müəyyən dövrlərində əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif praktiki olaraq kitabın hər səhifəsində qeyd edir ki, İrəvan qədim dövrlərdən azərbaycanlıların şəhəridir.

    O öz fikirlərini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsindən sitat gətirir ki, burada XIV əsrin sonlarından XIX əsrin sonlarına, hətta 1920-ci ilə qədər İrəvanın azərbaycanlıların şəhəri olduğu yazılmışdır”.

    Tədqiqatçının 15 illik zəhmətinin bəhrəsi olan bu kitabla o, İrəvanda yetişmiş 180-200 illik ziyalı nəsilləri üzə çıxardı – İrəvanilər, Qazıyevlər, Muğanlinskilər, Mirbabayevlər, Topçubaşovlar, Erivanskilər və b.

    Təkcə XX əsrdə bu şəhər Azərbaycan elminə, mədəniyyətinə akademiklər Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əhməd Rəcəbli, Faiq Bağırzadə, Hüseyn Həsənov, ictimai xadimlər Əziz Əliyev, Həsən Seyidov, Bağır Seyidzadə, bəstəkar Səid Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, rəssam Kamil Əliyev, şair Əhməd Cəmil, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidovu bəxş etmişdi.

    2013-cü ildə Ə.Zeynalov “İrəvan ziyalıları” kitabını Moskvada nəşr etdirməyə nail oldu. Ön sözün müəllifi Rusiya Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor R.İvanov kitabda təqdim olunan məscidlərin, məhəllələrin, bağların adlarını sadalayaraq belə bir ritorik sualla müraciət edir: “Şərhə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəridir?”.

    Ə.Zeynalov kitabın Moskva nəşrinə geniş ön söz yazdığına görə həmkarına minnətdarlığını bildirdikdə R.İvanov cavab məktubunda ona yazmışdır: “Əziz Əsgər! Siz təşəkkürsüz möhtəşəm kitab yazmısınız. Çox əhəmiyyətli kitabınıza görə sağ olun!”.

    Ədəbiyyatşünas alim bir neçə il sonra “İrəvan ziyalıları” əsərini ABŞ-da ingilis dilində nəşr etdirməklə (2016) nə qədər vətənpərvər olduğunu, dünyaya göz açdığı torpağa nə qədər bağlı olduğunu bir daha təsdiq etdi. B.Starkov və R.İvanovun ön sözlərilə nəşr olunan bu sanballı əsər dünyanın bütün qitələrinə yayılmışdır.

    Erməni lobbisinin dünyada tüğyan elədiyi bir vaxtda “İrəvan ziyalıları” kimi milli təəssübkeşliklə yazılmış bir kitabı xarici ölkələrdə nəşr etdirmək o qədər də asan deyildi. Araşdırıcı bu işi cəsarətlə həyata keçirmişdi.

    Professor Ə.Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” monoqrafiyası öncə Fransada fransız dilində (2015), sonra isə Almaniyada ingilis dilində (2016) nəşr olundu. “Hüqo” monoqrafiyası ABŞ-da (2016), “Hüqonun Şərq baxışı” monoqrafiyası Londonda (2016), “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada , “Şərq Volter yaradıcılığında” (2017) irihəcmli monoqrafiyası isə Hindistanda, İsveçdə (2018) ingilis dilində işıq üzü görmüşdür. Xatırlatmaq istərdik ki, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqındakı ilk monoqrafiyalar bu məhsuldar alimin adı ilə bağlıdır.

    Ə.Zeynalov Londonda nəşr etdirdiyi monoqrafiyada fransız qaynaqları əsasında sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmişdir. Tədqiqatçı fransız qaynağından əldə etdiyi bir faktı əsərdə belə təqdim edir: “Şairlərin ən parlağı” Hüqo müsəlman idi… Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi… Hüqo inam (cihad) yolunu təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur. Məhəmməd onun elçisidir. 1881-ci il sentyabr ayının 6-da onun (şübhəsiz ki, Tanrı nəzərdə tutulur – Ə.Z.) göndərdiyi elçi Şeyx İbrahim dö Telemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonun otağında) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə, Hüqonun yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.) gətirmişdi. O, bir müsəlman kimi dünyasını dəyişmişdi”.

    Müəllif göstərir ki, Hüqo Məhəmməd peyğəmbər haqqında 156 misradan ibarət “Hicrinin 9 ili” poemasını, eləcə də islam dini ilə bağlı “Məhəmməd” və “Sidr” ağacı əsərlərini yazmışdı.

    Nə qədər qəribə də olsa, 1902-ci ildə şairin anadan olmasının 100 illiyi tamam olarkən yuxarı dairələr bu əsərlərin bir əsr çap olunmaması barəsində əmr vermişdi.

    Tədqiqatçı alimin əsərindən bəlli olur ki, Hüqonun vəfatının ertəsi günü – 1885-ci il may ayının 23-də fransız katolik partiyasının orqanı olan “Xaç” qəzeti yazmışdı: “Otuz ildən bəridir ki, o dəlidir”… Müəllifin fikrincə, otuz il əvvəl, təxminən “Hicrinin doqquz ili” poemasını yazdığı vaxta düşür. Və o da məlum olur ki, Hüqo ömrünün son vaxtlarında bir gündə dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “İhdinas – siratəl-müstəqim – Tanrı, bizə doğru yol göstər” kəlamını deyib ağlayırmış.

    Ə.Zeynalov “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısını Londonda nəşr olunan “Hüqonun Şərq baxışı”, Kanadanın Viktoriya şəhərində çap edilmiş “Volter və Hüqonun Şərq baxışı” və İsveçin Malmö şəhərində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” (2018) kitablarında oxuculara təqdim etmişdir.

    Və maraqlıdır ki, Bosniya-Hersoqovinalı alim, akademik Enes Kariç 2017-ci il iyulun 1-də nəşr etdirdiyi “Viktor Hüqo Məhəmməd peyğəmbər haqqında” məqaləsində bir neçə dəfə Azərbaycan aliminin Londonda nəşr olunmuş “Hüqonun Şərq baxışı” kitabındakı “Hüqo İslam dinini qəbul etmişdirmi?” yazısına istinad etmişdir.

    Ə.Zeynalovun beynəlxalq konfrans, qurultay və tədbirlərdəki iştirak və çıxışlarını ayrıca qeyd etmək lazım gəlir. Onun Rusiyada, İranda, Türkiyədə və Serbiyada ondan artıq məqaləsi işıq üzü görmüşdür.

    Professor Əsgər Zeynalov bu günlərdə özünün elmi araşdırmalarında keçən mənalı ömrünün yetmiş illiyini qeyd edir. Və göründüyü kimi, bu araşdırmalar dünya meridianlarında Azərbaycan elminə nüfuz, azərbaycançılıq məfkurəsinə hörmət gətirir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Milli düşüncə tariximizdə Mir Cəlal – Elnarə AKİMOVA

    XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, çoxsaylı ədəbiyyatşünaslıq əsərlərinin ortaya çıxması, həm də bütün bu işlərin Qərb, Avropa, türk və rus ədəbi-nəzəri fikri ilə müqayisədə reallaşması prosesinə start verilmişdi. Əvvəla, bunun üçün münbit zəmin var idi. Çünki sovet quruculuğu marksizm-leninizm ideologiyasına söykənirdi. Bu ideologiyanın təməl prinsiplərindən biri  klassik irsə əsaslanmaq idi ki, bu da Sovetlər Birliyinə daxil olmuş respublikalarda yaşayan xalqların qarşısına klassik irsin toplanması və tədqiqi kimi bir tələb qoyurdu. Onun yerinə yetirilməsi prosesi rus elmi-nəzəri fikri və onun vasitəçiliyi ilə Avropa, Qərb ədəbi-nəzəri fikrinin qarşılıqlı təmasında baş verirdi. Digər tərəfdən, Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaların müəllifi olan türk alimləri Fuad Köprülüzadə və İsmayıl Hikmətin yaradıcılığının mövcud nəticələri, həmçinin Türkiyədə təhsil alaraq geri qayıtmış Əmin Abid, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və başqa alimlərimizin elmi-nəzəri fəaliyyəti ədəbiyyatşünaslığımıza məhz türk elmi-nəzəri fikri vasitəsilə maraqlı müddəaların, konsepsiyaların yol tapmasına və bu istiqamətdə qarşılıqlı təmasa şərait yaradırdı ki, elmi-nəzəri informasiya mübadiləsi öz bəhrəsini verməkdə idi.

    Ötən əsrin əvvəllərindən başlayaraq bir çox tədqiqatçılar – Əmin Abid, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Nazim, Mir Cəlal Paşayev və b. klassik irsin öyrənilməsi məqsədilə bir neçə istiqamətdə paralel fəaliyyət göstərməli olurdular. Onlar bir tərəfdən klassik irsi toplayır, dərc etdirir, mətnşünaslıqla məşğul olur, digər tərəfdən isə ədəbiyyat tarixinin yazılması, dövrləşdirilməsi, mənşəyinin dəqiqləşdirilməsi, müxtəlif ədəbiyyat konsepsiyalarının hazırlanması, fərqli elmi-nəzəri problemlərin tədqiqi ilə bağlı əhəmiyyətli işlər görürdülər. Yazılı Azərbaycan ədəbiyyatının mənşəyi, ədəbi-tarixi prosesin mərhələ təsnifi və klassik bədii irsə münasibət kimi üç əsas məsələ ətrafında tədqiqatlar aparan ədəbiyyatşünasların əməyinin nəticəsi idi ki, XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan ədəbiyyatı tarixinin və bununla bağlı olaraq ədəbiyyatşünaslığının bir elm kimi inkişaf və tərəqqi prosesi başladı. Ədəbiyyat tariximiz heç bir mərhələdə olmadığı kimi, bu illərdə böyük inkişaf yolu keçdi. Hətta o dövrdə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin, sinfilik nəzəriyyəsinin, proletkultçuluğun bütün ədəbi mətnlərə tətbiqinin ümumən ədəbiyyata vurduğu ziyanlar belə, inkişaf prosesinin dəyərini və əhəmiyyətini azalda bilməz. Bu missiya indi daha aydın, XXI əsrin yeni mərhələyə adlamış humanitar düşüncə sferasının aynasında bütün tərkib və parametrləri ilə görünür.

    ***

    Mir Cəlal Paşayev Azərbaycan klassik irsinin öyrənilməsi və dəyərləndirilməsi, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir və b. ədəbiyyat nümayəndələrimizin yaradıcılığının tədqiq edilməsi, ədəbiyyat tarixində yerlərinin və rollarının müəyyənləşdirilməsi sahəsində mühüm elmi nəticələrə imza atmış alimlərimizdən biridir. Onun Azərbaycan mətnşünaslığının inkişafında gördüyü işlər, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etməsi, həmçinin füzulişünaslığın bir elmi sahə kimi yaranmasında və inkişafında oynadığı rol böyükdür və bu sahənin bütün tədqiqatçıları tərəfindən xüsusi dəyərləndirilir. Xüsusilə, “Füzulinin poetik xüsusiyyətləri” (1940) monoqrafiyası füzulişünaslıqda ilk addımlardan biri kimi elmi əhəmiyyət kəsb edir. Bir sıra əhəmiyyətli və fundamental problemlərin qaldırıldığı bu monoqrafiyada Mir Cəlal Füzuli yaradıcılığındakı məhəbbətin xarakteri, sözə, sənətə verilən dəyər, onun fəlsəfəsi, bədii dili, xalq dilindən yararlanması, əsərlərində istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinin orijinallığı, poetikasının özəllikləri, vəzni, qafiyə sistemi, rədifləri, klassik Şərq şeri üçün aktual olmayan daxili qafiyələnmədən istifadə edilməsi və s. xüsusiyyətləri dəqiq müəyyən edir, mübahisəli məqamlara aydınlıq gətirməyə çalışır, bu xüsusda mövcud olan iddiaları təhlil və mübahisə müstəvisinə çəkir. Füzulini “yalnız öz əsrinin deyil, bəşəriyyətin renessans dövrünün böyük oğlu” adlandıran Mir Cəlal şairin yaradıcılığının məziyyətlərini təhlil etməyin bir elmi nəslin işi olduğunu söyləməklə, həm apardığı tədqiqatın ağırlığını, həm də ona nə qədər əhəmiyyət verdiyini göstərmiş olur.

    XX əsrin ədəbiyyatı, onun tarixi, elmi-nəzəri təhlili, poetik xüsusiyyətlərinin dəyərləndirilməsi Mir Cəlalın irsində əhəmiyyətli yer tutur. Onun Firidun Hüseynovla birlikdə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi elmi əhəmiyyətini çağımızadək qoruyan nəşrlərdən biridir. Həmçinin “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Klassiklər və müasirlər”, “Cəlil Məmmədquluzadənin realizmi” kitablarında da Mir Cəlal istər XX əsrin bir dövr kimi dəyərləndirilməsi, istərsə də o dövrün mədəniyyəti, mətbuat tarixi, musiqi və incəsənəti ilə bağlı çox əhəmiyyətli qənaətlər söyləmiş, bu gün belə öz elmi dəyərini itirməyən nəticələr çıxarmışdır. O da qeyd olunmalıdır ki, bu fikirlər Mir Cəlalın bir ədəbiyyat tarixçisi kimi yerini və qiymətini vermək üçün böyük anlam ifadə edir.

    XX əsrin əvvəlləri, xüsusilə otuzuncu illərə qədər olan mərhələsi Mir Cəlalın yaradıcılığında daha geniş formada təhlil edilib. Məlum olduğu kimi, əsrin əvvəllərində ədəbi proses müxtəlifliyi və ziddiyyətləri ilə fərqlənirdi. Milli dövlət quruculuğu, ədəbiyyatda milli ideologiyanın təbliği məsələləri öz yerini tam tuta bilməmiş dövlət çevrilişi baş verdi və yenicə qurulmuş sovet dövləti yeni inkişaf istiqamətləri axtarmağa başlayaraq bu axtarış prosesi və onun nəticələrinin ilk növbədə mədəniyyətdə və ədəbiyyatda təsvir olunmasını günün tələbinə çevirdi. Sovet hakimiyyətinin qələbəsinə, yəni ölkədə siyasi basqıya qədər Azərbaycan ədəbiyyatı öz qanunauyğun inkişaf prosesini, təbii dəyişiklik dövrünü yaşayırdı. Lakin akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, “sovet ideologiyası Azərbaycan ədəbiyyatının tarixən qazandığı xüsusiyyətlərin normal şəkildə idrakına imkan vermədi – 20-ci illərin sonu 30-cu illərin əvvəllərindən etibarən sovet ədəbiyyatında “proletar mövqeyi” daha aqressiv bir şəkildə gözlənilməyə başlandı…”

    Bu illərdə yeni ədəbiyyat tipinin formalaşması az qala siyasi tələb səviyyəsində qoyulurdu. Ədəbiyyatdan mövzu baxımından “müasir insan”, “sovet vətəndaşının həyatı”, qurulan “yeni cəmiyyət”lə bağlı əsərlər tələb olunurdusa, digər tərəfdən Şərq və Qərb janr formaları çulğalaşması, yaradıcılıq metodlarının formalaşması, daxili mübarizəsi gedir, ədəbiyyata yeni formalar gətirilir, qarşıya yeni nəzəri tələblər qoyulurdu. Elmi-nəzəri irsi araşdırdıqda müəyyən etmək olur ki, XX əsr ədəbiyyatının dəyərləndirilməsi Mir Cəlalın yaradıcılığında bir neçə istiqamətdə reallaşdırılır: Bu istiqamətlər hansılardır?

    – Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi məktəblər və onların formalaşması prosesinin izlənilməsi, həmçinin nümayəndələrinin yaradıcılıqları istiqamətində təhlil edib;

    – Mir Cəlal XX əsr ədəbiyyatını metodoloji istiqamətdə təhlilə cəlb edib, realizm və romantizm yaradıcılıq metodları və onların tipləri əsas təhlil obyekti olub;

    – Mir Cəlal XX əsr ədəbiyyatını onun  ayrı-ayrı nümayəndələrinin yaradıcılığı əsasında araşdırıb;

    – Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi janrların təkamülü əsasında təhlil edib (məsələn, hekayə janrı);

    – Mir Cəlal XX əsr ədəbiyyatını klassik irslə müqayisədə təhlil edib.

    Bütün bu istiqamətlərdə XX əsr ədəbiyyatı haqqında fikir yürütmək, onu təhlil etmək üçün çox ətraflı elmi-nəzəri biliyə, məlumata, erudisiyaya, obyektiv təhlil bacarığına, həmçinin də düşüncə genişliyinə malik olmaq lazım idi. Elmi-nəzəri təhlillərin səviyyəsi, XX əsrin əvvəllərindən başlayaraq tam bir şəkildə – mədəniyyət, siyasət, ictimai həyat, teatr, musiqi və mətbuat həyatı da daxil olmaqla mühiti təsvir etməsi, qənaətlərinin dəqiqliyi və konkretliyi göstərir ki,  Mir Cəlalda bütün bu xüsusiyyətlər var idi.

    XX əsrin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini, ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diqqətdən kənar qoymuş olsun. “Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli kimi ədiblər səhnənin tələblərini ödəməyi vətəndaş borcu bilir, müstəsna bir ciddi-cəhd ilə yeni-yeni əsərlər yazırdılar. “Hacı Qara”, “Müsibəti-Fəxrəddin”, “Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Ölülər”, “Arşın mal alan”, “Məşədi İbad” teatrların repertuarından düşməyən əsərlər idi”, – yazan alimin kitablarında verdiyi bu tarixi əhəmiyyətli faktların sadalanması belə yetir ki, XX əsrin ədəbiyyat tariximizdə nə qədər əhəmiyyətli bir dövr kimi meydana çıxdığı müəyyənləşsin.

    Qeyd etməliyik ki, Mir Cəlalın elmi-nəzəri irsində XX əsrin nəsri iki mərhələdə – 30-cu illərə qədər və 30-cu illərdən sonrakı mərhələdə tədqiq edilibdir. Bu iki mərhələdən birincisinin elmi-nəzəri sanbalı, əhatə genişliyi, əldə edilmiş elmi nəticələrin obyektivliyi və elmi dəyəri  daha çoxdur. İlk növbədə o səbəbdən ki, 30-cu illərə qədər yaranan nəsr nümunələri həm siyasi basqıdan, həm “ideoloji məcburiyyət” ağırlığından qismən azad idilər. Bu mərhələyə qədər yaranan nəsr öz qanunauyğun formalaşma prosesini keçirdi. İkinci mərhələdə – 30-cu illərdən sonra isə artıq “xəlqilik”, “partiyalılıq” kimi tələblər ədəbiyyatı da, ədəbi düşüncəni də tam şəkildə öz “hökmü altına” almışdı. Xalq içərisindən çıxan müsbət qəhrəmanlar, “yeni dünya quruculuğu”, “gözəl gələcək” planları, fəhlə və kəndli sinfinin həyat tərzi, mübarizəsi, idealları, düşmən sinif arayışları və s. ədəbiyyatın və yazıçının  qarşına tələb kimi qoyulmuşdu. Mir Cəlal və onun kimi bir sıra tədqiqatçılar üçün bu cür tələblər əsasında yazılan nümunələrin şərh edilməsi “söz demək imkanını” məhdudlaşdırırdı.

    Bu baxımdan, ümumilikdə Azərbaycan nəsri və onun poetik axtarışlarından danışarkən Mir Cəlalın elmi-nəzəri yaradıcılığında 30-cu illərə qədər yaranmış nümunələr, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq, S.S.Axundov kimi yazıçıların irsi və bu irsin əsasında nəsrin meydana çıxan poetik xüsusiyyətləri daha obyektiv şəkildə təhlilə çəkilir. O, “Mirzə Cəlil qısa, mənalı, psixoloji hekayənin böyük ustasıdır”, – yazanda da, “Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, yığcamlıq vardır ki, bütün klassik nəsrimizdə davam və inkişaf etdirilməkdədir. Bu hekayələr bəzən böyük bir roman qədər mənalı, əhatəedici və güclüdür” – qənaətinə gələndə də, Mirzə Cəlilin bədii təsvirdə hadisə, fakt və insanları müqayisə üsulundan istifadə etməyini çox sevdiyini yazaraq “kontraslı lövhələr realizm üçün çox məqbul, münasib üsuldur. Rənglər, səslər, münasibət və görüşlər öz-özündən aşkara çıxır, aydınlaşır. …Bu yaradıcılıq üsulundan ədib bütün janrlarda (dram, nəsr, felyeton) istifadə etmişdir” – qənaətini səsləndirəndə də tək “Molla Nəsrəddin” məktəbinin yaradıcısının deyil, ümumilikdə nəsrimizin poetik axtarışlarını təhlilə çəkir, problemə məhz bir yaradıcılığın sferasından yanaşaraq ümumiləşdirmələr aparırdı.

    Yaxud Mir Cəlal “Böyük ədib” məqaləsində Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” kimi əsərlərini təhlil edərək, onları “istər mövzu, istər məqsəd və məfkurəvi istiqamət etibarilə bir-birinə bağlı, bir-birini tamamlayan, sənətkarın inkişafını təmin edən əsərlər” adlandırır, ədibin əsas üslubunun tənqidi realizm olduğunu vurğulayır və bu əsərlərin təhlili ilə yazıçının yaradıcılığında bədii-fəlsəfi düşüncənin, nəzəri-estetik qənaətin, siyasi-məfkurəvi yanaşmanın hərəkət trayektoriyasının əsas istiqamətlərini müəyyən edirdi.

    Mir Cəlalın ədəbi fakta, ədəbi prosesə yanaşmasında çılğın və emosional siyasi dəyərləndirmə demək olar ki, müşahidə olunmur. Məsələn, o, Sabir haqqında yazırdı: “Bəzən tədqiqatçılar böyük şairin fəhlə həyatından müstəqim şəkildə yazmamasını guya onun “məhdudluğu”, guya “inqilabi demokratlar səviyyəsinə qalxa bilməməsi” kimi izah etmək istəyirlər. Tamamilə əsassız olan, vulqar sosiologiya cəbhəsindən gələn belə iddianın Sabir yaradıcılığına və eləcə də ədəbiyyat tariximizə yanlış və qeyri-elmi bir münasibətin nəticəsi olduğunu söyləməyə ehtiyac yoxdur”.

    Böyük alimin ədəbiyyatımızın bütün klassik şair və yazıçıları haqqında səsləndirdiyi fikirlər ədəbi irsə sevgi və peşəkarlıqla yanaşmağın örnək nümunəsidir.  Bu yanaşmada  dürüst nəzəri-metodoloji prinsip, ədəbi-elmi qiymət, hər zaman nüfuzunu qoruyacaq dəyərlər sistemi ehtiva olunub: “Klassik ədəbiyyatın gücü ənənələrin düzgün inkişaf etdirilməsindədir. Füzuli nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Vaqifi yaradırdı. Vaqif nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Sabirin meydana gəlməsinə imkan açırdı. Bu ənənələr nə qədər canlanıb inkişaf edərsə, bizim ədəbiyyatımız da o qədər güclü olacaqdır”.

    Professor Şirindil Alışanlı doğru qeyd edir ki, “Mir Cəlal müəllimin hər bir klassik haqqında dediyi elmi aforizmin müasir mənası haqqında tədqiqatlar yazmaq olar və yazılacaq da”. Burdan yola çıxaraq qeyd edək ki, Mir Cəlalın elmi yaradıcılığı özünün fərqli istiqamətləri – klassik irsin tədqiqi, müxtəlif elmi-nəzəri problemlərin araşdırılması, klassiklərin yaradıcılığının dəyərləndirilməsi ilə müasir ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevriləcəyi zamanı gözləyir. Klassik Şərq poeziyasını və poetikasını dərindən bilən, klassik ədəbiyyatın bütün mərhələlərindən xəbərdar olan alimin monoqrafiya və elmi məqalələrində əldə etdiyi elmi qənaətlər bu gün belə öz aktuallığını itirməyib və ədəbiyyatşünaslıq tariximiz üçün əhəmiyyətini qorumaqdadır. Xüsusilə, nəzərə alınsa ki, o üç cildlik Azərbaycan ədəbiyyat tarixinin hazırlanmasında yaxından iştirak edib, kitabdakı bir sıra məqalələrin, “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kimi dərsliklərin həmmüəllifidir, bu elmi-nəzəri irsin öyrənilməsinin əhəmiyyəti daha önəmli səciyyə daşıyar. Bu səbəbdən də onun klassik irslə bağlı fəaliyyətinin, yaradıcılıq metodu, realizm və romantizm haqqında fikirlərinin, Nizami, Füzuli, C.Məmmədquluzadə, M.F.Axundzadə, Ə.Haqverdiyev və b. klassiklərin yaradıcılığı haqqında elmi-nəzəri qənaətlərinin tədqiqinə ehityac vardır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Böyük zəfərin tərənnümü – Nizami CƏFƏROV

    Azərbaycan poeziyası özünün müxtəlif nəsillərdən olan nümayəndələrinin yaradıcılığı timsalında istər müstəqil Azərbaycan ərazisinin beşdən birinin keçən əsrin doxsanıncı illərinin əvvəllərində namərdcəsinə qəsb olunub əhalisinin qurbanlar verərək qaçqın-köçkün düşməsini, istər uzun illər ərzində xalqın keçirdiyi ağır iqtisadi, mənəvi-psixoloji sarsıntılarla yanaşı, göstərdiyi ardıcıl siyasi-ideoloji mübarizə əzmini, istərsə də dövlət başçımız İlham Əliyevin Ali Baş Komandanlığı ilə yenidən qurulan ordumuzun kifayət qədər qısa bir müddətdə ölkəmizin ərazi bütövlüyünü uğurla təmin etməsini nəinki ilbəil, bəlkə də, günbəgün, saatbasaat bütün təfsilatı (əgər belə demək mümkünsə, dastan təfərrüatı!) ilə əks etdirmişdir. Bu möhtəşəm dastanın (Zəfər Eposunun!) ərsəyə gəlməsində görkəmli hərbçi-şairimiz Ramiz Duyğunun xidmətləri ona görə müstəsnadır ki, o nə qədər istedadlı qələm sahibi olsa da, ilk növbədə, Azərbaycan əsgərinin əhval-ruhiyyəsini ifadə etməyə çalışmış, ən böhranlı anlarda da qələbəyə inamını itirməmiş, sözünü şair olduğu qədər də hərbçi-əsgər kimi demişdir. Və odur ki, Ramiz Duyğunun bu günlərdə çapdan çıxmış “Qalibiyyət dastanı” kitabı XX əsrin sonu, XXI əsrin əvvəllərində istəmədən cəlb edildiyimiz qanlı münaqişə- müharibələrdə yaşamağa məhkum olunduğumuz çoxspektrli (və heç zaman unudulmayıb tariximizin yaddaşında əbədi qalacaq!) həyəcanlarımızın ən obyektiv, ən səmimi izharlarından biridir.

    Mən “Qalibiyyət dastanı”ndakı şeirlərin, poemaların məzmun-mündərəcəsinə varmazdan əvvəl onlardan bir neçəsinin sadəcə adlarını sadalamaq istəyirəm: Şuşa çağırır… Ürəyimdə Şuşa ağlar… Sənə and içirik, Şuşa qalası… Yaramı tez sarı… Oxuma “Qarabağ şikəstəsi”ni… Vətənin uğrunda ölməyə nə var… Qılıncımı qoymamışam qına mən… Biz o günü görəcəyik… Özünə arxalan, özünə güvən… Başını dik saxla… Qana qan… Bu torpaqda “xaç” bitməz… Qarabağ Azərbaycandır… Qaldır şəhid tabutunu… Oxuyaq “Qarabağ şikəstəsi”ni… “Kitabın içindəkilər”dən aldığım bu adların özləri də bütöv bir şeirin misraları kimi səslənir… Hər şeydən əvvəl ona görə ki, “Qalibiyyət dastanı”na daxil edilmiş əsər- yaşantılar hər nə qədər ilhamlı, vətənpərvər olsa da, yalnız bir qələm əhlinin deyil, bütöv bir xalqın oyanmış ruhunun tərcümanıdır. Və burada gəlişigözəllik, pərakəndəlik, hərdəmxəyallıq ola bilməz.

    Ramiz Duyğun ərazi bütövlüyü uğrunda apardığımız mübarizənin tarixini həm də təcrübəli siyasətçi-publisist kimi təqdim edir ki, kitabın dörd bölməsinin hər birində həmin peşəkarlıq özünü aydın göstərməkdədir.

    Birinci bölmə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki “yuxulu” uğursuzluqlarımızdan, onların doğurduğu faciələrdən və nəhayət, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Qarabağ uğrunda mübarizənin yeni mərhələyə keçməsindən bəhs edir. Və ümumən poeziyamıza xas olan bir məqam, tamamilə təbiidir ki, “Qalibiyyət dastanı” üçün də səciyyəvidir: baş qəhrəman Şuşadır!..

    Düşmən təcavüzünə məruz qalmış Şuşanın birinci şeirini Ramiz Duyğun 1992-ci ildə yazmışdır:

    Bu torpaq üstə gəzən! Nədir sənin soyadın?

    Şuşayla tən durmasın, yerə girsin qoy adın.

    Babəkimi oyadın, Qazan xanı oyadın,

                                Koroğlunu oyadın –

    Şuşa məni çağırır, Şuşa səni çağırır.

    Kişi öz torpağında yağıya baş əyərmi?

    Görmürsənmi, korsanmı?

                             Daşın, qayan da mərmi!

    Hayqır, Azərbaycanım!

    Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?

    Şuşa məni çağırır, Şuşa səni çağırır.

    Şuşa gedib… Dünyada qan, qırğın, tufan olub,

    Ancaq ki, nə məhkəmə, nə də ki, divan olub.

    Şuşa əli yaylıqlı… Xanım Natəvan olub…

    Şuşa səni çağırır, Şuşa məni çağırır.

    Bu da 2020-ci ilin noyabr ayının 8-də yazılmış “Şuşam mənim” şeirindən misralar… O misralar ki, həmin qələbə günündən sonra bu və ya digər şəkildə hər bir Azərbaycan vətəndaşının qəlbindəki duyğuları ifadə edir…

    Başına, daşına biz dörd

    Dolana-dolana gəldik.

    Qanı axan ürəyimiz,

    Əlimizdə xonça kimi,

    Odlana-odlana gəldik.

    Qaya-qayam, daş-daşım mənim,

    Şuşam mənim, Şuşam mənim.

    Uğurlu qəzan mübarək!

    Yağıya cəzan mübarək!

    Gövhər ağa məscidindən

    Ucalan əzan mübarək!

    Ay-ulduzlu paşam mənim!

    Şuşam mənim,

    Şuşam mənim!

    Yetişdi vüsalın dəmi,

    Soyun əynindəki qəmi.

    Göy üzündə üzən gəmi,

    Göylərlə baş-başam mənim!

    Şuşam mənim, Şuşam mənim.

    Qarabağ xanlığının (Azərbaycan İntibahının milli dövlətçilik obrazının!) paytaxtı olan Şuşanın bizim zəmanəmizdə belə bir status qazanması təsadüfi deyil. Heç ola bilməz ki, biz də ermənilər kimi Şuşaya istirahət, əyləncə yeri kimi baxaq. Və o da heç ola bilməzdi ki, ermənilər əlləri Bakıdan, Gəncədən üzüləndən sonra Şuşaya bu qədər yapışsınlar…

    “Qalibiyyət dastanı”nın müəllifi erməni məkri, bu məkrin yüz illər boyu bizim xalqımıza yaşatdığı əzablarla bağlı nə qədər qəzəblə söhbət açsa da, bu qəzəb öz şəxsi mənafeyini güdən “daxili düşmənlər”ə münasibətdə daha amansızdır ki, belə bir münasibətin yaxın tariximizin hansı məsum gerçəkliklərindən qaynaqlandığını xatırlamaq çətin deyil:

    Qolları qandallı gəldin,

    Bu torpaq səni götürməz.

    Dar alnı xaç nallı gəldin,

    Bu torpaq səni götürməz.

    Satdın dağımı, daşımı,

    Göz üstündəki qaşımı –

    Zirvələrdə xan Şuşamı…

    Bu torpaq səni götürməz.

    Qan nuş etdin… qəşş elədin,

    Xalqı diri nəş… elədin.

    Laçınlar yurdu Laçını

    daşnaka peşkəş elədin –

    Bu torpaq səni götürməz.

    “Qalibiyyət dastanı”nın mövzusu nə qədər zəngindirsə, ona həsr olunmuş dastanın müəllifi də bu mövzunun dərki üçün o qədər zəngin material verməyə, vətənpərvər bir şair-hərbçi ürəyinə sığışacaq qədər zəngin hisslərini, duyğularını ifadə etməyə çalışmışdır.

    Bilmirəm nə dərəcədə haqlıyam, ancaq mənə elə gəldi ki, “Qalibiyyət dastanı” Ramiz Duyğunun, Sabir Rüstəmxanlının sözü olmasın, ömür kitabıdır… Bu kitabda düşmən üzərində nəhayət ki, qalib gəlmiş bir hərbçi, bir publisist və bir şairin hissiyyatları elə bir rezonans yaradır ki, nəticədə o, tərəddüd etmədən özü-özünə (və mənsub olduğu xalqa) raport verir:

    “Xoşbəxtəm ki, mən “Qalibiyyət dastanı” adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm”.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Eşitsək ki, ömür – yarı…” – Şəfa Vəli yazır

    Şəfa VƏLİ
    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
    Bu il payızı yaman gözlədik… Gəlsə, bir az həzin yağışlar yağsa, ağaclar yetişən meyvələrini az-az, ovuc-ovuc uzatsa aşağı… Xəzəllər topalansa səkilərə, yeridikcə ayaqlayaq, xışıltılı nəğmələri ruhumuzu oxşasa… Hə, çox gözlədik biz payızı… Gəlmədi… Aylardan sentyabr, ağaclarda adda-budda saralmağa meyilli yarpaqlar, havada bozun min birinci ədası, amma payız yox… Bu il payız gəlmədi, açdığı qapıdan başını uzadıb bircə dəfə boylandı, geri çəkilərək yolu qışa verdi. Həmişə payıza qadın deyirdik. “Qışın oğlan çağı”yla başlayırdıq üşüyən cümlələri. Bəs indi? İndi payızın özündən əvvəl qışı göndərməsini qadın nəzakəti adlandıraq, yoxsa kişi hökmü? Bilmirəm ki… 
    Sadəcə, yazıram… “Eşqə ürək gərək” deyirdi bütün bayatılar, gəlib “eşqə gərəkli düşüncələr”in axtarıldığı zamana çıxmışıq. Yox, özümüz gəlməmişik, kainatın nizamına səpilmiş bir ovuc muncuq kimiyik, fırlanıb, axıb boyumuz boyda bir yer tutmuşuq xaotik boşluqda, amma gözümüz bizim olmayan yerlərdə… 
    Şəkinin qədim məhəllələrindən birində gəzişirəm, ayaqlarıma dəyən daşların hekayəsini dinləmək istəyirəm. Hansı çayda hansı balığın sevgi izharını dinləyib bu daşlar, görəsən? Nə vaxt gətirilib bu küçəyə, bu boyu boyda yerdə illərlə boynunu büküb qalmaqdan şikayətçidirmi? Daş dillənmir, mənsə susa bilmirəm… Kainata iddialı insan oğlu neçə nəslin ayaq izlərini yaddaşında daşıyan bu daş qədər şükür bilmir… Bilmir… Bilmirsə, kimdi günahkar? Etdiklərimizi, etmədiklərimizi boynuna yıxdığımız Şeytanmı? Ömrümüzün harasında, könlümüzün hansı duyğusundadı Şeytan? Tanıyırıqmı onu? Tanımağa çalışırıqmı? Yox… Güzgülərə gözəl görünmək üçün baxırıq… 
    Bütün bu düşüncələrdən qaçıb keçirəm kompüterimin arxasına, şair qardaşım Kənan Aydının şeirləriylə baş-başa qalıb özünü qışa təslim edən payızdan da, Şeytan axtarışından da əl çəkmək istəyirəm. Amma “könüldən könülə görünən yollar”daymışam: 
    Şeytanın görəsən, nə günahı var,
    Bəndələr yolunu azana kimi?! 

    Şeytanın məsumluğunu düşünən də ancaq şairdi bu dünyada. Şəkinin başının üstündə dayanıb sentyabrın ən gözəl günlərində ərklə gündüzlər dumanını, gecələr yağışını göndərən dağlar görünür pəncərəmdən. İndicə Kənan Aydının “Dağların əzəməti şairlərə yazıldı…”  misrasını oxumuşam.  Bəxtiyar Vahabzadənin doğulduğu ev küçənin o başındadı. Ayağından  dərə çayı keçən məhlədə doqquz il Bəxtiyar dağla üz-üzə dayanıb. Həmin anlarda o baxışlardan nə oxunurdu, kimsə bilməz, bircə o dağdan savayı.  Yadında nə saxlayıb o doqquz ildən əzəmətli dağ? Soruşsam, söylərmi, görəsən? Hansı sözlə oxşamalıyam bu dağı? Bəlkə Bəxtiyardan bir bənd şeir deməliyəm?  Bilmirəm… Amma o dağı o məhlədən gördüyüm gündən bəri Kənan Aydının bir misrası dilimdə əzbər olub: “Bu torpağın daşında şeir yazmaq gözəldi…” 
    Di gəl, bircə misra da doğulmur hələ ruhumun sancısından. Ululardan üzübəri min bayatıda, min bir şeirdə cəlallanan dağlar bircə şeirimdə boy göstərmir hələ… Günahkar axtarıram şeirsizliyimə, tapıram Kənan qardaşımın şeirlərində: “Şairlərin öz baxtı var!” Bu andakı şeirsizliyimlə-bəxtsizliyimlə dönüb bəxtəvər həyatıma baxıram; şeir kitabımı vərəqləyirəm, esselərimi ard-arda düzürəm, “Ulduz”un iyul sayında çıxan hekayəm üçün dünən axşam eşitdiyim xoş sözləri xatırlayıram. 
    Gözəl xatirələrə də yaşamaq xofu öz kölgəsini sala bilir. Təbəssümümə çilənir bir ovuc qorxu; yaşanmışların hamısı gedən ömürdəndi axı… Hə, yaşadığımıza sevinir, günə gözəl başlayır, amma  axşamlar “bir gün də belə getdi…” – deyib peşman-peşman üzü göyə dayanırıq… Kənan Aydın bu anı da şeirləşdirə bilib: 
    Eşitsək ki, ömür – yarı,
    Başımızdan tüstü çıxar… 

    Təbii, bu cür “faniliyin dərki ilə” sabahkı günə olan ümidə sarıla, o ümidin qoxusuyla yuxuya gedə bilməzdik, təsəlli üçün tutacağımız cümlələr-misralar olmasaydı: 
    Ömür bitməyib ki, yaşamaq olar,
    Həyatın özünün fəlsəfəsi var. 

    Filosofluq eləmək istəmirəm,  qışın ağ kürkünün boz saçaqları sallanan havanın pəncərəmdən görünən üzünə qızılı rübənd çəkirəm-pərdələrimi bağlayıram. Kompüterimin ekranına bir dəstə çiçək şəkli yerləşdirirəm, sonra da o dəstənin yarpaqlarında sarılıq axtarıram. İşə bax, cəmi bir sarı yarpaq varmış… Yenə dönürəm Kənan Aydının şeirlərinə, yaşadığım anın şəklini tapıram misraların arasında: “Çiçəklərin eşqinə şeir oxuyan mənəm…” Saralmış vərəqlərini dırnaqlarımla araladığım kitablar gəlir ağlıma, qoxularının həsrətini çəkirəm. Durub bir kitab götürürəm əlimə, təsadüfə bax, Mahmud İsmayılovun “Azərbaycan tarixi” kitabıymış əl uzatdığım… Keçən həftə öyrənmişəm Mahmud İsmayılovun şəkili olduğunu. Saralmış vərəqlərin qoxusunu çəkirəm burnuma, oxuduğum elektron kitabların qınağını duyuram kompüterin xışıltısının içindən… Özümə bəraət qazandırmaqçün Kənanın misraları köməyimə gəlir: 
    Masamın üstündə bu gün
    Bir dənə kitab qalmayıb… 

    Elektron kitabların xətrinə dəyməmək üçün əlimdəki kitabı kompüterin arxasına qoyuram. Qoxusu gəlsə də, yetər… 
    Kənan Aydın şeirlərinin birində “Gözlərimdə Sumqayıt – bir az yuxulu şəhər…” – deyir. Görəsən, Sumqayıt bu misranı tərif kimi qəbul edir, yoxsa dəcəlliyinə görə danlanmış  uşaq kimi üzünə bir qırışıqlıq çökür? Sonuncu görüşdə küskün dəydi gözümə Sumqayıt. İyulun bürküsündə bürünmüşdü insanların laqeydliyinə, yaxasındakı sonuncu açıq düyməni də  Xəzərin küləyinin eşqinə bağlamırdı… İki aydı ki, Sumqayıta deməyə, onun könlünü almağa bir söz axtarıram. Amma nə? Bir şəhərin könlünü almaq üçün hansı sözü seçməliyəm? “Xoş söz özü bir təsəlli…” – deyir Kənan, mən o  xoş sözü tapmıram… Yenə də bəxtsizliyimin köksünə sıxıram çarəsizliyimi… Şəkidə doğulacaq ilk şeirimi gözləyirəm Kənan Aydının misralarındakı sonuncu təsəllim dilimdə: 
    Hələ ki bitməyib bu şair ömrüm,
    Mən də yazmalıyam yazana kimi…
        
    Şəki, 10 sentyabr 2021 

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAH ƏDALƏTSİZLƏRİ BEŞ DƏFƏ BAĞIŞLASA BELƏ, ƏDALƏTSİZLİKLƏRƏ HAQQ QAZANDIRANLARI BİR DƏFƏ DƏ BAĞIŞLAMIR…”

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

    Babəkin bu günkü düşmənlərindən soruşmaq istərdim… … bəlkə kişiyana deyəsiniz : Babəkə görə sizə nə qədər pul boyun olublar… Bütün ərəb xilafəti və IX əsr Babəkə qalib gələ bilməyibsə… sən uşaq pulu təbliğatınla Babəkə qalib gələ bilməzsən… İnsafən sənin uşaq pulu izahın mənim xoşuma gəlmişdi… Sərdar Cəlaloğlu , incimə , nəvələrimə dedim ki, işdi şayəd , Sərdsr Cəlaloğlunun təklifi ilə uşaq pulu verilsə onu götürməyin…ç … və mənə indi aydın olur… niyə uşaq pulu verilmir… demək ağıllı bir adam , yəni milli ruhu öz sözündə təmsil edən birisi təklif versə çox asanlıqla iş həllini tapar… Gərək gözləyək ağıllı siyasi düşüncə adamlarının meydanını… … bilərəkdən sözü , mətni bir az… ” çətin ” yazdım… Nə qədər olmaya bir az qanan tapılar… Necə ola bilər ki, bir ölkənin içində oturub.. ölkənin milli ruhuna qarşı döyüşəsən… ….özü də asanlıqla… kimsədən çəkinmədən… hətta prezident sərəncamından və prezidentin şəxsi rəğbətindən çəkinmədən… … BABƏK MƏSƏLƏSİNDƏ FƏRQLİ MÖVQE MİLLİ MƏNAFEYƏ FƏRQLİ MÜNASİBƏTDİR…

  • Elnarə AKİMOVA.”Ədəbi tənqid və nəsr münasibətləri: dünəndən bugünə”

    Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyası sovet epoxası daxilində xüsusi mərhələ təşkil edən 1960-1970-ci illər nəsrinin ədəbi tənqiddəki mənzərəsini görükdürmək, bütöv dövrə, dövrün ədəbiyyatında müəyyən təbəddülatlara məruz qalmış nəsrin inkişaf özəlliklərinə, həmçinin həm nəsrin, həm də ədəbi tənqidin keyfiyyət dəyişiminə verilən elmi-nəzəri baxışın aspektlərini meydana qoymaq baxımından əlamətdar işdir.

    Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu son dərəcə qiymətli tədqiqat əsəri ədəbiyyatşünaslığımızda bəhs edilən dövrün nəsrinin və ədəbi tənqidin bütöv mənzərəsinin yaranmasına imkan verir. Üstəlik, nəinki 1960-70-ci illər, həmçinin sovet epoxasının ondan əvvəlki bir neçə onillik dövrünün nəsr təsərrüfatı da tədqiqat predmetinə çevrilmiş olur. Həmçinin müəllif bu illərdə yazılmış, şərh edilmiş nəsr əsərləri ilə bağlı müstəqillik illərində davam tapmış polemikalara, tənqidi məqalələrə diqqət yönəltməklə mövzunun əhatə spektrini daha da böyütməyə, problem rakursunu geniş çevrələrə daşımağa çalışır. Bu isə, eyni zamanda “1990-cı ildən etibarən totalitar rejimin ideoloji “buxov”undan azad olan ədəbi-estetik fikrin bir vaxt yazılanlara yenidən qayıtmaq ehtiyacı ilə yanaşı, sonunadək deyə bilmədiyi fikirləri tamamlamaq zərurəti”nə də imkan yaradır ki, bu amil nəticədə müstəqillik illəri ədəbi tənqidinin özünün də obrazını əyaniləşdirməyə xidmət edir. Bunu kitabın önəmli məziyyəti kimi qeyd etməliyik. Əslində, mövzu 60-70 ci illər nəsrinin ədəbi tənqiddə elmi-nəzəri dərkidirsə, problem yalnız dövrün ədəbi tənqidini deyil, həmçinin çağımızın ədəbi tənqid nümunələrini də çevrələməlidir. Niyə? Bunu müəllif monoqrafiyada ətraflı izah edir: “Əslində tənqid nəsrin bədii təsvir və təhlil prinsiplərinin dəyişdiyinin, həyata, hadisələrə dərin analitik müdaxilə, ciddi və düşündürücü konflikt, önə çıxan insan amili, mənəvi-əxlaqi problemlər, bədii zaman eksperimentləri, forma axtarışları kimi səciyyəvi xüsusiyyətlərin onu keyfiyyətcə nə dərəcədə yenilədiyinin fərqində idi. Lakin bunu dərhal izhar etməkdə çətinlik çəkirdi. Çünki tənqid dəyişən nəsrə dəyişməyən metodla, sosrealizm elmi-nəzəri prinsipləri mövqeyindən qiymət verməyə çalışır, buna görə də yeni ədəbi mərhələnin başlandığını müşahidə edib təsdiqlədiyi halda, onun spesifikasını açmaq cəhdləri baş tutmurdu. Tənqiddə “isti başla” yazılan məqalələrin obyektiv qiymətini verməkdə çətinlik çəkdiyi bu yeniləşmənin, bütövlükdə bu ədəbi mərhələnin daha aydın elmi-nəzəri dərki əsrin sonrakı onilliklərində gerçəkləşir”.

    Nəzərə alsaq ki, hətta 80-ci illərin ədəbi tənqidi belə tam estetik qütbün tənqidi deyil, o zaman problemin müstəqillik illərinə də şaxələnməsi zərurəti labüdləşir ki, Təranə Rəhimli də bu mühüm məqamı gözardı etmir. Tədqiqat işində hər bir təhlil edilən nəsr nümunəsinin çağdaş dövr tənqidində elmi-nəzəri şərhi analoji şəkildə meydana qoyulur. Bu binar yanaşma tənqidin keçdiyi inkişaf qanunauyğunluğunu görməyə imkan yaratmaqla bərabər, nəsrin özünün dərk olunması baxımından hansı təkamül mərhələlərindən keçdiyinə işıq salır.

    1960-1970-ci illər nəsrinin tənqidçi qələmində əyaniləşən obrazı… Zamanın, dövrün, ədəbiyyatın və tənqidçi düşüncələrinin inkişaf trayektoriyası… Kitabda bu düzümlərin hər birinin yeri aydın və çalarlıdır. Çoxsəsli ədəbiyyat dumanının içindən hər kəs öz sözü ilə obyektivə fokuslanır. Qos-qocaman tənqidçi-ədəbiyyatşünas pleyadası – M.Arif, M.Cəfər, M.Hüseyn, K.Talıbzadə, M.Cəlal, A.Zamanov, B.Nəbiyev, Ə.Mirəhmədov, K.Məmmədov, Y.Qarayev, G.Əlibəyova, Y.Seyidov, P.Xəlilov, Ə.Hüseynov, Q.Xəlilov, X.Əlimirzəyev, A.Əfəndiyev, A.Hüseynov, A.Məmmədov, Elçin, K.Abdulla, N.Cabbarov, M.Əlioğlu, N.Babayev, R.Əliyev, K.V.Nərimanoğlu, V.Yusifli tənqidi, üstəlik nəsrin inkişaf xəttini daim nəzərdə saxlayan, onu elmi-nəzəri tədqiqatların predmetinə çevirən – T.Əlişanoğlu, Ş.Alışanlı, E.Akimova, T.Salamoğlu, H.Ənvəroğlu, İ.Musayeva tənqidi və s. Əlbəttə könül istərdi ki, bu sıraya kitabda adı çəkilən əsərlərlə bağlı müxtəlif vaxtlarda fikir səsləndirən C.Yusifli, M.Osmanoğlu, R.Kamal, Ə.Cahangir, B.Əlibəyli, S.Ağabalayevanın da imzası əlavə olunaydı. Bu, hər iki dövrün tənqidçi yanaşmasını, mətnə münasibətdə ideya-estetik istiqaməti daha aydın şəkildə meydana qoyar, dinamizmi möhkəmləndirərdi.

    Müəllifin hər bir ədəbi mərhələ haqqında fikirləri bitkin xarakter daşıyır. Məsələn, əsas tədqiqat predmeti 60-70-ci illər nəsridirsə, bu gün bəlkə də artıq aktuallığını itirən çoxtəmayüllü “60-cılar” ədəbi nəslinin yenilikləri ilə bağlı əsərdə səsləndirilən qənaət dəqiqdir: “Yeni nəsrin yaranmasında əhəmiyyətli xidmətləri olan, “yeni dalğa” ədəbi istilahnı elmi leksikona daxil edən “altmışıncılar” milli bədii fikrə möhtəşəm yeniliklər gətirdilər. Lakin 1960-70-ci illərdə nəsrin yenilənməsi hadisəsini təkcə “altmışıncılar”ın nailiyyətləri ilə izah etmək daha təcrübəli ədəbi nəsillərin xidmətlərinə kölgə salmağa gətirib çıxarır. Bu baxımdan dövrün nəsrini, onun fövqəladə yeniliklərini bir ədəbi nəslin deyil, bütövlükdə çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda araşdırmaq ədəbi ədalətə riayət etməklə yanaşı, daha dəqiq nəticələrə gəlmək imkanı yaradır”.

    Monoqrafiyada bu qənaət ona görə tutarlı ifadəsini tapır ki, Təranə xanım problemi “bütövlükdə çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda” araşdırır. Və bu zaman həmin nəslə münasibətdə dövrün ədəbi tənqidinin yanaşmasındakı ideoloji münasibətin bütün çalarları üzə çıxır. İ.Əfəndiyevin “Körpüsalanlar”, “Valehlə Sarıköynəyin nağılı”, Anarın “Ağ liman” kimi əsərlərə tənqidin münasibəti bunu bəlli edir. Bu yerdə tənqidçi T.Əlişanoğlunun aşağıdakı fikirlərinə istinad edən müəllif ziddiyyətin dəqiq qütblərini nişan verir: “Ədəbi tənqid başlıca tendensiyalarında “yeni nəsr”i məhz “keyfiyyət dəyişməsi” kimi qeydə alırsa da, həmişə bunun təsbitinə nail ola bilmir; həm obyektiv olaraq: – yeni nəsrin mahiyyətinə varmaq, istər-istəməz, onu sosializm realizmi ədəbiyyatının hüdudlarından kənara çıxarırdı, rəsmi sosializm ideolojisinin hakim olduğu, bütün “sovet məkanı”nda vahid metodlu ədəbiyyatın mövcudluğu aksiom kimi təlqin edildiyi şəraitdə bunu etmək həqiqətən də çətin idi. Həm də subyektiv olaraq: – yəni yeni nəsrdən fərqli olaraq, Azərbaycan ədəbi tənqidi əsasən sosrealizm məcrasında düşünməkdə davam edir, “keyfiyyət dəyişməsi”! faktını da bu mövqedən, sadəcə “mərhələ dəyişməsi”, “artım”, “inkişaf və s. kateqoriyalara müncər edirdi”.

    “Azərbaycan nəsri və tənqid” kitabında hər zaman müqayisələrə yol açan tənqidin yanaşma aspektləri ətraflı elmi şərhini tapır. Harda nəsrin hadisələrindən, proseslərindən söhbət gedirsə, tənqidin də bu dəyişimə uyğun təzahürü var: güclü, yaxud zəif, zamana adekvat, yaxud ardınca gələn, estetik, yaxud ideoloji. Bu, dövrün ədəbi mənzərəsidir. Bu dəfə irəli getmək və tənqidi ardınca aparmaq yükü nəsrin üzərinə düşüb: “Nəsrin dəyişən problematikası, ideya və mövzuları, bədii obrazlar sistemi, eləcə də struktur yenilikləri tənqidin təkcə fəal təhlil predmetinə çevrilməklə qalmadı, tənqiddə yeni estetik meyarın yaranmasını şərtləndirdi. Beləliklə, yeni ədəbi nəsil yaratdıqları dəyərli nəsr nümunələrilə tənqidin ədəbi prosesə son dərəcə fəal müdaxiləsini təmin etməklə tənqidin özünün də inkişafını yeni məcraya saldı”.

    Təranə Turan Rəhimli 60-cılar ədəbi nəsrinin yaranmasındakı zaman amilinə xüsusi toxunur, nəsrin keyfiyyət dəyişimi qarşılığındakı tənqidin susması, yaxud yeniliklərdən kənarda qalması, mətnləri avanqard estetik fikrin prinsipləri baxımından şərh etməyə yubanmasını geniş müstəvidə araşdırır. Bu zaman seçdiyi ədəbi priyom da maraqlıdır: tənqidin tənqidi elə tənqidçilərin özləri – M.A.Dadaşzadə, K.Talıbzadə, Elçin, T.Əlişanoğlu, V.Yusifli və b. tərəfindən edilir.

    Yaxud digər məsələ. Danmaq olmaz ki, 60-cılara nisbətən 70-ci illər nəsrinin ədəbi mərhələ kimi keyfiyyət özəllikləri ayrıca tədqiqat predmetinə çevrilməyib. Hər halda geniş salınan nəzərin işığında nəsrin qüsurlarına, irəli-geridönüm arasında olan gedişlərinə baxış sərgiləmək daha asan olardı. 60-cıla yönələn marağın sayəsində digər mərhələlər daha çox “uzaq, yaşıl ada” qismində, 60-cıların kölgəsi olaraq təqdim olunmuşlar: “Əksər hallarda ədəbiyyatın iyirmi illik nailiyyətləri yalnız “altmışıncılar”ın adı ilə bağlanır, bununla da əvvəlki təcrübəli ədəbi nəslin 60-70-ci illərdə yazdıqlarına bir ədəbi laqeydlik nümayiş etdirilirdi. Digər tərəfdən, tənqid əsas diqqəti obrazların yeniliyinə, poetik zənginlik və orijinallığa yönəltməklə, nəsrin mövcud qüsurlarına münasibət bildirməkdən yayınır, onun 70-ci illərin sonuna doğru kütləvi hal alan neqativ obrazlarının stereotipləşdiyini, “60-cı illərin ştampı” adlanan təhlükəni görə bilmirdi”.

    Tədqiqatçı bu baxımdan, müxtəlif ədəbi mərhələlər arasında medium rolu oynayır. Hər ədəbi mərhələ öz hüdudları, nəsr imkanları, qoyulan suallar və ona verilən cavabların müxtəlifliyi ilə dəyərləndirilir. Nəsrdə millilik və tarixilik amili, bu anlayışlara sövet dövrü ədəbi tənqidində yanlış münasibət məsələsini müəllif əsasən epik panoram təsvirlərinin əhatəliyi ilə seçilən bir neçə əsərin – İ.Şıxlının “Dəli Kür”, F.Kərimzadənin “Qarlı aşırım, İ.Hüseynovun “Məhşər”, M.İbrahimovun “Pərvanə” romanlarının üzərində dayanmaqla aydınlaşdırır. Müasir mövzulu nəsrdə isə müəllifin təhlilə çəkdiyi əsərlər daha çox onunla fərqlənir ki, Cahandar ağa, Kərbəlayı İsmayıl obrazı ətrafında olduğu kimi, Dədə Bəhmən, Qılınc Qurban, Səriyyə, Təhminə, Zəlimxan və başqa obrazlarla bağlı polemika yaradıb, diskusiyalara yol açıblar: İ.Əfəndiyevin “Körpüsalanlar”, Əfqanın “Gülyanaq” və “Katib” romanları, İ.Hüseynovun “Teleqram”, “Tütək səsi”, “Saz”, B.Bayramovun “Sərinlik”, Anarın “Ağ liman”, Elçinin “Bir görüşün tarixçəsi”, M.Süleymanlının “Dəyirman”, Ç.Hüseynovun “Mənim bacım”, İ.Məlikzadənin “Quyu”, “Evin kişisi”, S.Əhmədlinin “Yamacda nişanə”, “Qanköçürmə stansiyası” povestləri və s.

    Bu əsərdə geniş işlənmək zərurəti doğuran bir mövzu var: həmin illərin hekayə janrı. Çünki 1960-1970-ci illərdə yazılan o qədər maraqlı hekayələr var ki, onlar haqqında ayrıca və geniş tədqiqat oxumaq istəyi yaranır. Təranə Turan onların əksəriyyəti üzərində dayansa da, təəssüf ki, geniş təhlillərə varmır, bu mövzu ağırlıq mərkəzinə gətirilmir. Buna onun roman və povest janrında müraciət etdiyi əsərlərin kifayət qədər çəkili olması və özü ilə bağlı geniş polemik rakurs yaratma səbəbi mane olur. Dövr çətin və mürəkkəbdir, yazılan əsərlər də yenilik ruhu ilə aşılanıb. Üstəgəl məsələyə bir də ədəbi tənqidin münasibəti prizmasından baxmaq, ədəbi-estetik düşüncədə həlli məsələsinin dərkini vermək lazımdır. Düzdür, müəllif 70-ci illər nəsrindəki “hekayə axını” məsələsini qaldırır və bu zəmində Elçin, X.Əlimirzəyev, B.Nəbiyevin problemlə bağlı fikirlərinə münasibət bildirir, polemikalara gedir, Anar, Elçin, İ.Məlikzadə, S.Əhmədli hekayələrinin sənətkarlıq xüsusiyyətləri üzərində geniş dayanır. Amma ümumilikdə, tədqiqatçı roman və povest janrının nəzəri təhlili üzərinə daha çox fokuslanır ki, bu da qeyd etdiyim kimi, həcm, tutum amilinə və əsərlərlə bağlı mübahisə-müzakirə mətnlərinin genişliyinə bağlı məsələdir.

    “Azərbaycan nəsri və tənqid” monoqrafiyası əhatəliyi və faktoloji tutumu ilə qənaətbəxş təsir bağışlayır. Müəllif bədii təcrübə baxımından milli və xarici ədəbiyyatşünaslığın tanınmış imzalarına, onların nəsrlə bağlı səsləndirdikləri fikirlərə istinad edir. Bununla bərabər, kitabda diqqətimi cəlb edən iki məsələ ilə bağlı iradımı bildirmək istərdim:

    1. Tədqiqat işində dövrün demək olar bütün dəyərli nəsr nümunələrinin təhlili, onların ədəbi tənqiddə nəzəri şərhi üzərində geniş dayanan müəllifin bu gün adı az çəkilən, hətta heç xatırlanmayan bir çox yazıçıların da layiqli, zamanında nəsr faktı kimi qəbul olunan əsərlərinə müraciəti razılıq doğurur. Məsələn, yazıçı Əfqanın “Güləndam”, Bayram Bayramovun “Sərinlik” əsəri bu qəbildəndir. Amma ədəbi tənqidə münasibətdə belə bir dərin həssaslığa şahid olmuruq. Nəyə görəsə, 60-70-ci illər nəsrinin əksər nümunələri haqqında silsilə məqalələr yazan İmamverdi Əbilovun yazılarına istinad olunmur. Heç bir yerdə tənqidçi kimi adı çəkilmir. Halbuki kitabda əsərləri geniş təhlil edilən Sabir Əhmədlinin hekayələri haqqında ilk yazını yazan elə İmamverdi Əbilov olmuşdur (bax: İmamverdi Əbilov. Beş hekayə haqqında. “Ədəbiyyat və incəsənət” qəzeti, 1962, 12 may). Yaxud İmamverdi Əbilovun həyat və yaradıcılıq yolunun əyaniləşdiyi, ön sözünün müəllifi və elmi redaktoru olduğum “Elmin və ömrün romantikası” kitabına əsasən əminliklə deyə bilərəm ki, yuxarıda adını çəkdiyim yazıçı Əfqanın əsərləri haqqında dövrün “Ədəbiyyat və incəsənət” qəzetində ən azı üç məqaləni elə İ.Əbilov yazıb (bax: Mənəvi gözəllik müqəddəsdir. Əfqanın “Dünya gözəlliyindir” əsəri barədə. “Ədəbiyyat və incəsənət qəzeti”, 1969, 2 may; Əfsanəvi həqiqətlər. Əfqanın “Qartal əfsanəsi” haqqında. “Ədəbiyyat və incəsənət qəzeti”, 1970, 21 mart; Müasir kəndimiz haqqında roman. Əfqan Əsgərovun “Gülyanaq” romanı barədə. “Ədəbiyyat və incəsənət qəzeti”, 1970, 19 dekabr;).

    2. Təranə Turan Rəhimli Sabir Əhmədlinin əsərlərini təhlil edərkən nədənsə belə bir mülahizə səsləndirir: “Sabir Əhmədli yaradıclığı hələ də sistemli şəkildə, bütün parametrləri, yaradıcılıq problemləri ilə birlikdə araşdırılmamış, bu qiymətli bədii irsin mahiyyəti yetərincə üzə çıxarılmamışdır. Görkəmli nəsr ustası ümummilli proseslərin fəal təbliğatçısı, ədəbiyyatımızın önəmli bir inkişaf mərhələsinin aparıcı simalarından biri olmasına baxmayaraq, müasir dövrdə onun haqqında yazılanlar yazıçının yaradıcılığının “haqqını verə bilmir”. Sabir Əhmədli irsinin ədəbi tənqiddəki obrazı çox sönük görünür”.

    Bu fikirlə razılaşmaq çətindir. Ona görə ki, yazıçının əsərləri müstəqillik illərində heç də nəzərdən kənarda qalmamış, bir çox tənqidi məqalə və esselərdə layiqli qiymətini almışdır. Hər halda, müəllifin kitabda istinad etdiyi bəzi imzalara mən diqqətdən kənardan qalmış bu adları da əlavə edib “diqqətsizlik” hökmünü bir qədər tənqidin xeyrinə dəyişərdim: Südabə Ağabalayeva “Bu ömür deyilən bir kiçik möhnət” (1999), Tehran Əlişanoğlu “Sabir Əhmədlinin Qarabağ trilogiyası” (2008), Əsəd Cahangir “Kitabi – Dədə Sabir” (2010), Azad Qaradərəli “Qürub dövrünün cəngavər ədibi” (2019), Ramilə Qurbanlı “Sovet İttifaqı Qəhrəmanının qardaşı… Qarabağ şəhidinin atası… Xalq yazıçısı…” (2018), Ruhiyyə Nağıyeva “Müasir Azərbaycan nəsrində qəhrəman və mühit problemi (Sabir Əhmədovun yaradıcılığı əsasında)” (2014), Elnarə Akimova “Ağrılarına sığınıb yaşayan yazıçı” (2020) və s.

    Əlbəttə, adını çəkdiyim bu məqalələrlə yazıçının yaradıcılığının “haqqının verildiyini” iddia etmirəm. Amma “tənqiddəki obrazı çox sönük görünür” fikrinə qarşı ədalətli mövqe sərgiləməyi özümə borc hesab edirəm. 

    ***

    Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyasını ədəbi tənqid tariximizlə bağlı meydanda olan bir qism kitablarla eyni sırada almaq olar. Azərbaycan ədəbi tənqid tarixinin, eləcə də nəsrin keçdiyi yolun sistemli şəkildə öyrənilməsi bu cür əsərlərdəki elmi-nəzəri yanaşmanın və elmi-filoloji bazanın təməli üzərində mümkündür.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Günel MUSA.”Şuşanın ruhunu hiss etmək üçün”

    Zirvələri göy üzünü qucaqlayan dağların arasında dolanbaclı yollarla üzü Allaha ən yaxın şəhərə, Şuşaya qalxırıq. Bizi Azərbaycanın mədəniyyət paytaxtına aparan Zəfər yolunu qürurla, fərəhlə qət edirik. Yolda əslən şuşalı olan həmkarım bizə Zəfər yolunu gedən ilk heyət olduğumuzu bildirir. Bu yol Füzulidən birbaşa Şuşaya çəkilən ən qısa yoldur. Səmasında müqəddəs ruhların dolaşdığı, yer üzünün cənnətinə yaxınlaşdıqca həyəcan bürüyür bədənimizi. Enli-ensiz tarix qoxan küçələrlə, məbədlərlə, savaş nişanələri ilə əhatələnmiş məmləkətə ilk addımlarımı atıram. Min illik tarixin səhifələri asta-asta aralanır önümdə. Şuşa savaşlarda təslim olmamış, yıxılmamış, amma yorulmuş döyüşçüyə bənzəyir. Hər şeyə rəğmən o diridir. Uçub-dağılan evlərin fonunda hələ də əsalətini qoruyub saxlayan şəhərin bu vəziyyəti insanın içinə bir kədər toxumu səpsə də, ruhu təmizləyən bir havası var.

    Bizdən əvvəl gələn heyətlərdən fərqli olaraq Şuşaya gedən yol boyu yolumuzun üstündə nə bir rus əsgəri görürük, nə də bir erməni. Artıq müqəddəs torpaqlarımız şeytan yuvalarından tamamilə təmizlənib. Şuşaya girişdə cəmi bir post var idi, orda da Azərbaycan ordusunun əsgərləri dayanmışdı. Onların üzündəki xoş təbəssümlə Şuşaya daxil olmaq da bir başqa möhtəşəm hissdir. Güvəndə olduğumuzu hiss etdirən baxışların müşayiəti ilə Şuşaya daxil oluruq. Avtobusda alqış və şükür sədaları ucalır.

    İşğaldan əvvəlki illərdə neçə-neçə mədəniyyətlərə ev sahibliyi edən Şuşanın 28 il mədəni abidələrinə divan tutulub. İşğalçıların “ley-pey” məkanına çevrilən Şuşa indi tarixi mədəni tədbirlərə yenidən ev sahibliyi edir. May ayında Cıdır düzündə keçirilən möhtəşəm Xarıbülbül Festivalından sonra Şuşada növbəti əhəmiyyətli tədbir, 39 il əvvəl əsası qoyulan Vaqif Poeziya Günləri keçirildi. Əsalətin, musiqinin, sənətin şəhəri yenidən qucağını şeirə, sözə, ədəbiyyata açmışdı. Yaddaşı şuşalı xatirələrlə zəngin söz adamları 39 il sonra yenidən Şuşada Vaqif məqbərəsinin önündə toplaşmışdı. Yaşından, ictimai-siyasi mövqeyindən asılı olmayaraq o gün hamı bir cərgədə idi. Hamının sevinci bir rəngdə idi. Təmiz idi, saf idi, ülvi idi hamının hissləri. Həmin gün heç kim Şuşadan böyük deyildi. Kənardan müşahidə edirdim. Bakıda iki addımlıq yolu gedəndə yorulan yaşlı qələm adamları Şuşanın yoxuşlu yollarını avtomobilsiz, nəfəs dərmədən qalxırdılar. Bu elə bir sevgi, elə bir sevinc idi ki, onu heç bir xoşbəxtliklə müqayisə etmək olmur.

    Bir neçə ay bundan əvvəl cənab Prezident İlham Əliyevin ermənilər tərəfindən dağıdılaraq tanınmaz vəziyyətə salınan Vaqif məqbərəsinin xarabalıqlarında etdiyi çıxışı xatırlayıram. Onun 39 il əvvəl ümummilli lider Heydər Əliyevin Vaqif məqbərəsinin açılışından olan fotolarla məqbərənin xarabalıqlarında dolaşması çox təsirli səhnələr idi. Bu gün isə artıq Vaqif məqbərəsi öz əvvəlki əzəmətinə qovuşub. İlham Əliyevin məqbərənin açılışındakı nitqində də söylədiyi kimi tarix təkrarlanırdı o gün:

    “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”.

    Prezidentin ruh yüksəkliyi yaradan çıxışından sonra o təntənəli söz bayramına start verildi. Yazıçılar çıxış nitqləri söylədiyi zaman bəlkə də ilk dəfə bu qədər həyəcanlı idilər. Anarın, Elçinin, Nəriman Həsənzadənin gizlətməyə çalışdıqları həyəcan ən arxa sıralarda oturmağıma baxmayaraq mənə də sirayət edir və duyğulandırırdı. Yazıçı Anarın çıxışında söylədiyi fikirlər çoxumuzun ortaq düşüncəsi idi. Dedi ki, “2010-cu ildə bir mərasimdə çıxış edəndə, – cənab Prezident də iştirak edirdi orada, – dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. O sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım”. Necə tanış hisslərdir. Hansımız inanırdıq ki, bir gün yenidən üzü Şuşanın dağlarına sarı oturub Vaqifin məqbərəsi önündə “Qarabağ şikəstəsi”nə qulaq asacağıq. Yuxu kimi, nağıl kimi günlərdir. Amma həm də həqiqətdir. Biz Şuşadaydıq.

    Nəriman Həsənzadənin uzun və rabitəsiz çıxışı belə adama ləzzət verirdi. Onun uşaq məsumiyyəti ilə söylədiyi şeir, həyəcandan bir neçə yerdə çaşması, misraları unutması və çıxışının sonunda vəziyyətdən yumoristik manevrlə çıxması belə Şuşanın fonunda möhtəşəm görünürdü. İnsanlar qismən daha sakit, təmkinli, mehriban idi. Hətta nəzarətçilərin tədbir başlamazdan əvvəl dəfələrlə “Zəhmət olmasa, telefonlarınızı söndürün” xahişinə rəğmən tədbirin ortasında arxa ciblərdən gələn sinir pozucu melodiyalar belə adamlarda qıcıq yaratmırdı. Halbuki Bakıda hansısa ciddi tədbirdə belə hallar baş verəndə bütün diqqətlər telefon zəngi gələn istiqamətə yönəlir və aqressiv baxışlarla qaydaları pozan şəxs linç edilir. Amma Şuşada bu baş vermədi. Şuşanın dağlarından gələn xəfif avqust mehi ilə ovsunlanmışdı elə bil insanlar. Başlarına gün döysə də heç kim oturduğu yerdən narazı deyildi. Məkan Şuşa olandan sonra harda oturmağın nə fərqi var ki?

    Tədbirdən sonra Nəriman Həsənzadə ilə söhbət etmək fürsəti yaxaladım. Sevincini yerə-göyə qoya bilmir, uşaq kimi sevinir və bu sevinci hamı ilə paylaşmaq istəyirdi. Dedi, qızım, Şuşanın azadlığından sonra elə bil millət dəyişib. Pisikmişdik, gözdən düşmüşdük. İndi dirilmişik sanki.

    Nəriman Həsənzadə düz deyirdi. Elə mən də düz hiss etmişdim. Söhbətimizin bu yerində qəfil yadıma Anarın illər əvvəl oxuduğum “Qarabağ şikəstəsi” adlı yazısından bir abzası düşdü: “Şahanə bir vüqarı var Şuşanın. Elə bil o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır”. Anarın da dediyi kimi, biz Şuşada gündəlik həyatımızın fövqündə idik.

    Bizim nəsil Şuşanı ancaq böyüklərinin xatirələrində, ağ-qara fotolarda, videokadrlarda görən nəsildir. Ona görə də qocaman yazıçıların Şuşa ilə bağlı çıxışlarına, bir-birlərilə xəlvətə çəkilib etikləri söhbətlərə acgözlüklə qulaq kəsilirəm. Şuşanı tanımıram axı. Şəhəri gəzməyə çıxacam. Hardan, hansı küçədən başlayacam bilmirəm. Onların xatirələrindən mədət umuram sanki. Onlar isə çəkilib öz sükutlarının dərinliyinə. Şuşaya dalıblar. Gənclik xatirələrində Şuşa izləri olan qocaman yazıçıların Şuşa sevgisinin səmimiyyətini daha yaxından hiss etdim o gün. Səhər açılandan gecənin gec saatlarına qədər otelin həyətində oturub xatirələrini təzələyirdilər. Məni də ağuşuna alıb aparan maraqlı söhbətlərin axarından qonşu masada əyləşən Xalq şairi Vahid Əzizin dilindən səslənən bu misralar ayırır.

    Bir bayatı çağırdılar xarabazar görəndə

    Xan əminin ruhu idi pərvazından tanıdım.

    Yağı düşmən fürsət tapıb məkanına girəndə

    Qartal gözün çıxartmışdı yuvasından tanıdım.

    Bu yerlərin doğma, əziz hər ağacı, hər daşı

    Qara çınqıl parıldadı islananda göz yaşı

    Bəyaz qarı saç qaraldar göz dərmanı yağışı

    Şuşa çiskin içindəydi havasından tanıdım.

    Söz bayramında ədəbiyyatın təntənəsi Zəfərin təntənəsinə qarışmışdı Şuşada. Aqil Abbasın nəql etdiyi səfər əhvalatlarına maraqla qulaq asırıq. Dəfələrlə eşitdiyimiz əhvalatları təkrar danışır yenə gülürük. Yadıma düşür ki, Aqil Abbas “Dolu” romanının sonluğunda qələbə müjdəsi vermişdi bizə. Bu gün biz Şuşanı işğaldan qol gücünə azad edən şəhidlərimizin ardınca doğma vətənə gələn “Dolu” romanındakı o adamlar idik.

    Səfərin ikinci günündə Vaqif Poeziya Günlərinin növbəti hissəsini də təntənə ilə qeyd etdikdən sonra bir qrup gənc qələm adamları ilə birlikdə Şuşanı qarış-qarış gəzmək üçün yola düzəldik. İstiqamət haradır, bilmirik. Yol boyu qarşılaşdığımız əsgərlərdən başqa, qarşımıza ünvan soruşacaq bir şuşalı çıxmır. Onların da çoxu Şuşanı bizim kimi ondan-bundan eşidən nəslin nümayəndələridir.

    Şəhərləri şəhər edən, doğmalaşdıran həm də o torpaqlara genetik balılığı olan adamlardır. Bəzi anlayışlar sirli şəkildə bir-birinə bağlıdır. Məşhur türk şairi Hacı Bayramı Vəli Həzrətləri bir şeirində deyir:

    Çalabım bir şar yaratmış iki cihan arasinde

    Bakıcak bir didar görünrür

                            ol şarın kenaresinde

    Nagihan ol şara vardım

                            ol şarı yapılır gördüm

    Ben dahi bile yapıldım taşu toprak arasinde.

    Şeirdə şair onu vurğulayır ki, insan şəhəri qurarkən özünü də daş və torpaq arasında qurur. Ürəkdə nə varsa, bir şəhər kimi görünür. Qəlbi daş olanın şəhəri daş olacaq, ürəyi sevgi ilə dolu olanın şəhəri isə gülüstan.

    “Şuşa bizim üçün niyə bu qədər müqəddəsdir?”, “Ermənilər 28 il bu torpaqları işğal edib niyə yaratmaq əvəzinə dağıdıb?” suallarının cavabıdır həm də bu misralar.

    Bu torpağın üzərində bizim əcdadlarımızın imzası var. Bu şəhərin mayasında, tarixində mədəniyyət var. İndi bizim vəzifəmiz bu mədəniyyətə körpü olub onu gələcəyə daşımaqdır.

    Şuşa bu gün şuşalılarsız yetim uşağa bənzəsə də, çox qısa zamanda bu küçələr yenidən canlanacaq. İnsanları ilə, keçmişimizin izləri ilə daha mənalı məkana çeviriləcək.

    Səssiz küçələr, uçuq-sökük evlər, veteran binalar bizə, müharibədən çıxmış adamlara bənzəyirdi elə. Məsələn, evlər gördüm uçub-dağılmış yalnız divar daşları qalmışdı. İçində bir yaşıllıq meydana gəlmişdi ki, sanarsan cənnət bağıdır. Bax o ev mənim babam, bir başqa qarabağlının atası, anası idi. 28 il boyunca uçduq, dağıldıq, amma içimizdəki ümid məhv olmadı. Bu evlər tarixə divar daşları ilə tutunduğu kimi, biz də qayıtmaq ümidlərimizlə həyata tutunmuşduq.

    Üstündə qıfıl olan evsiz qapılar, içində ağac bitən evlər, neçə-neçə xatirələrin, sevgilərin, ayrılıqların şahidi olan divarlar tablo kimi görünürdü. Erməni vəhşiliyini tam təfsilatı ilə ifadə edən bir tablo. Bir vaxtlar pəncərələri göy üzünə açılan evləri yıxıb dağıtsalar da, içindən gələn o işığı söndürə bilməyib düşmən.

    Şuşanın mərkəzi küçəsinə enirəm. Yaddaşımın künc-bucağında vurnuxuram. Anam uşaqlığında yay tətillərini bu məhəllələrdəki evlərdən hansındasa keçirib. İndi bu küçədə evlərin çoxunun qapısı var, özü yox. Şuşa 17 məhəllədən ibarət ovuc boyda bir yerdir. Yəni səhərdən axşama kimi Şuşanı ayaqla gəzib başa çıxmaq mümkündür. Ovuc boyda yerdir Şuşa, amma həm də necə böyükdür. Küçələrin adları, təbii ki, indi bilinmir. Ona görə də tarixi əhəmiyyətli məkanların hansının hansı küçədə yerləşdiyini tapmaq xeyli çətindir. Hələ bizim kimi Şuşaya nabələd adamlar üçün lap çətin idi. İşğal zamanı ermənilər Şuşada tariximizin izlərini silmək məqsədilə 600-ə yaxın tarixi abidəni məhv edib.

    Güllələnmiş heykəllərin qoyulduğu meydana çatıram. Bura Şuşa şəhər meydanıdır. Şəhərin əvvəlki ruhunu özünə qaytarmaq üçün qızğın abadlıq işləri gedir. Heykəllərin arxasından əzəmətli bir xarabalıq görürəm. Bura xan qızı Natəvanın sarayıdır. Şuşada ilk zamanlarda tikilən mülklərdən biridir. XVIII əsrə aid qədim tarixi memarlıq abidəsindən bu gün geriyə sadəcə evin divar daşları qalıb. Onu da qeyd edim ki, 1932-ci ildə Bülbülün təşəbbüsü ilə yaradılan Şuşa Musiqi Məktəbi xan qızı Natəvanın sarayında fəaliyyətə başlamışdı. Bir vaxtlar bu binadan ətrafa musiqi sədaları yayılsa da indi kədərli sükuta qərq olub. Amma çox qısa zamanda xan qızının ruhunun dolaşdığı bu mülk yenidən öz əvvəlki əzəmətinə qovuşacaq.

    Küçələrə nabələdəm. Əsgərlərdən, polislərdən soraqlaşa-soraqlaşa Yuxarı Gövhər ağa məscidini tapıram. Bu məscid Şuşada tikilən ən qədim məscidlərdən biridir. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilir. XIX əsrdə Gövhər ağanın maddi dəstəyi ilə yararsız hala düşən məscidin yerində qoşa minarəli üçüncü məscid, 1883-cü ildə isə üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu, Cümə məscidi inşa edilir. Şuşanın işğalından sonra digər tarixi abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də zərər görmüş, minarələrinin dekoru zədələnmiş, interyerləri, demək olar ki, məhv edilmişdi.

    Şuşada hər məhəllədə məscidə, bulağa və meydana rast gəlmək mümkündür. Eyni zamanda Şuşanın xristian əhalisinin ibadət etdiyi Qazançı kilsəsi də var. Şuşada həyata keçirilən bərpa işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Ermənilər Qazançı kilsəsinin erməni kilsəsi olduğunu iddia etsələr də, bütün tarixi mənbələrdə kilsənin 1868-ci ildə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir.

    Əvvəldə də dediyim kimi, Şuşaya nabələd olduğum üçün keçdiyim məhəllələrin hansı məhəllə olduğunu bilmirəm.  Mamay məscidini görəndə Mamay məhəlləsində olduğumu anlayıram. Bu məscid XIX əsrdə tikilib. İkimərtəbəli bina adi yaşayış evlərini xatırladır. Sovet dövründə Mamay məscidi uzun illər Poeziya evi kimi fəaliyyət göstərib.

    Mamay məhəlləsində vaxtilə Şuşa şəhərində yaşamış şair, rəssam, azərbaycanlı alim Mir Mövsüm Nəvvabın yaşadığı evin qalıqlarını da ziyarət etmədən keçmək olmazdı. Əfsuslar olsun ki, erməni vandalları bu tarixi əhəmiyyətli memarlıq abidəsini də dağıdaraq məhv etməyə çalışıblar. Nəvvabın ev-muzeyindən ona məxsus 100-dən çox əşya düşmən tərəfindən qarət edilib.

    Şuşanın tarixi mərkəzində Qarabağ Xanlığının əsasını qoyan Pənahəli xanın iqamətgahının qalıqları qarşılayır bizi. Saray dediyimiz yer isə bir neçə divar qalıqlarından ibarətdir. Xan sarayı dağılmış olsa da, bütövlüyünü qoruyub mühafizə etmiş bir gözəlliyə malikdir. Ona bu bütünlüyü verən isə tarix və mədəniyyət idrakıdır. İndi biz burda nə vaxtsa əzəmətli qalaları olan iqamətgahın təsəvvürünü belə edə bilmirik. Amma tarixçi Mirzə Adıgözəl bəyin məlumatlarına görə, Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün geniş binalar və hündür saraylar tikilib.

    Gəzə-gəzə gəlib çatdıq Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən Şuşa qalasına. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa qalasının inşasına Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif şəxsən özü nəzarət edib.

    Günün sonunda Cıdır düzünə gəlib çıxdıq. Möhtəşəm mənzərə qarşısında heyrətdən donub qalmaq imkansızdır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə özümü Allaha daha yaxın hiss edirəm. Bütün qəlbimlə şükür edirəm ona bu gün üçün. Hər bir qarabağlının mütləq Cıdır düzündə bir xatirə fotosu var.  Qaçıb anamın 7-8 yaşlarında üstünə çıxıb şəkil çəkdirdiyi qayanı tapıram. Necə tapdığımı bilmirəm. Bütün daşlar bir-birinə oxşayır. Bəlkə də heç o daş deyildi. Qəribə də olsa qayıdandan sonra anamın həmin fotosunu tapıb diqqətlə baxıram. Həmin daş idi. Arxadakı mənzərədən tanıdım. Daşın yaddaşı var deyirdilər, inanmırdım. Bəlkə də mən daşı yox, daş məni tanımışdı. Onu da deyim ki, burda hər istiqamətin mənzərəsi fərqlidir. Bir tərəf sıldırım qayalıq, bir tərəf Xankəndiyə, Xocalıya açılan pəncərə kimidir. Bir tərəf isə yaşıl uçurumdur. Arxa qayalıqda oturub telefonla danışan bir kişinin söhbətinə qulaq mehmanı oluram.

    “Hə, hə getdim tapdım evi. Darvaza qalıb. Evi söküblər, amma qaraj durur. İndi oturmuşam Cıdır düzündə. Bilirsən harda? Xuramanın özünü atdığı qayanın üstündə oturmuşam”.

    Dözməyib dayıya yaxınlaşıram. Təxmin etdiyim kimi şuşalı idi dayı. 70 yaşı var. 28 ildir Şuşanı tək ürəyində yox, həm də yaddaşında gəzdirib. Harda nə var idi, hansı qaraltı kimin evi olub dəqiq bilir. Əlimə düşən fürsəti fövdə verməyib şuşalı dayı ilə həmsöhbət oluram. Məlum olur ki, dayının dayandığı qayanın üstündən Molla Pənah Vaqifin həyat yoldaşı Xuraman özünü ataraq intihar edib.

    Cıdır düzünün aşağısında yerləşən dərədə bir zamanlar Qotur su adlı şəfalı bulaq olub. İşğal dövründə ermənilər həmin bulağı qurudub. Cıdır düzünün kənarındakı cığırda bir vaxtlar mövcud olan qırx pilləkəndən də əsər-əlamət qalmayıb. Bu pilləkənlər insanları Daşaltı dərəsinə və Xan mağarasına aparırmış.

    Şuşanı möhtəşəm edən yerlərdən biri də Cıdır düzüdü. Xatırlayıram, iki-üç il əvvəl Paşinyanın Cıdır düzündə yallı gedib, içki içməsi hamımızı necə hiddətləndirmişdi. Ermənilərin bu hərəkəti bizim səbr kasamızı daşdıran son damla oldu. Bu gün bu tarixi məkan yenidən öz sahiblərinin addım səslərinə qovuşub.

    Axşam saat 9-da Şuşada komendant saatı olduğu üçün gəzintimizi 8-də tamamlamalı olduq. Məlum hərbi rejim səbəbindən çox yeri gəzə bilmədik, təbii ki. Amma qəm etmirəm. Bilirəm ki, Şuşa artıq bizimdir və hələ qarşıda gəzmək üçün çox illərimiz var.

    Deyirlər, hər şəhərin ruhu var. Bu ruhu görmək, anlamaq və hiss edə bilmək üçün onu idrak etmək lazımdır. Hələ bu şəhər bir mədəniyyət şəhəridirsə, onun ruhunu hiss edə bilmək üçün Övliya Çələbinin müşahidə və həssaslığına sahib olmaq lazımdır. Əgər belə bir həssaslığınız yoxdursa nə olduğunuz şəhərdən xəbəriniz olar, nə də görməyi arzu etdiyiniz o şəhərin ruhunu hiss edə bilərsiniz. Bu ruhu hiss edə bilmək üçün mədəniyyət təsəvvürünə sahib olmaq lazımdır. Bu təsəvvür yaxşı-pis, gözəl-çirkin, doğru-yanlış hökmlərini meydana gətirir, eyni zamanda da yansıdır. Belə bir təsəvvürünüz varsa şəhərinizin ruhu ilə rabitə yarada bilərsiniz.

    Şuşa bizim arzularımızın şəhəri idi və arzumuza çatdıq. Mən Şuşada gün batımının seyrinə dalıram və hardansa xoş bir avaz ucalır:

    Şuşada axşamlar yanar ulduzlar

    Onlardan gözəldir gəlinlər, qızlar

    Oturub yol üstdə yarını gözlər.

    Fotolar: Günel Musa

    Mənbə: https://edebiyyatqazeti.az/

  • İsa HƏBİBBƏYLİ.”Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi”

    Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir tarixi hadisəsidir.

    Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə olan Böyük Qayıdış hərəkatının işığında Molla Pənah Vaqifin erməni qəsbkarları tərəfindən dağıdılmış məqbərəsinin əsaslı şəkildə yenidən qurulması ilə xalqımızla birlikdə Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin və ictimai fikrimizin də Qarabağa Böyük Qayıdışı hadisəsi baş verir.

    Cənab Prezidentimizin çox dəqiq şəkildə bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyev sovet dövründə Qarabağ xanının vəzirinin şərəfinə məqbərə ucaltmaqla fövqəladə qeyri-adi tarixi bir missiyanı həyata keçirmişdir. Hesab edirəm ki, Sovet hakimiyyətinin sərt dövründə ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqifin məqbərəsini Qarabağda ucaltması siyasi-tarixi mahiyyəti etibarilə Azərbaycan Sovet Respublikası rəhbərinin Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirməsi kimi təkraredilməz tarixi hadisədir.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunması və Molla Pənah Vaqifin məqbərəsinin yenidən Şuşa şəhərində əzəmətlə ucaldılması XXI əsrin əfsanəsidir. Qarabağın 30 ilə yaxın işğalından sonra düşməndən xilas edilməsi ölkəmizin sovet ideologiyasının məngənəsindən qurtarması qədər, hətta xeyli dərəcədə artıq çətin, məsuliyyətli və şərəfli xidmət işidir.

    Azərbaycan Respublikasını inkişaf etdirərək möhkəmləndirmək, Qarabağı 30 ilə yaxın  işğalından sonra azad etmək və Molla Pənah Vaqifin məqbərəsini yenidən möhtəşəm şəkildə ucaltmaq XXI əsrdə əfsanələrin həyata keçirilməsinin mümkünlüyünün isbat olunması deməkdir.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev XXI əsrdə əfsanələri gerçəkləşdirən qüdrətli dövlət xadimidir.

    Sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin çoxmillətli tərkibə malik olan Qarabağın dağlıq hissəsində, Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı əzəmətli məqbərə möhtəşəm azərbaycançılıq abidəsidir.

    Prezident İlham Əliyevin müstəqillik dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Molla Pənah Vaqifin məqbərəsini böyük memarlıq əsəri kimi Şuşa şəhərində bərpa etməsi işğaldan azad edilmiş Qarabağ torpağının Azərbaycan möhürüdür.

    Molla Pənah Vaqifin ölməz sənəti əbədi olduğu kimi, Molla Pənah Vaqifə Şuşada ucaldılmış məqbərə də azərbaycanlıların özlərinin doğma torpaqlarına əbədi  qayıdışının rəmzidir.

    Molla Pənah Vaqifin yenidən ucaldılmış məqbərəsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirməkdə olan Böyük Qayıdışın dönməzliyinin paroludur.

    Molla Pənah Vaqifin məqbərəsi Azərbaycan ədəbiyyatı və incəsənətinin əsas beşiyi və mühüm inkişaf mərkəzlərindən olan Qarabağda ucaldılmış ədəbiyyat heykəlidir. Dünyanın heç bir ölkəsində ədəbiyyata və incəsənətə Molla Pənah Vaqifin məqbərəsi səviyyəsində böyük sənət abidəsi ucaldılmamışdır.

    Vaqif Poeziya Günləri – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük hesabat və təntənəsidir.

    Vaqif Poeziya Günləri – ədəbiyyatın və incəsənətin, Qarabağın daha böyük inkişafa və parlaq gələcəyə çağırışlarının şeir dili ilə ifadə olunmuş direktivləridir. 

    Böyük Qayıdış ilinin Vaqif Poeziya Günləri yalnız mühüm ədəbiyyat tədbiri olmayıb, həm də mühüm ictimai-siyasi hadisədir.

    Dahi Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, məşhur xanəndə Bülbülün gülləbaran edilmiş heykəllərinin 30 ildən sonra yenidən Şuşaya, öz əzəli yerlərinə qaytarılması  Azərbaycan xalqının və onun liderinin məğlubedilməzliyinin rəmzidir.

    Bu il Cıdır düzündə qalib Ali Baş Komandan İlham Əliyev tərəfindən Novruz tonqalının alovlandırılması milli mənəvi dəyərlərimizin, Azıx mağarasına yol açılması qədim tariximizin, Molla Pənah Vaqifin məqbərəsinə Şuşa şəhərində yeni həyat verilməsi isə zəngin ədəbiyyatımızın və incəsənətimizin xalqımıza Böyük Qayıdışının əfsanəsi yox, gerçək reallığıdır.

    Nizami Gəncəvi ilində Şuşa şəhərində Molla Pənah Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə müdrik sözə, böyük sənətə və qüdrətli sənətkarlara dövlət səviyyəsində göstərilən böyük qayğının növbəti əməli təntənəsidir.

    Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında Məhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundovdan əvvəlki dövrün ən böyük sənət zirvəsidir.

    Erkən realizmin banisi olan, yeni realist şeir məktəbi yaradan Molla Pənah Vaqifin heca vəzni üstündə köklənmiş zəngin yaradıcılığı Qarabağın timsalında geniş mənada Azərbaycanın “abu-həyatı”nın poeziyasıdır.

    Azərbaycan ədəbiyyatında ümumi şəkildə tərənnüm olunan Vətən və doğma torpaq anlayışlarına Molla Pənah Vaqif xalq həyatı və ölkə coğrafiyası səviyyəsində həyatilik və konkretlik gətirmişdir.

    Azərbaycan yaradıcı ziyalılarının Molla Pənah Vaqifin məqbərəsi önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşməsi ölkəmizdə formalaşmış möhtəşəm birliyin canlı təcəssümüdür.

    Vaqif Poeziya Günləri – Qarabağa Böyük Qayıdışın möhtəşəm başlanğıcı, mühüm start nöqtəsidir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şəfa VƏLİYEVA.”Gül və onun “GÜL”ü”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm.

    Elə bilmişəm ki, nə etsəm, nə danışsam, mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Amma o, elə deyil. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda bir əminlik vardır. Mənə bugün üçün “yanlışlarımla da qürur duyuram, çünki mənimdir” – dedirdəcək bir özgüvəni qazandıran ikinci adamdır.

    Hekayələrimin birində onun obrazını yaratmaq istərdim. Bunu bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini çəkən ədəbi imzanı arayır-axtarır, kitabını tapır, pul verib alır, günlərlə oxuyur, analiz edir, fikirlərini məqalə şəklində mətbuatda çap etdirir, sonra pul verib həmin mətbuat vasitəsini də (jurnal, qəzet, almanax) alır, aparır müəllifin özünə hədiyyə edir. Bəhs etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır. Onunla bağlı xatirələrim çoxdur, lap çox.

    Müxtəlif zamanların müxtəlif kadrlarında gözlərimin önündə həmişə bir GÜL sözü var. Mən ona elə beləcə də müraciət edirəm: A GÜL!

    2016-cı ildə “aybKitab” layihəsində çap olunan üçüncü kitabına da bu adı verdi Gülnar Səma: “GÜL”. O kitabın hər vərəqinin elektron variantını görmüşdüm, çapını necə qəribə bir həvəslə gözləyirdim. Keçirilən təqdimatların heç birində isə iştirak edə bilmədim. Anam demiş, “bəzən nəyisə nəyəsə qurban vermək lazım gəlir”. Yox, mən “Gül”ü heç nəyə qurban vermədim, sadəcə onu zamana sığdıra bilmədim. Aprel ayında çap olunan kitab mənə ad günümdə – iyulun 22-də hədiyyə olundu. Ən gözəl hədiyyəm idi. Birnəfəsə oxudum kitabı. Tanış misralar idi. “Çobanaldadan” şeirini çox sevirəm. O şeiri ilk dəfə “Ədəbiyyat qəzeti”ndə oxuyanda Gülnar Səmaya bir məktub da yazmışdım.

    Adətən, əlimə düşən kitabları oxuyub bitirincə şəxsi kitabxanamdakı kitabların yanına (utanaraq deyim ki, karton qutulara) qoyuram. Nə sirrdisə, “GÜL” hələ də şkafın üstündən mənimlə “söhbətləşir”. Arada götürüb vərəqləyirəm, sevdiyim və əzbər bildiyim misraları tapıram, onları bir də oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram, başlayıram zümzümə etməyə. Gülnar deyir ki, “nazıyla oynadım ayrılıqların”. Sonra da özgüvənini belə sərgiləyir: “Ayrılıq mənimçün həyat tərzidi”.


    Mənim şeirlərimin əksəriyyətində sevənin iztirabları var. Gülnarın bir şeirinə rast gəldim, orda sevgidən şikayətlənən poetik obrazın cavabı çox orijinal şəkildə verilir:

    Nə olsun ki, bacarmıram,
    Ürəyimcə sevməyi də…
    Sən sevdin, dəyişdin nəyi?!

    Gülnarın şeirində folklora müraciət çoxdur. Bu, yenilik deyil. Xalqımızın ədəbiyyata sevgiylə yanaşması, hər addımda bir söz qoşulması sevindirici və qürurvericidir. Və ədəbiyyat tariximizdə xalq örnəklərindən qaynaqlanaraq yaradılan əsərlər də az deyil. Lakin Gülnarın şeirlərində folklor nümunələrindən birbaşa istifadə olunmur. Sanki xalqımızın söz xəzinəsinə işarə olunur. Bu işarələnmə və onun yaratdığı bədii nümunələr fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın tədqiqatçıları mütləq bu fikrimə diqqət ayıracaqlar. Fikrimi əsaslandırmaq üçün Gülnarın misralarından misal da gətirirəm:

    Gündə bir yol bostanına daş ataq,
    Qoy həftələr, aylar bizdən danışsın.


    lll

    Bir sevgi nəğməsi zümzümə etdin,
    Düşdü həyatının qu tərəfinə.


    lll

    Bir qız vardı bizim kənddə,
    Reyhan kimi gözü qara.


    lll

    Türkanə sevgi görər,
    Bütün nəlvə-nəsilin.


    lll

    Nux ulular misdən gümüş yapmadı.

    Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından, ədəbiyyat tariximizin çağdaş səhifəsində öz imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!

    “Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim. O şeirdə Gülnar yazır ki:

    Səbəbsiz bəhanələrin
    Nəticəsini alqışlamaqdan başqa
    Seçimin qalmır.
    Yox, əgər hələ bəhanələr qalıbsa,
    Onda, bu, ayrılıq olmur.


    İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox… Amma hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim… Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü” haqqında yazacağam. Tanrı nəsib etsin!

    Gəncə

  • Vaqif Poeziya Günlərinin bərpası – təkrarlanan tarixi missiya – Elnarə AKİMOVA

     Şuşada Vaqif poeziya günlərinin keçirilməsi o qədər böyük hadisədir ki, bundan layiqincə danışmaq üçün ilk növbədə özümüzün şüuraltımız idrak etməlidir. Bu tarixi hadisə ilk növbədə, 1982-ci ilin 14 yanvarında Ümummilli liderimiz Heydər Əliyevin Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılışının bir növ başqa formada, amma eyni missiya çərçivəsində təkrarlanması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Aradan keçən 39 illik zaman müddəti bizim üçün sınaq məqamı oldu. Bakıdan Şuşaya gətirən uzun yolda yaşadığımız ağrıları, itkilərimizi, fəci və nisgil dolu illəri birər-birər xatırlayarkən qəfil qarşımızda görünən “Zəfər yolu” gözəl, işıqlı bir sabahın rəmzi kimi sanki bütün ağrıların üzərindən sığal çəkdi. Bu duyğunu bizə qazandıran Ali Baş komandan İlham Əliyevə, qəhrəman əsgərlərimizə sonsuz şükranlıq borcumuz var.

    Şuşada ilk elmi simpoziumun iştirakçısı olmaq isə insana bir başqa fəxarət duyğusu yaşadır. Görünür, möcüzələrə inanmaq lazımdır.

    Molla Pənah Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə və gözəlliyə, kədərə və əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı və səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının və milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır. Bu mənada, dövrünün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənib. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli bədii təfəkkürün və özünüdərketmənin təzahürünün güclənməsi və s.

    Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının – Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz “Vaqifə qədər” olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.

    Vaqif yeni tipli ədəbiyyatın yaradıcısıdır. Onun şeirlərində təbiət öz zənginliyi və çoxçalarlılığı, insan öz mühiti və məişəti, xasiyyət və rəftarı, gözəllik və incəliyi ilə tərənnüm obyektidir. Professor Rüstəm Kamalın bu dövrlə bağlı maraqlı qənaəti var: “XVIII əsr Azərbaycan mədəniyyətini əslində “göz mədəniyyəti” adlandırmaq olar. Şuşanın tikilməsi də, Vaqifin poeziyası da “göz mədəniyyəti”nin təzahürüdür”. Burada “görmə” məqamı üzərində dayanmağa ehtiyac var. Daha çox içə, daxilə yönəlmək mənasında. Yəni bu qüdrətli şair gerçəklərin yalnız zahiri tərəflərinin təsvirinə yönəlməmiş, acı və sərt həqiqətlərin görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini də mənalandırmış, bəzən isə hətta ziddiyyətləri ilə birlikdə əks etdirmiş, batinin dərkini verməyə nail olmuşdur. Şairin “Bayram oldu”, “Görmədim” müxəmməsi və s. kimi şeirləri buna nümunə ola bilər.

    Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy Köçərlinin, Salman Mümtazın adı ilə bağlıdır. Sonrakı illərdə Həmid Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev ilə sahə böyüyüb. Hər birinin də dövrə və Vaqif yaradıcılığına fərqli yanaşması olub. Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov təsviri realizm üslubunun nümayəndəsi, Yaşar Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib kimi xarakterizə edib. Bütün bu tədqiqatlar sovet dövründə gerçəkləşən işlərdir. Vaqifin müstəqillik illərində ədəbi prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə bağlıdır. Nizami Cəfərov 1988-ci ilin sonlarında “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Azərbaycan intibahı: problemlər, mülahizələr” məqaləsində, daha sonra isə 1991-ci ildə işıq üzü görən “Füzulidən Vaqifə qədər” kitabında mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr kontekstinə daxil olan XVIII əsri və Vaqif yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında geniş polemikalara rəvac verdi, müxtəlif ədəbi instansiyalarda, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müzakirəsi təşkil olundu. Ölkənin demək olar ki, bütün ciddi alimləri bu tezislə bağlı fikir və mülahizələrini bölüşdülər. “Müstəqillik dövrünün ədəbi tənqidi” adlı tədqiqatım üzərində çalışarkən bu tezis ətrafında necə geniş müzakirələr aparıldığının şahidi olmuşdum. Bu müzakirələr sonucunda həm XVIII əsrə və onun yaradıcı şəxsiyyətlərinə, o cümlədən Vaqif irsinə münasibətdə çoxsaylı yanaşmalar meydana qoyuldu.

    Vaqif irsinə son yanaşma kimi bu yaxınlarda çap olunan İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyasının adını çəkə bilərik ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edir. Və nəinki XVIII əsr, ona qədər davam tapmış bütün ədəbi mərhələlər, klassik ədəbiyyat “Vaqif ədəbi mərhələsi”nə nəzərən tədqiq və şərh olunur.

    Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda fərqli və modern sənət prinsipləri kontekstində araşdırmalara imkan verəcəkdir. Bu sırada, “Ədəbiyyat qəzeti”ndə çap olunan son dörd yazını da qeyd etmək istərdim: Cavanşir Yusiflinin “Formanın müqəddəs sirri” silsiləsindən Vaqif haqqında yazdığı II məqaləni, Azər Turanın “Poeziyada “Görmədim” müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif ömrünün və türbəsinin faciəli aqibəti”, Tahirə Məmmədin “Şuşa ədəbi məclisləri: funksiya və missiyası” və Səadət Şıxıyevanın “Nisgilli könüllərin tərcümanı Şuşa Qarabağ şairlərinin şeirləri əsasında” məqalələrini. Bu kitab və məqalələri niyə xatırlatdım? “Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü” mövzusunu müzakirə ediriksə gələcək tədqiqatçılara geniş müstəvilərə adlamağa impuls verən mətnlərlə bələdçilik etməliyik.

    Məlumdur ki, Molla Pənah Vaqif ilk şeirlərini müəllimliklə məşğul olduğu illərdə yazmış, pedaqoji fəaliyyətinin Şuşa mərhələsində bədii yaradıcılıqla daha intensiv şəkildə məşğul olmuşdur. Lakin Molla Pənah Vaqif ömrünün son günlərini çox bədbin yaşamış, bu kədəri özünün “Görmədim” müxəmməsi ilə hərtərəfli ifadə etmişdir. Həyatının faciə ilə bitən sonluğu da şairimizin qoca vaxtında yazdığı şeirlərdə əsk olunmuş estetik qüruba adekvat olaraq yekunlaşmışdır. Cavanşir Yusiflinin yazdığı kimi, “gözəlliyi hiss etdiyinə, bildiyinə görə faciələrə tuş gəlmişdi”, cəzalanmışdı sanki. Ancaq bu gün sevinirik ki, böyük şairimizin ruhu şaddır. Otuz ilə yaxın işğal dönəmindən sonra o, öz azadlığına, ruhsal bütövlüyünə qovuşub. Vaqifin türbəsi hər zaman Şuşada ziyarətgah olub. Allaha şükürlər olsun ki, hər şey əzəli və əbədi gerçəkliyinə qayıdır. Şairin bizə heç zaman yadlaşmayan məqbərəsi artıq indinin və sabahkı nəslin daim ziyarət edəcəyi müqəddəs mehraba, qutsal məkana çevrilməkdədir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şair İbrahim İLYASLI.”Şuşada təəssürat olmur, heyrət olur…”

    Heydər Əliyev Fondundan zəng gəldi ki, adınız Şuşada keçiriləcək “Vaqif Poeziya Günləri”nə gedəcək heyətin tərkibinə daxil edilib.

    Həmin anda, Şuşa azad edilməmişdən bir neçə gün öncə Fesbuk səhifəmdə paylaşdığım “Alo… Alo… Şuşaya cavab ver!” mətnli qısa, ancaq qürur və həyəcan dolu statusumu xatırladım. Və eyni həyəcanla da: “Bu cür mübarək dəvətin qarşısında, lütfən, “narahat edirik” ifadəsini işlətməyin. Məni o tərkibdə gördüyünüz üçün başda Fondun sədri Mehriban xanım olmaqla hər birinizə dərin təşəkkürümü bildirirəm. Minnətdaram. Bu mənim ən böyük arzularımdan biri idi. Əlbəttə, gedəcəyəm!” – deyə cavab verdim.

    Və o gün gəldi!..

    Azərbaycan Dövlət Filormoniyasının qarşısında qələbəlik idi. Adamlar fərqli, amma gözlərdən oxunan baxışlar eyni idi. Hərənin gözündən öz Şuşası boylanırdı. Heydər Əliyev Fondunun əməkdaşları protokol qaydalarını diqqətlə izləyir, bizi səfərlə bağlı təlimatlandırır, maşın karvanının sürücülərinə gərəkli tapşırıqlar verirdilər.  Hamı yüksək komfortlu və səfərlə bağlı hər cür ləvazimatla təchiz edilmiş avtobuslara əyləşəndən sonra karvanımız Şuşa deyib yola düşdü.

    Mən 7 nömrəli avtobusda tanınmış ədəbiyyat adamları Elnarə Akimova, Aygün Bağırlı, Azər Turan, Mustafa Çəmənli, Zakir Fəxri, Etimad Başkeçid, Vaqif Aslan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Ələmdar Cabbarlı, Sayman Aruz, Əyyub Əbdüləzimovun da daxil olduğu  ekipin tərkibində idim. Maraqlıdır ki, bu adamların bir-birləri ilə danışıb bölüşəcəkləri çox şeylər olduğu halda  avtobusda sükut hökm sürürdü. Ön sırada əyləşdiyimdən hərdənbir  əslən Şuşadan olan, Şuşa işğaldan azad ediləndən sonra bir dəfə ora səfər etmiş araşdırmaçı-yazar, ekipimizin rəhbəri Əyyub müəllimə bəzi suallar verir, bilmədiyim bəzi şeyləri öyrənirdim. Bir neçə saatdan sonra elə bu minval və mənzərə ilə İmişlidə bir restoranda günorta yeməyinə əyləşib, yenidən yola düzəldik. Füzuli rayonunun ərazisinə keçəndən az sonra maşın karvanımız “Zəfər Yolu”na daxil oldu. Bir neçə ay öncə “Xalq Qəzeti”ndə çap olunmuş “Şuşaya zəfər yolu ilə gedəcəyik” başlıqlı məqaləmi, orda qələmə aldığım arzu və istəklərimi xatırladım. Hamının gözləri avtobusun pəncərələrindən yola dikilmişdi. Şüşə kimi hamar asfalt yolla maşın karvanı sürətlə irəli şütüyürdü. Biraz keçəndən sonra gördüyümüz ürək dağlayan mənzərələri cənab prezidentimizin işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı televiziyadan izləmiş olsaq da bunları əyani görmək ayrı bir ağrı yaşadırdı bizə. Füzuli rayon mərkəzi, rayonun yol boyunca gördüyümüz kəndləri mərə kafirlər tərəfindən yerlə yeksan edilmiş, dağıdılmış evlərin yalın divarları arasında bitən ağaclar evlərin boyunu aşmışdı. Sakinləri didərgin düşmüş evlərə qaravul çəkirmiş kimi dayanan məyus ağaclar bizi görcək yarpaqlarını yelləyir, gəlişimizi duyduqlarını bildirdirdilər.

    İlk dəfə getdiyimiz üçün heç kimin yola bələdçiliyi yox idi. Vaxtilə, işğaldan öncə dəfələrlə Şuşada olmuş qarabağlı dostlar Zakir Fəxri, Mustafa Çəmənli də “bu vaxtilə bizim getdiyimiz yol deyil” deyə bizə bələdçilik etməyə çətinlik çəkirdilər. Doğrudan da bu yol – Zəfər Yolu hər mənada başqa yol idi. Bizə bu yolu yaradan Uca Tanrıya şükranlığımızla bərabər, bu yolu yol eyləyən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxuyur, qazilərimizə sağlıq diləyir, ali baş komandanımıza minnətdarlığımızı bildiririk.

    Və bir müddətdən sonra ömrümdə bircə dəfə belə görməsəm də, milyon dəfə başına döndüyüm, heyranı olduğum, adı gəlincə dodaqlarımız çatlayan, məmləkətimin başının tacı, millətimin ürək döyüntüsü Şuşa görünür. “Görünən dağa bələdçi gərək deyil”, görünən Şuşaya isə heç gərək deyil. Bax, o kənd Daşaltı olmalıdı. Başına daş düşmüşlərin xəyanəti ucundan necə igidlərimiz şəhid düşdülər bu adlı uğursuz əməliyyatda. Hər şeydən öncə onları xatırlamaq, ruhlarının şad olması üçün dualar etmək borcumuzu verək. Ruhlarından izin alıb, adlayaq Şuşamıza.

    Budurmu Şuşa dediyin?! Budurmu illərlə adı gələndə dilimizi ağzımızda yandıran qala?! Budurmu səcdəsinə baş qoymaq istədiyimiz, indiyəcən əlimiz çatmayan, ünümüz yetməyən səcdəgah!? Şükür Sənə Xudaya!

    İzin verin, müqəddəs şəhid ruhları!

                            Bu qala Sizin qala!

    İzin verin, cəngavər qazilərimiz!

                            Bu qala Sizin qala!

    İzin ver, cənab ali baş komandan!

                            Bu qala Sənin qalan!

    …Hərbçilərimizin işarəsi ilə avtobuslar sürətlə irəliləyib şəhərə daxil olur. Ruhumuzun dolayları ilə gəlib Qarabağ otelinin qarşısında dayanırıq. Heydər Əliev Fondunun gənc əməkdaşları, otelin gülərüz personalı bizi mehribanlıqla qarşılayırlar. Odalarımızı müəyyən edib, tanıtım yaxalıqlarını təqdim edirlər. Sonra bərəkətli süfrəyə dəvət edirlər. Qarabağ oteli mənim üçün dünyanın ən yüksək ulduzlu otellərindən rahat, huzurlu, komfortlu və güvənli görünür. Odaların açarları paylanılsa da, demək olar heç kim odanı açarlamır, gec-gündüz hamının odası bir-birinə açıqdır. Etibar, inam, güvən, sayqı, sevgi ilə süslənib hər yan…

    Zakir Fəxri, Etimad Başkeçid, Sayman Aruz və mən ayrı-ayrı otaqları olan bir odaya yerləşirik. Mətbəxdə münasib bir süfrə qurub duyğularımızı, fikirlərimizi bölüşürük. Hər kəs və hamı kimi biz də bu işi tez yekunlaşdırıb şəhəri gəzməyə, daha doğrusu küçələri, dalanları, tinləri gözümüzə təpməyə gedirik…

    Bu cür anları tək yaşamağı xoşladığımdan təkliflərinə görə dostlara təşəkkür edib onlardan ayrılıram. Və mənim şuşualı anlarım, dəqiqələrim, saatlarım, günlərim başlayır. Şuşanın dağlarına baxıb bir zaman yazdığımı “Yurddaşlara” adlı şeirimi zümzümə edirəm öz-özümə…

    Ürəyimə damanlar düz çıxdı,- deyirəm. Bizim də üstümüzə gün doğdu.

    Şuşanın hər qarışı ilə dil tapmağa, onlarla həmsöhbət olmağa, oxuduğum Qarabağnamələrdəki məqamları bir-bir ağlımın və ruhumun süzgəcindən keçirməyə çalışıram. Şəhərdə tam sakitlikdi. Qarşıma çıxan hərbçilərimizin birindən Saatlı məhəlləsinin yerini soruşuram. Molla Pənah Vaqifin yurdunu, məhəlləsini. Yönləndirir məni…

    Sonra Şuşanın dahilərini bir-bir xəyalımda canlandırıram. Bir vaxt onların bu küçələrdə necə dolaşdıqlarını şəkilləndirmək istəyirəm gözlərimdə, səslərini axtarıram Şuşanın səmasında. Bunun mümkünsüz olduğunu duyub, hər gələn nəsil bura öz töhfəsini verməlidir, tarix isə şərəf kitabı olaraq yazıla-yazıla getməlidir,- deyə düşünürəm. Gecə yarıdan keçəndən sonra otel odasına qayıdıb, eyvandan Şuşanın mübarək gecəsini seyr edirəm! Bir Şuşa gecəsinin fotosunu çəkib; “Şuşada axşamlar yanar ulduzlar” mesajı ilə səhifəmdə paylaşıram. Yuxum gəlmir. Statusu görən uzaq-yaxın dostlar, əqrabalar telefon açırlar. Onların səslərini duydururam Şuşanın göylərinə: şəhid anası Ceyran xanım, şəhid bacısı Səltənət xanım, ustadım şair Əşrəf Veysəlli, mənə indiyəcən ən çox Şuşa nağılı danışmış şair Ofelya Babayeva, şair dostlarım Elçin İsgəndərzadə, İlham Çərgəzoğlu, “Azərbaycan bayrağı” şeiri ilə bizləri əfsunlamış şair Ramiz Qusarçaylı minnətdarlıq edirlər onları Şuşa ilə calaşdırdığıma görə. Gecə keçir. Sabah möhtəşəm bir etkinlik – “Vaqif Poeziya günü”ün açılış mərasimi gözləyir bizi…

    Vaqifin yenidən qurulmuş, olduğu kimi bərpa edilmiş möhtəşəm məqbərəsi önündə tədbirə hər cür hazırlıq görülüb. Əvvəlcədən müəyyən olunmuş yerlərimizi alandan sonra meydana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva daxil olurlar. Onları ayaq üstə sürəkli alqışlarla qarşılayırıq. Cənab prezidentin Molla Pənah Vaqifin ədəbiyyatımıza və xalqa xidmətləri, eyni zamanda Ulu Öndər Heydər Əliyev tərəfindən bu məqbərənin qurulması ilə bağlı tarixi çıxışı hər kəsi duyğulandırır, AYB sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Elçinin, Xalq şairi Nəriman Həsənzadənin bu günü bizi yaşatdıqlarına görə şəhidlərimizin ruhuna, qazilərimizə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqla dolu nitqləri hər kəsin ürəyincə olur.

    Sonra həm cənab prezident İlham Əliyev, həm də Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tədbir iştirakçıları ilə səmimi söhbət edirlər. Ədəbiyyatımızın tarixi, taleyi ilə bağlı maraqlı söhbətlər edirik. Cənab Prezident də, Mehriban xanım da müraciət edən hər kəsi dinləyir, onların suallarını və təkliflərini dinləyib münasibət bildirirlər.

    Nahardan sonra hamı Cıdır Düzünü seyr etməyə dəvət edilir. Hiss olunur ki, hər kəs oradan Xankəndinə baxmaq istəyir. Ürəyimizdən nələr keçdiyini isə Azərbaycan oxucusuna deməyə ehtiyac yoxdur. O gün də gəlir deyə düşünürük hamımız. Cıdır Düzündən geri dönərkən elə avtobusdaca gənc istedadlı şair və jurnalist Şahanə Müşfiq məni haqlayır, telefonunun diktafonunu açıb: “Şuşaya səfərlə bağlı təəssüratınızı qəzetimizin oxucuları ilə bölüşərdiniz”, – deyir. Cavabında ilk sözüm bu olur: “Şuşayla bağlı təəssürat olmur, Heyrət olur! Mən heyrət içindəyəm”

    Növbəti gecəni də Şuşada yaşamaq nəsibimizdir. Sabahısı gün bu möhtəşəm və tarixi Poeziya günündə çıxış etmək üçün mənə də söz verilir. “Zəfər Marşı” şeirimi oxuyuram və ordumuzu yeni zəfərlərə səsləyib, Zəfər yolu ilə paytaxta dönürük.

    Zəfər həmişə səninlə olsun Azərbaycan! Ruhun şad olsun, Vaqif babamız! Biz səninik gözəl Şuşa, mərd Şuşa, ilahi Şuşa!

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Şuşalı günlər”

    Biz bu dəfə Vaqif Poeziya Günlərində Şuşanı mənfur işğalçıdan azad eləyən, qəhrəman Azərbaycan ordusuna başçılıq edən qalib Ali Baş Komandanın özü ilə bir yerdəyik. Birinci vitse-prezident Mehriban Əliyeva ilə bir yerdəyik. Şuşada!

    “Gözəl Şuşa! Sən azadsan!..” – bu tarixi sözləri ilə ilk dəfə deyən də qalib Ali Baş Komandanın özüydü.

    Mən Şuşada kimi gördüm,

    qürurlu gördüm,

    “Can!” da dedim dilimdə bir

    Tanrı duası.

    Üzeyiri, Natəvanı,

    Bülbülü gördüm,

    sinəsində namərdlərin

    güllə yarası…

    Artıq heykəllərin hamısı öz yerindəydi.

    Şuşa şəhəri, 29-31 avqust, Vaqif Poeziya Günləri  artıq təqvimin yeni səhifələrilə əvəz olundu, yaddaşlara köçdü; şeirimiz, sözümüz, ədəbiyyatımız dünya hər salnaməsində analoqu olmayan 44 günlük istiqlal döyüşlərinin tarixi anlarını yaşadı, vətəndaşlıq vəzifəsini bir daha nümayiş etdirdi.

    Şuşa dağlar, meşələr bulaqlar qoynunda taleyi, tarixi olan qədim və müasir şəhərimizdi.

    Millətin mənəvi sərvəti, torpağın zənginliyidi.

    Mən taleyimə, həyatın özünə minnətdaram ki, yaşayıb bu tarixi günlərin iştirakçısı oldum.

    Şuşaya gedən bu dağ yolu, bu Zəfər yolu yaşamağa, qurub-yaratmağa çağıran bir səsdi.

    Unudulmaz ulu öndərin 1982-ci il yanvarın 14-də, o qarlı gündə indiki Vaqif abidəsi önündə şairlərə, incəsənət xadimlərinə hörmətlə, ehtiramla bir-bir söz verməsi, onların həyəcanlı, vətənpərvər çıxışları indiki kimi yadımdadı. Bizə elə gəlirdi ki, göydən qar yox, çiçək yağır, çünki əhval-ruhiyyə yüksək idi. Qarabağda qar yağırdı – Qarabağda Ağ gecəydi.

    Unudulmaz ulu öndər belə tədbirlərlə millətin özünü də özünə tanıdır, tarixdə yeri olan, misilsiz yaradıcılıq ənənələrilə fərqlənən bir xalq olduğunu, bu danılmaz həqiqəti dünya xalqlarına da elan edirdi.

    Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışındakı tarixi çıxışında xatırladı ki, o vaxt ulu öndərin 59 yaşı var idi.

    Məlum oldu ki, mənfur düşmənlərimizin uçurub-dağıtdıqları Vaqif abidəsini yenidən eyni şəkildə bərpa etdirən Cənab Ali Baş Komandanın da yaşı 59-dur! Abidənin önündə, Prezident atası Heydər Əliyevin dayandığı yerdə (mənə elə gəlirdi) dayanıb, poeziya iştirakçılarına müraciət edirdi. O vaxtlar cənab Ali Baş Komandanın 20-21 yaşı olardı. Mərhum anası, görkəmli alim-oftalmoloq Zərifə xanım da oradaydı.

    O vaxt ağlımıza da gəlməzdi ki, gözümüzün qabağında böyüyən bu istedadlı, vətənpərvər gənc 44 günlük istiqlal döyüşlərinə, atasının, millətin arzularını yerinə yetirməyə hazırlaşırmış! İşğal edilmiş torpaqlarımızın ağır taleyi, yüz minlərlə qaçqının, köçkünün dözülməz mənəvi sıxıntıları onun yuxusuz keçirdiyi gecələrdə səbrlə, təmkinlə, siyasi dünyagörüşlə ölçülüb-biçilirmiş!

    Uzun illər nə Beynəlxalq Millətlər Təşkilatının işğal edilmiş torpaqlarımızın qeydsiz-şərtsiz azad olunması barədə qərarlarından, nə də ATƏT-in Minsk qrupu deyilən hiyləgər dəstəsinin gəliş-gedişindən yaramıza bir məlhəm olmadı.

    Cənab Ali Baş Komandan İlham Əliyev öz xalqına arxalandı, fəxrlə “Bir millət, iki dövlət!”  deyə qürurlandığımız etibarlı türk qardaşlarımızla məsləhətləşdi. Türkiyə Respublikasının Prezidenti, dostu və qardaşı Cənab Rəcəb Tayyub Ərdoğan da ulu öndərin fikirlərini təsdiq etdi: “Türkiyə və Azərbaycan keçmişi bir, gələcəyi bir, dili bir, dini bir iki qardaş dövlətdir” – dedi.

    Biz yaradıcı ziyalılar bu unudulmaz günlərin canlı şahidləriyik.

    Vaqif Poeziya Günləri bizim tərcümeyi-halımıza qızıl xətlərlə yazıldı.

    Artıq Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtıdır.

    Xarıbülbül festivalı,

    bir möcüzəydi,

    yerlər-göylər ovsunlanıb

    dedim, Şuşada.

    Burda torpaq – hamiləydi,

    yollar təzəydi,

    Paytaxt Şuşa doğulurdu,

    qədim Şuşada.

    Burada ən müasir üslubda tikilən mehmanxanalar, mədəniyyət ocaqları, məscidlər, xalçaçılıq evi, inzibati mərkəzlər, Şuşanın bugünüdür, daha parlaq sabahıdır.

    Şuşadan – xalqımı, onun şərəfini qoruyan qəhrəman ordumuzu salamlamaq istəyirəm, şəhid oğullarımız qarşısında baş əyirəm, qazilərimizə cansağlığı, gümrahlıq diləyirəm!

    Deyiləsi, yazılası sözümüz, əlbəttə, çoxdur.

    Sizə, Cənab Ali Baş Komandan, Sizə, əziz Mehriban xanım, vətənimizin sabahı naminə cansağlığı, səadət arzulayıram.

    Yaşayın! Yaşamağa haqqınız var!

    “Qarabağ – Azərbaycandır!”

    Qarabağnaməm – İlhamdı!

    Şuşa-Bakı,

    1 sentyabr, 2021

    06Mənbə: https://edebiyyatqazeti.az/

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

    ( Ustad şair İsmayıl İmanzadəyə məktub) Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir… Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın olan qardaşım hələ çox əvvəllər tapıb gətirmişdi… Onun müəllimi olmuşdum… tapşırıq vermişdim ki, hər kəs özünün böyük adaşı haqda yazsın… Təsəvvür et ki, o , 40 il bundan əvvəl sənin böyüklüyünü uşaq məntiqi ilə necə sübut edirdi… Sonra mən mətbuata keçdim… Səninlə görüşlərim müntəzəm xarakter aldı… apardığın dərnəyə dəvət edirdin ki, müəlliflərin yaradıcılığını təhlil edim… Ümid ədəbi dərnəyində oxunan şeirlərin səviyyəsi məni qane etməyəndə öz şeirlərini oxumağını heç unutmuram… Bununla sanki demək istəyirdin ki, bilirsən kim nə yazır və necə yazır… Bir sözlə, Sən bir şair kimi zaman zaman insanların qəlbində bitirdin… indi böyük ruh aləminin köklu Çinarısan… çox əzəmətli Çinarı… Xətrinə dəyməsin, bəzən mənə elə gəlib ki, sən dahi axtarıb yanında durmaq , şəkil çəkdirmək xəstəliyinə düçar olmağa doğru gedirsən… ancaq buna sənin səmimiyyətin imkan vermədi… Sən bizim İsmayıl olaraq qaldın… Dahi xalqdır… səni tanıyan , sevən, səndən yaxınlığa , ünsiyyətə görə qonaqlıq ummayan insanlardır… Bu gün Sənin şair taleyin yurd həsrəti ilə ömür pillələri qalxır…Sənin, yəni ədəbi ictimai rəydə kifayət qədər yeri olan bir şair İsmayıl İmanzadə kimi cəmiyyətin ruhən diri qalması naminə mübarizən, yazıb yaratmağın bir ordunun görə bildiyindən az dəyərli deyil…Qalır ki, rəsmi təsdiq … bunun özünün də maraqlı tərəfləri var… İnsanlar haqqı olub rəsmən təqdir olunmayanların xatirəsini daha əziz tuturlar… Bir də ki, hələ cavansan… yaşa görək… …az qala unutdum sənin kitab axtarmağını… kitablar çoxdan səni sevən, tanıyan insanların ruhuna hopub, yaddaşına köçüb… çox vacib olsa faksimile edərik… orijinalın özündən fərqlənməyən… P.S. yəqin bilirdin ki, bizim ailənin , yəni mənim kitabxanam rayonda ən böyük , ən zəngin kitabxana idi .. rayon üzrə şəxsi kitabxanaların hesabatında da bu göstərici vardı… rəhmətlik Bahadır Mehdiyev, bizim Tariyel Abbaslı, rayonun digər nüfuzlu komissiya üzvləri xüsusi rəy yazmışdı …həmin rəyi mən rayon qəzetində çap etdirmək istəyirdim…təəssüf o vaxt… nə isə… həmin rəydə qiymətli kitablar, dəyərli ədəbi elmi nümunələr sadalanırdı… ayrıca qeyd olunurdu, Sərdar Əsədin, Sabir Əhmədovun, Sabir Süleymanovun və sənin , yəni İsmayıl İmanzadənin adları….o vaxt bu əsas şərtlərdən biri idi…Çəbrayıldan olan elm və sənət adamları şəxsi kitabxanalarda necə təmsil olunur… Bir sözlə , həmin kitabxana üç hissəyə bölündü. . Bir hissəsi Xələflidəki ümümi evimizdə, bir hissəsi Cəbrayıl şəhərindəki evimdə, bir hissəsi də Mərcanlıda dostum Ələsgərgilin evində qaldı… bizi m əmlakımız da elə yəqin sənin vaqonunla qonşu olaraq qənimət kimi aparılıb… Tarixən qəsbkarlar qəsb elədikləri əraziləri talan etməkləri ilə fəxr ediblər…ancaq unudurlar yaddaşı talan etmək olmaz… Əzizim İsmayıl İmanzadə … sən artıq xalqın tarixi mənəvi yaddaşında yaşarı haqq almısan… üzü gələcəyə yaxşı yol…hələ görüşlərimiz ,yəqin ki, yenə olar… sevgi və səmimiyyətimizi qorusaq , qoruya bilsək , əbədiyhətdə də … Səninlə dostluq mənim üçün fərəhdir… Asif Ata fərəhi yaşamağın özülü kimi şərh edirdi… …Qəlbin fərəhsiz olmasın… Oxuculardan və əziz dostum, səndən bəndənizi bağışlamaq dilərdim… mətni birbaşa, redaktəsiz yaddaşa verdim… Əli Rza Xələfli… 05 . 09. 2020. LökBatan…8.35.

  • Rəşad Məcidin “Roman”ı – Gülnar Səma

    Rəşad Məcidin “Roman” adlı kitabında çap etdirdiyi şeirlərin bir-biri ilə bağlılığı və ilk baxışdan nəzərə çarpmayan süjetə malik olmağı əsərin poema kimi təqdim olunmağına əsas verir. Həmin poema haqqında akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” kitabında hərtərəfli söz açılmışdır. Kitabda qeyd edilir ki, “Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, “Roman”da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. Fikrimizcə, “Tapdım” şeiri, ilk növbədə, “Roman”da proloq funksiyasını yerinə yetirir”.

     Əslində bu tapılan ilişib bir küncdə qalan sirli fikirlərin açarıdır. Poemanın əvvəlində “Bildim, bahar gəlib yenə payızda” detalı təsadüfi verilməyib, çünki əsərin sonlarına yaxın bahar-payız məsələsinə yenidən qayıdılır. Ürək sahibinin beş ildir xəbər almadığı, itmiş ürəyinin yerinin tapılmağı maraqlı başlanğıcdan xəbər verir. “Bu yaş adlı tərəzidə Ürəyimdən qoca gəldim” etirafıyla şair zaman keçdikcə hisslərinin hansı hisslərə qapıldığını təqdim edir. Əlli altı adda şeir əsasında yazılan poemada “Ən doğma insan” şeirinin ilk sətirləri olan “Sən stol deyilsən, stul deyilsən, Tramvay deyilsən, metro deyilsən” misraları əsərin sonluğunda “İşığa, günəşə ümid yox. Yenə oldum daşın, divarın, stolun, stulun tayı” fikirləri ilə yekunlaşır. “Qisas” şeirində “Adamı göyə qaldırıb, Sonra ki, yerə vururlar. Elə bil sıfır artırıb Sonra sıfıra vururlar” fikirləri ilə müəllif naçar aşiqin ümidsizliyinin ən dolğun poetik şəklini çəkir.

     “Son” şeirində iztirabların dərin həyəcanı hiss olunur. “Göydən on üç şeir düşdü, Səhv saldım, dedim, almadı” misraları təsdiqləyir ki, bura qədər “Roman”ın 13 şeiri yazılıb, adətən, göydən 3 alma düşdü deyirik, bu dəfə 10 şeir düşüb. “Amma “Yaxşı ki bu son olmadı” şeiri ilə hadisələr nikbin məcraya düşür, yeni nəfəs qazanır. “Bu həftə”, “Mənim bəsimdir”, “Qurban vermə gəl”, “Öldürmək istədiyin hissin nəğməsi” şeirlərindən hər biri münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. “Mən nəyəm səninçün” soruşursansa, Deməli, hələ də uşaqsan, uşaq” misraları bir çox tərəddüdlərin çırpındığını ortaya qoyur.

    “Roman”da bir neçə dəfə haşiyə xarakterli şeirlər də yer alıb. Müəllif etiraf edir ki, çoxdan unutduğu hisslər gizli-gizli boy göstərir. Poemanın tipi haqqında akademik İsa Həbibbəyli belə qənaətə gəlir: “Rəşad Məcidin “Roman”ı ədəbiyyatımızda lirik şeirlərin aparıcılığı, ağırlığı əsasında yazılmış ilk liro-epik poemadır…” Əsərdəki “Neyləsən də getməyəcək Əlindəki öpüş yeri”, “Mən sənə neylədim axı, Mən sənin əlindən öpdüm”, “Məni ən gözəl oyunlar, Əyləncələr yordu döndüm” misraları sübut edir ki, lirik təqdimatda verilən bu şeirlər real yaşantıların bədii ifadəsidir. Hisslərinə sahib çıxmağı bacaran aşiq etiraf edir ki; “Qisməti yazanı karıxdıraram”, “Qəzavü-qədərə kələk gələrəm”, “özümü çarmıxa çəkərəm, ancaq Qorxduğun taleyi qıymaram sənə”.

    Poemada qoşma, gəraylı, beşlik, altılıq, yeddilik şeir formaları ilə yanaşı, sərbəst şeirlərdən də istifadə edilmişdir. Gəraylıya nümunə olaraq “Səni yoldan saxlamaram – Soldusa get, sağdısa get” misraları olan şeiri misal çəkə bilərik. Sərbəstdə isə belə yazır: “Gicgahım ölür dəmir bir “oyuncağın” soyuq lüləsindən ötrü, Bu yandan da sən gəlmirsən”. Bu şeirlər vasitəsilə baş verən hadisələrdən xəbərdar oluruq. Sevgiliyə bildirilir ki, səndən ötrü ölən, hüzuruna qul kimi gələn adam dünən saat 17-də öldü. Bununla hadisələrin inkişafı zirvəyə doğru irəliləyir. Şair birdən-birə əvvəldə xatırlatdığımız bahar-payız simmetriyası yaradan fəslə dönür. “Payızın ortası yazın gəlməyi – Bu bahar havası sənə görədir” – söyləyir. Buna baxmayaraq, şair ümidsizlik qənaətinə gəlir: “Səndən həssas imiş bir rus qarısı”.

    Düyünün açılmağı isə çox ziddiyyətlidir. Belə ki, əvvəl hökm verilir, get indi başqası öpsün əlini, başqa bir dodaqda çəkilsin adın, sonra isə bir andaca qərar ləğv edilir, düşmənə vermərəm, dosta vermərəm, qoymaram bir kimsə öpə əlini – fikirləri qətiyyəti ifadə edir. Çəkilən iztirabları “Həftəm altı gündür, sutkam beş saat” misrasından da görmək olur. Fikrimizcə, final üçün ən uğurlu seçim “Getdinsə…” şeiridir. Əsərin bu yerində təsəlli xarakterli sətirlər kifayət qədərdir: “Yaxşı ki, əvvəldən sındı qanadın, Ortada demədin: “necə gedərəm?” və ya “Bu höcət, ərköyün, balaca uşaq Gör necə döndərib uşağa məni”.

    “Nə yaxşı yan keçmədik” şeirində “On üçdə ilişmişdim, Amma arxı adladım. Şükür sənə, ilahi, Şükür qırxı adladım” bəndi ona işarə edir ki, indiyə qədər poemanın 13 şeiri yazılmışdısa, artıq şeirlərin sayı qırxı keçib. Bu isə həmin əsərin, sadəcə şeirlərdən ibarət bir mətn olduğunu yox, müəyyən qanunauyğunluqlara tabe olan poema olduğunu təsdiqləyir. Hadisələrin yenidən təkrarlandığı, növbəti görüşün baş tutduğu qələmə alınır. “Ən çətin sualın da Həlli səbrin qədərdi” – söyləyən şair hadisələrin yenidən təkrarlandığına və “Görüşdük nə yaxşı ki!” qənaətinə gəlir.

    Bu görüşdə isə “Oxumaq istəsən ən düz şeirimi, Gözlərini zillə, gözlərimə bax” – deyən tələbkar aşiq obrazı ilə qarşılaşırıq. Hətta, bu yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa da can atır; “Heç yana, heç yerə getmə, nə olar, Qal burda- qurbanın, qulun olaram”. Yaradılmış mübariz aşiq obrazı yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa can atır. Lirik qəhrəman artıq böyümüş Uşağın onun üçün nə qədər önəmli olduğunun fərqini belə izah edir: “Mənə bəxş etdiyin bu xoşbəxtliyin İçində heyrətdən donub qalmışam”.

    Aşiq ayrılıq zamanı özünə Yerdə yer tapa bilmədiyini etiraf edir. Sona yaxın bir neçə şeirdən aydın olur ki, şair növbəti ayrılıqdan sonra sözün həqiqi mənasında soyuq Sibirə üz tutur; “…Hə indi evə dönəndə deyəcəklər sənə – Sifətin niyə qızarıb? Eləbil lap Sibirdən gəlmisən”. “Saatım qurulub sənin vaxtına” şeirində rus qarısı yenidən belə xatırlanır; “Görürəm yuyunub, daranmağını, O rus qarısına çay verməyini…” Bunlar poemadakı hadisələrin real yaşantıların təzahürü olduğunu bir daha təsdiqləyir. Bu dəfə əsər əbədi ayrılıqla tamamlanır: “Yenə sürünməyə döndü yaşamaq. Ötən il yayacan olduğutək dadını itirdi hər şey”. Poemada baş verən hadisələr müəyyən süjetlə, rəvayət üslubunda nəql edilməsə də, tərənnümə təhkiyənin təsiri hiss olunur. Oxucu mütləq hansısa əhvalatın qələmə alındığının fərqinə varır.

    Mənbə: https://literature.az/

  • Gülnar SƏMA.”AYSEL XANLARQIZININ “DARIXAN ŞEİRLƏR”İ”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Bir şeirin könlün alıb, heca-heca sevdim səni” – misralarının müəllifi Aysel Xanlarqızının “Darıxan şeirlər” kitabından söhbət açmaq istəyirəm. Kitabın bir şeirindəki “bir tabutluq çiyin, bir kəndirlik boyun, bir dözümlük can, bir qismətsiz yazı” kimi tapıntılar əksər şeirlərdə nəzərə çarpır: Çiçəklər arıların dodaqlarında bal daddıqca yarpaqlar xəfif təbəssümlə qımışır burda, hörümçəklər yuva arzusuyla tər tökürlər torda… Arılar və çiçəklər, hörümçək və tor sözün bütün mənalarında ədəbiyyatın hədəfinə tuş gəlib. Ayselin təqdimatında isə balın çiçəklərdən başlayan ömrünün arının dodaqlarından keçən həyat yolu yarpaqların xəfif təbəssümlə qımışmasına səbəb olub. Eləcə də hörümçək torunun yuva qurmaq arzusundan başlayaraq tər tökməyin bəhrəsi kimi hörgüsü şairanə təqdimatdır. Qolları eşq döngəsi, Ömürdür hər nəfəsi… Gedişi mərmi səsi, Həsrəti savaş adam. Qolların eşq döngəsinə bənzədilməsi çarəsizliyin fərqli təqdimidir. Hərəsi bir tərəfimizdə yerləşən qollarımızı üfüqi istiqamətdə və ya başımız üzərinə qaldırsaq, hərəsi bir tərəfə baş götürüb gedər. Paralel tutsaq, həndəsənin aksiomları öz hökmünü verər: paralel düz xətlər kəsişməz. Həmin paralel qollarımızı kəsişdirib özümüzə tərəf əysək, özümüzü qucaqlamalı olarıq. Əgər bizi başqası qucaqlamırsa, qollarımız eşqin özümüzə sarılan eşq döngəsidir. Şeirdə isə söhbət ONUN qollarından gedir. Eləcə də, onun nəfəsindən, onun gedişindən, onun həsrətindən. O nəfəs ki, səninçün ömür deməkdir. O gediş ki, ancaq mərmi səsiylə müqayisə oluna bilər və düşdüyü, ya da dayandığı yerdə faciələr yaradar. O həsrət ki, onu duymaq özünü savaşda hiss etmək kimidir. “Dünya Tovuz boydaydı bu gecə, /Bütün manşetlər boyu/ Güllələnirdi xəbərlər…” – misraları Tovuz döyüşlərinin qəhrəmanlarından olan general Polad Həşimovun xatirəsinə həsr olunmuş şeirdəndir. 30 il torpaqlarının 20 faizi işğal altında qalmış bir dövlətin yenidən başqa bir bölgəsinə düşmən göz dikərsə, o zaman o xalq üçün bu boyda dünya kiçilib bir rayon boyda olar. O millətə elə gələr ki, bütün dünya ilə mübarizə aparmaq, sadəcə, bir rayonu müdafiə etmək qədər mümkündür. Düşmənin üzü dönərsə, millətin də gözü dönər. Dünyanın hər yerində etiraz dalğaları baş qaldırar. Bütün manşetlərin xəbərlərini güllə səsinə məhkum edər. “Sus, danışma” bağırır bütün atəşkəslərə, Son damla qanınadək tarix yazır oğullar… Qarabağa duatək səslənir güllə səsi, Qələbə arzusuyla gerçək olur nağıllar Hücum əmri şığıyır… Bu bənddə Vətən müharibəsinin bütün gəlmişini-getmişini sezmək olur. Son damla qanınadək tarix yazan oğulların atəşkəs qərarlarını susdurmaq əmri verməsinə alqış duyulur. Xalqımızın müharibə dövründə atəşkəs müqavilələrinə olan etirazından tutmuş, güllə səsini duatək qəbul etməsi, qələbəyə inamı, nağılları gerçəkləşdirmək əzmi təqdir edilir. Sən zindan aşiqisən, mən azadlıq yanğılı, Qoşulmağa gücüm yox içimdəki haraya… Rəngli-rəngli baxsaq da bu sevginin gözünə, Kefin istəməyəndə deyəcəksən qaraya boz… Ayselin bu kitabında nümunə gətirdiyimiz bəndin formasına oxşar bir neçə eksperiment şeir var. Mənə elə gəlir ki, bu eksperimetlər uğurlu alınıb. Belə ki, hecada yazılmış hər dörd misranın sonuna ya bir söz, ya da bir söz birləşməsi əlavə edilib ki, bu da mənaca əvvəlki misralarla bağlanır. Həmin qanunauyğunluq digər şeirlərində də mükəmməllik yaradıb. “Darıxan şeirlər”in məxsusi cəhətlərindən biri xoşagəlimli qafiyələrin varlığıdır: Gözümdən yuxu tökülən, Gecəm yellənir beşikdə. Həsrət evimin içində, Sevinc buzlayır eşikdə… Bəndində işlədilmiş beşikdə və eşikdə tam qafiyələri ilə yanaşı, “qarmağı sevən balığa”, səndən qalan tək qalıq”, “şüa kimi sevməyə” “dua kimi sevmək” qafiyəsinin tapılması mətn daxilində çox yerinə düşür. “Günəşi alovlandırasan qoynunda//Öpüşləri boyunbağı edəsən boynunda…” – misraları isə yalnız qafiyələrinin gözəlliyi ilə deyil, mənasının özəlliyi ilə də fərqlənir. Aysel Xanlarqızının bu kitabında “İnsan adlı oyuncağam”, “Dərviş ömrü”, “Qonaq görüşlər” və başqa bir neçə heca vəznində yazılmış şeirlərinin bütün misralarını poetik örtüyə qərq olmuş görürük. Bu cür şeirlər müəllifinin ani səhlənkarlığı olmasa, daha yaxşı olardı. Məsələn: Həyat çılğın dalğaların gətirdiyi çöpləri Yığsa da sahilim boyu, Zamanı sevgiyə boğmağı sevdim… misralarında ilk baxışdan hər şey qaydasındaır. Lakin SEVGİYƏ sözü Azərbaycan dilinin qrammatik qaydalarını pozub. Fikrimcə, bu söz ya “ilə” qoşması və ya -da, -də şəkilçisi ilə işlənməli idi. Sözün yönlük halda işlənməsi heç bir məna kəsb etmədiyi ilə yanaşı, həm də dil qüsuru yaradır. Heç sevgiyə qərq etmək anlamı da vermir. Bundan başqa “əgər gedərsəm, mənimçün darıxma” – şərt budaq cümləsində də “getmək” feilinə şəkilçilər düzgün ardıcıllıqla qoşulmayıb. Normaya əsasən, zaman şəkilçisindən sonra şəxs, sonra şərt şəkilçisi gəlməlidir və söz “gedərəmsə” olmalıdır. Nümunənin sərbəst şeirdən olduğunu nəzərə alaraq, heç bir poetik məcburiyyət qarşısında qalmadan dil qaydalarını pozmağa haqq qazandırmaq olmur. Ona görə ki, Aysel istəyəndə dil və ədəbiyyatın iş birliyindən öz xeyrinə yararlana bilir: “sevgim həsrətinə əsir qurtuldu”, “ayrılığın fəryadında səadətə kar olmuşam”, “xoşbəxtlik alın yazımda qəza enişi eyləyir”, “sürət həddini aşmış mənim şikəst həyatım” – misraları sözün ən gözəl halındadır. Eyni zamanda “yarpaqtək yaşadı ruhum xəzəli”, göz dəyməsin təkliyimə, bir sıldırım qaya kimi…” təşbehi, “məni yoxluğuna alışdırma gəl, yolları götürrəm ayağın altdan…” mübaliğəsi müəllifinə əhsən dedizdirir.

  • Rafiq ODAY.”HƏYAT YAŞAMAĞI BACARANLAR ÜÇÜN GÖZƏLDİ…”

    Zümrüd Baloğlanova – 75

    Keçən ay Milli Mətbuatımızın qaranquşu olan «Əkinçi» qəzetinin ilk sayının nəşr olunmasının 146 ili tamam oldu. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 146 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Məlumat üçün bildirək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı 2001-ci ildə formalaşdırılıb və hazırda öz ətrafında təxminən 70 nəfər jurnalisti birləşdirir və bu qələm sahiblərinin əksəriyyəti də respublikamızın müxtəlif KİV-lərində (televiziya, radio, qəzet, jurnal və internet saytlarında) müvəffəqiyyətlə çalışmaqla ölkəmizdə, o cümlədən hər birimiz üçün doğma olan Sumqayıt şəhərində həyata keşirlən abadlıq, quruculuq işlərinə öz töhfələrini verirlər. Belə sayılıb-seçilən jurnalistlərdən biri də bu gün 75 illik yubileyinin işığına yığışacağımız Zümrüd xanım Nöhbala qızı Baloğlanovadır.
    Əgər Zümrüd xanımı bir neçə cümlə ilə xarakterizə etməli olsaq, təxminən aşağıdakı kimi bir formula ortaya çıxar:

    • Zümrüd xanım qarışqa ömrü yaşayıb, 17 yaşından etibarən boyundan uca, çəkisindən qat-qat ağır işlərin altına verib çiynini (hələ 8-ci sinifdə oxuyarkən ailəyə madddi dəstək olmaq üçün atdığı cəsarətli addımı da diqqətə alsaq, bu artıq 14-15 yaşlara gedib çıxır);
    • işinə qarşı çox ciddi və məsuliyyətli olub, tapşırılan işi mükəmməl qaydada yerinə yetirməyincə rahatlıq tapmayıb;
    • yarımçıqlığı xoşlamayıb, çalışıb ki, işinin bilicisi olsun;
    • hər kəsin dediyini və bildiyini tutuquşu kimi təkrarlamayıb,
      məsələlərə öz yanaşması, öz münasibəti olub. Çayın axarı ilə yox, axarına qarşı üzməyi xoşlayb;
    • həmişə haqqın yanında olub, kiminsə haqqını qamarlamaq istəyənlərə qarşı barışmaz mövqe tutub;
    • yalanı yaxına buraxmayıb, yalançılardan uzaq gəzib, buna aşkar-gizli cəhd edənləri də, sözün yaxşı anlamında, cəzalandırıb;
    • ürəyi rəhimlidir, mərhəmət hissi heç vaxt qəlbini tərk etməyib. Əl tutduğu, yardım etdiyi, iş verdiyi, aş verdiyi insanların minnətdarlıq dolu baxışlarını özünün ən ali mükafatı sayıb (amma məqamı gələndə sərt üzünü də görməyə hazır ol);
    • Həmişə azdan-çoxdan imkanı və pulu olub, şükür Allaha, bu gün də var, amma heç vaxt maddiyyata önəm verməyib. “Qonşun ac yatırsa, sənin tox və rahat yatmağa haqqın yoxdur” prinsipini həyat amalına çevirib;
    • qeybətdən, dedi-qodudan uzaq olub, xanımları da həmişə bu yönə dəvət edib.
    • xoş və müsbət aurası var. Getdiyi yerə sevinc aparıb, gülüş, təbəssüm aparıb. İnsanlar arasında həmişə səmimiyyət və mehribançılıq toxumu əkməyə çalışıb;
    • dostun, yaxının uğuruna sevinib, heç kimə quyu qazmayıb, ayağının altından nərdivanı çəkməyib, əksinə güçü, qüdrəti, istedadı, əzmi, düşüncəsi olanlara yüksəlmək üçün nərdivan təklif edib;
    • vətənini, millətini, xalqını canı, qanı qədər sevib, həmişə dövlətin və dövlətçiliyin yanında olub. Hər iki Qarabağ savaşındakı misilsiz fəaliyyəti, etdiyi yardımlar, olduğu dəstəklər, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı hər kəsə bəllidir;
    • layiqli vətəndaşdır, yurdumuzu qarış-qarış gəzib, təbiət gözəlliklərindən ilham alıb və yazılarlında bu gözəllikləri vəsf edib…
    • həyat davam edir, ötən illər Zümrüd xanımın nə insanlığını, nə də nə xarakterini dəyişə bilib. Bu illər ərzində qərarlaşdığı ali məqamı qoruyub saxlaya bilib.
      Ötən illər demişkən, gəlin Zümrüd xanımın keçdiyi şərəfli ömür yoluna nəzər salaq və ömür kitabını vərəqləyək.

    Zümrüd Nöhbala qızı Baloğlanova 23 avqust 1946-cı ildə Bakı şəhərində (öz dili ilə desək, Abşeronun Pirşağı kəndindəki dəniz ləpədöyənində bir balıqçı vətəgəsində) anadan olub. 1964-cü ildə Maştağa qəsəbəsindəki 187 nömrəli eksperimental orta məktəbi qızıl medalla bitirib. Arzusu – onun da oxuduğu məktəbi bitirərək ali jurnalist təhsili almış, Azərbaycan radiosunun gənc əməkdaşı kimi doğma məktəblərinə gələrək verlişlər hazırlayan Mailə Muradxanlı kimi jurnalis olmaq idi. Bunu Zümrüd xanımla bir sinifdə oxuyan bacısı Minarədən eşidən Mailə Muradxanlı kiçik yazılarını tez-tez məktəb xəbərləri kimi “Azərbaycan pioneri” qəzetində dərc etdirməklə, radionun uşaq verlişlərinə çıxarmaqla onu jurnalistikaya həvəsləndirir.
    Arzusuna qovuşmaq məqsədlə Zümrüd xanım orta məktəbi bitirib, atasının doğma vətəni saydığı, əmisinin yaşadığı Sumqayıta gəlir, niyyətini əmisinə bildirir. Pirəkəşküldən Berlinədək döyüş yolu keçən, Sumqayıt şəhər Sovetinin deputatı olan əmisi Abusət Məmmədovun xahişini nəzərə alaraq, bilik səviyyəsi yoxlanılmaqla, onu “Sosialist Sumqayıtı” (indiki “Sumqayıt”) qəzeti redaksiyasına korrektor kimi işə qəbul edirlər. Beləliklə, 8 sentyabr 1964-cü ildən Sumqayıtla bağlı və ömrünə nur saçan böyük həyat yoluna ilk qədəmlərini atmış olur.
    “Sosialist Sumqayıtı” qəzeti redaksiyasında Zümrüd xanım çox mehriban, peşəkar insanlarla əhatə olunmuşdu. Qəzetin baş redaktoru Zərifə xanım Təhməzova, məsul katib Zakir Axundov, partiya şöbəsinin müdiri Ramiz Tapdıqov, idman-şəhər həyatı şöbəsinin müdiri Məmmədəli Məmmədov, tikinti şobəsinin müdiri isə Oktay Cəfərov… Biraz sonra Feyzi Mustafayev, Kamran Hacıyev… Sevil Bayramova onda ədəbi işçi kimi fəaliyyət göstərirdi. Xasay Cahangirovla Zümrüd xanım sənaye və nəqliyyat sahəsini idarə edirdilər. Zümrüd xanım hər zaman qürur hissi ilə qeyd edir ki, “Xasay Cahandirovu özümə müəllim, ustad bilmişəm. Duz 8 il onunla bir otaqda uz-üzə oturmuşam. O, məni oyrədib, yazı tərzini başa salıb. Bütün repotajlarım, zarisovkalarım, oçerklərim onun nəzarəti altında hasilə gəlib…”
    “Sosialist Sumqayıtı”nin sənaye və tikinti şöbəsində işləməsi Zümrüd xanımı şəhərin nəhəng tikinti və sənaye həyatının qaynar qoynuna atır. Sumqayıt onun gözləri önündə sürətlə böyüyürdü. Nəhəng kimya sənayesinin texnoloji proseslərini, idarıəetməsini öyrənmək üçün çox vaxt kimyaçılara qoşulub müəssisələrdə iş nöbbələrinə də çıxırdı. Kimya kombinatı adlandırılan “Üzvi sintez” zavodunun hər sexinin, hər istehsalatının inşaat meydançalarında ayaq izləri qalıb Zümrüd xanımın, qəzet səhifələrində silsilə yazıları – reportajları, zarisovkaları, oçerkləri, tənqidi materialları dərc olunub.
    Zümrüd xanım Baloğlanova “Sosialist Sumqayıtı” qəzetində əmək fəaliyyətinə başlayandan bir il sonra – 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qəbul olur və təhsilini qiyabi davam etdirir. 1971-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnir. Onun “Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyyə olunur. Bu elmi axtarışlar nəticəsində “Sosialist Sumqayıtı” qəzetinin ilk sayının işıq üzü görməsinin dəqiq tarixi də aydınlığa qovuşur. Bu haqda Zümrüd xanım özü belə qeyd edir:
    “Diplom işimi Seyfulla Əliyevin rəhbərliyilə götürmüşdüm. Axtarışlarıma baxmayaraq, nə “Sosialıst Sumqayıtı” qəzeti redaksiyasının arxivində, nə M.F.Axundov kitabxanasında, nə də soruşduğum insanların dilindən dəqiq məlumat əldə edə bilmədim. Nəhayət, Kitab Palatasından istədiyimi tapdım. Qəzetin ilk nömrəsi direktiv əsasında yaranmış bir qəzet idi. Yəni bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. nəzərdə tutulur. 5-14 oktyabr tarixlərini əhatə edən Kommunist Partiyasının XIX qurultayının açılışına həsr olunmuş qəzetin ilk nömrəsi 13 oktyabrda işıq üzü görmüşdü. Qurultayın şərəfinə buraxılan qəzetin ilk redaktoru da Məmmədyar Ağayev olmuşdu. Ancaq, nədənsə, sonradan bu tarix müxtəlif vaxtlara keçirildi. Təəssüf ki, dediklərim uzun müddət yerini almdı. Nəhayət, qəzetin 5-ci nömrəsi tapıldı. Həmin nömrədə M.Ağayevin yazısı da var idi. Və o, dəqiq 13 oktyabr 1952-ci il tarixini göstərirdi. Bu fakt mənim diplom işimdə qeyd etdiyim tarixlə üst-üstə düşürdü. Hətta mən diplom işində birinci nomrənin təsvirini də vermişdim…”
    Həmin dövrdə Zümrüd xanım təkcə “Sosialist Sumqayıtı” qəzeti ilə kifayətlənməmiş, yerli və mərkəzi mətbuat səhifələrində müxtəlif səpkili və janrlı yazılarla davamlı olaraq çıxış etmiş, yüzlərlə operativ yazının, oçerkin, reportajın, zarisovkanın, felyetonun müəlluifi olmuş, hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdi.
    1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova, 1979-cu ilin sentyabrından köçürmə yolu ilə “Kirpi” siyasi satira jurnalına işə qəbul olunaraq felyeton şöbəsinin redaktoru kimi burada 15 il jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir. “Kirpi” jurnalındakı fəaliyyəti ilə bağlı Zümrüd xanım özü bunları dilə gətirdi:

    • İlk yazılarımı 1970-ci ildən “Kirpi” jurnalına göndərməyə başlamışdım. Redaksiyaya getmirdim. Yazıların üzərinə lazımi sənədləri əlavə edir, poçt vasitəsilə jurnalın redaksiyasına göndərirdim. Günlərin bir günü həmin jurnalın məktublar şöbəsinin müdiri, əslən sumqayıtdan olan Adil Axundov mənimlə görüşmək üçün “Kimyaçı” qəzetimizin redaksiyasına gəldi. Söhbət əsnasında: “Ay xanım, siz bu qədər yazı göndərirsiniz, niyə özünüz bir dəfə də olsun redaksiyada görünmürsünüz? Sizi sabah redaksiyada gözləyəcəklər, mütləq gəlin”- dedi. Ertəsi gün redaksiyaya getdim.
      Məni baş redaktorun müavini Aydın Hüseynzadə qəbul etdi. “Sizin yazılarınız redaksiyada çox yaxşı qarşılanır və özünüz də görürsünüz ki, heç bir düzəliş olmadan səhifələrə çıxarılır” – deyərək, mənə jurnalda iş təklif etdi. Aramızda bir maraqlı dialoq da oldu və mən razılaşdım. Növbəti gün felyeton şöbəsinin redaktoru kimi əmrim verild. Düz 15 il o jurnalın tarixində yeganə yaradıcı qadın əməkdaş kimi fəaliyyət göstərdim. Həmişə maraqlı, oxunaqlı və diqqətçəkən yazılarla çıxış etdim…”
      Zümrüd xanım “Kirpi” jurnalında işlədiyi 15 il ərzində respublikamızın, demək olar ki, hər bölgəsini, hər güşəsini, dağını, düzünü, aranını, yaylağını, meşəsini gəzdi, bulaqlarının suyundan içdi, gözəl insanları tanıdı, çoxlu dost-tanış qazandı. Laçının Zarında dağda qara qurd düşməsinə, Kəlbəcərin “İstisu”yunun dolaylarına, Taxtı yaylasına, Səməd Vurğunun vəsf etdiyi “Ceyran bulağı”na tamaışa etdi, alaçıqların, bu alaçıqlardan boylanan al-əlvan geyimli, su pərisinə oxşar qız-gəlnlərin, laləli düzlərin, yaşıl çəmənliklərə yayılmış qoyun-quzu sürülərinin seyriə daldı, Zəngilanda Çinar meçəsinin kənarındakı “İbrahim bulağı”nın üstündə çörək kəsdi, xalq mahnısında deyildiyi kimi, yaxın-uzaq Şuşanın “İsa bulağı”na endi. Amma gördüyü bütün bu gözəlliklərə rəğmən öz doğma Sumqayıtından başqa heç bir yerdə qərar tuta bilmədi. Özünün də dediyi kimi: “- Gəzdim İran-Turanı, cənnət bildim buranı, yəni öz doğma Sumqayıtımı. O vaxtlar “Kommunist” nəşriyyatında ev növbəsinə dayananlara mənzillər paylanarkən mən Bakıdan deyil, boya-başa çatdığım, dost-tanışlarımın, qohumlarımın, illərlə ünsiyyətdə olduğuğum insanların, yazı qəhrəmanlarım olmuş, sonradan dəyərli dostlarıma çevrilmiş Əliş Mustafayevin, Nurəddin Babayevin, Zamin Hüseynovun, Nərçə Ağayevin, Adil Məmmədovun, Sahib Qarayevin, Təbrik Quliyevin, Zəminə Həsənovanın, Tamara Rufullayevanın, Mələk Bayramovanın və onlarca başqalarının yaşadığı bir məkandan – hər birimizin tale şəhəri olan Sumqayıtdan aldım güzəştli mənzilimi.”
      Qızı Nigar birinci sinifə gedəndə Zümrüd xanım Bakıdakı işindən ayrılmaq məcburiyyətində qalır (məqamı gəlmişkən qeyd edim ki, Zümrüd xanımın yeganə qızı olan Nigar xanım hazırda respublikamızın sayılıb seçilən vəkillərindəndir. Öz sahəsinin mükəmməl bilicisidi. Ailəlidi, Zümrüd xanıma iki gözəl-göycək nəvə bəxş edib. Allah bu gül balaları min budaq eləsin. Bəxtləri, taleləri gözəl olsun).
      1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərməyə başlayır. Bakıdan mütəxəssis və texnologiya gətirməklə möhür istehsalı sahəsini açır, gərgin iş rejimi şəraitində çalışaraq, şəhərdə bu sahədə olan təlabatı tamamilə ödəyə bilir. Paralel olaraq da kiçik həcmli kitablar, blanklar, titul vərəqələri, vizitkalar və s. çapına başlanılır. Bu fəaliyyət sayəsində neçə-neçə işsizə iş, çorəksizə çörək verir Zümrüd xanım. Birinci Qarabağ savaşı dövründə fonda milyonlarla rubl pul, xeyli qızıl-gümüş keçirir. Yüzlərlə aztəminatlı və imkansız ailə Zümrüd xanımın xeyriyyəçilik fəaliyyətindən bəhrələnir. Ancaq “Sağ əlin verdiyini sol əl bilməsin gərək” prinsipinə sadiq qalan Zümrüd xanım həmişə reklamdan uzaq qaçıb, etdiklərini də Allah xatirinə etdiyini vurğulayıb. Allah-taala da bunun müqabilində onun ruzisini, necə deyərlər, “başından töküb, bir manatını on manat edib. Zümrüd xanım bu missiyanı indi də davam etdirir, bir ehtiyac sahibi gördümü özünü tez ona çatdırır, imkansız dostlarını – qələm sahiblərini də unutmur və bu addımından mənən rahatlıq tapır.
      Zümrüd xanım Baloğlanova bu gün də gənclik eşqi ilə yazıb-yaradır. Dövri mətbuatda – “Azad Azərbaycan” qəzetində, Azpress.az, SİA.az, manevr.az, sumqayitfakt.az və digər saytlarda vaxtaşırı publisistik yazılarla çıxış etməklə, jurnalistlik fəaliyyətimi davam etdirir.
      Dəfələrlə respublika və şəhər səviyyəsində mükafatlara, diplomlara layiq görülən Zümrüd xanım, hələ o vaxtlar Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.
      O dövrdə SSRİ Jurnalistlər İttifaqının, hazırda isə Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır.
      Həyat yaşamağı bacaranlar və Sizin kimi geriyə şəstlə baxmaqdan qorxmayanlar üçün gözəldi, Zümrüd xanım! Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, təşkilatın bütün üzvləri adından Sizi 75 illik jubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir edir, həyatda möhkəm can sağlığı, sevinc və səadət dolu illər, süfrəsinə bol ruzi-bərəkət arzulayıram.
      Dərin hörmət və sevgilərlə,
      Rafiq Oday,
      Azərbaycan Jurnalistlər Birliyi
      Sumqayıt şəhər təşkilatının sədri,
      Respublikanın Əməkdar jurnalisti.
  • Günel MUSA.”Erkən nikahlar: bitməyən xaos”

    Qız uşaqlarının erkən yaşda ərə verilməsinin arxa planında sosyomədəni və iqtisadi səbəblər, lüzumsuz mental dəyərlər yatır. Yoxsulluğun, cəhalətin yüksək,  təhsilə verilən əhəmiyyətin az olduğu cəmiyyətlərdə qız uşaqları sorğu-sualsız qurbandır. Bu nə din, nə irq, nə millət fərqi tanımayan qlobal bir bəladır.  BMT-nin ötən il açıqladığı statistika dəhşətlidi, hər il dünyada təxminən 12 milyon qız uşağı 18 yaşına çatmamış evləndirilir.

    Erkən yaşda ailə qurmağa ailəsi tərəfindən məcburiyyət faktlarından başqa, bir də qız uşaqlarının özlərinin bunu istəməsi faktları da var. Bunun təməlində isə əsasən ailədaxili şiddət dayanır. Ailə daxilində fiziki zorakılığa məruz qalan qızlar ərə getməyi özləri üçün xilas yolu bilir.

    Uşağın bioloji inkişafını tamamlaması, öz hisslərini tanıması, həyatını necə davam etdirəcəyinə qərar verməsi bəlli bir olqunluq tələb edir. Bu təbii prosesi tamamlamadan ərə getməyə, uşaq dünyaya gətirməyə məcbur edilən qızların çiyinlərinə daşıya bilməyəcəkləri məsuliyyətlər yüklənilir. Onların böyük əksəriyyəti normal olaraq bu yükü daşıya bilmir və bu gün xəbər lentlərində görüb dəhşətə gəldiyimiz hadisələrə yol açır.

    Təəssüf ki, ölkəmizdə rastlanan  belə hallar cəmiyyəti içindən çıxa bilməyəcəyi xaosla təhdid  edir. Bu gün hələ də az da olsa, nəsildən-nəsilə ötürülən bu travmanın payı böyükdür. Azərbaycanda hər 10 adamdan 7-8-ni dindirsək görərik ki, nənəsi ilk övladını 15-16 yaşında dünyaya gətirib. Nə qədər uşaq anasız böyüyüb. Çünki erkən yaşda dünyaya uşaq gətirən qadınların əksəriyyəti doğuş zamanı dünyasını dəyişib. Anasız böyüyən uşaqlar qohum-əqrabanın əli altında ömür keçirtdiyi üçün həyata qucaq dolusu mənəvi zərbə ilə qədəm basırlar. Damla-damla ruhlarına hopan şiddət, əziklik, sevgisizlik onları mənən əzir. Aqressiv, şiddətə meyilli, sevgisiz bir topluma çevrir. İlk baxışdan bunların fərqinə varmaq mümkün deyil. Ancaq baş verənləri analiz etdikdə bunun bir reallıq olduğunu dana bilmərik.

    Bu günlərdə bütün ənənəvi və sosial mediada Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması xəbəri uşaq yaşda zorla ərə verilən qızların faciəsini yenidən gündəmə gətirdi. Təbii ki, bu ilk hadisə deyil. Hələ aylar əvvəl 13 yaşlı qızın nişanlanması da bizi dəhşətə salmışdı. İllər əvvəl doğuş zamanı həyatını itirən 16 yaşlı qızın faciəsini də xatırlayırıq. Erkən yaşda baş tutan evliliklərin faicəvi nəticələri gün keçdikcə artmaqdadır.

    Hələ uşaqlığını yaşamadan ərə verilən, ana olan qızlarımız psixoloji travmalara məruz qalır. Bu vəziyyət təkcə psixoloji deyil, eyni zamanda sosioloji bəlalara yol açır. Erkən məcburi nikahlar ötən əsrlərdə nə qədər uzunömürlü olsa da, indiki dövrdə erkən yaşda qurulan ailələrin təməlinin çox da sağlam olmadığını sübut edən bir çox faktlarla qarşılaşırıq. Xəyanətlər, evdən qaçan gəlinlər, intihar hadisələri, övladından imtina etmə halları, namus cinayətləri hardasa hər gün mediada qarşımıza çıxan faciəvi nəticələrdir. Cəmiyyəti çıxılmaz xaosa sürükləyən bu bəladan xilas olmaq üçün məsələyə daha çox diqqət ayrılmalı və gündəmdən düşürülməməlidir. İlkin olaraq davamlı və məcburi təhsil ciddi şəkildə həyata keçirilməli, məktəb-ailə-uşaq üçbucağı daha da möhkəmləndirilməlidir. Erkən nikahların çox olduğu bölgələr üzrə bir risk xəritəsi hazırlanmalı və həmin riskli bölgələrdə bu istiqamətdəki işlərə daha çox diqqət yetirilməlidir.

  • NARGİS.”Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı? -“

    Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi. Çayı bardağa boşaldanda ürəyi yenə sıxıldı. Çayı pəncərədən soyuğun üzünə çırpdı. Qaranlığa siqaret tüstüsüvari bir tüstü yayıldı. Ballı süd içmək ən yaxşısı idi. Südü qaynar sevirdi. Gərək boğazını yandıraydı. Nədənsə, o zaman südün şəfalı olacağını düşünürdü. Əks halda heç bir məna ifadə etmirdi süd onun üçün. Bu gün o günlərdən biri idi. İşdə də, evdə də beynini toplaya bilmirdi. Tez-tez onun istəmədən məruz qaldığı dialoqlarda məntiqi rabitəni itirirdi. Söhbətə unutduğu yerdən davam etmək getdikcə çətinləşirdi. Beynindəki informasiya tullantıları zehnini zədələyirdi. Bəzən isə fikrini cəmləyib demək istədiyini ifadə etməkdən könüllü olaraq imtina edirdi. Çox vaxt öz-özünə sual verirdi: dünya hara gedir belə? Bəs mən hara gedirəm? Əslində, düzgün istiqamət haradır? Tanrıyamı? Allahamı? İnsanamı?

    Qaynar südü yudumladıqca günün mənzərəsi canlanırdı beynində, bozumtul mənasızlıqlar məngənəsində sıxılırdı ruhu. Bəli, ruhu sıxılırdı. Mahnı, film, iş və s. cəhdləri mənasız qalmışdı. Bəlkə də, yazmalı idi, amma nəyi yazmalı idi. Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?

    Axı istədiyi çox şey olurdu həyatında. Bəs nə idi bu dünya boyda sıxıntının sirri? Niyə daima sıxılmağa bəhanə axtarırdı? Niyə hər zaman hadisələrin mənəvi qismi ilə maraqlanırdı. Hamı kimi ola bilməmək xəstəliyinə yaxalanmışdı, bilirdi artıq. Herisçinin “Nekroloq”undakı kimi həyasızca yaşamaq varkən, niyə Anna Karenina kədəri, Martin İden sıxıntısı boğurdu onu?

    Bəzən həyat çox böyük boşluq təsiri bağışlayır, sən heç nə istəmir, heç nə gözləmirsən, həyatında adicə bir yarpaq xışıltısı belə olmur, boğulursan. Əslində, yarpaqlar var, ətəklərin Jane Austenin libasında olduğu kimi uzundur, ancaq bilirsən ki, ətəklərin və ayaqlarının toxunuşu belə yarpaqları xışıldatmayacaq… Bəlkə də yarpaqlar xışıldayır elə həmişə xışıldayıb. Bəlkə də sən eşitmirsən? Heç vaxt eşitməyəcəksən…

    Necə ki dünyanın uğultuyla dönüşünü, əzdiyin qarışqanın ölüşünü, Tanrının sənə ironiya ilə gülüşünü eşitmirsən…

    Bəlkə də elə hər zaman belə olacaq… Yarpaqlar əbədi olaraq xışıldamayacaq… Onurğandan aşağı boşalacaq yalnızlığın. Sən elə həmişə axtaracaqsan.

    Heç vaxt cavablamayacaq suallarını Allah. Sən isə elə hey axtaracaqsan… Dekabrda Şaxta babaya, Apreldə Allaha məktub yazacaqsan… Elə hey inanacaqsan… Bütün yalanlara inanmaq istəyəcəksən.

    Yalnızlıq tənhalıqdan fərqlidir. Yalnızlıq könüllü seçilir. Yalnızlıq genetikdir, ruhsallığın əlamətidir. Tənhalıq elədirmi?

    Filosofların yalnızlığın fərqli insanlara məxsus olduğu fikrinə sahib çıxmaq üçün yalnızlaşacaqsan.

    Bəzən ətrafında bütün planetlər, peyklər dövrə vuracaq, bu, sadəcə, səni bezdirəcək, qəzəblənəcəksən, yalnızlığın dərinləşəcək., böyüyəcək, evlənəcək və ailə olacaq…

    Yazdığın məktuba cavab gəlməyəcək…

    Bir uşaq mütləq Şaxta babanı gördüyünü sevincək bağıracaq…

    Sən güləcəksən…

    Yazdığın məktubun cavabının axtarışına çıxmaq arzusuna yeniləcək ruhun…

    Sən həmin an bir yarpaq kimi ayrılacaqsan. Düşəcəksən ailə budağından…Və hər şeyə inad bir yarpaq olmağın doğasına ziddiyyət olmağı seçəcəksən… Heç vaxt çürüyüb qarışmayacaqsan torpağın damarlarına. Yenidən var olmaq istəməyəcəksən. Sənin də üzərində sürünəcək kimlərinsə ətəkləri, ayaqları… Sən də heç vaxt xışıldamayacaqsan.

  • NARGİS.”Çünki o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə, dünyada, kainatda olursa-olsun… o bizimdir… “

    NARGİS

    Podqoritsa Monteneqronun paytaxtıdır. Kotor, Tivat və Budvadan sonra pozulmamış təbiəti və sinəsində gəzdirdiyi zümrüd boyunbağı kimi uzanan Moraka çayı məni bu şəhəri görməyə vadar etdi. Buranı ziyarətimin ən vacib səbəbi isə ədəbiyyatşünas Azər Turanla olan söhbətdən sonra formalaşdı. Azər Turan mənə vaxtilə Podqoritsada olarkən yazdığı məqalədən bəhs etdi. Hər zaman olduğu kimi, yeni, axıcı, informativ və innovativ yazı oxumuşdum. Ancaq bunlardan əlavə, yazıda həm də Podqoritsada ucaldılan səma şairinin – Hüseyn Cavidin heykəlindən danışılırdı. Podqoritsa parklar, körpülər, sənət qaleriyaları şəhəridir. Ancaq buradakı “Kral” parkı hər bir azərbaycanlı üçün doğma və əzizdir. Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərindəki həmin “Kral” parkında Hüseyn Cavidin abidəsi əngin səmaya doğru ucaldılıb. Bu abidənin yamyaşıl ağacların olduğu, insanların mütamadiyyən ziyarət etdiyi “Kral” parkında eyni zamanda Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının da böyük mənəvi dəyəri var. Bu iki xalq arasında dostluğun, səmimiyyətin göstəricisidir. Hüseyn Cavidin abidəsini ziyarət etmək məni çox qürurlandırdı. Podqoritsanı ziyarət edər-etməz çantaları qaldığımız otelə əmanət edib parka doğru yola çıxdıq. Cavidi axtarıb tapdıq. Onunla salamlaşdıq, Naxçıvandan, Azərbaycandan salamları yetirdik. Abidənin tozunu yoldaşımla birgə təmizlədik. Çünki o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə, dünyada, kainatda olursa-olsun… o bizimdir. Cavidin abidəsinin çiyinlərində mənə tanış olmayan güllərin çiçəkləri rəqs edirdi, gözləri uzaqlara zillənmişdi. Bir anda mənə elə gəldi ki, o vətənə – Azərbaycana boylanır. Onun gözlərinin ziyasını axtardım heykəldə. Mənə elə gəldi ki, bir anda təkcə gözləri canlandı tələm-tələsik gözlərinin izi ilə baxmağa çalışdım Naxçıvana, Azərbaycana, İstanbula, Avropaya, dünyaya… Dodaqları da tərpənsin istədim, mənimlə danışsın, evinə, doğmalarına salamlar göndərsin istədim… uzaqdan Morakadan Araza zümzümə etsin, oxusun bu misraları istədim:

    Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,

    Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.

    Baqın, görün tarixiniz sizə nələr göstərir,

    Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.

    Lavandaların son ləçəklərinin bihuşedici ətri, əncir ağaclarının dolğun şirəli meyvələri ilə sanki təbiətin ən nadir hasarıyla çəpərlənmiş “Kral” parkının girişini Azərbaycan Respublikası Dövlət Gerbi və Monteneqronun dövlət atributları bəzəyir. Girişdə bu sözlər  yazılıb: “Kral” parkının yenidənqurma və abadlaşdırma işləri Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan hökumətinin və Podqoritsa şəhər meriyasının dəstəyi ilə həyata keçirilmişdir”.

    Parkdan uzaqlaşdıqca dönə-dönə Cavidə tərəf boylandıq. Qutsal missiyamızı yerinə yetirmiş kimi hiss edirdik.

    Ürəyimizdə nəhəng qürur hissi ilə Dahi Cavidlə və Podqoritsa ilə vidalaşdıq.

    13.08.2021

  • Günel MUSA.”Ədəbiyyat və aktuallığını itirməyən qadın emansipasiyası”

    Hər nə qədər ədəbiyyata tərs bir davranış şəkli olsa da, qadına şiddət mövzusunun işləndiyi sahələrdən biri də ədəbiyyatdır. Xüsusilə təhkiyəli əsərlərdə örnəklərinə tez-tez rast gəldiyimiz cinsi, fiziki və psixoloji şiddət mövzusunun roman, hekayə, povest, tamaşa və filmlərdə fərqli rakurslardan işləndiyini görürük.

    Həm yerli ədəbiyyatımıza, həm də dünya ədəbiyyatına  nəzər salanda fiziki və psixoloji şiddət motivlərinin xeyli zəngin olduğunu görmək mümkündür. Çünki şiddət bir yazıçı üçün əsla qaçırılmayacaq xammaldır. Psixoloji şiddət insanı cəmiyyətdən təcrid etməyə, qorxutmağa çalışmaq və bu yollarla qarşısındakı insana zərər verməkdir. Məqsəd zərərçəkən qadını iqtisadi baxımdan ələbaxımlı etməkdir. Psixoloji şiddət nümunələrində çox zaman ilk baxışdan zorakılığa dair heç bir izə rast gəlinmir. Ədəbiyyatımızda psixolji şiddət nümunələrindən Cəfər Cabbarlının “Sevil” pyesini misal çəkmək olar. Əsərdə savadsız evdar qadın olan Sevilə əri Balaş psixoloji şiddət göstərir. Onu daima geyiminə, savadsız olmasına görə aşağılayır. Qonaqların yanında pərt edir. Pula həris olan Balaş Sevildən fərqli olaraq müasir geyinən, kişi məcilislərində başıaçıq oturub onlarla birlikdə badə qaldıran varlı qadın Dilbərə aşiq olur. Balaşın Sevili evdən qovub, onu övladından ayırması isə qadına qarşı tətbiq edilən psixoloji şiddətdir. Cəfər Cabbarlının  qələmə aldığı “Almaz”  pyesində isə qadına qarşı yönələn həm psixoloji, həm cinsi zorakılıq nümunələrinə rast gəlirik. Əsərdə təhsil görmüş gənc müəllimə Almaz işləmək üçün gəldiyi ucqar dağ kəndində, kəndin mühafizəkar əhalisi tərəfindən psixoloji şiddətə məruz qoyulur. Çünki Almaz kənddə əzilən qadınların haqlarını müdafiə edir. Almazın ömür boyu kişi hegemonluğuna səssiz-səmirsiz təslim olan qadınların gözünü açması kənd kişilərinin ürəyincə deyildi. Ona görə də onu qadınları əxlaqsız yola çəkməkdə ittiham edirlər. Pyesdə cinsi zorakılığa məruz qalan obraz isə məsciddə molla tərəfindən zorlanaraq hamilə qalan, amma qorxusundan səsini çıxara bilməyən Yaxşıdır.

    Böyük Azərbaycan maarifçisi  İsmayıl bəy Qutqaşınlının qələmə aldığı “Rəşid bəy və Səadət xanım” povestində isə qadına qarşı yönələn mənəvi zorakılıq var. Əsərin qəhrəmanı Səadət xanım Rəşid bəyi sevir, amma atası onu varlı Əsgər ağaya vermək istəyir. Öz xoşbəxtliyi uğrunda mübarizə aparmaq ixtiyarı olmayan  Səadət xanım atasına intihar cəhdi ilə etiraz edir.

    Mirzə Fətəli Axundovun da bir çox əsərlərində qadına qarşı şiddətin bir sıra növlərini görürük. O həm komediyalarında, həm də qələmə aldığı məqalələrində qadınların üzləşdikləri məişət zorakılığı, məcburi nikahlar və uşaq istismarlarına toxunur.

    İsmayıl Şıxlının “Dəli Kür” romanında qadına qarşı şiddətin daha dəhşətli nümunələrini görürük. Nüfuzlu mülkədar Cahandar ağa kişi hegemonluğuna söykənən davranışları ilə ailəsindəki bütün qadınlara qarşı şiddət tətbiq edir. Cahandar  ağa Allahyarın həyat yoldaşı Mələyi atının tərkinə alıb zorla qaçırır. Əsərin gedişatında hər nə qədər Mələyin Cahandar ağanın ikinci həyat yoldaşı olmasından məmnunluq duyduğu göstərilsə də, əslində, bu, zorla qaçırılan qadının baş verənlərə təslim olmaqdan başqa çıxış yolunun olmamasıdır. Dövrün mövcud ənənə və dini baxışları Mələyin düşdüyü vəziyyətə etiraz haqqını məhdudlaşdırır. Mələk yaxşı bilir ki, Allahyarın yanına geri qayıda bilməz. Çünki namus məsələsi adıyla Allahyar onu onsuz da sağ buraxmayacaq. Heç bir təhsili, savadı olmayan Mələyin mülkədarın ikinci qadını olmaqdan yaxşı çıxış yolu yoxdur. Amma Mələyin günü Cahandar ağanın evində o qədər də xoş keçmir. Cahandar ağanın birinci həyat yoldaşının təzyiqlərinə də dözmək məcburiyyətindədir. Zərnigar ərinə heç bir etiraz etmək haqqına sahib olmadığı üçün bütün hirsini Mələkdən alır. Onu təhqir etməklə psixoloji, şillə vurub, üstünə xəncər çəkməklə fiziki şiddət tətbiq edir. Cahandar ağanın ətrafındakı heç bir qadın xoşbəxt deyil. Cahandar ağanın qəzəbinə tuş gələn Molla Sidqi ondan qisas almaq üçün bacısı Şahnigardan istifadə edir. Cahandar ağa bacısının meyxana məclisində iştirak etməsini həzm edə bilmir və onun həyatına son qoyur. Əsərin bu yerində intihar bəzəyi verilən bir qadın cinayəti görürük.

    Səməd Vurğunun “Komsomol poeması”nda da qadına şiddət motivi görmək mümkündür. Humay atası Gəray bəyin və mövcud mental dəyərlərin dəhşətli təzyiqi altında bir ömür keçirir. Onun yaşadığı dünyada azadlıq yoxdur. Sevgisini belə qorxa-qorxa yaşayır. Bütün bunlar Humayın psixoloji şiddət içərisində olduğunu göstərir. Sonda isə Cəlalın ölümünə səbəb olmaqda ittiham edilərək kənd meydanında Bəxtiyar tərəfindən qamçılanaraq fiziki şiddətə məruz qalır. Heç bir günahı olmadığı halda, özü də Cəlalın ölümündə günahkar olduğuna inanır. Hiss etdiyi vicdan əzabı və Cəlalın yoxluğu onu intihara sürükləyir.

    Dünya ədəbiyyatına nəzər saldıqda Fyodor Dostoyevskinin öz əsərlərində mütəmadi olaraq qadınlara və uşaqlara yönələn cinsi, fiziki şiddət mövzusuna müraciət etməsi diqqət çəkir. Onun qələmə aldığı “Karamazov qardaşları” romanının qadın qəhrəmanı Qruşenka hələ balaca qız olarkən təcavüzə məruz qalır.

    Türk ədəbiyyatında da qadına qarşı şiddət mövzularına tez-tez rast gəlirik. Məsələn, Sami Paşazadə Sezainin qələmə aldığı “Toy” adlı hekayəsində cariyə Dilistan ev sahibi  Behçet bəy tərəfindən həm mənəvi,  həm cinsi zorakılığa məruz qalır. Türk ədəbiyyatının digər usta yazıçılarından olan Xalid  Ziya Uşaqlıgilin “Qırıq həyatları”nda Ömər Behiçin evində qulluqçu işləyən Suzan əri tərəfindən tez-tez fiziki şiddətə məruz qalır.

    Göründüyü kimi, qadına şiddət yazıçıların tez-tez müraciət etdiyi mövzudur. Amma onlar əsərlərində şiddət motivlərini göstərməklə, əslində, hər zaman şiddətə, qadın cinayətlərinə, qadınların cəmiyyətdə haqq sahibi ola bilməməsinə qarşı çıxıblar. Yuxarıda adını qeyd etdiyim əsərlərdə şiddətə əl atan insanlar əsasən sevgisiz, pul hərisi, qısqanc, kobud və əxlaqsız insanlardır. Bu əsərlərdə də, elə real həyatda da sahiblənmə və hökmranlıq hissinin əsirinə çevrilən kişilər üçün şiddət öz gücünü sübut etməyin ən təsirli yollardan biri olaraq ortaya çıxır. Üzərindən illər keçməsinə baxmayaraq qadına şiddət mövzusu hələ də dünyada aktuallığını itirməyən problemlərdən biridir.

    Qadına şiddət mövzusuna toxunan bütün yazıçılar əsərlərdə cinsi və fiziki şiddəti meydana gətirən səbəblərə, insani münasibətlərə və bu münasibətlərin insan psixologiyasında necə aşınmalar yaratdığına diqqət çəkməklə insanlara ayna tutur. Hərdən belə bir sual yaranır: “Ədəbiyyat insanlığı xilas edə bilərmi?”. Əgər cəhalətdən, sadist ruhlardan xilas olmağa istəkli cəmiyyətlər çox olsa, bəlkə də, elə insanların xilas yolu ədəbiyyatdan keçir. Çünki ədəbiyyat həyatı və insanları əks etdirən dayanmadan axan bir çeşmədir. Bu çeşmədən qidalanan baxış başqa cür baxacaq, dil başqa cür danışacaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şairə Ay Bəniz Əliyarlının “Ruhumuzun aynası” adlı şeirlər kitabının Ön sözü

    İnsanın Vətən vaxtı
    Söz, xüsusilə bədii söz hər bir fərdin,
    ələlxüsus yaradıcı adamın daxili aləmini,
    iç dünyasını açmaq vasitəsidir.

              Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb yaradır, artıq nüfuzlu dövrü mətbuatda çap olunan şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanınan AY Bəniz Əliyar!
             Sözü sipər edənlər, sözə sipər olanlar Ruh adamlarıdır. Onlardan kimi ruhunun əsiri, kimi də ruhunu dustaq edənlərdir. Ruhun səsini, ruhunun pıçıltısını haraya çevirib hayqıranlar isə onu azadlıqda tutanlar – sözdən qala quranlardır.  AY Bəniz Əliyar Ruhdur. Ruhunun səsini hayqıra bilən, cəsarətlə aydınladan, ondan qala quran cəsarətli söz ağasıdır. Bəzən həlim olub sözə sığal çəkə bilir, bəzən həzin-həzin elə pıçıldayır ki, ruhu, duyğusu olan oxucusunu mübhəm-mübhəm oxşayıb kövrəldir, bəzən də daha çox elə Aybəniz olur.

             Bəs Aybəniz necə AY Bəniz oldu?

             Qədim şəhərin mərkəzində qurulduğu gündən yaxın zamanın vaxt ölçüsündə bir saniyə belə çaşmayan Saat Qülləsinin altında durmuşam. Aybəniz, budu ey, baş küçə ilə üzü Çıraqqalaya doğru, başı yuxarı ley kimi gəlir. Yolun yoqquşu kimi elə bizim bu şairə xanımın da başı dikdir. Həmişə başı dik, addımları yeyin, beləcə yolu qabağına qatıb yeriyir. Diqqətlə baxanda sanki yerimir, uçur, – deyirsən. Əslində bu ona yaraşır, çünkü amalı dürüstlük, əl qoyduğu işdə iradəsi qətilikdir. İkinci ehtiyat variantı isə heç yoxdur… Görün bir nə deyir:- “Mən yumruğumu sıxmışamsa, demək, kimsə başına yiyə dura bilməyib” 

             Lakin doğrusunu mən bilirəm. Aybənizin sıxdığı yumruğu gözlərində gilələnən həyat çeşməsidir, başlara yox, ürəklərə endirilən şəfqət, qəlbləri nurlandıran həyat eşqidir.

    Bənd oldum bu yaşantıya,

    Bənd deyilən bəxtə düşə.

    Tanrı görən, tanrı duyan,

    Bir arzu taxmışam döşə.

    Ürəyə oxşayır.

        Aybənizlə ilk tanışlığım qəribə olub, deyərdim. Rayon məktəblərinin birindəydim. Azərbaycan dili və ədəbiyyatı sinifinin yazı taxtasının üstündəki “A4” vərəqdə çap olunub asılmış dörd bəndlik şeir diqqətimi çəkməyə bilməzdi:

    Zamanın qulu tarix,
    İndi qul zaman oldu.
    Qayıtdı ulu tarix,
    Dəvəçi Şabran oldu.

             Və sonuncu bənd də var:

    Nə xoş doğuldu bu yaz,
    Günəş gözündə almaz.
    Belə möcüzə olmaz,
    Dəvəçi Şabran oldu.

            Dəvəçi adının Şabran adıyla əvəzlənməsi üçün əməyi, zəhməti keçən bir insan kimi bu Şeir gözümdən yayına bilməzdi. Bilərəkdən və ya da bilməyərəkdən şeir yazı taxtasının görünən yerindən asılmışdı. Diqqətimin o şeirin üzərində kəsildiyini görən müəllimdən şeirin müəllifini soruşduqda öz bəlağətli səsi ilə Aybənizi nişan verdi. Mən də qiyabi də olsa Aybənizi bu şeiri ilə tanımış oldum. Hətta gileylənərək: -“Niyə bəs mən bunu indi bilirəm?”, – dedim. Artıq bir neçə gündən sonra həmin Aybənizin iki şeir kitabı stolumun üstündəydi. “İlk görüş” və “Dənizin dostu”. Məlum məsələ idi ki, ilk çap olunan kitablarda şairin elə ilk qələm təcrübələri çap olunur. Kitabları vərəqlədikcə hiss edirsən ki, şeirlərin içində bir neçə Aybəniz var. Özünü hələ də şeirlərdə və hisslərində axtaran Aybəniz. İçindəki şıltaq və qayğısız hisslərdən doymayan körpə, əzab çəkə-çəkə eşqi cəhənnəm əzabı kimi yaşayan qızcığaz, dünyadan baş açmağa macal tapmayan üsyankar insan və buludların üstündən yelləncək asıb yellənən şair Aybəniz… Hər vərəqdə az qala bir Aybənizlə tanış olursan. AMMA əslində, Şabranın bütün yollarından süzülən şeir topalarını öz qələminin mürəkkəbinə çevirən bir Ay Bəniz var. Sonradan onu belə adlandıracaqdıq. AY Bəniz! O, AY Bəniz olmaq üçün hələ üçüncü, dördüncü, beşinci şeir kitablarını da çapa hazırlayacaqdı. Üçüncü, “İşığa can atan arzular” adlı şeir kitabına dostumuz Aydın Tağıyev redaktorluq elədi. Ön söz sahibi oldu. Dördüncü “İntizar” kitabının da xeyir-duasını özüm verdim. Və artıq AY Bəniz sonrakı “Qürubda Günəş”, “Cənnətdən gələn məktublar”, “Darıxmaq” adlı növbəti kitabları ilə bu ədəbi yolda atdığı müvəffəqiyyətli addımlarla bizləri də sevindirməyə başladı.  Bəli, AY Bəniz dənizlə DOST oldu, sevindik. Bitib tükənməyən arzuları ilə İŞIĞa can atdı, nə gözəl, uğurlar tükənirmi? Əsla, İNTİZAR çəkməyin dadını, tamını dadızdırdı sevənlərinin ruhuna, canına. Gunəşə üz tutub cənnətdən gələn MƏKTUBLARla müjdələdi pərəstişkarlarını. Sonra da “Darıxmaq”la qəlbin durulmasının paklığa gedən yolda ümidə ünvan olduğu inamını möhkəmiəndirdi ruhumuzda. İndi də nə sözünü, nə də ədəbi düşüncələrini dərgilər qoyur “yerə düşməyə”. AY Bəniz gözümüzün qabağında kitabdan-kitaba böyüdü, duruldu, bizi təəccübləndirməyi bacardı… Taleyi onu Xaqani Poeziya Evi kimi bir məbədgahla mükafatlandırdı.
            İndi salam versəm bəlkə də eşitməz, ya da o qədər fikir dünyasına dalıb ki, heç duymaz. Çünkü bitib-tükənməyən təbi bir an da olsun onu özündən kənara qoymur, duyğuları onunla ən etibarlı yol yoldaşıdır. Bu gedişlə indi şer dolu heybəsini yəqin tezcənə kağızın üstünə tökməyə tələsir. Özü deyir axı, guya şerlərini əzbər bilmir. Bəlkə də belədir, şeir bir olar, beş olar! Dəvəçikənddən, stansiya deyilən dəmir yolu vağzalından ta ki, şəhərin yuxarı başındakı dağın dibinə, Xaqani Poezya Evinəcən bu üç-dörd verslik yolu yalın ayaq gəlib-gedənədək neçə şeir qoşur, neçəsinin də süjetini qurur. Hər səhər tez-tələsik Xaqani Poezya Evinə yetişib içinin yanğısını tökəcək kağızın üstünə, ya da elə indi, yol gedə – gedə beynində düzüb qoşur:

      “Dünyanın hər rəngində insan yaradıldı bu yer üzündə…”
            “Çoxdandır içimi gəmirən bir şey var ruhumda…”
                “Yazsam bitməz, bitməz ki,canım qurtula bəlkə!..”

         Belə! İstedadı ilə üsyankarlığını tərəziyə qoysan, nə biri az, nə də o biri çox, elə tən gələr. Allahın verdiyini halal zəhməti ilə yoğurub cilaladığı adını daşıyan, adına layiq ocağa çevirən, rəhbərlik etdiyi Poezya Evindəki Xaqani ruhunun əzəməti və üsyankarlığı ilə cilalanıb. Ola bilməz ki, Dahi söz ustadının ruhu adının qoyulduğu, ona yeni ünvan olan bu ocağa ziyarətə gəlməsin. Və gəlibsə, deməli, bizim AY Bənizin ruhuna da sirayət edib.

        AY Bəniz Əliyarın şeirlərini oxuduqca, o şeirlərdən oxucu kimi nə qədər bədii zövq alıb təsirlənirsənsə, həm də onu yaxından tanıyan biri kimi heyrətlənirsən; bu bəstəboy, zərif xanım daxilən, mənən “nə miqdar imiş…” ( M. Füzuli )
        “Ulduz” Ədəbiyyat dərgisində (may, 2021) Vətən müharibəsinə həsr etdiyi “Xarıbülbül” adlı üç pərdəli pyesini oxuyuram. Yazıb “Qalib bir ölkənin qalib əsgəri qürurla, əlində üçrəngli bayraq, marş sədaları altında fəxrlə addımlayır.”
        Aşağıdakı misralar da 44 günlük Vətən müharibəmizin qalib əsgərinə ünvanlanan qayğı dolu şair misralarıdır:

    Qələbə müjdəli dilək
    daşıyar əsgərim mənim,

    Yağma yağış, əsmə külək,

    üşüyər əsgərim mənim.

    Qaçmaz savaş meydanından,
    Ümman olsa da qanından.
    Qəhrəmanlıq dastanında
    Yaşayar əsgərim mənim.

        Şair ürəyi  hamının inancının üstündədir. Qələbəmizə inam da buna daxildir.
               AY Bənizin bu şeiri isə mənə bir panoramanı xatırlatdı. Sözün gücüylə şairənin yaratdığı təfsirə ehtiyacı olmayan poetik bir panorama…

    Məndə yenə heç-heçədi,

    Bilmirəm, sizdə necədi?

    Qara, qapqara gecədi,

    Əlimi açıb durmuşam.

    Ürəyim var özüm boyda,

    Sükutum var sözüm boyda.

    Oğlum boyda, qızım boyda

                     Dünyanı qucub durmuşam.   

           Eşq ilahi qüdrətdir, bunu Ay Bəniz qarışıq bütün söz ustadları belə deyib, etiraf ediblər, əslində. Ay Bənizin şeirlərində eşq yaşantı yox, həyatın içidir.

    Ağrıma, ömür, ağrıma,
    Şuma tum səpilən vaxtdı.
    Heç nə gəlməyir ağlıma,
    Olanlar-olmazlar haqqdı.

           Ay Bənizin hər şeiri söyləntidi, hər şeiri aydın və düşündürücü məntiqlə cilalanmış hekayədi, mərhələ-mərhələ kuliminasiyaya gedən yolu olan daha çox şirin, bəzən ya acı, ya da gərgin, bənzərsiz hıçqırıq-harayla səsləşən çağırışdı. Bir şeirinin son bəndləri, qafiyələridir bu aşağıdakılar:

             -“Ömrün göyərçin dövrüdü”, “İllər yol açır qırışa”, “Sirr var sahibi fələkdi”, “Ağla ha, göz yaşı bitməz”, “Yurd yeri cənnətdi bu yaz!”, “… İnsanın Vətən vaxtıdı.”

             Altı bəndlik bir şerdə bir kitab hekayət var, söylənti var.
          Hörmətli akademik İsa Həbibbəylinin təbirincə, “Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik.”
          Yeri gəlmişkən, Xalq yazıçısı Elçindən tutmuş Vaqif Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları da Ay Bəniz Əliyarın yaradıcılığı haqqında ürək dolusu xoş sözlərini deyiblər.
          İndi mən nə deyim? Poetik sözün, o sözün arxasındakı mənanın hüdudları çox genişdir, necə ki:

        Bu ömür nə ömürdü?
        Xərci bitmir ki, bitmir.
        Verilən cəzaların
        Borcu bitmir ki, bitmir.

                                   Və ya:

                           Doymayanda muradından,
    Qırılarsan qanadından…
    Başqasının həyatından
    Çaldığın ömrü neylərsən?

         Səslər oxşar ola bilər. Lakin hər bir qələm sahibinin, şairin öz poetik səsi olmalıdır ki, oxucusu onu tanısın. Bu misralar AY Bəniz Əliyarın poetik səsidir:

    Sabahlar sükutu dələ,

    Sevdalar sehrlə gələ.

    Səmalar səssizcə gülə,

    Göy üzü bələyin ola.

      Zamandan, xüsusən ötən zamandan az adam tapılar ki, gileylənməsin. Ən çox da söz, sənət adamları. Zaman və söz anlayışına Ay Bənizin yanaşması, zənnimcə, bir qədər fərqli və düşündürücüdür. Ay Bəniz də zamanı geri qaytarmağın mümkün olmadığını etiraf edir. Vaxtın, ötən günün arzulara, arzuların çin olmasına apardığını da yaddan çıxarmır. Yaş üstünə gələn yaş arzulara çatmağın yolu hesab edir. İnsanın, “adamın” itirmək qorxusu, unudulmaq əzabı ilə barışması AY Bənizə görə hissiz, həyəcansız bir ömür yaşamaqdan başqa bir şey deyil.

    Tanrım, ömür bitirən
    vaxtıma bax, vaxtıma…
    Padşahını itirən
    taxtıma bax, taxtıma…


      AY Bəniz Əliyarın yaradıcılığı haqqında qısa ürək sözlərimi onun öz misraları ilə tamamlamaq istəyirəm:

    Şeir bir az tapıntı,

    bir az Tanrı işidir.

    Onu korlar da oxur,

    karlar belə eşidir.

             Qədim Şabran torpağına qədəm, ayaq basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən boylanan əsrlərin daş yaddaşı əzəmətli Çıraqqala salamlayır.
             İllər keçəcək, Şabranı bu yerlərin daş yaddaşı ilə yanaşı, həm də bir söz yaddaşı da yaşadacaq. Təkcə bu günün yox, sabahın o söz yaddaşını yaradanlar arasında qələm dostumuz  AY Bəniz Əliyara yeni yaradıcılıq uğurları, poetik kəşflər, tapıntılar arzusu ilə.

                                                                 Novruz Nəcəfoğlu       

                                                                                    yazıçı-publisist

  • Şəfa VƏLİYEVA.”Günəşi axtararkən…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə yaxın vaxtda oxucu marağınızı səsləyəcək bir kitabdan danışmaq istəyirəm: Şahanə Müşfiqin “Hərənin öz romanı”ndan…

    Kitabda Şahanənin yelkəni dərddən olan qayıq misalı hisslərin burulğanlarında batmamağa, məhv olmamağa çalışan insanların taleyindən bəhs edən hekayələrilə yanaşı “Qaranlıqlar günəşi” povesti də yer alır. Şahanənin hekayələri haqqında əvvəllər bir-iki dəfə fikir bildirmişəm. Ona görə bu dəfə yalnız povest haqqında danışmaq istəyirəm. İllərdir adını eşitdiyim, amma, oxumaqçün məhz bu ili-karantinin “üzünü ağ çıxarmaq” naminə çalışdığımız bir dövrü gözləməliymişəm. Bu da taledir…Zahid Sarıtorpaq deyirdi ki, “ədəbi mühitdə hərənin bir taleyi var”. Mənsə, elə düşünürəm ki, bu tale, bəxt, şans deyilən nədirsə, müəllifdən ötə mətnə aiddir. İki misrasının şöhrətinə ömrünü oyuncaq edənləri də çox gördük, cild-cild romanların unudulmasıyla adı unudulanı da… Gördük… “Görməz olaydıq” demirəm, bu da tale işidi. Bizimki yazmaqdısa, taleylə nə işimiz var?!

    Şahanənin “Qaranlıqlar günəşi”ndə günəşin özünü görməksə, oxucu taleyidir. Ümid edirəm, oxucular da o günəşi görəcək… Görməlidirlər… Bu yazıda günəşin bütöv rəsmin hansı etüdündə gizləndiyinə dair ipucu verəcəyəm, sonra deməsinlər ki, “səmt göstərənimiz, cığır manşırlayanımız olmadı, mətnin içində azdıq…” Bəli, o ipucunu bu yazıda tapa biləcək oxucular…

    Hələliksə, Şahanənin məni bir oxucu kimi kompyuterin qarşısından qalxmağa, yaşaran gözlərimi hikkəmə yenik düşməsin deyə yumağa məcbur edən düşüncələrindən bəhs edəcəyəm.

    “Hərdən oxuduqlarını beynindən keçirirdi: “İnsan fərd kimi dünyaya gəlir və şəxsiyyət kimi formalaşır. İnsanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətin rolu danılmazdır.” Belə anlarda öz-özünə sual verdiyi də az olmurdu: “Hansı cəmiyyət? Mənə xor baxan, özlərindən təcrid etməkçün əllərindən gələni edən cəmiyyət? Görəsən, bu cəmiyyət məni necə formalaşdıracaq?” Suallarının cavabını tapmaq üçün hələ tez idi; hələ ki, həyat yolunun bu cığırında qarşısına çıxanlar xırda çınqıllar idi…” – Səidədən bəhs edən bu cümlələrdə mən Şahanənin özünü gördüm. Onun həyata baxışına, təkcə öz əllərinin deyil, min illərdi dünyanın ətəyinə uzanan bütün əllərin dərdinə yanmasına bələdəm çünki… Və elə burdaca Şahanə həyat yolunun min bir döngəyə burulan cığırlarından, bu cığırlardakı “keçilməz”lərdən, “gedər-gəlməz”lərdən öyrəndiklərini anlatmağa cəhd edir; əsl həqiqətin insanın əlini dünyanın ətəyinə deyil, sonsuz qüdrətlinin sevgisinə və vəfasına doğru uzatmasında olduğunu söyləyir…

    Povestdəki qadın obrazlarının dərdləri taleyin hörüklərinin üç cığasıdı. Lakin, tale burda “saçın ucun hörməzlər”i unudur, çəlmə-keçir edir hörüyünün ucunu, ona görə də hörüyü bənd almır, açılır, cığaların hərəsi küləyə qoşulub bir səmtə havalanır.

    Əvvəlcə, Ceylan Mumoğlunun “Qadının üç yaş dövrü” romanını xatırlayıram, Humayı gətirib Gülarənin qarşısına qoyuram. Gözləyirəm ki, görüm, kim kimi danlayacaq: qadınlığına, insanlığına yenilib balasına yadlaşan Humay Gülarəni acizlikdə, itaətkarlıqda suçlayacaq? Yoxsa, “balamı atmamışam” deyə-deyə öz günahsızlığına günahkar axtaran Gülarə qulaqlarını balasının səsinə yumduğu üçün Humaya küsəcək? Heç biri olmur amma təsəvvürümdə… İkisi də anadı axı… İkisi də… İkisinin də ürək dağında “bala” adlı bir göynək var… İkisinin də balasının dilini yandıran bir kəlmə var… Bu kösövə dönən kəlməni Şahanə povestdə elə qəribə anladır ki… İlk dəfə anasını görərkən Nazilənin yaşadığı hisslərdə gizlidir həmin kösövün yanğısı: “İllər boyu deməyə ünvan tapmadığı, dilində közə, ürəyində min cavabsız suala dönən o kəlmənin lənətmi, ərməğanmı olduğunu dərk etməyə çalışdı, bacarmadı… Sadəcə, o sözü dilinin ucundan geri qaytarıb udmağa, ömür boyu elədiyi kimi sükunətə məhkum etməyə gücü çatmadı, sinəsindən qopan “ah” o sözü itələyib dilinin ucundan balalarının məsumiyyətinin üstünə çilədi:

    – Ana?!”

    İkinci xatırladığım əsər Ancela Karterin “Öpüş” hekayəsiydi. Hekayədə Teymurləngin xanımı memarı öpür ki, Teymurləng döyüşdən dönənədək məscidin souncu tağını da bitirsin. Bunu ərinin naminə etdiyinə özünü inandırmaq istəyir, di gəl, öz-özünü günahlandırmaqdan yaxa qurtarammır. Özü də bilir ki, Teymurləng bundan heç vaxt xəbər tutmayacaq; nə o, dilinə gətirməyəcək, nə də memar kəlləsinin havaya uçmasını gözünün altına almayacaq… Yenə də qadın daxilən ərinə xəyanət etdiyini dərk edir, özünü bağışlaya bilmir, əri gələndə onun üzünə baxmır.

    Bu özünü bağışlamamaq Gülarənin də daxilində var; o da anlayır ki, taleyin cığırlarını alaq otlarından təmizləmək iqtidarında deyil, cəhd etsə də, bunu bacarmaz. Yenə də içdən-içə balasızlığında günahkar axtarışına çıxır, atasını, analığını, ərini, qaynanasını düşüncəsində yan-yana düzür, hamısının gözlərinin içinə baxıb “Niyə?” sualını ünvanlamaq istəyir… Amma, onda belə səsi çıxmır Gülarənin… Onda belə susur… Kipləşən dodaqları ürəyindəki harayın kiminsə qulağına çatmasına izn vermir, beləcə, Gülarə uzun illər ürəyində bala nisgili, ruhunda günahkarlıq hissi yaşamağa məhkum olur… Və bir gün Nazilənin ona ünvanladığı “Niyə?” sualına cavabı bu olur: “Mən səni ev-ev, küçə-küçə axtarsaydım, bəlkə də tez tapardım, qızım… İş orasındadır ki, mən səni öz taleyimin tüstüçıxmaz bacalarında, bəxtimin su çəkmiş kömüründə, cığırını ot basmış komalarında axtarırdım… Səni tapmaq bir yana, özüm də azırdım…”

    Bir də daxma obrazı var Şahanənin povestində… İnsan talelərinin alatoranlığında siluet kimi görünən bu daxma haqqında Şahanə elə qəribə cümlələr işlədir ki…

    “Təbii ki, qoca daxma bunları bilmirdi; onun təsəllisi başqaydı… İllərdi kainata kədərli mesajlar, göz yaşları ötürdüyünə görə utanan daxma bu gün özünü kainatın mərkəzi sayırdı…”

    “…O axşam Nazilə və uşaqları çox şeydən danışdılar; Vahiddən, Səriyyə xaladan, onlara həmişə tənə edən, yuxarıdan aşağı baxan qonşulardan, Səidənin “Gün işığı” essesindən… Ən çox da qoca daxmadan…”

    Hər köçdə bir dəfə tərk edilməyi yaşayan daxmanı yenə ayrılıq gözləyir. Sonuncu əşyaları götürüb daxmadan ayrılan Naziləylə Səidə təpəyə çatanda Nazilə ağlayır. Qızı ondan niyə ağladığının səbəbini soruşanda deyir: “Bu daxmaya ağlayıram. Bax, biz də gedirik, daha onun hənir edən heç kimi olmayacaq”.

    İndiyədək Şahanənin şeirlərində, hekayələrində SEVGİni çox görmüşəm, onun haqqında gah şikayət, gah tərif, gah da dostyana ərk “eşitmişəm” bu mətnlərdə… “Qaranlıqlar günəşi”ndə isə Şahanə “sevgi və xoşbəxtlik” problemini müzakirəyə çıxarır. Öz arqumentini “Sevgini tanıyan hansı ürək dərdin gözünün içinə dik baxmır ki?! Və çərxidönmüş fələk hansı böyük sevgiyə xoşbəxtlikdən heykəl qoyub ki!?” – cümlələriylə masaya qoyur. Mən bu masadan tez qalxdım, bildim ki, dediyim hər kəlmənin arxasında ya şərtilik, ya da sərtlik olacaq. “Bir az vaxtım var” povestimdə dediyim ki, “sevgi- bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…”

    Burdan da keçib söz verdiyim ipucunun yanında dayanıram. Tural Sahabın “Türkan” romanının qəhrəmanıyla “Qaranlıqlar günəşi”nin qəhrəmanını xəyalən tanış edirəm, üz-üzə oturduram… İkisi də-Türkan da, Səidə də qaranlıqların içində işıltıya dönürlər, işıqlarını yorulmadan, usanmadan ətrafdakılara, xüsusilə də, yaşadıqları mühitə, cəmiyyətə ərməğan etməyə çalışırlar. Və işığın mənbəyinə-günəşə gedən yol burdan başlanır: bu günəş təhsildir… Bəli, təhsil! Təhsil və qadın haqqında deyilən müxtəlif yozumlu fikirləri, aforizmləri ard-arda düzməyəcəyəm, yox, bunu istəmirəm! Oxucu özü hansı yozumda, hansı deyimi xatırlayacaq, bu, onun öz işidir…

    Sevinirəm… Şahanənin bu povestini oxumaq şansım olduğuna görə, onun növbəti kitabının tezliklə nəşr olunacağına görə. Povestdə Aytacın Səidəyə dediyi bir cümlə var: “Yoxsa, yazıçılar sevinməyə birtəhər baxır?” Bəlkə də, sevincimin altındakı o kövrək nisgilin adıdır “birtəhərlik”, kim bilir?

    Yenə də sevinirəm… Və sevirəm tezliklə kitaba dəyər verənlərin masasında yerini tutacaq bu kitabı…Gəlişini sevərək gözləyirəm… Bu ilin aprelində Şahanə artkaspi.az saytına müsahibə vermişdi. Demişdi ki: “Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox…” Onun fikri məni gülümsətmişdi… Məntiqə sığınanda doğrudur, di gəl, könlünü şeirə əsir edənlərə məntiq yaman yad olur ha… Elə bu səbəbdən, bəzən bir əsərə görə müəllifi, müəllifə görə də əsəri sevdiyini dərk edəndə, artıq gec olur…

    Bəlkə də sevincimin altında gizlənən əsas səbəb Şahanənin bu kitabının redaktoru olduğumdur? Bu suala qəti bir “Hə!” desəm, bundan əvvəl “Ulduz”dan oxuduğum “Zaman çatı”, “Bir qutu peçenye” hekayələri məni bağışlamaz…

    Nə isə… Əsas odur ki, çox yaxında kitab dünyamıza “Hərənin öz romanı” adlı bir kitab gəlir. O yaxın zamanı gözləyə-gözləyə bu axşamın laylasında kitabı əlinə götürdüyü an Şahanənin sevincini, orda “redaktoru: Şəfa Vəli” sözlərini görəndə anamın necə sevinəcəyini düşünürəm… Edip Cansever`in “İzmirin axşamları” şeirindəki kimi: “İzmirin axşamları İzmirin, Hər kəs səadətini düşünür…”.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ədalət RƏSULOVA.”SÜLEYMAN RƏHİMOV”

    Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. O, 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il ərzində başqa fənnlərlə yanaşı rus və dünya ədəbiyyatı nümunələri, Azərbaycan klassiklərinin, XX əsrin əvvəllərində fəaliyyət göstərən yazıçıların əsərləri ilə də yaxından tanış olmuşdur.
    Fevral burjua inqilabından az sonra Qubadlı məktəbi bağlandığından Qori seminariyasında təhsil ala bilmədiyi üçün kəndə qayıdan gənc Süleyman, kasıb ailədən olduğu üçün heç yerdə iş tapa bilmir. 1917-1920-ci illərdə əvvəlcə öz kəndlərində sonra isə yaşadıqları başqa yerlərdə mal-qara otarmışdır.
    Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Süleymanın atası Hüseyn kişi oğlunu nahiyyə inqilab komitəsinə, köhnə tanışı Qara İsmayıloğlunun yanına gətirərək oğluna bir iş verməsini xahiş edir. Nahiyyə inqilab komitəsinə kargüzar qəbul olunan Süleyman Leninin əsərlərini ilk dəfə orada oxumuş, zəhmətkeşlərin qələbəsini möhkəmləndirmək naminə gərgin mübarizənin baş verdiyinə daha ayıq nəzər salaraq inanmışdır ki, hökuməti alqışlamaq azdır, onları həyata keçirənlərlə əl-ələ verib işləmək mübarizədən çəkinməmək gərəkdir.
    1921-ci ilin mayında inqilab komitəsi tərəfindən Şuşaya altı aylıq pedaqoji kursa göndərilən gənc, kursu bitirəndən sonra bir neçə il Xanlıq, Qubadlı, Laçın rayonunun Hocaz kənd məktəblərində müəllim və müdir olmuş, fəal komsomolçulardan biri kimi etibar qazanmışdır.
    1928-ci ildə Süleyman Rəhimov Bakı şəhərinə gəlib ali məktəbə daxil olmuş, 1932-ci ildə Pedaqoji İnstitutun tarix-ictimaiyyət fakültəsini bitirmişdir. Elə bu zamandan da ədəbi fəaliyyətə başlamışdır.
    1938-ci ildən Bakıda yaşayan ədib Azərbaycan SSR Nazirlər Soveti Yanında İncəsənət İşləri İdarəsi Komitəsinin sədri və idarə rəisinin müavini, (1938-1939) Azərbaycan KP-nın Bakı Komitəsinin katibi, Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsi müdirinin müavini, Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının direktoru, (1940-1944) Azərbaycan SSR Nazirlər Soveti Yanında Mədəni Maarif Komitəsinin sədri (1945-1953) olmuş dəfələrlə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri seçilmişdir.(1939-1940), (1944-1945, 1954-1958)
    1958-ci ildən bədii yaradıcılıqla məşğul olsa da partiyanın həyata keçirdiyi tədbirlərdə (xalq elçisi) məhşur yazıçı kimi yaxından iştirak edir.
    Bu illər ərzində xüsusiilə səmərəli işləyən ədib bir sıra hekayə və oçerklərlə yanaşı, povestlər və romanlar da çap etdirmişdir. Bu baxımdan “Ana abidəsi”, “Qafqaz qartalı”, “ Uğundu ”, “ Qoşqar qızı ” povest və romanları ədəbiyyatımızı yeni mövzu və surətlərlə zənginləşdirmişdir.
    Süleyman Rəhimovun demək olar ki, bütün əsərləri rus dilinə tərcümə olunaraq Sovet İttifaqının hər yerində geniş yayılmışdır. Yazıçının “Ata və oğul” povesti, “Su ərizəsi”, “Gəlin qayası”, “Oyun” və bir sıra başqa hekayələri ərəb, ingilis, alman, fransız, polyak dillərinə tərcümə edilmişdir.
    1975-ci ildə Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
    “Şamo” nun birinci variantını və “Aynalı” povestini çap etdirməklə sənət aləminə qəti addımlar atan S.Rəhimov tez-tez ön və arxa cəbhədə çıxış etsə də yazı masasından ayırlmamışdır. O, “Şamo” və “Saçlı” romanları üzərində işi davam etdirməklə yanaşı eyni zamanda povest və hekayələr, məqalələr də yazmışdır. Ədibin “Torpağın səsi” (1941), “ Medalyon ” (1942), “ Qardaş qəbri ” (1945) kimi əsərlərində zəhmətkeş insanların vətənə məhəbbəti, mərdlik və qəhrəmanlıqları bədii vasitələrlə əks olunmuşdur. “Medalyon” əsərində yazıçı Valentina, Arkadi, Pəri nənə, Aleksey Vasilyeviç kimi müxtəliv şəraitdə böyümüş adamların surətini rəğbət hissi ilə yaratmış müəllif, inandırıcı surətdə göstərmişdir ki, Vətənin tarixində ciddi sınaq günlərində onların hamısını müqəddəs bir hiss, vətənpərvərlik hissi birləşdirir. S.Rəhimov özünəməxsus bir həssaslıqla Valentinanın bir ana və vətandaş kimi canlandırmağa;- Vətənə məhəbbətin hər şeydən üstün olduğunu qələmə aldığı “Medalyon” povestində daha qabarıq şəkildə əks etdirmişdir.
    Azərbaycan ədəbiyyatının qiymətli ənənələrindən olan xalqlar dostluğu mövzusu yazıçının yaradıcılığında önəmli yer tutmuşdur. Azərbaycan xalqının qardaş Zaqafqaziya xalqları ilə əsrlərdən bəri davam edən iqtisadi mədəni əlaqələri XIX əsrin əvvələrindən başlayan qardaşlıq münasibətləri bədii ədəbiyyat üçün əhəmiyyətli olmuşdur.
    Vətənin ağır günlərində qələbəyə vətəndaşların sonsuz inamını və dözümünü əbədiləşdirən əsərlər arasında “Medalyon” və “Qardaş qəbri” (1945) xüsusi əhəmiyyətə malikdir.
    Məhz yazıçının bu dövrdə qələmə aldığı “Mehman” (1944) povesti Azərbaycan nəsrinin müvəffəqiyyəti oldu. Yazıçı bu əsərində də otuzuncu illərin əvvəllərində oxucuların əlindən düşməyən qiymətli bir sənət əsəri yarada bilmişdir.
    Əsərdə müəllifin ən böyük nəaliyyəti qbaqcıl müasirlərimizin təmsilçisi olan Mehman surəti ilə əlaqədar idi. Gənc hüquqşünas özünün vətəndaşlıq borcunu yerinə yetirmək üçün çətinlikdən və fədakarlıqdan çəkinmir, mübarizəni özünün vətəndaşlıq və insanlıq borcu bilir. Mehman ona müraciətlə “Təmiz ol” :- deyən anasının və müəlliməsinin, nəhayət rayon partiya komitəsinin katibi Vahidovun sözlərini əsla yadından çıxarmır, həmişə təmizliyini, düzlüyünü qoruyur.
    Sinfi düşmənlər povestdə prokurorluğun süpürgəçisi Qaloşlu adam vasitəsi ilə hərəkət edənlər, çox incə, ağlagəlməz bir vasitə ilə Mehmanın ailəsinə yol tapırlar. Mehmanın qaynanası, sabiq tacir arvadı Şəhla xanımın iti nəfsi qapıları gizlindən, taybatay onların üzünə açır. Qaloşlu adam böyük məharətlə rüşvət saatı gənc prokurorun arvadı Züleyxaya bağışlayır. Lakin Mehman tərəddüd etmədən düşmənin hiyləgərliklə hörülmüş torunu qopara bilir.
    Mövzunun və problemin həyatiliyi, surətlərin hərəkətlərinin ictimai – psixoloji planda inandırıcılığı, dilinin sadəliyi və bədiiliyi ilə güclü olan “Mehman” ədibin parlaq istedadına olan ümidləri doğruldur. Mehman müəyyən dərəcədə birtərəfli bir surət kimi işlənmiş olsa da özünün barışmazlığı və prinsipallığı ilə rəğbət qazanır…
    S.Rəhimov müharibədən sonrakı otuz ildə Azərbaycan xalqının azadlıq uğrunda mübərizə tarixinin səhifələrinə müraciət etmişdir. İstər uzaq tarixi keçmişdən, istərsə də müasir dövürdən yazanda hadisələri aydın müasirlik baxımından qiymətli sənət nümunələri yaratmışdır. Ədibin əsərlərini uzun ömürlü edən amillərdən biri də müasirlik olmuşdur.
    S.Rəhimov XX əsrin əvvəllərində Azərbaycan kəndində genişlənən sinfi mübarizə hərəkatının (daşnaqların) fitnəkar siyasətinin şahidi olmuş, hakimiyyətə qarşı çıxanların qəddarlığını və rəzilliyini görmüşdür. Zəhmətkeşlərin xoşbəxtliyi yolunda mərd mübarizlərin, fədakar, ölümlə üzləşəndə də fikrindən dönməyən məslək qəhrəmanlarının şücaəti, mübarizə arzusuna qanad vermişdir. Kəndin, vətənimizin siması, adamların məişəti, dünya baxışı gözü qabağında dəyişmişdir. O, sadəcə müşahidəçi olmamış, yeniliklə köhnəliyin, tarixi mübarizənin fəal iştirakçısı kimi yaşamış fəaliyyət göstərmişdir. Müəllim və partiya işçisi, yazıçı və ictimai xadim, çox müxtəlif tellərlə xalq həyatına, zəhmətkeşlərin yeni cəmiyyət quruculuğunun fəal iştirakçılarından olmuşdur.
    Respublikanın müxtəlif yerlərində qazanılan nəaliyyətləri görəndə, müxtəlif adamlarla görüşəndə yazıçı müşahidəsi ilə adamların şüurunda adət ənənələrində baş verən dəyişiklikləri hafizəsinə həkk edərək yaşatmış və bir sənətkar kimi gördüklərinin dərin mənasına vararaq axtarışlarını davam etdirmişdir.
    Xalq yazıçısı S.Rəhimov nəsrin müxtəlif janırlarında sınanmış yazıçılardandır. Əsərləri Azərbaycan və rus ədəbi – bədii tənqidində povest, hekayyə, roman və oçerkləri yüksək qiymətləndirilmişdir. Ədəbi-ictimai fəaliyyətinin çoxcəhətliliyi ilə yanaşı ona böyük sənətkar şöhrətini qazandırmış və romançı kimi tanınmışdır. “Şamo” (1931-1974), və “Saçlı” (1940-1949) romanları Azərbaycan sovet ədəbiyyatının nəaliyyəti kimi qiymətləndirilmişdir. Xalqımızın bir əsrlik həyatının bədii səlnaməsi olan bu romanlarda inqilabi baxışlar inandırıcı və bədii əksini tapmışdır.
    S.Rəhimovun ədəbi fəalliyyətinin tənqid və qələm dostları tərəfindən necə qiymətləndirildiyini göstərmək üçün mülahizələrdən bəzilərinə nəzər salmaq zəruridir.
    “S.Vurğun Böyük Vətən Müharibəsi günlərində demişdir ki, S.Rəhimov romançıdır, böyük yazıçıdır, xalq yazıçısıdır”. (“Ədəbiyyat və incəsənət” 16iyul 1960-cı il.)
    M.Arif : “S.Rəhimov nasirlərimiz içində böyük bir realist, dərin müşahidəçi, incə bir psixoloq olması son zamanlarda hər kəs tərəfindən təqdir edilməkdədir”. (M.Arif “seçilmiş əsərləri” birinci cild 1967 səh. 262)
    S.Rəhimovun özünə məxsusluğunu aydın təsəvvür etmək üçün yadda saxlamaq vacibdir ki, o böyük realistdir. Lakin onun realizmi heç vaxt hadisələrin ardınca gedərək onları qeydə almaqla kifayətlənməmişdir. Romantika bu realizmin üzvi bir hissəsidir. Realizmlə romantikanın üzvi vəhdəti ömrü boyu ədibin yaradıcılıq axtarışlarını müşaiyyət edib, əsərlərinə dərinlik və yüksəklik gətirmişdir. “Şamo” üzərində işlədikcə özünün müsbət surətlərini, onların məhəbbət və fədakarlıqlarını romantikləşdirmək meyli get – gedə qüvvətlənmiş, Şamo, Qəmər, Maşallah, Alagöz, Kamran və Alo kimi surətlərin işlənməsində bu vasitədən geniş istifadə olunmuşdur. S.rəhimovun xalq yaradıcılığı ilə əlaqəsi mürəkkəb, daima davam edən bir proses olmuşdur. “Şamo” əsərində Şamo, Alo, Qəmər, Kamran kimi surətlərin təsvirində olduğu kimi, təbiətin canlandırılmasında, sərt – sıldırım dağların və qalaçaların təsvirində də biz xalq yaradıcılığı ilə yaxınlığı hiss edirik. Bu özünü mövzu və surətlər aləmi ilə yanaşı bədii təsvir vasitələrinin seçilməsində də göstərir. Xalq yaradıcılığı üslubu ilə sıx surətdə bağlı olan “Güzgü göl əfsanəsi” (1967), “Kəsilməyən kişnərti” (1969) ədibin yaradıcılığını yeni çalarlarla zənginləşdirmişdir. Beləliklə xalq yaradıcılığı ilə bağlılıq və dünya sənətinin realizm təcrübəsində ədibin sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirən amillər sırasında xüsusi əhəmiyyətə malikdir.
    S.Rəhimovun bədii axtarışlarında inqilabdan əvvəlki kənd mövzusu mühüm yer tutur. “ Şamo ”, “Qafqaz qartalı ” kimi iri həcmli romanlarında, “Ötən günlər dəftərindən” silsisləsinə daxil olan hekayələrində, “Pirqulunun kürkü” (1975) povestində Böyük Oktyabr sosialist inqilabından əvvəlki Azərbaycan kəndinin geniş lövhəsi yaradılmış, xalqın arzu və əməlləri adət – ənənələri geniş planda canlandırılmışdır. Uşaqlığı və gəncliyi kənddə keçmiş müəllif hakim ictimai münasibət və baxışların zəhmətkeşlərə nəsib etdiyi acınacaqlı həyatı, alçaldılan və təhqir edilən kasıbların qəzəbini şəxsən görmüş, bilavasitə yaşamışdır. Həyat materialına bələdlik böyük yazıçı istedadı ilə birləşərək əsərlərinə müvəffəqiyyət qazandırmışdır.
    S.Rəhimovun yaradıcılığında inqilabdan əvvəlki həyata maraq adları yuxarda çəkilən əsərlərlə məhdudlaşmır. Müəllif “Ata və oğul” (1949) povestində, “Ağbulaq dağlarında” və “Ana abidəsi” romanlarında da yeri gəldikcə surətlərin vasitəsi ilə bu həyatın müəyyən epizodlarını canlandırmış, həmin mövzuya həsr olunmuş əsərlərini tamamlayıb genişləndirərək ümumi lövhəni yeni çalarlarla zənginləşdirmişdir.
    Azərbaycan sovet romanı səviyyəsinə yüksəlmiş “Şamo” nun ilk variantı (1931) əlli ilə yaxın bir müddətdə müəyyən fəsillərlə olsa da axtarışlarını davam etdirən müəllif əsərin ayrı – ayrı cildlərinin bir neçə variantını işləmişdir. Zənginləşən həyat təcrübəsi, dünya görüşü, qələminin püxtələşməsi, çoxmillətli ədəbiyyatımızın nailiyyətlərindən qidalanaraq çox cildli bir əsərin yaranmasında mühüm əhəmiyyətə malik olmuşdur. Əsər otuzuncu illərdə mühüm ədəbi hadisə kimi qarşılanmış, Azərbaycan ədəbiyyatı S.Rəhimovun “Şamo” romanı ilə yeni bir müvəffəqiyyət qazanmışdır. “Şamo” nun bu variantı, əlbəttə, bədii dəyəri ilə yox, ilk dəfə nəsrin iri formalarında Azərbaycanda vətəndaş müharibəsi tarixinə müraciətlə cəbhədə qəhrəmanlıq göstərənlərin surətini yaratmaqla, müəllifin siyasi niyyətinin, ideya mövqeyinin aydınlığı ilə güclü olub diqqəti cəlb etmişdir. Bu həm də təəssüratı zəngin, görüb eşitdiklərini istismarçılar cəmiyyətində hökm sürən əlaqə və münasibətlərin eybəcərliyini bütün dəhşəti ilə göstərməyə çalışan, bunun əhəmiyyətini yaxşı dərk edən bir gəncin vətəndaş narahatlığının məhsulu idi.
    Buna baxmayaraq, “Şamo” əsəri öz müəllifini istedadlı, həyata bələd, müşahidəçi-realist yazıçı kimi tanıtdı. S.Rəhimov öz qəhrəmanlarının ruhi çırpıntılarını, arzu və istəklərini real planda canlandırmağa nail olmuşdur.
    1940-cı ildən sonra ədibin dönə – dönə üzərində işlədiyi “Şamo” istər qaldırılmış siyasi ictimai problemlərin əhəmiyyəti , istərsə də sənətkarlıq xüsusiyyətləri baxımından oxucunun rəğbətini qazanmış əsərlərdən biri kimi qiymətləndirilmişdir.
    “Şamo” nu ümumittifaq , hətta dünya əhəmiyyətli roman sayan Y.Libedinski inqilabi mübarizə səngərlərində yeni keyfiyyət kəsb edib möhkəmlənən xalqlar dostluğunun məziyyətlərindən biri kimi qiymətləndirmişdir. (Azerbaydjanskaya sovetskaya literatura 1951)
    1940-cı illərdən sonra S.Rəhimovun yaradıcılığı Azərbaycan ədəbi – bədii tənqidinin : Azərbaycan sovet ədəbiyyatşünaslığının diqqət mərkəzində duran əsas hədəflərdən biri olmuşdur. Onun ayrı – ayrı əsərləri çapdan çıxdıqca müntəzəm surətdə qiymətləndirilmiş, xüsusiilə romanın inkişafı problemləri ilə məşğul olan alimlər tərəfindən əsərləri təhlil olunmuşdur.
    Ədib haqqında yazılanları nəzərdən keçirəndə aydın olur ki, yazıçı özünün yeni əsərlərini, xüsusiilə “Şamo” əsərini işləyəndə bu tənqidi fikirləri diqqətlə nəzərdən keçirmiş, müəyyən bir qismini (məsələn : – Bakı partiya təşkilatının kənddə inqilabi hərəkatın genişlənməsinə köməyini , baş qəhrəman kimi Şamonun xarakterini fəal mübarizədə açmağın zərurəti və s.) qəbul etmişdir.
    Müasir rus ədəbi tənqidi də yazıçının yaradıcılığına müəyyən diqqət yetirmiş, xüsusən, son iyirmi beş ildə ədibin yaradıcılığını izləyən Z.S.Kedrina rus dilində çıxan “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında” əsərləri haqqında müqəddimə ya da son söz yazmışdır.
    “Şamo“ xalq həyatının, zəhmətkeşlərin arzu və əməllərinin geniş təsviri ilə gücldür. Bu nöqteyi nəzərdən S.Rəhimovun təcrübəsi Azərbaycan sovet tarixi romançılığının təcrübəsini zənginləşdirmişdir. İllər boyu xalq həyatının özündən keçib gələn və dərin bir çay kimi , üzərində yeni səmanı əks etdirən , həyat materialı ilə zəngin olan belə əsərləri oxuyanda istər – istəməz müəllifin iradəsini və fikirlərini canlandıran mənbə haqqında düşünməli olursan. Ədib inqilabdan əvvəlki həyatı işıqlandırmış, inqilab ərəfəsinə məxsus cəhətləri ilk plana çəkmişdir. Bu müəllifin mühüm ideya bədii nəaliyyətidir. “Şamo“ nun son variantında müəllif , əsrlərdən bəri qul vəziyyətində yaşayan yoxsul Azərbaycan kəndlilərinin psixologiyasında əmələ gələn dəyişikliyi, inqilabi fikrin tədriclə xalq kütlələrinin dərin qatlarına yayılmasını Bakı fəhlələrinin köməyi ilə xalq etirazının axırda sarsılmaz bir qüvvəyə çevrilməsini əks etdirməyə çalışmışdır. İllər ərzində yazıçının məlumat dairəsi genişlənib, ilkin müşahidələri zənginləşdikcə niyyəti də dəyişmişdir. Romanın mərkəzində bir neçə şəxsin taleyi deyil , azadlıq uğrunda mübarizəyə qalxmış xlqın tarixi müqəddəratı, xalq həyatının geniş təsviri durur. Birinci variantdan fərqli olaraq Şamo əsərin baş qəhrəmanı deyil, müəllifin sevimli surətlərindən biridir.
    “Şamo“ da xalqın əzəməti və mənəvi gücü parlaq bədii boyalarla əks etdirilmişdir. S.Rəhimov azadlıq hərəkatının gedişində ruh yüksəkliyini, inamın sarsılmazlığını , müsbət qəhrəmanların vətənpərvərlik hisslərini və yüksək mənəvi keyfiyyətlərini ilk plana çəkdiyindən , xalq tarixin yaradıcısı, xoşbəxt gələcək uğrunda fəal qurucusudur.
    “Şamo“ istər mövzusu, istərsə də bədii ifadə vasitələri baxımından son dərəcə zəngindir. Romanda – Gülsənəmin qaçırılması təxminən 1908 – 1909 illərə aiddir. Bu vaxtdan başlayaraq S.Rəhimov Azərbaycan kəndində baş verən sinfi toqquşmaları, müxtəlif sinif və təbəqələrə mənsub qüvvələrin həmin illərdə baş vermiş hadisələri təfsilatı ilə izləmiş, Azərbaycan kəndinin real mənzərəsini canlandırmışdır. Müəllif tez – tez əsas surətlərin tərcümeyi halına müraciət edib, xarakterlərin formalaşmasına, əvvəlki hadisələri canlandırmaqla məlumatı daha da genişləndirmişdir. Roman üzərində iş davam etdikcə S.Rəhimov mühüm ictimai – siyasi hadisələri təkcə tanınmış alimlərin tədqiqatlarından deyil , həm də arxiv sənədləri əsasında öyrənmişdir. O, tarixi fakt və sənədlərdən istifadə etsə də, surətlərin əksəriyyəti yazıçı xəyalının təxəyyülüdür. Bununla belə əsər üzərində iş davam etdikcə, tarixiliyi qüvvətləndirmək zərurəti duyan müəllif, M.Əzizbəyov, N.Nərimanov, M.S.Ordubadi , inqilabçı Ocaqqulu kimi real şəxslərin surətini yaratmış , tarixi faktlara daha tez – tez müraciət etmişdir.
    Əsərdə Lenin mövzusu mühüm yer tutur . Müəllif Lenin ideyalarına, onun şəxsiyyətinə inamı müxtəlif vasitələrlə canlandırmışdır. Bu ad çəkiləndə insanların üzü gülür, elə hesab edirlər ki, onları Lenin gündəlik həyatlarındakı çətinlik və qayğılardan xilas edəcəkdir.
    Heybət Dağbaşı yaralanmış Şamonun qanına boyanmış dəsmalı bayraq kimi yuxarı qaldırıb üz – üzə dayananları barışığa çağırır. Şamo və Alo da ən çətin vaxtlarda Lenini yada salır , əmin olurlar ki, mütləq Lenin onlara kömək edəcəkdir. S.Rəhimov qəhrəmanlarının fəaliyyətini bütün ölkədə genişlənən inqilabi hərəkatla əlaqələndirməyə nail olmuşdur. Bakı kommunasının müvəqqəti məğlubiyyətindən sonra Həştərxana işləməyə gedən N.Nərimanov Dağbaşı səngərindəki toqquşmadan xəbər tutur. Onun Dağbaşı səngərindəki çıxışı , qardaşlığa çağıran səsi bütün ölkədə müraciətə çevrilir , inqilabi yüksəlişlə əlaqələnir.
    Yazıçı Azərbaycan kəndini geniş planda canlandırdığı kimi , kənd həyatını daha canlı və inandırıcı vermişdir. Əsərdə Bakı və Həşdərxan hadisələri daha geniş yer tutmuş və bir sıra yeni surətlərlə zənginləşmişdir. Ədib surətlərin xarakterini, ictimai – siyasi hadisələri , adət ənənələri izləyir və tədqiq edir. Dərinliyə varan müəllif eyni sinifə mənsub adamların müəyyən hadisələrə müxtəlif münasibətlərinin səbəbini araşdırır, inandırıcı əsaslandırır.
    Romanda qüvvətli və ehtiraslı insanlar üz – üzə gəlir, ölüm – dirim mübarizəsinə girişirlər.
    S.Rəhimovun inqilabdan əvvəlki kəndi təsvir edən əsərlərində hadisələr müxtəlif yerlərdə cərəyan etdiyi kimi , yoxsulların və varlıların, xaraktercə müxtəlif rəngarəng surətlərini yaratmışdır. Mahiyyət etibarı ilə eyni arzularla yaşayan xarakterlər bir – birinə bənzəmir və bir – birini təkrar etmirlər.
    “Şamo“ və “Qafqaz qartalı“ nın mərkəzində dövrün ən böyük ictimai konflikti durur : azadlıq hərəkatı müxtəlif sinifləri təmsil edən canlı surətlər, iki böyük cəbhə üz- üzə dayanır. Bir tərəfdə çar məmurları və yerli hakimlər, Sultan , Gəray, Müqim , Ağaxan, Hətəmxan kimi varlılar və onların əlaltıları Yasavul Kərbalı , Balay , Ələmdar və başqaları , digər tərəfdə isə Nəbi və Həcər, Şamo, Alo, Safo, Gülsənəm, Qəmər, Fərzəli, Sibir Matvey, Mirzə Polad , kənkan Qeybalı bir sözlə , Azərbaycan, rus və gürcü xalqlarının ən yaxşı oğulları , azadlıq mübarizləri özlərinə məxsus xüsusiyyətləri ilə yadda qalırlar.
    Əsər Şehli hadisələrinin təsviri ilə başlanır. Müəllif təbii yolla əhatə dairəsini genişləndirir , kiçik dağ kəndini gözəgörünməz bağlarla ölkə ilə əlaqələndirir. S.Rəhimov məharətlə Dəli dağ, Eloğlu, Cavanşir, Dağətəyi və Şuşanın bir – birinə bənzəməyən mənzərələrini canlandırır. O, bütün səyi ilə göstərir ki, zəhmətkeşlərin vəziyyəti hər yerdə ağırdır, onlar çıxış yolu axtarırlar. Cəmi otuz evdən ibarət olan Şehli kəndi bir – birini yaxından tanısa da, parçalanmış yaxın qohumluq, mehriban qonşuluq münasibətləri pozulmuşdur. Bir tərəfdə yoxsullar, digər tərəfdə varlılar arasında gizli və aşkar toqquşmalar illər boyu davam edir. Torpaq qazmalarda yaşayan ac – yalavac kasıb uşaqlarının əyinləri paltar, ayaqları başmaq görmür. Hampalar və ruhanilər əlbir olub camaatı talayır, gözümçıxıtıya salırlar. Varlıların və yoxsulların dolanışığını əks etdirən epizodlar romanda inandırıcı dəlillərlə verilmişdir. Cəmiyyətdə hakim qanunlar düzlüklə yaşamaq, insani ləyaqəti qorumaq çətindir. Xalqın ən yaxşı oğulları bu həqiqəti dərk edib mübarizəyə başlamışdılar. Köhnə kəndi yaxşı tanıyan ədib təfərrüatları yerində işlətməklə azadlıq mübarizlərinin qarşısına çıxan çətinlikləri hərtərəfli araşdırır. Əsərdə xüsusi mülkiyyətçilik vətəndaşlar arasında bərabərsizliyin doğurduğu ədalətsizlik bütün çılpaqlığı ilə göstərilmişdir. “Şamo“ da elə bir dövr əks olunmuşdur ki, sinfi şüuru oyanan zəhmətkeşlər birləşir, mübarizəyə qalxırdılar. Azadlıq hərəkatı öz iştirakçılarına mərdlik , fədakarlıq, dözüm dərsi verir. Bu həqiqət əsərdə özünü aydın göstərir. Yeni şərait mübarizlərini, Şamo, Heybət, Arşaq, Suren, Heydərəli, Seyfəli surətlərində yeni inqilabçı nəslinin yetişməsində kommunist ideyalarının təbliğatının rolunu göstərir. S.Rəhimov yoxsulların acınacaqlı vəziyyətlərinə göz yummur, bunu onların mübarizəyə qaldıran əsas amillərdən biri kimi mənalandırır. Əsərdə Zeynəb özü kimilərinin acınacaqlı taleyinə göylərin təyin etdiyi bir qismət kimi baxırsa da , oğlu Qeybəli mübarizənin ən qızğın yerində dayanır. Əəsrdə bir ailənin , bir dam altında yaşayan adamların dünyabaxışlarının müxtəlifliyində əks olunmuşdur. Belə ki, məruz qaldığı haqsızlıqların qabağında xəstə və qoca Safo xilası göylərdən gözləyir , lakin onun oğlu kommunist Şamo başa düşmüşdür ki, azadlığa çıxmaq üçün silahlanmaq , qurban vermək , fədakarlığa hazır olmaq lazımdır. Yazıçı əsərdə Şamonun inkişaf yolunu inandırıcı göstərə bilmişdir. Realist yazıçı gənclərin xarakterlərinin formalaşmasında XX əsrin ikinci onilliyində baş verən hadisələrin və düşdüyü yeni mühitin həlledici rolunu göstərməklə yanaşı, xalqın əsrlərdən bəri gözəl, əxlaqi – mənəvi keyfiyyətlərinin əhəmiyyətini də unutmamışdır. Bir vaxtlar özünü göstərən şəxsiyyət kimi tanınmasında sözü bütövlük , dostluqda sədaqət kimi sifətlər şüurlu bir inqilabçının dünya görüşündən daha artıq xalqın əsrlərdən bəri əxlaqi qənaətləri ilə bağlanır.
    S.Rəhimovun xalqla bağlılığının mühüm xüsusiyyətlərindən biri uşaqlıqda eşitdiyi nağıl və əfsanələrin, dastan və rəvayətlərin onun yaddaşında tükənməz bir mənbə olmasıdır. Ədibin uşaq hafizəsinə həkk olunmuş ilk həqiqi qəhrəman Nəbi və Həcər olmuşdur. Bu təsadüfü olmayıb, yazıçının illər keçdikcə real qəhrəmanlar yadından çıxmamış, onların igidliyini dəyanətini, məhəbbət və sədaqətini yadda qalan bədii vasitələrlə əks etdirə bilmişdir. Demək olar ki, S.Rəhimovun iri həcmli romanlarında, povest və hekayələrində IX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan kəndlərində hökm sürən ictimai – iqtisadi münasibətlər geniş şəkildə canlandırılmışdır. Bu nöqteyi – nəzərdən tədqiqatçılar ədibi heç kəslə müqaisə etmirlər. Onun əsərlərində sadə zəhmətkeşlərin hüquqsuz və acınacaqlı vəziyyəti hərtərəfli təhlil olunmuş, əsərlərindən təfəkkürlərə keçərək canlı nitqə daxil olmuşdur. Bu, sənətkarın qüdrətini və xalqa bağlılığını parlaq surətdə göstərən dəlillərdən biridir. Kənddə sosializm quruculuğunun, onun tarixi nəaliyyətlərinin şahidi olan ədib , inqilabdan əvvəlki kəndə nəzər salmış, sinfi şüuru oyanan, insani həyat uğrunda mübarizəyə qoşulan qüvvələrini ilk plana çəkərək, xalqın azadlıq hərəkatına başçılıq etmiş mətin kommunistlərin surətlərini böyük məhəbbətlə yaratmışdır. Ədibin bu məsələ ilə əlaqədar mülahizələri xalq və cəmiyyətə münasibətini aydınlaşdırmaq nöqteyi – nəzərindən çox əhəmiyyətlidir. O, məqalə və çıxışlarında dəfələrlə göstərmişdir ki, sosializm realizmi yeknəsəqliyə deyil , sənəd rəngarəngliyinə , kəşviyyatçı , ixtiraçı olmağa səsləyir. ( “Yazıçı və həyat” səh. 356) Həyata bağlılıq əlaqəsini geniş mənada qəbul edən yazıçı əsərin cəmiyyətin zəruri tələblərindən doğmasını vacib saymışdır.
    Azərbaycan sovet ədəbiyyatının inkişafı tarixində mövzu və bədii ifadə vasitələri baxımından öz yolu olan yazıçı uzun illər ərzində özünün mənalı sənət aləmini yarada bilmişdir. S.Rəhimovun əsərləri hərşeydən əvvəl həyat materialları və dəqiqliyi ilə diqqəti cəlb edir. O, deyir : – “ Mən əlimə qələm alıb yazmağa başladığım gündən bu qənatdə olmuşam ki, əsərin mövzusunu, materialları, səciyyə və surətləri də yazıçıya bitib tükənməyən həyat qaynaqları verir”. ( “Yazıçı və həyat“ səh. 404)
    Beləliklə S.Rəhimov taleyi ilə bağlı düşüncələrindən çıxış edərək demişdir: – Müəllif əməyə münasibəti ilə əsər üzərində sona qədər inadla işləməli axtarışlar aparmalıdır. “Mən yaradıcı əməkdən qorxan ilhamın səmərə verəcəyinə zərrə də olsa inanmıram, yaradıcı zəhməti olmasaydı istedad sönərdi, zəhmət səmərə verməzdi”. S.Rəhimov ağır zəhmətdən sonra çap etdirdiyi əsərlərdən birdəfəlik əl çəkmir , imkan olanda onları yenidən işləyir, “Şamo“ və “Saçlı” kimi iri həcmli romanların ayrı – ayrı nəşrləri yazıçının öz əsərləri üzərində diqqət və səylə işlədiyini əyaniləşdirir. Onun fikrincə müasir Azərbaycan kəndindən yazan müəllif kəndin dünənini bilməsə, hzırda orada nə baş verdiyini ictimai mədəni dəyişikliklərinin əhəmiyyətini lazımı qədər qiymətləndirə bilməz.
    Çoxmillətli Azərbaycan sovet ədəbiyyatı öz inkişafının ilk mərhələlərindən başlayaraq tarixi mövzuların işlənməsinə mühüm əhəmiyyət vermişdir. Trixi mövzular xalqın yadelli işğalçılara və istismarçılara qarşı mübarizəsinin parlaq səhifələrinin canlandırılması zəhmətkeşlərin vətənpərvərliyi mühüm əhəmiyyətə malik olmuşdur. Otuzuncu illərin əvvəllərindən başlayaraq, Azərbaycan yazıçıları azadlıq və xalq hərəkatının parlaq səhifələrinə müraciət etmişdilər. Tarixə bu gün də azalmayan dərin maraq Azərbaycan ədəbiyyatının xarakter xüsusiyyətlərindən biridir. Tarixi mövzuların meydana çıxması Azərbaycan romanının inkişafında mühüm əhəmiyyətə malikdir.
    “S.Rəhimov böyük sənətkardır ” , – dedikdə , onu da nəzərə almaq lazımdır ki, ədibin əsərlərində xalqımızın inqilabdan əvvəlki həyatı kimi, onun sosializm cəmiyyəti quruculuğunda fəaliyyəti yeni dünya görüşünün formalaşması özünün bütün mürəkkəbliyi və əlvanlığı ilə əks olunmuşdur.
    S.Rəhimov otuzuncu illərin əvvəllərində Azərbaycan kəndində gedən kəskin sinfi toqquşmanın real mənzərəsini “Saçlı “ romanında canlandırmış,
    əsərdə tərəflərin mövqeyi, arxalandıqları tarixi həqiqətlər, zəhmətkeş insanların yeni qurluşun həyatiliyi və humanizminin nəticəsi, tarixi məğlubiyyətin labüdlüyü qarşısında acizliklərini etiraf etmək istəməyən istismarçı toqquşması ilə müəyyənləşmişdir. Yeni cəmiyyətin qabaqcıl qurucularının fəaliyyətini əks etdirən “Saçlı” Azərbaycan sovet nəsrinin inkişafı tarixində özünə məxsus yeri olan əsərlərdən biridir. Otuzuncu illərdə ədibin bir neçə il Azərbaycanın müxtəlif rayonlarında partiya işində çalışması, kollektivləşmə, kəndin yenidən qurulması uğurunda gedən mübarizədə bilavasitə fəal iştirakı , eyni vaxtda gördükləri və eşitdikləri roman üçün zəngin material vermişdir. Xalqın ən yaxşı oğulları, kommunistlər, fəhlə sinfinin kəndə göndərdiyi adamlar şəxsi mənfəət və rahatlıq bilmədən qələbəni möhkəmləndirmək yolunda səylərini əsirgəməmişdir. Hakimiyyətlərini, var – dövlətlərini itirmiş qolçomaqlar, kəşfiyyat orqanlarına satılmış xainlər yeni quruculuğa qarşı çıxaraq quruculuğu pozmağa, müvəqqəti çətinliklərdən kütlələrin avamlığından çirkin məqsədlərinə çatmaq üçün cəhd göstərirdilər.
    “Saçlı“ otuzuncu illərin birinci yarısında Azərbaycan kəndinin həyatını real şəkildə əks etdirir. Müəllifin qələmə aldığı dövr səciyyəvi hadisələr : – kollektivləşmə , əsrlərdən bəri qanun şəkli almış adət ənənənin sarsılması mühüm ictimai – siyasi dəyişikliklərin adamların məişətində və psixologiyasında doğurduğu böyük inqilabi çevriliş sənətkara maraqlı material vermişdir. Mübarizədə sosializmin dostları ilə düşmənləri arasında mübarizə genişlənirdi. Yazıçı, kimlərin ardınca getmələrini tarixi həqiqətə müvafiq olaraq onların arzularının həqiqətə çevrilməsi kimi qələmə almışdır. “Saçlı“ sosializmin kənddə qələbəsini əks etdirən bir əsərdir. S.Rəhimov zəhmətkeşlərin əmək coşqunluğunu və sevinclərini xüsusi bir diqqətlə canlandırmağa müvəffəq olmuşdur. Əsərdə ədibin ən mühüm ədəbi nəaliyyəti müsbət qəhrəman surətlərinin canlılığı və inandırıcı göstərilməsi, daxili aləmlərinin psixoloji dəqiqliklə işıqlandırılmasıdır. Ona görə də oxucu qəhrəmanları alqışlamaqla yanaşı onları bir insan kimi də sevirdilər. Yazıçının qabaqcıl müasirlərimizin surətini yaratmaq nöqteyi – nəzərindən roman mühüm əhəmiyyətə malik əsərlərdən biridir.
    S.Rəhimovun ayrı – ayrı vaxtlarda irəli sürdüyü mülahizələr göstərir ki, müsbət qəhrəman surəti bir sənətkar kimi ədibin düşüncələrini həmişə məşğul etmişdir. Amma o, həmişə özünün şəxsi təcrübəsinə əsaslanmışdır. Müsbət qəhrəman necə olmalıdır ? – sualı ətrafında mübahisələri rədd edərək deyirdi : – Gəlin zəmanəmizin müsbət adamının dolğun surətini verək ! Qoy bizim müsbət qəhrəmanlar sevinən , gülən , yeri gələndə öz əqidəsi uğrunda ölməyi bacaran , yoldaşının ölümünə ağlayan , sonra da onun hər qətrə qanına bir düşmən öldürən real insan olsun! “ ( “Yazıçı və həyat “ səh. 62)
    Yazıçının etiraf etdiyi kimi rayonda partiya işində çalışması, kollektivləşmə uğrunda fəal mübarizənin iştirakçılarından biri olmağı “ Saçlı “ nın yazılmasına zəngin material vermişdir. S.Rəhimov etiraf etmişdir ki, əsər bütünlüklə mənim həyat müşahidələrimin əsasında yazılmışdır. (“Yazıçı və həyat” səh.155)
    Yazıçı kollektivləşmə mövzusuna gec müraciət etmiş olsa da təkrara yol vermədən kəskin sinfi mübarizənin mahiyyətini açmağa müsbət qəhrəmanlarının əməllərini əbədiləşdirməyə nail olmuşdur. “Saçlı“ müəllifin yaradıcılıq nəaliyyətləri kimi qeyd edilmişdir. Əsərdə Dəmirov, Zamanov, Qocaoğlu, Mədət, Qiyasəddinov, Cəlilzadə eyni məsləkin insanları, daxili aləmləri ilə fərqlənən canlı insanlarıdır.
    Əsərdə vəzifəsinə, partiyanın etimadının nəticəsi olaraq, xalqa daha səmərəli xidmət etməyə çalışan Tahirin arzuları daha canlı verilmişdir. “ O, arzu edərək deyirdi ki, – Bütün kənd evlərində neftsiz lampalar – elektirik lampaları yansın, radio səsləri eşidilsin. Qoy gündüz alın təri ilə işləyən zəhmətkeşlər rahat həyat sürsünlər. Hər bir kəndlinin evində suyu, kəndində həkim məntəqəsi olsun”. Tahir çətinliklərə, sinfi düşmənin fitnəkarlığı nəticəsində mürəkkəbləşən vəziyyətə baxmadan inam və həvəslə işləyir, günün vəzifələrini unutmur, hər şeydən əvvəl onları həyata keçirməyə çalışır, eyni zamanda da işıqlı sabah haqqında düşünür. O, cəmiyyətə arxalanan bir müsbət qəhrəman kimi partiya təşkilatının irəli sürdüyü planların əhəmiyyətini başa düşərək daha da əzmlə çalışır. Tahir cəmiyyətin sağlam qüvvələrini öz ətrafına toplayır. İşlədiyi bu ucqar rayonun gözəlliyini nəzərində canlandırdıqca, ancaq müşahidəçi mövqeyi tutmayaraq, rayonu daha da abadlaşdırmaq arzusu ilə yaşayır. Eyni zamanda onu da başa düşür ki, sinfi düşmənə qarşı ayıq və amansız olmaq lazımdır.
    Süleyman Rəhimov romanın mövzusu baxımından dövrün böyük ictimai – siyasi həqiqətləri, kənddə sosializmin qələbəsini yığcam və tarixi faktlarla verməyə nail olmuşdur.
    Böyük Vətən Müharibəsi ərəfəsində başlanmış, tarixi qələbədən bir neçə il sonra tamamlanmış “Saçlı“ mükəmməl bir əsər kimi tədqiqatçılar tərəfindən qəbul edilmiş, ədibin əməyi yüksək qiymətləndirilmişdir.
    S.Rəhimovun əməyi partiya və hökümət tərəfindən qiymətləndirilmiş, müxtəlif illərdə orden və medallarla təltif edilmişdir.

    1. 1942-ci il 6 fevral – “Şərəf nişanı ordeni”
    2. 1959-cu il 9 iyun – “Əmək bayrağı ordeni”
    3. 1960-cı il – “Azərbaycan SSR Xalq Yazıçısı fəxri adı”
    4. 1970-ci il 20 mart – “Lenin ordeni”
    5. 1972-ci il – “Qızıl qələm mükafatı”
    6. 1975-ci il 4 dekabr – “Sosialist Əməyi Qəhrəmanı”
    7. 1980-ci il 5 mart – “Xalqlar dostluğu ordeni” və s.

    Xalq yazıçısı Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Rəsulova Ədalət. AMEA Nizami Gəncəvi adına Ədəbiyyyat İnstitutunun əməkdaşı.

    Süleyman Rəhimov
    Xülasə

    Məqalə görkəmli Azərbaycan yazıçısı Süleyman Rəhimovun həyatı yaradıcılığı, keçdiyi həyat yolu, “Şamo” və “Saçlı” romnları əsasında hazırlanmışdır.
    Açar sözlər: Süleyman Rəhimov , “Şamo”, “Saçlı” obrazlar, konflikt.

    Сулейман Рагимов
    Резюме
    Статья основана на жизни и творчестве выдающегося азербайджанского писателя Сулеймана Рагимова, его жизни, романах «Шамо» и «Сачли».
    Ключевые слова: Сулейман Рагимов, «Шамо», «Волосатые» образы, конфликт.

    Suleyman Rahimov
    Summary
    The article is based on the life and work of prominent Azerbaijani writer Suleyman Rahimov, his life, the novels “Shamo” and “Sachli”.
    Keywords: Suleyman Rahimov, “Shamo”, “Sachli” images, conflict.

  • Məhəmməd NƏRİMANOĞLU.”Eldən gedənlər”

    Buz bulaqlardan ötrü təşnə idi…
    Çoxlarının “Cümşüd dayısı nə qədər nikbin olsa da, o qədər DƏRD daşıyırdı
    Yaddaşıma daş atdım ki, bəlkə ötənləri-itənləri bir balaca olsa da xatırlayım. Nə gizlədim, ilk yadıma düşən o oldu. Yalnız ona görə yox ki, xatirimiz bir-birimizin yanında əziz idi. Bəlkə də tanıyıb-bildiklərimin arasında daha çox səmimi, sakit təbiətli olmasından idi ki, çox istəyirdim xatirini.
    Kəlbəcərdə orta məktəbi bitirib ali təhsil almaq üçün evdən və eldən çıxıb uzaqlaşmışdım, rayona qayıdanda nə mən çoxlarını, nə də çoxları məni tanımırdı. İlk iş yerim Aşıq Şəmşir adına Kəlbəcər şəhər Mədəniyyət Evi oldu. İstedad qapı açandır,-o zaman hiss elədim. Rayon mədəniyyət şöbəsinin müdiri, dramaturq, şair, aktyor və musiqişünas Kamal Neməti də elə orada tanıdım. Tanıdıqlarımın hər birinin özünəməxsusluğu var idi. Məsələn, baş mühasibimiz Famil Cavadovla mədəniyyət evinin direktoru Şəfaqət Süleymanovu müqayisə eləmək olmazdı. Biri ciddi, həddindən artıq, digəri o dərəcədə zarafatcıl…
    Hamı onun “bacıoğu-bacıqızı”sıydı elə bil
    Mədəniyyət işçilərinin bir dayısı var idi Cümşüd adında: fağır, sakit, təbəssümlü, astayerişli, ortaboy… Hamı da dayı qədər çox istəyirdi xatirini. Bunun səbəbləri vardı. O da yaşından asılı olmayaraq, sanki hər kəsin dayısı olduğunun fərqindəydi, hamıya “bacıqızı”, “bacıoğlu” deyirdi. Day belə insana necə dayı deməyəsən ki?
    Yox, yox, rayonumuzda “Dayı”ləqəbli bir ağsaqqalımız, xeyirxahımız, Hacı Zeynalabidin kimi səxavətlimiz (oxu: “pulunun dəlisi”) var idi- Mamed Xudaquliyev. Kimsə onun adının Məhəmməd olduğunun fərqinə varmazdı, dayı kimi tanınırdı, adını da demirdilər. Amma Cümşüd Kamalov dayı statusunu mədəniyyət şöbəsində qazanmışdı.
    Kəlbəcər rayonunun hər tərəfi əsrarəngizliyi ilə diqqət çəkib. Keştək bölgəsinin isə bir özgə füsunkarlığı vardı. Yellicə kəndi də Göyçə gədiyinə yaxın salınmış kəndlərdən idi. Dağların əlçatmazlığında binələnən bu obada dünyaya göz açanların da arasında istedadlılar az deyildi. Cümşüd dayının nəsil-nəcabətində belələri barmaqla göstərilirdi. Yalnız 3-nün adını çəksəm bəs edər: İsməli Dağlaroğlu ilə Zahid Muxtar və Ədalət Dəlidağlı…
    Hər iki şairin qələminə, qəlbinə nəinki kəlbəcərlilər, bu gün xalqımız bələddir, Ədalətin sazına isə Türk dünyası heyrandır. Fikrim bu şairləri və aşığımızı yenidən təqdim etmək deyil.
    “Qəpik-quruş” davası eləməzdi
    Cümşüd dayı mədəniyyət evində, eləcə də şöbədə çalışan işçilərin həm də ay ərzində ümid, güman yeri kimi tanınırdı. Mədəniyyət şöbəsinin metodisti vəzifəsində olsa da, həm də xəzinədarı idi. And içərəm ki, mədəniyyət işçilərinin aylıq əməkhaqqından ona qalan “qəpik-quruş”u da elə orada xərcləyirdi. Bunu da ürəklə edirdi. Kənd mədəniyyət işçilərinin vaxtında almadıqları əməkhaqqıları digərlərinin ehtiyacına əsirgəmirdi. Bu da xeyirxahlığın bir forması idi.
    Cümşüd Kamalovu bu xarakterinə görə hamımız çox istəyirdik. Vicdanı təmiz, əqidəsi saf olan belə kişilər ac qalmazlar. Cümşüd dayının da süfrəsi açıq idi, ürəyi kimi. Onunla zarafatlar da dadlı-duzlu olardı. Sanki istedadına görə seçilənlərdən idi. Famil Cavadovla dostluğu daha yaxşı tutardı. Kənd mədəniyyət müəssisələrini yoxlamağa gedib-gəldikdən sonra bu, bir “dastan”a çevrilərdi.
    Bir dəfə Ayrım bölgəsindəki (Lev ərazisini deyirdi) klublara, kitabxanalara illik avadanlıqların yoxlanması üçün gediblər. Gəlib danışırdı ki, “bacıoğlu”, klubda tribunaya söykənib soruşdum ki, “bacıqızı”, tribuna hanı, yoxdu?
    Klub müdiri də elə qorxulu hala düşüb ki, çaşıb qalıb, anlamayıb ki, tribuna nə olan şeydi. Elə bilib ki, evə apardığı radio-maqnitafonu deyir. Tez dodaqalrı əsə-əsə deyib:
    -Cümşüd dayı, sınmışdı, aparmışam usta düzəltsin.
    Cümşüd dayı da gülüb deyib:
    -Bacıqızı, bəs bunun (o, söykəndiyi tribunanı göstərir) adı nədi?
    Klub müdiri anlamayıb. Üzünü Famil Cavadova tutub ki, bəlkə kömək eləsin. O da Cümşüd dayıya sarı dönüb deyib:
    -İndi deyirsən ki, bu yazıx bir aylıq maaaşını verib ustaya canını qurtarsın?
    Cümşüd dayı eyhamı anlayıb vəziyyəti düzəlib:
    -Cavadov, nə deyirəm ki, düzəltdirsin də, qoysun yerinə.
    Belə məzəli hadisələr Cümşüd dayı ilə Famil Cavadovun başına az gəlməzdi. Onu da iş yerinə gələn kimi danışıb-gülərdilər.
    “Məktub” məsələsi, “toypayı” siyahısı…
    Cümşüd dayı qanunu sevər və hamıya da bunu təlqin edərdi.
    Yaxşı xatırlayıram. Deyəsən, sonbeşik oğlu Tapdıq olan vaxtlar idi. Ya uşağın görümünə, ya da kiçik toyundan sonra kollektiv Cümşüd dayıgilə getmişdik, başda Kamal Nemət olmaqla. Mədəniyyət işçiləri də “itoynadan” olur axı: hamı da zarafatcıl. Yaxşıca yeyib-içdlər. Hamının “keyfi düzəldi”. İndi siyahı yazılmalıdır axı, toypayı. Ayın elə vaxtıdır ki, əməkhaqqını götürüb işçilərə verməyiblər. Əslində, Cümşüd dayının vaxtı olmayıb ki, bankdan əməkhaqqını götürüb versin. İşçilər də fikirləşdilər ki, bəs necə etsinlər? Axı, kollektivin üzvlərinin birinin xeyir-şərindən qalmayan Cümşüd dayının bu işinə necə getməsinlər?!
    “Əlac” tapıldı. Famil Cavadov “məsləhət elədi” ki:
    -Dünya dağılmayıb ha, Kamal müəllim, kollektiv gedək xeyir işimizə (bizi ayrıca qonaqlıq üçün dəvət edib haa!-M.N.), orda da gizlicə konverti verək Kamalova. Açıb oxuyanda görsün ki, günah özününküdür.
    Sən demə, bir məktub yazılıb hazır olub. Məktubda yazılıb “…vallah, günah səninkidir, Kamalov, maaşı vermədiyin üçün pulsuz gəlməyə utanıb bu məktubu yazmalı olduq. İnşallah, maaşı alanda özün adambaşına 20-25 manat tutarsan, vedomostla”…
    Beləcə, getdik yeyib-içməyə. Haqqüçünə, gözəl bir qonaqlıq oldu. Sazlı-sözlü məclisdə az adam keflənmədi, əksəriyyətimizin halı yaxşıydı. Aşıq Əzizə dedilər ki, daha gecdi, yığışın, gedək. Əziz də nə desə yaxşıdır:
    -Kamal müəllim, tova, bura bizim evdən yaxşıdır. Uyyy Allah, hara gedim ey? Gejənin bu vaxı Sınıxkilsiyə gedim, arvat məni itnən qovsun?!
    Beləcə, o məclisimiz başa çatdı. Hamı yeyib-içib kefləndi, pul-zad da yazdıran olmadı.
    Cümşüd dayı bizdən sonra məktubu açıb baxmaq istəyir ki, görsün siyahıda kimlərin adı var. Baxır ki, nə siyahı ey? Yarım vərəqlik bir məktubdur-üzürxahlıq edilir. Bilmir ki, gülsün, yoxsa əsəbləşsin. Evdə üstünü vurmur. Sabahısı işə gələndə baş mühasibin otağında bu məsələni bir-iki nəfərə dedi, həm də utana-utana. İnanın Allaha ki, bizim əvəzimizə yazıq kişi özü utandığından, qıpqırmızı olmuşdu.
    Məsləhət oldu ki, maaş veriləndə işçilər özləri yazılacaq. Maaş vaxtı da gəldi, əməkhaqqnı alıb otaqdan çıxanların üzünə də baxmadı ki, bəlkə müftə yeyənlər başa düşüb siyahı yazılsınlar. Beləcə, nə özünü o yerə qoyan oldu, nə də Cümşüd dayı başını qaldırıb bircə nəfərə demədi ki, balam, bəs borcun?..
    Cümşüd dayı hər ayın sonunda maaş alınanda əsas simaları qonaqlığa aparanda düşünürdüm ki, yəqin bu dəfə rəhbərlər qoymaz xərci o ödəsin. Lakin, hər dəfə də kassanın qəpik-quruşunu yeməkxanada-kababxnada qoyub çıxanda, rəhmətlik Söhrab dayı deyirdi:
    -Kamalov, cibinə min-bərəkət.
    Bax, əsas məsələ də elə bu “bin-bərəkət, min bərəkət”dəydi. Heç vaxtı cibindən pul əskik olmazdı. Kənddə təsərrüfatları var idi, səxavətliliyi ilə mərdanəliyi Cümşüd Kamalovu kollektivimizə elə sevdirmişdi.
    SSRİ-nin “usquşnu günü” keflilik…
    Daha bir maraqlı xatirəni də yazmaya bilmədim. Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev ölən günüdür. Biz mədəniyyət işçiləri də raykomluğun satqınlarından guya oğurlanıb Tərtər çayı boyunca günorta naharına getmişik. Yenə də bizi Cümşüd Kamalov nə ilə bağlısa qonaq aparıb. Yeməkxanadan çıxanda şöbə müdiri Kamal müəllim qayıdıb geri – maşının içərisində bizə baxıb dedi:
    -Ayə, ay uşaqlar, vayyyy! Evimiz yıxıldımı? Bu gün Brejnevin dəfn günüdü, biz də yeyib-içməkdən gəlirik!
    Hamı bir-birinin üzünə baxdı. Kamalov, deyəsən, lap çox qorxmuşdu. Axı, o da
    partiyaçı idi. Həm də raykomluqdan bilsələr, satacaqdılar. Burada partiyadan qovulmaqdan daha çox həbsolunma da ola bilərdi ha! Bundan qorxurdu. İstisu mineral sudoldurma zavodunun yaxınlığındakı yeməkxanadan Keştəyin suyuna kimi maşınla gəldik. Burada Cümşüd dayı dedi:
    -Kamal müəllim, indi burda nə var ki? Elə hesab eliyin: biz də yasdan gəlirik dayna. Urusdar ölüsünü basdırmamış yeyib-içmilər ki?!
    Hamının eyni açıldı. Amma, deyəsən, Cümşüd Kamalov bunu bizim kefimizin pozulmaması üçün deyirmiş.
    Bir az keçməmiş o, yenidən dilləndi:
    -Bəşir (sürücümüzün adını çəkdi), saxla mən düşüm, bacıoğlu, evdən idarəyə gətiriləsi əmanət var.
    Sürücü maşını saxladı. Cümşüd dayı maşından düşüb “Dəlikdaş” adlanan yerdən Yuxarı düzə qalxan yola düzəldi, payi-piyada. Biz də 5-6 nəfər gəldik Mədəniyyət şöbəsinə. 1-2 saat keçdi, Cümşüd dayı gəlib çıxmadı. Kamal müəllim işçilərdən birini göndərdi ki, ( o zaman əl telefonu yox idi axı) otur maşına, gedin Kamalov Cümşüd görün niyə gəlmədi? Birdən halı pis olar, ürəyi ağrıyan adamdı, yolda həyacanlanmışdı.
    Doğrudan da Cümşüd dayı evə özünü zorla çatdırıb yorğan-döşəyə düşmüşdü. Sadəcə, ürəyindən yox, həm də həyacan və qorxudan ki, raykomun “Qaloş”ları onu da sata bilər və partiyadan qovar, həbs edərlər.
    Cümşüd Kamalovun həyatından, onunla bağlı xatirələrdən bir dastan yaza bilərəm. Lakin, məqsədim, əlnəttə, el-obamızın belə sakit təbiətli, qonşu və el adamlarını xalqımıza tanıtmaqdır.
    Didərginlik illrində Gəncədə görüşdük. Az qala tanımadıq bir-birimizi. İkimiz də qan-yaş axıtdıq. Oğlu İsməli müəllimin qələminə əhsən dedim, sevindi, güldü. Dedi ki, bəs dədəm də yazan idi. Sən demə, İsmayıl baba da sinəsi dolu gedib bu dnyadan.
    Cümşüd Kamalov Kəlbəcərdə şəxsiyyət kimi tanınmış nəsillərdən birinin layiqli təmsilçisi idi. Yeri behişt, balaları, nəvələri sağ olsun. Onlara Kəlbəcərə, Yellicəyə, Baş yurda, Əli daşına, Anqutdu gölünə dönməklərini arzulayıram.

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Şair Ağacan haqqında bildiklərimiz və bilmədiklərimiz”

    XIX əsrin sonları, XX əsrin birinci yarı­sın­da yaşayıb ya­rat­mış şair Ağacan sovet rep­ressiya maşınının qurban­la­rın­dan­dır. Ağacan Cabbar oğlu Cabbarlı Şorayıl mahalının (hazır­da bu mahal da vax­tilə Azərbaycan torpaqları hesabına yara­dı­laraq Ermənistan adlandırılan döv­lə­tin ərazisin­də­dir) Qarakilsə (Qaraisə) kən­din­də dünyaya gəlib. Sonradan Borça­lıda məs­kun­laşan Ağa­can Cabbar oğlu bura­da yaşayıb yarat­mış, aşıq sə­­nətinin inkiafında bö­yük xid­mət­ləri olmuşdur. Təkcə onu de­mək kifayət­dir ki, Borçalının məşhur aşıqlarından olan Quşçu İb­rahim Ağa­ca­nın şəyirdi olub. Quşçu İbra­hi­min şəyirdi isə XX əsrin məşhur ustadlarından olan aşıq Hüseyn Saraçlıdır. Şair-aşıq kimi Borça­lı­da çox məşhur olan Ağa­­canın şeirləri bu gün də aşıqların dilindən düşmür. İndiyədək onun haqqında çox yazılıb, bütün külliyyatını əhatə etməsə də, şeirlərindən iba­rət kitab da işıq üzü görüb. Və indiyədək işıq üzü gör­­müş bir çox kitablarda, məqalələrdə onun 1886-cı ildə anadan oldu­ğu göstərilib. 

    Amma Ağacanın 4-5 il bundan əvvələdək yaşamış və 80 il­dən çox ömür sürmüş qızı Göyçək xanım isə atasının doğum tari­xinin indiyədək yanlış göstərildiyini deyirdi. O, bu qənaətdə idi ki, aatasının doğum tarixinin indiyədək bütün mənbələrdə 1886-cı il kimi göstərilməsi yanlışdır. Öz atası ilə bağlı zəngin məlumata malik olan Göyçək xanım Ağacanın 1886-cı ildə deyil, 1876-cı ildə doğulduğunu söyləyirdi. Göyçək xanımın bu arqumentinin əsaslı olduğunu elə Ağacanın şeirləri də sübut edir. Tədqiqatçılar üçün də maraqlı olacağını nəzərə alaraq Şair Ağa­ca­nın həyatı ilə bağlı bu və ya digər məqamlara aydınlıq gə­tir­mək üçün Göyçək Seyidovanın dediklərini qələmə aldıq. Göyçək xanım deyirdi ki, atası 1876-cı ildə anadan olub və bunu mü­əyyən faktlarla əsaslandırırdı. Digər tərəfdən onun söylədik­lə­ri­nin düz­gün­lüyünü elə şeirlərinin birində Ağacan özü də təsdiq edir: 

    Cavanlıq dövrümü yaxşı keçirdim, 

    İndi qocalığa dözə bilmirəm. 

    Gəzdiyim oylağı görmək istərəm,

    Qıçlarım titrəyir, gəzə bilmirəm. 

    Gəzdiyim oylağı gəzmək istərəm,

    Qocalıq yükünə dözmək istərəm. 

    Qızlara bir namə yazmaq istərəm,

    Əllərim titrəyir yaza bilmirəm. 

    Ağacanam, 70-i keçibdi yaşım, 

    Hərdənbir ağrıyır qovğalı başım. 

    İndi qocalmışam, heç kəsmir dişim,

    Nə qədər övkələyirəm, əzə bilmirəm. 

    “Cavanlıq dövrümü yaxşı keçirdim, indi qocalığa dözə bilmi­rəm” – deyən şair bu şeirində vətəndə keçirdiyi gözəl gün­ləri xatırlayır, qocalıqda sürgün həyatına dözə bilmə­di­yin­dən gileylə­nir, “qocalıq yükünə” dözüb, gəzdiyi oylaqları bir də gəzmək arzusu ilə yaşayır. 

    Məlum­dur ki, Ağacan 1951-ci ildə Sibirdə vəfat edib. Əgər indiyədək yazıldığı kimi, onun 1886-cı ildə anadan olduğunu qə­bul etsək, belə çıxır ki o 65 il yaşayıb. Bu şeirdə isə özü aydınca deyir ki, “Ağacanam, yetmişi keçibdi yaşım”. Və elə təkcə bu fakt onun doğum tarixinin 1886-cı il olmadığını sübut edir. Çox gü­man ki, bu şeir onun ölümündən heç olmasa 2-3 il əvvəl yazı­lıb, deməli Ağacan Cabbar oğlu, qızı Göyçək xanı­mın da dediyi kimi, 1876-cı ildə anadan olub. Ancaq nədənsə onun bu şeiri indiydək dəfələrlə nəşr olunsa da, doğum tarixini dəqiqləşdirmək baxımından olduqca əhəmiyyətli olan yuxarıda qeyd etdiyimiz misra təqdiqatçıların diqqətindən qaçıb.

    13 yaşında olanda anası Ceyran xanımı itirən Ağacan ilk təh­silini Qarakilsə mədrəsəsində alıb, hələ mədrəsədə oxu­yarkən şeirləri ilə məşhurlaşıb. Sonra təh­silini Osmanlıda (Türkiyədə) davam etdirib, İstanbulda darül­fu­nunda oxuyub, ərəb və fars dillərini də mükəmməl mənim­səyib. 

    Ata­sı­nın Türkiyədə yaşadığı dövrlə bağlı da maraqlı xati­rələr danışırdı Göyçək xanım: “Bir gün Türküyənin Ərdahan vila­yə­tin­dən şairə Güllüzar adlı bir xanım atamı gizlincə de­yişmə mey­da­nına dəvət edir. Məktubu alan Ağacan Ərda­hana üz tutur. Gül­lü­zarla deyişərək onu bağlayır. Sonunda hər ikisi bir-birlərinə aşiq olduqlarını etiraf edirlər. Şair, Güllüzarın atasına şeirlə belə deyir:

    Dad eyləyib Şorayıldan, a bəyim,

    Qədəm qoyub bu diyara gəlmişəm.

    Eştmişəm şair meydan açıbdı,

    Üz tutmuşam o bazara, gəlmişəm.

    Ölsəm də, sirrimi vermərəm yada,

    Bu yolda lap canım getsə də bada,

    Nə dövlət istərəm, nə zər dünyada,

    Sizin uca dağda qara gəlmişəm.

    İstər qolubağlı saldır zindana,

    Deyəcəm sözümü mərdi-mərdana.

    Ağacanam, inanmaram düşmana,

    Kəsə sözüm, Güllüzara gəlimişəm. 

    Onun istedadı Güllüzarın atasını heyrətləndirir. Ağacan Gül­lüzar xanımla əhd-peyman edib atasının yanına gəlir, Güllüzar adlı bir qızı sevdiyni bildirir. Lakin atası Cabbar kişi razı olmur ki, o bəy qızıdı və oğlunu yolundan döndərir. Ağacan Güllüzara bir həftəyə qayıdacağına vəd vermişdi. Bir müddət keçdikdən sonra eşidir ki, Güllüzar xanımı atası zorla başqasına ərə verir. Atam sonralar etraf edərdi ki, ömürünün sonuna kimi elə gözəl xanımla rastlaşmayıb”. 

    Göyçək xanım nağıl edir ki, Türkyədə məşhur olan Dollu Mus­tafa bəy də deyişmək üçün şair Ağacanı Ərzuruma dəvət edir. Ağacan onu da bağlayır. Şəhər meydanına toplaşan ərzu­rum­­lular gənc bir oğlanın Dollu Mustafa bəylə deyişməsinə məət­təl qalırlar. Ağacanın Qafqaz türklərindən olduğunu bilən ərzu­rumlular ondan xahiş edirlər ki, Qafqazı tərif etsin. Şair onların xahişini də yerə salmır, Qafqazlıları şeiri ilə tərənnüm edir.

    Atasının ailə həyatı ilə bağlı isə Göyçək xanım bunları xatır­layırdı: “Atam Gülxanım adlı biriylə evlənir, ondan iki övladı olur: Qəmbər və Zəhra. Bir müddət sonra Gülxanım vəfat edir. Atam özünün əmisi qızı olan anam Zəhra ilə evlənir və Borçalı ma­halının Quşçu kəndinə pənah gətirir. Onun istedadlı şair oldu­ğunu və ərəb, fars dillərini mükəməl bildiyni görən savadsız “mol­lalar” şairi Quşçudan çıxarmaq üçün təxri­batçı niyyətlərini işə salaraq Ağacanın damına su doldururlar. Quşçu kəndinə yaxın Qaçağan kəndinin ziyalıları Molla Vəli oğlu Həsən, Məşədi Sadıq, Sarimətli Mehti, Dəllək Musa, Seyid Neymət və başqaları Ağacanı Qacağana gətirirlər. Bu kənddə məskunlaşan atamın Zəh­radan dörd övladı olur: qızları Pərlan və Köycək, oğlanları Ənvər və Şəmistan”. 

    Ağacanı 1943-cü ildə Sovet hökuməti əleyhinə təbliğatda ittiham edərək həbs edirlər. Bir neçə gün məhbəs həyatı yaşa­dıq­dan sonra Ağacan şeirlə Səməd Vurğuna müraciət edir və bu mü­ra­­ciəti nəticəsiz qalmır, qısa müddətdə böyük şair onu azad etdi­rir. 

    Ancaq repressiyadan yaxasını tamamilə qurtara bilmir, 1949-cu ildə onu yenidən sovet hökuməti əleyhinə təbliğat aparmaqda suçlayaraq həbs edib, Sibirə sürgün edirlər. sürgün­də olsa da, şair qələmini əlindən yerə qoymur. 1951-ci ilin əv­və­lində onun vəziy­yəti ağırlaşır, səhhətinin pisləşdiyini, ömrü­nün sonunun yaxınlaş­dı­ğını bildiyindən özünə tabut düzəldirib həyat yoldaşına vəsiyyət edir ki, ölsəm, məni bu tabutda torpağa əmanət qoyun. Yanvarın 28-də vəfat edən Ağacan ölümündən bir neçə dəqiqə öncə uşaqlarına bu şeiri yazdırır: 

    Köçürəm dünyadan, dost olanlarım,

    Oxudun üstümdə Quran, gedirəm.

    Fitnəkar olmadım, könül yıxmadım,

    Qazanıb saf vicdan, iman, gedirəm.

    Sinəmin dəftəri varaq-varaqdır,

    Ayrılıq cismimi yandırıb yaxdı.

    Deyirlər burada ərəsat haqdır,

    Orada haqqıdır divan, gedirəm.

    Mən qurbanam comərd oğlun mərdinə,

    Sinəmdə yaralar sızıldar yenə.

    Ağacanın pünhan olan dərdinə,

    Olmadı fələkdən dərman, gedirəm.

    Ağacanın vəfatından sonra ailəsi daha 5 il sürgün həyatı yaşa­yaraq, minbir əzab-əziyyət çəkir. Nəhayət, 1956-cı ildə ailə bəraət alır. Göyçək xanımın xatirələrindən: “Bəraət qazandığmızı eşidəndə mən iki saat şokdan ayılmadım. Təbii ki, atamın vəsiyyətinə də əməl etməliydik. Gecə saat 3-4 olardı, anamla mən gizlincə atamın məzarı üstə gedib qəbrini açdıq. Sümüklərini bir çantaya yığıb səhər açılar-açılmaz evə döndük. Qardaşım Ənvər Sibiri tərk etmək üçün maşın gətirməyə getmişdi. Atamın sümük­lərini yığdığımız çantanı yorğan-döşəyin arasına gizlədib qərib­li­yi unutmağa calışaraq yenidən vətənə – Borçalıya döndük. Hər zaman qayğısını gördüyümüz Qacağan camaatı bizi təntənəli şəkil­də qarşıladı. Anam atamı dəfn etməkdən qorxurdu ki, ədalət­siz hökümət yenidən ailəmizi cəzalandırar. 

    Buna baxmayaraq yerli camaatla birlikdə atamın cəsədinin qalıqlarını el adəti ilə Qacağan qəbirstanlığında dəfn etdik”. 

    Qızının dediyinə görə, Ağacan ərəb, fars və Türkiyə türkcə­sini mükəmməl bilib və bu dillərdə də şeir yazıb.

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“SARILDIĞIM SAZDI MƏNİM”

    Milətimi saz anladar, saz anlar,
    Saza baxsın tariximi yazanlar.
    Z.Yaqub

    Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə köçürülüb”.
    Hələ 1978-ci ildə Xalq şairi Osman Sarıvəlli yazırdı: “Zəlim¬xanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yara-dıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və müla¬hi¬zələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır”. Xalq şairi Hüseyn Arif isə belə deyib: “Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlər¬dən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir”.
    Akademik Kamal Talıbzadə isə yazırdı: “Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünya¬sının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir”.
    AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: “Zəlim¬xan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qayıdır”.
    Zəlimxan Yaqub özü isə yazır: “Mənim şeirlərimin hamı¬sın¬da musiqinin sehirli qanadları var. Nəğmələrim nə qədər uzağa uçur uçsun, heç vaxt yorulmaq bilmir. Müxtəlif ölkələrdə, müx¬təlif qitələrdə şeirlərimi əzbər oxuyan yüzlərlə poeziya vurğunu görmüşəm. Sərhədləri aşan şeirlərim öz qırılmaz qanad¬ları ilə gedib dünyanın o başından öz həvəs¬karlarını, öz oxucusunu tapır. Bu uzaq uçuşların bir hünəri şeirin gücüdürsə, bir hünəri də o şeirin canındakı saz musiqisinin gücüdür”.
    Bəli, Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılı¬ğın¬dadır. Təsadüfi deyil ki, Z.Yaqub “Saza Allah demədim, ancaq onu Allahı sevən kimi sevdim”, mən sazdan doğulmuşam, “sarıldığım sazdı mənim”, – deyir:

    Əl açıb göylərə çox yalvarmışam,
    Qoy bu gün saz olsun Allahım mənim.
    İstəyim Tanrının xətrinə dəysə,
    Gərək bağışlana günahım mənim.

    13 cildlik “Əsərləri” külliyyatının birinci cildinə yazdığı ge¬niş müqəddimədə şair özünün aşıq sənətinə bağlılığı və bunun yaradıcılığına təsiri haqda belə yazır: “Ömrümün körpəlik və uşaqlıq çağlarından böyük sənətkarların danışdığı dastanları yad¬daşıma köçürməyim, mənim o dastanların qəhrəmanlarına bən¬zə¬mək həvəsim sonralar mənə o imkanı verdi ki, “Saz”, “Yunus Əmrə”, “Ələsgər”, “Aşıq Hüseyn Saraçlı”, “Əbədiyyət”, “Pey¬ğəmbər” kimi lirik-epik əsərlər, dastanlar yaratdım. Əgər vax¬tilə çox böyük təsir gücünə, dil gözəlliyinə malik olan dastanları qəl¬bimə, ruhuma köçürməsəydim, məndə zərrə qədər şübhə yoxdur ki, yuxarıda adını çəkdiyim əsərlərin heç biri dünyaya gəlməzdi”.
    Və Zəlimxan Yaqub deyir ki, “mənim şeirlərimin dili çaldığım sazın dilidir”. Bu səbəbdəndir ki, onun poeziya dili “heç vaxt pəltək olmur, dolaşmır, dolaşdırmır, əllaməçilik eləmir, nə varsa, necə varsa, xalq necə yaradıbsa, o şəkildə çatdırır”. Bu şeirlərin dili təmiz, duru, təbii, gözəl, aydın və səlis, rəvan və axıcıdır, elə buna görə də yaddaqalandır, seviləndir. Çünki:

    Büdrəməz köhləni, yorulmaz atı,
    Nağıldı, dastandı ömrü, həyatı.
    Zəlimxan nə yazsa qoşma, bayatı,
    Zəlimxan nə desə saz dilindədi.

    Ədəbiyyat adlı böyük bir yolda ilk addımlarını atdığı gündən saza bağlanıb, “mən havacat Məcnunuyam”, – deyib, saz onun “əbədi Leylisi” olub. Aşağıdakı misraları yazanda şair 23 yaşlı bir gənc idi:

    Az yandırsan, dərdim azmı?
    Heç bilmirəm qışmı, yazmı?
    Saz aşığı tanımazmı,
    Zəlimxanam, ay “Sarıtel”.

    Sonrakı illərdə yazdığı bir şeirdə isə, məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun deyir:

    Əl atmaq nə lazım kağız qələmə,
    Heç kəsə demərəm yaz ünvanımı.
    Kimə gərək olsa sözüm, söhbətim,
    Ona göstərəcək saz ünvanımı.

    Sarıldığım sazdı mənim, – deyib, sazın dili kimi dillənib, teli kimi danışıb, zili kimi yüksəlib, onu ana kimi əzizləyib, sona kimi sığallayıb. Həqiqəti, doğrusu da saz olub, məşəqqəti, ağrısı da. Bəzən Qərib olub – saz onun qürbətinə çevrilib, Məcnuna dönüb – saz həsrəti olub, Kərəm kimi yanıb – sazı hicrəti sayıb. Sazı Tanrının şah vergisi bilir, Qorqud quran bir yuvada Yunusdan qalan havanı dərk etməyənləri binəva hesab edir, “Zəlimxan sazdan doğulub”, – deyir:

    Çiçəklər yazdan doğulub,
    Gözəllər nazdan doğulub,
    Zəlimxan sazdan doğulub,
    Sarıldığım sazdı mənim.
    (“Sarıldığım sazdı mənim”)

    “Qorqudam, Abbasam, Ələsgərəm mən, könlüm çalma¬sın¬mı saz havasını”, – deyən Zəlimxan Yaqub sazın-sözün beşiyi olan Borçalıda dünyaya gəlib, XX əsr aşıq sənətinin nəhəng¬lərindən olan Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfən¬di¬yev və digər ustad aşıqların əhatəsində böyüyüb, aralarındakı yaş fərqinə baxmayraq onların hər biri ilə dostluq münasibətində olub. Şeirləri mətbuata yol açmamış bu böyük ustadların dilində eldən elə yayılıb. Z.Yaqub yazır ki: “Ozan-aşıq dünyasıyla bağlı mətləblərin çoxunu oxuduğum kitablardan daha çox Borçalı aşıq məktəbinin çox ünlü şəxsiyyətlərindən – Əmrah Gülməmmə¬dovdan, Kamandar Əfəndiyevdən və Hüseyn Saraçlıdan öyrən¬dim. Onlar böyük ustadlar kimi, eyni vaxtda məni Tanrının üç müqəddəsliyi ilə qovuşdurdular. Göylər aləmindən enib gələn, torpaqda ilahi ucalıq yaradıb yenidən uca göylərə qalxan səslə, sözlə və sazla tanış etdilər. Onların çaldığı havalar, oxuduğu söz¬lər, danışdığı dastanlar mənə elə bir xəzinə, sərvət bağışladı ki, onu dünyanın heç bir maddi xəzinəsi ilə almaq olmaz! Ömrümün ən coşqun vaxtında üç böyük ozanın taleyimə yazıl¬ması, beşiyimin başında durması mənim üçün Allahın ən böyük lütfü, hədiyyəsidir.
    Onlar bütövlükdə şərqin müqəddəs üçlüyü kimi mənim varlığıma köçdü – məndə yaşamaq, məni yaşatmaq üçün”.
    Bakı ədəbi mühitində əhatə dairəsi daha da genişlənən, Osman Sarıvəlli, Hüseyn Arif, Süleyman Rəhimov, Xəlil Rza, Tofiq Bayram və digər böyük şair və yazıçılarla sıx ünsiyyətdə olan Zəlimxan Yaqub eyni zamanda Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, Xanlar Məhər¬rə¬mov, Aydın Çobanoğlu və digər ustad sənətkarlarla da tez-tez təmasda olub. Ustadlar da həmişə onu özlərinə doğma sanıb, yeri gələndə ürəklərini ona boşaldıblar. Aşıq Şəmşirə, Mikayıl Azaf¬lıya, Hüseyn Saraçlıya, Əmrah Gülməmmədova, Aşıq Kamandara, Xanlar Məhərrəmova və digər ustadlara onlarla şeir ithaf edib.
    “Könlümdə yaşadıb könül varını, sazımı eşqinlə çalmışam, ustad”, – dediyi ustadlar ustadı Aşıq Ələsgərin yurdu ulu Göyçəni qarış-qarış gəzib, ona həsr etdiyi “Göyçədən gələn səslər” poeması vaxtilə həm də səhnələşdirilib. “Saz”, “Yunus Əmrə”, “Ozan evi – saz evi” poemalarını, “Hüseyn Saraçlı dastanı”nı yazıb, Hüseyn Bozalqanlıya poema həsr edib. Aşıq sənətinə və ustad aşıqlarımıza aid onlarla məqalənin müəllifidir, ustad aşıq¬lar¬dan bir çoxunun kitabı məhz onun xeyir-duası, məsləhəti və redaktorluğu ilə işıq üzü görüb.
    Zəlimxan Yaqubun aşıq sənətinə dərindən bələdliyi ilə yanaşı, ustad aşıqlarla dostluq münasibəti, yaradıcılıq əlaqələri də yaradıcılığında öz əksini tapıb. XX əsrdə yaşayıb-yaratmış ustad sənətkarlara şeir həsr etməklə bərabər, onlar haqqında bir sıra publisistik məqalələr, xatirə yazıları yazıb.
    Onun Dədə Şəmşirlə olan doğmalığı hər ikisinin yaradıcı¬lı¬ğında da ifadə olunur, bu gün şirin bir xatirə kimi yaddaşlarda yaşamaqdadır.
    “Allah Kəlbəcəri Şəmşirə, Şəmşiri də Kəlbəcərə xəncərə gümüş kimi yaraşdırmışdı”, – deyən şair “Şəmşirli, Şəmsirsiz günlərim” adlı məqaləsində XX əsr Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri və rolu olan Dədə Şəmşir haqqında yazır: “Kəlbəcər və Şəmşir sözləri mənim üçün su ilə torpaq kimi, közlə ocaq kimi, sözlə dodaq kimi bir-birinə yaxın və doğma sözlərdir. Çünki Allah-Təala Kəlbəcəri xəlq edəndən bu günə kimi Kəlbəcər heç bir aşığın, şairin, ziyalının dilində Aşıq Şəmşirin dilində olan qədər poetik yüksəkliyə, mənəvi ucalığa qalxıb, poeziyanın mənəvi sərvətinə çevrilməyib”.

    Bir bağın var, bayatılı, qoşmalı,
    Xəzan görməz, talan olmaz, ay ustad.
    Götürəndə Ələsgərin sazını,
    Çaldığın tək çalan olmaz, ay ustad.

    – deyə müraciət edib bu böyük ustada. Yeni şeir yazanlara üzünü tutaraq deyib ki, çox da öz döşünə döymə, “yeri, öz borcunu ödə Şəmşirə”.
    Aşıq Ələsgərdən sonra sözün-söhbətin naxışının, xalının getməsindən narahatlığın ifadəsi kimi, böyük ustada “Dədələr azalır, ay Dədə Şəmşir”, – deyə xitab edəndə, ustad da ona belə cavab verib:

    Fikir ver Şəmşirin çəkdiyi aha,
    Söz ağır getməsin qadir Allaha.
    Vurğunu çağırmaq çətindir daha,
    Qövr edir sinəmdə yara, Zəlimxan.

    XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayən¬də¬lərindən olan Mikayıl Azaflını “sənət dağlarının qoca qartalı”, “Füzulinin “Şikayətnamə”sindən sonra ən böyük şikayətna¬mələr müəllifi”, “həqiqət carcısı”, “həsrət-hicran nəğməkarı”, “dərd dağı, qəm dəryası”, “xalqın dərd daşıyan qocası” olan Haqq aşığı adlandıran Z.Yaqub “Azaflı çinarı” adlı məqalə¬sində yazır:
    “Mikayıl Azaflı sənəti, onun şəxsiyyəti və şəxsi keyfiy¬yətləri öyrənilməyə və öyrədilməyə layiq olan bir məktəbdir. O məktəbin şagirdi, tələbəsi nə qədər çox olsa, bir o qədər xalqın, millətin, sənətin, ruhun, yaddaşın və gələcəyin xeyrinədir”.
    Aşıq Əkbər Cəfərovun sənətinə məhəbbətini, səsinə vurğunluğunu, şəxsiyyətinə hörmətini belə ifadə edir:

    Əkbər əmi, ucalsa da göylərə,
    Səsin, yerə məhəbbətin səsidir.
    Oxuyursan, bulaq düşür yadıma,
    Bu zümzümə təbiətin səsidir.

    Çiçək kimi qoxladıqca ətrini,
    Zəlimxan da əziz tutur xətrini.
    Ellər bilir qiymətini, qədrini,
    Bu qəhqəhə o qiymətin səsidir.

    Zəlimxan Yaqub böyük məmnunluqla dövrümüzün böyük ustadlarından olan əvəzedilməz sənətkar Ədalət Nəsibov sənətinə vurğunluğunu “Ədaləti dinlədim” adlı şeirində tərənnüm edir.
    Aşıq Xanlar Məhərrəmova da şeirlər ithaf edən Z.Yaqub onun haqqında “Göynərtili xatirə” və “Onun yaşadığı ömür” adlı məqalələr də yazıb və haqlı olaraq deyir ki: “Aşıq Əmrah və Aşıq Ədalət kimi saz tanrılarından sonra o yüksəkliyə ucalmaq, özünəməxsus yol seçmək, seçilmək, əzizlənmək, xalq sevgisi, el məhəbbəti qazanmaq hər oğulun yox, ər oğulun işidir. Bu misilsiz işi Xanlar bacardı, özü də yaxşı bacardı”.
    O, deyir ki, “Xanların üçcə havasına qulaq asmaq kifayət idi ki, dumduru durulub dağ çeşməsinə dönəsən”. Xanlar iddialı adam deyildi, dünya malında gözü yox idi, özünün və sözünün yerini bilirdi. Sazını da, sözünü də urvatdan salmaz, baha satardı.
    “Havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri olan” aşıq Xanlar Məhərrəmovun ölüm xəbəri şairi sarsıdır, qəlbini göynədir:

    Həyat yalan, ölüm doğru,
    Zəlimxanın yandı bağrı.
    Canımdakı nisgil, ağrı,
    Saçımdakı dən Xanlarım.
    Şimşək vuran, sel aparan,
    Əlimdən gedən Xanlarım.

    Özünü “aşıqlı, şairli, ağbirçəkli, sərkərdəli, ozanlı, dədəli Bor¬çalı dünyasının” bir parçası sayan Xalq şairi sazın müqəddəs beşiklərindən olan Borçalı aşıqları haqqında belə deyir: “Borçalı aşıqalrı ifadəsi mənim üçün həyat sözü, tale sözü qədər əziz, şirin və müqəddəsdir”.
    Və yazır: “Bəxtim onda gətirib ki, üç böyük sənətkarın – Aşıq Əmrahın, Aşıq Kamandarın və Aşıq Hüseyn Saraçlının tərlan kimi qıy vuran vaxtı mənim dəliqanlı gənclik illərimə təsadüf edib. Onların üçünün də balını arı çiçəkdən şirə çəkən kimi çəkmişəm”.
    Sənətdə ilk addımlarını Borçalıda atıb, sonradan bütün Türk dünyasının ünlü sənətkarlarına çevrilən bu və digər ustadlar haqqında silsilə şeirlər, dastan və məqalələr yazıb.
    “Borçalı aşıqlarının fəaliyyəti, ifaçılıq mədəniyyəti, sazla sözün vəhdətinin yaratdığı emosional duyğu bizim dilimizin saflığını yaratdı”, – deyən Zəlimxan Yaqub eyni zamanda yazır: “Borçalı aşıqlarının üstün və uğurlu bir cəhətini də deyim ki, onlar Borçalı aşıq məktəbini təmsil etsələr də, Azərbaycan aşıq məktəblərinin hamısına böyük hörmətlə yanaşıblar. İstər Göyçə-Kəlbəcər aşıq məktəbi olsun, istər Şirvan məktəbi, istər Təbriz məktəbi olsun, istər Qazax-Gəncəbasar məktəbi – hamısına hörmətlə yanaşıblar”.
    XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından biri Xındı Məmmədi “öz səsiylə, avazıyla Tanrı dərgahından gələn, Allahın avazı, möcüzəsi” adlandırır, Əmrah Gülməm¬mə¬dovdan danışanda deyir ki, Əmrah əsrlərdən gələn səs, “tel gücünü sel gücünə döndərən” sənətkardır, yerin yeddi qatından şirə çəkib mayalanan kökümüzdür. Əmrahın hər barmağının bir cür xalı varıydı, hər xalında bir Borçalı varıydı: “Özünün saz dünyası ilə havalara yenilik gətirən, Azəbaycan tarixində ilk dəfə olaraq sazı püxtələşdirən, kamilləşdirən, on bir telli saz şəklinə salan, onu Tanrı dərgahına qaldıran şəksiz və şəriksiz, müda¬xilə¬siz və müdafiəsiz, tərəddüdsüz Aşıq Əmrah Gülməm¬mədov olub”.
    Əmrah kimi ölməzlərin önündə “gəlib diz çökənləri” də görən şair onu yurdun dədələşən övladı adlandırır, “Əmrah ömrü ömürlərə paylanan bir danılmaz həqiqətin ömrüdür”, onun ayrılığı dağdan ağır yükümüzdür, “onun səsi qulağımda qalmasa, mənim səsim yer üzünə yayılmaz”, – deyir, mən aşığam deyib, sənətdən xəbərsiz naşılara məsləhət görür ki:

    Əlli il taxtaya, simə döyüncə,
    Bircə gün sazını çal Əmrah kimi.

    Şair deyir ki, Dədə Qorqud zirvəsiylə tən duran aşıq Əmrah zirvəsi elə bir zirvədir ki, çox boylara öz boyundan boy verəcək. Onun sənətini Haqqın vergisi adlandırır:

    Min ömür uzadıb, ömür üzməyib,
    Yersiz oynamayıb, yersiz süzməyib.
    Usta bağlamayıb, zərgər düzməyib,
    Sənə Haqdan gəlib saz, Əmrah dayı.
    (“Əmrah dayı”)

    Çox ustadlar görən Zəlimxan Yaqub deyir ki, Aşıq Əmrah pərdə-pərdə, xana-xana ruha hopdu, qana keçdi, yana-yana ocaq oldu, təbi daşqın Araz oldu, telli sazın meydanında şir gəldi, şir getdi, pir gəldi, pir getdi, bir gəldi, bir getdi:

    Başımıza gəldi nələr,
    Ay Zəlimxan, qaldıq mələr.
    Açıldı çox möcüzələr,
    Əmrah sirr gəldi, sirr getdi.
    (“Aşıq Əmrah”)

    Hüseyn Saraçlıdan bəhs edəndə Zəlimxan Yaqub deyir ki, “O, mənim Şəmsim oldu, mən onun Mövlanası”. Həyatının mə¬nası “ozan ömrü, saz ömrü” olan, sazdan yaranıb, sözdən doğu¬lan, sazının laylasında neçə aşıq, könüllərdə sənət adlı sönməz işıq böyüdən Hüseyn Saraçlı yurd-mahal aşığıydı, meydanda Koroğluydu, Rüstəm-Zalıydı.
    Hüseyn Saraçlıya dastan da həsr edən Z.Yaqub məqalələrinin birində bu böyük ustad haqda belə yazır: “Aşıq Hüseyn Saraçlını Allah əsl ozan kimi yaratmışdı. Ona baxanda elə bilirdin Yunus Əmrə də budur, Dadaloğlu da budur, Aşıq Veysəl də budur, Xəstə Qasım da budur. Yerişi, duruşu, gəzişi, danışığı, əlini bığı¬na çəkməsi, nəmli dəsmalla aradabir alnının tərini silməsi – hamısı o qədər ölçülü-biçili, nizamlı, səliqəli, insanı heyrətə gəti¬rən bir gözəllik mücəssəməsi idi”.
    Hüseyn Saraçlının ölümündən təsirlənən şair yazır:

    Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
    Qəlbi yasda saxlamaqdan nə çıxar.
    Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
    Az sızılda, az inildə, az ağla!
    Saraçlının taleyindən əsər yaz,
    Saraçlının dastanını yaz, ağla!

    Şeirlərindən da göründüyü kimi, 1987-ci ilin baharında Borçalıda XX əsr Azərbaycan aşıq sənətinin iki ünlü simasının – Əmrah Gülməmmədov və Hüseyn Saraçlının dünyasını dəyişməsi onu təsirləndirir, “sözü ürəkdə, sazı köynəkdə” qalan “bir maha¬lın mahal boyda dərdi var”, – deyir. Haqlı olaraq de¬yir ki, analar bir də Xan Əmrahı doğmaz, Saraçlını zaman bir də yetirməz, bu ustadların həyatdan köçməsi bütövlükdə Azər¬baycanın itkisi olsa da, onların varlığından sazın ömrü qazandı:

    Nə qazandı sazın ömrü qazandı,
    Nə itirdi, Azərbaycan itirdi.

    Bu iki böyük ustadın dünyasını dəyişməsindən hədsiz təsir¬lə¬nən, qəlbi göynəyən, Əmrah Gülməmmədovun ölüm günü yazdığı şeirdə “Aman ellər, xan Əmrahı itirdik, sənət mülkü Kamandarsız qalmasın”, – deyən Zəlimxan Yaqub Aşıq Kamandar Əfəndiyevlə də sıx dostluq münasibətində olub, onun sənətini hər zaman yüksək dəyərləndirib:

    Ruhunla Qorqudtək qocalardasan,
    Ahınla tüstülü bacalardasan,
    Bəndə dərgahından ucalardasan,
    Tanrı dərgahını haxla, Kamandar.

    Aşıq Kamandar sənətini ovsun, tilsim, sehir, cazibədarlıq dünyası adlandıran Z.Yaqub yazır: “Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablardan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliyi də, nəfəs mənzilinin uzaqlığı da, avazı-laylası da, on bir telli, uzunqollu, gen sinəli tavar sazı da bəndənin yox, Allahın əsəridi.
    …Kamandarın ömrü sazın, saz üstündə köklənən sözün ömrüdür. Qurbanidən Dədə Şəmşirə və bu günə qədər gələn ozan-aşıq dünyasında olan böyük sənətkarların hamısının birgə yaşadıqları ömürdür”.
    Məqalələrinin birində şair yazır: “Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır”.
    Sazın “ruhundan qopan”, sazın “ruhuna hopan”, sazı “özündə tapan”, özünün təbirincə desək, dili söz tutub, ağlı kəsəndən Ələs¬gər çağırırb, Ələsgər deyən, “el məclisi görməsə, şair könlü saz olmaz”, “sənsiz mənim bir məclisim, bir şənliyim olarmı heç”, – de¬¬yən şairin qəlbi kövrələndə, tənha qalanda həmişə ümid yeri, pə¬nahı saz olub, dərd-ələm üstünə yeriyəndə “Cəngi”, “Misri” onun silahına çevrilib, özü “havacat Məcnunu”, saz isə əbədi Ley¬lisi olub, varlığını sazda görüb, sazın gücünə, sehrinə inanıb, ona güvənib:

    Sən varsan, həyatda mən varam demək,
    Səsimi hər yana yetir, ay sazım.

    Saz adlı, sənət adlı bir yola könül verən Zəlimxan Yaqub deyir ki, bu yol məni duru və diri saxladı, “baxışımda haqq odunu, qəlbimdə nuru saxladı”. Bəli, bu yol onun gözünü yaşdan, yazını qışdan qoruyub, külündə qoru saxlayıb:

    Haqdan, nahaqdan ölmüşdüm,
    Qılıncdan, oxdan ölmüşdüm,
    Vallah, mən çoxdan ölmüşdüm,
    Saz məni diri saxladı.
    (“Saxladı”)

    Bəşəri qanunlardan fərqli olaraq, sazın müqəddəs qanunları dəyişməzdir. Saz duyanları uca göylərə qaldırır, duyğusuzlara divan eyləyir, insana öz ilkini, kökünü, tarixini tanıdır.
    Ədəbiyyatşünas alim Azər Turan yazır: “Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin “Muğam” poeması hansı işi görübsə, Zəlimxan Yaqubun “Saz” poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb”.
    “El havası” – “Qaraçı”yla ellərimizi gəzib dolanan, “Sarı¬tel” çalınanda Qul Abbası, Xəstə Qasımı xatırlayan, “Man¬sırı” nakam aşiqlərin sorağı, könülləri göynədən qəmli bir das¬tanın varağıdır deyən, “Divani”ni dənizə bənzədən şair “Təcnis” söz meydanında sınaqdı, – cinas yarışıdı, söz imta¬hanıdı deyir. “Yanıq Kərə¬mi”dən söz açanda deyir ki, Kərəmi yandıran təkcə keşiş deyil, həm də dağılan, bölünən torpa¬ğı¬mız¬dı, Vətənimizdi. “Ənəlhəq” deyən Nəsiminin dərisi soyulan¬da, Babəkin qolları kəsiləndə “ağrıdan göynədi tellərin səsi”:

    Məni dilləndirmək Dədə Qorqudun,
    Yandırmaq Kərəmin bəxtinə düşdü!

    “Dübeyti” havasından söz açanda şair deyir ki, bu hava “bir az dərddi, bir az dəva”, bu, dağılan yurddu, uçan yuvadı, nisgil, ağrı, həsrət, qərib, qürbət havasıdı. Havaların sultanı “Ruhani” çalınanda isə saz ürəkləri kitab kimi varaqlayır. “Dilqəmi” elin dərdidi, elin qəmidi. Ocaqdan, alovdan, qılınc-dan yaranan, ildı¬rım¬dan od alan “Misri” mənim özümə sığmazlığım, döyüşüm, mübarizəmdir, bu dünyaya alovlu gəlib, ər kimi yaşamağım, kişi kimi ölməyimdir deyir:

    “Misri” mənim nəyimdir?
    Kamalda bitkinliyim,
    Sınaqlarda dözümüm,
    Döyüşdə yetkinliyim!
    Mən onu çala-çala,
    Qeyrətimi qorudum,
    Mərdliyimi yaşatdım!
    İnadımı qorudum,
    Sərtliyimi yaşatdım!

    Sənətdə varisliyə böyük əhəmiyyət verən şair deyir ki, dünə¬ni, keçmişi bilməyən aşıq sabaha üzüağ gedə bilməz. Dədə Şəm¬şir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Əmrah Gül¬məm-mədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Ədalət Nəsi¬bov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digərləri kimi bö¬yük ustadlarla daim sıx ünsiyyətdə olub onların ifalarını din¬lə¬mək¬dən doymayan Zəlimxan Yaqub aşıqlara qarşı olduqca tələb¬kar¬dır:

    Zəlimxan sevəndi kamil ustadı,
    Kamil ki, deyilsən, batırma adı.
    Yoxdu sözlərinin ləzzəti, dadı,
    Gözünə qatmağa duz qəhətdimi?
    (“Qəhətdimi”)

    “Hər pərdənin ahəngində bir ölümsüz halallıq” olan, telləri susmaq nədir, lallıq nədir bilməyən, “yerli-yersiz zərbələrə tuş gəlsə də”, heç zaman sınmayan saza biganə olanlara, onu bəyənməyənlərə “sən mənim sazımla oynama, bala,” – deyərək özünəməxsus qətiyyət və inamla cavab verir:

    Çör-çöp deyil, küləklərə yem ola,
    Yerin-göyün görkəmidi, görküdü,
    Təbiətin sevgisidi, ərkidi.
    Yaxşılığa dəvətidi dünyanın,
    Yamanlığın birdəfəlik tərkidi.
    Dodağında Türk adlanan millətin
    Şirin səsdi, xoş avazdı, türküdü.
    Bəndəsindən Allahına yol gedər,
    Yaranmışın yaradanı dərkidi,
    Mənim sazım sındırılan saz deyil.
    (“Mənim sazım sındırılan saz deyil”)

  • Qələbə simvollu “Xarıbülbül” Cıdır düzünə qayıtdı


    Xarı bülbül – 30 ildir ki, Qarabağın kədər, ayrılıq, onlardan doğan niskilin simvoluna çevrilən bu “dağlar gözəli” haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu “nağıl” eşitmişik ki…
    Xalqımızın dilində ağı, bayatı kimi səslənən “bağrıqan” gül “Sarı bülbül” xalq mahnısına da çevrilib:
    “Vətən bağı al-əlvandır,
    Nə gəzirsən xarı, bülbül?
    Nədən hər yerin əlvandır,
    Köksün altı sarı bülbül?!”
    Bu mahnı yüz illərdir ki, onu dinləyənlərlə bərabər, ifaçının da qəlbindən qara qanlar axıdıb: Qarabağımızdan, onun zümrüd tacı Şuşamışdan perik düşdüyü, gül açmadığı üçün.
    Bu gün isə şahidik ki, Azərbaycan əsgəri bülbül, Qarabağ, Şuşa isə gül obrazındadır. Ona görə ki, Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə o əfsanəyə yenidən can verdi, yaşatdı, reallıq olduğunu təsdiqlədi: ötən il noyabrın 8-dən Qarabağ bu savaşda gülə çevrildi, Azərbaycan əsgəri isə bülbülə.
    Heç bir “külək”, “qasırğa” belə Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun Qarabağa, Şuşaya gedən yolunu bağlaya bilmədi. Rəvayətdə olduğu kimi, bu dəfə də bülbülün qanı axdı: şəhid oldu! Lakin o gülü – Qarabağı, Şuşanı əyilməyə qoymadı! Xarı bülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən Qələbə simvoluna çevirdi!
    Xarı bülbül Şuşaya sədaqətlidir. Bəlkə də elə buna görə, qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi biz onu möhtəşəm Qələbəmizin simvolu kimi seçdik, bu ikonanın üzərində dayandıq…
    Şuşanın işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət şəhərini ziyarət edərkən Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ötənləri xatırlatmaqla yanaşı, görüləcək işlərdən, qalalar və abidələr məskəninin yenidən canlandırılacağınıı, əvvəlki növrağının özünə qaytarılacağını da orada bəyan etdi: “Bu il Şuşada “Xarıbülbül” festivalı və Vaqif poeziya günləri keçirilməlidir. Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır…”
    Budur, o arzulanan günün şahidlərinə çevrilmişik: mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də qızları Leyla və Arzu Əliyevalar Şuşada iki gün davam edən “Xarıbülbül” festivalının açılışında iştirak edir, sevinclərini xalqımızla bölüşürlər.
    Dövlətimizin başçısı festivalın açılışında çıxış edərək bildirdi ki, bu, ölkəmizin tarixində əlamətdar bir gündür. Azərbaycan Prezidenti qeyd etdi ki, uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə festival iştirakçılarını və ümumiyyətlə, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı dedi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq: “…30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir…”
    Bərpa olunan ənənəyə görə, bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə qardaş kimi, multikultural və tolerantlıq şəraitindəı yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər.
    Bu tövsiyə isə festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna dövlət başçısı tərəfindən verilmişdi. Ona görə ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Ölkəmizdə milli birlik, həmrəylik sözdə deyil, əməldə öz təsdiqini tapıb.
    Dövlətimizin başçısı Şuşadan onu da dünyaya müsaj verdi ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı bizim tərəfimizdən təbliğ edilir.
    Bəli, bu festivaladək nələrdən və haralardan necə keçdiyimiz yola dönüb bir daha baxaq: 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Müzəffər Ordumuz işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı ucaldı! Ona görə də deməyə haqqımızdır: 44 günlük müharibə bizim şanlı tariximizdir!
    300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır.
    Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub Azərbaycanın şərtlərinə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb. Bunun da nəticəsində biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq.
    Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr tarixi Azərbaycanda rəsmi dövlət bayramı – Zəfər bayramı elan edildi.
    Azərbaycan Prezidenti böyük fəxarət hissi ilə dünyaya bir daha bəyan etdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir: “Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu…”
    Əlbəttə, festivalın Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç də təsadüfi deyildi. Azərbaycan Prezidenti bu fikri bildirərkən onu da xüsusi qeyd etdi ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqlarımızı, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Mədəniyyət və mənəviyyat paytaxtımız olan Şuşada may ayının 12-də başlayan “Xarıbülbül” festivalı da bir daha onu göstərdi ki, bütün sahələrdə, o cümlədən düşmənə qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirən xalq olaraq Şuşamızı da azad edib, tarixi şəhərimizə Zəfərlə qayıtdıq! Buna görə də nəğməli, musiqili tədbirin burada keçirilməsi qarşı tərəfə, elə vandalizm siyasəti yürüdənlərə havadarlıq edənlərə də mesaj verdik: Biz qayıtmışıq, Şuşa, sən azadsan!
    Azərbaycan Prezidenti Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin, eləcə də tarixi 1 nömrəli ümumtəhsil məktəbinin təməlini qoydu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından o gün su da gəldi: “…Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur! Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
    Məhəmməd NƏRİMANOĞLU,
    “Azərbaycan”

  • Məhəmməd NƏRİMANOĞLU.”Vətənə layiq oğullar”

    Laçından Şamaxıya çatan səsin sahibi
    Qələbə sorağın daim zirvələrdən gəlsin, qazi komandir!
    Səsin hayı-harayı deyirlər ki, min illər gedir. Klassiklərimizin əsrlərin o tayından gələn səs-sədası da bu mənada unudulmazdır, yaddaqalandır. Musiqili səsə sərhəd olmaz. Bunu da dili nəğməli nəğməkarlarımız deyiblər. Çünki zaman-zaman sınaqdan çıxıb.
    Lakin, unutmayaq ki, səs-soraqlılarımızın heç də hamısı dili nəğməli deyil. Elələri də olub ki, Koroğlu, Qaçaq Nəbi, Sultan bəy kimi, səsinin zərbindən və zəhmindən düşmənin bağrı yarılıb.
    Bəli, məhz belə ərənlərimizin səsi 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə oldu! Şuşa və Laçın dağlarında belə səsli-soraqlı igidlərimizin qartal baxışları da erməniləri çaş-baş qoydu. Ona görə silah-sursatını, boş qalan papağını atıb qaçmağa məcbur idi.
    Şəhidlik, qazilik isə müqədəs borcdur. Düşmənlə üz-üzə gələn oğullarımız candan keçərək şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazanıblar. Yaralansa da, düşmənə aman verməyib onu layiq olduğu səviyyədə zərərsizləşdirən yaralı əsgərlərimiz isə qaziyə çevrilirlər, canlarında düşmənin vurduğu yaraları saxlamqla.
    27 sentyabr 2020-ci il tarixindən sonra xalqımızın vətənpərvər oğulları da şəhidlik və qazilik zirvəsi uğrunda mübarizə apardılar. Onlar düşmən üzərinə yalnız sıradan bir vətən övladı kimi yox, dağların zirvəsində qanad çalan qartal kimi şığadılar!
    Şəhidlik zirvəsinə aparan yolda qazilik də qaçılmaz olur. Yaralansa da, döyüşdən qalmayan belə oğullardan biri də 1995-ci ildə qədim Şamaxı yurdunda dünyaya göz açan, Şuşa və Laçınadək döyüş yolu keçən, bu gün də səs-sorağı dağlardan gələn Xəlilov Elmir Məmməd oğludur.
    Qobustan rayonunun O.Badayoğlu adına Bədəlli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Samirə Xəlilova deyir ki, qardaşı Elmir uşaqlıqdan hərb sənətini sevərək seçib. O, Şamaxıdakı M.Hadi adına 9 saylı orta məktəbdə oxuyub. Daha sonra Şamaxı şəhər texniki hümanitar və təbiət fənləri təmayüllü internat tipli liseyi bitirib: “ Liseyi başa vurduqdan sonra qardaşım 2012-ci ildə Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. 2016-cı ildə akademiyanı bitirməklə artillerist ixtisasına yiyələnib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Elmirin də döyüş yolu uzun olub. O, Talışkənd, Suqovuşan, Ağdərə, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib…”
    Elmir Xəlilovun hərb sənətini seçməsi heç də təsadüfi olmayıb. Atası Məmməd 1993-cü ildə Birinci Qarabağ Savaşlarında iştirak edib: “O zaman mən altıaylıq körpə olmuşam. Ermənilərin qəddarlığının şahidi olan atam tək qardaşımın da hərb sənətini seçməsini istəyib. Ona görə də onun arzusuna qarşı çıxmadı. O, ali hərbi məktəbi bitirib qulluğa başlayandan ön cəbhədə, düşmənlə üz-üzə olub. Ermənilərin çirkin niyyətlərinin baş tutmayacağını bizə dönə-dönə deyib. Hərb sənətini yaxşı mənimsədiyi üçün orada gördüklərini, bildiklərini bizə deməyib. Hətta, ötən il noyabrın 6-da yaralandığını da ailəmizdən bir müddət gizləyib. Bir qədər yüngülləşdikdən sonra xəbərimiz olmuşdu. Şükür, sağalaraq yenidən öz hərbi xidmətini Laçın dağlarında davam etdirir…”
    Baş leytenant Elmir Xəlilov Vətənə, xalqa, dövlətə xidməti həm peşə, həm də özünün vətənpərvərlik borcu hesab edir. Ona görə də o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarlari ilə “Laçının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.
    Anası Zümrüd, atası Məmməd, anasının adını daşıyan bir yaşlı qız balası Zümrüd, ömür-gün yoldaşı Günay xanım, bacıları – Samirə tələbə Ramilə bundan sonra da komandir, baş leytenant Elmir Xəlilovdan Vətənə layiqli xidmət göstərəcəyinə əminliklə hər gün xoş soraq gözləyirlər. Səsin daim zirvələrdən gəlsin, qazi komandir!
    Məhəmməd NƏRİMANOĞLU,
    “Azərbaycan”

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“MƏN ELƏ TÜRKÜN RUHUYAM”

    Qovuşacaq bölünənlər, bölgələr,
    Nurlanacaq qaranlıqlar, kölgələr,
    Diriləcək Oğuz xanlar, Bilgələr,
    Türkə səcdə, Türkə təzim olacaq,
    Bugün-sabah dünya bizim olacaq.
    Z.Yaqub

    “Ruhlar məndə qərar tutub, mən elə Türkün ruhuyam” deyən Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında türkçü¬lük, Türk dünyası mövzusu mühüm yer tutur. Əslində onun yaradıcılığını Türk dünyasından kənar təsəvvür etmək müm¬kün də deyil. Bunu professor Tofiq Hacıyevin dedikləri də bir daha təsdiq edir: “Zə¬lim¬xan, türklük sənin qanına elə ho¬pub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən”. Tənqidçi Əsəd Cahangir deyir: “Zəlimxan Yaqub şeirə Yunus Əmrədən tutmuş Aşıq Ələs¬gərə qədər min illik türk-islam ədəbiyyatı üzərində gəlib. Bu¬na görə onun şeirləri son dərəcə milli olduğu qədər, həm də bə¬şəridir. Türk¬lük onun şeirlərinə millilik, İslami düşüncə isə bə¬şə¬rilik gə¬tirir”. Ədəbiyyatşünas alim, Zəlimxan Yaqub yaradı¬cı¬lığından bəhs edən “Əzəl-axır dünya Türkün dünyası” kitabının mü¬əl¬lifi Azər Turan isə belə deyir: “Zəlimxan Yaqubun şeir¬lərində türkün genetik yaddaşı dipdiridir”.
    Böyük Türk dünyasını “bir canın içində min bir cahan” kimi dəyərləndirən, “bir yanda Yəsəvi, bir yanda Teymur – Ulu Səmərqəndəm, qədim Yəsiyəm” deyən Zəlimxan Yaqub yazır:

    Türküstan canımdı,
    Turan varlığım,
    Turanla Quranın
    qafiyəsiyəm!
    (“Qafiyə”)

    Müstəqilliyimizin ilk illərində, torpaqlarımızda qanlı döyüş-lərin getdiyi bir vaxtda şair Türkiyəyə gedənlərdən nə istəyir: Türkiyə adlı bir kitab, yaralarımızı tikməyə “işığım, nurum” dediyi İstanbuldan, Bursadan, Ərzurumdan, Sivas¬dan iynə, sap, bizi düşündürən dumanlı suallara aydın cavab, Türkün ürəyi boyda ürək gətir, – deyir:

    Bu ürək səndə yoxsa, o meydana girmə sən,
    Ömrünü hədər verib, vaxtını itirmə sən.
    Türkün ürəyi boyda Türkiyə gətirməsən,
    Nə özünə zəhmət ver, nə bizə əzab gətir!
    (“Tapşırıq”)

    İlk dəfə sərhəddi keçəndə keçirdiyi sevincqarışıq həyə¬canı “Sarp qapısı” şeirində ifadə edir, “Sarp qapısı, məni burda saxlama”, – deyir:

    Sarp qapısı, apardığım ərmağan,
    Bir ürəkdi, bir qələmdi, bir varaq.

    Türkiyəyə sonrakı səfərlərində isə “Qələmə qurban olum, qis-məti qarsa yazdı”, – deyir, Mövlanası “nurlu cahan” olan Kon-yanı, Qağızmanın almasını da tərif edir (“Qağızmanın alması”), Ərdəhanı, Ərzurumun yollarını da (“Gecə keçdim Ərzurumun içindən”), Gözəllər gözəli, dünyanın gözlərinin nuru adlandırdığı İstanbulu vəsf etməkdən doymur, “İstan¬bula baxırsansa, Çamlı-cadan bax” (“Çamlıca”), İstanbulu gəzməyə, gözəlliyini görməyə iki göz bəs etməz, iki min göz gərəkdir, İstanbulu duymaq üçün insanın qəlbi gərək dünyanın ən möhtəşəm sarayları kimi zəngin olsun, – deyir.

    Bir dəfə görən kimi,
    gördüm demək yaraşmaz!
    İstanbulu gəzməyə,
    Bir ömür bəs eləməz,
    ikinci ömür gərək,
    (“Gözəllər gözəli”)

    İstər Dadaloğlundan yazsın, istərsə də Qaracoğlandan, Yunus Əmrədən – hamısında eyni məhəbətin şahidi oluruq. Mövlananı Allahdan aşağıda ucaların ucası, ustadlar ustadı, xocalar xocası, Şəmsin könül həmdəmi, “Şərqin ulu qocası” adlandırır (“Mövlana türbəsində”).
    “Sözü bütün dünyaya, səsi Tanrıya” çatan, adı hər bir nə¬silə əzizdən-əziz, atəşi sönməz olan, Türkün “İstiqlal mar¬şı”nı yazan, yaratdığı hər yazı “Haqqın bağrından qopan” şair Məhmət Akif Ərsoyu böyük məhəbbətlə yad edir (“Məh¬¬mət Akif Ərsoyun ev-muzeyində”). “Həsrəti gözünün içinə qədər yeriyən”, əriyə-əriyə bərkiyib, bərkiyə-bərkiyə əriyən, torpağına, kökünə bağlı, qəlbi vətən sarıdan yaralı Nazim Hikmətdən söz açır (“Oxuyuram Nazim Hikməti”).
    Məşhur türk aşığı Səbri Şimşəkoğluna üz tutur:

    Şimşəkoğlu, gəl, bir yazaq yazımızı,
    Şimşəkoğlu, gəl, bir çəkək nazımızı.
    Zəlimxanla qoşa çalaq sazımızı,
    Dünya görsün qalxan kimdi, enən kimdi?
    (“Kimdi”)

    Özünü, qeyrətinə arxalanıb, təmiz, sağlam niyyətlə əbədiy¬yə¬tə doğru yol gedən Türkün nəfəsi, türkün nəvəsi sayan Zəlim¬xan Yaqub “Qurbanam, Türkə qurban”, – deyir. Başqa bir şeirində isə dünyanı Haqqın yolunda – Tür¬kün yolunda namaza çağırır:

    Dilimdə xeyir-dua, şeirimi yaza-yaza,
    Çağırıram dünyanı haqq yolunda namaza,
    Çağırıram dünyanı Türk yolunda namaza!!!
    (“Qocatəpə camesində”)

    Bakı səmasında türk şahinlərini görməsindən qürur du¬yan şair bu şahinlərlə birgə torpağıma Ay ruhu, ulduz ruhu, “Azər-baycan” haykıran Atatürkün ruhu gəldi deyir:

    Şahinlərə, ulduzlara
    qucaq açdı,
    Bakı şəhəri –
    Türkün ruhu,
    Turkün ruhu,
    Türkün ruhu gəldi!
    (“Türkün ruhu”)

    Ürəyindəki ağrılarla bağlı Almaniyaya müalicəyə gedər¬kən yolüstü bir neçə günlüyə İstanbulda Atatürk köşkündə qalan şair, Atataürk köşkündə keçən günlərim “əlli il sürdü¬yüm bir ömrə dəydi”, – deyir:

    Min kitab yazsan da, demə bəsidi,
    Yaddaşın harayı, ruhun səsidi,
    Allahın şairə hədiyyəsidi,
    Atatürk köşkündə keçən günlərim.
    (“Atatürk köşkündə keçən günlərim”)

    Doğru yoldan azanların, türkün düzünü tərsə, haqqı nahaqqa yozanların, türkə quyu qazanların səfimizi pozmağa çalışdığı bir vaxtda Türkiyədə ermənilərdən üzristəmə kam¬pa-niyasına başla¬yan¬lara kəskin etirazını bildirir:

    Yaxşı bilir doğu, batı,
    Hardan gəlir Türkün zatı.
    Əldən verməz ehtiyatı,
    Türk yağıdan üzr istəməz.
    (“Türk yağıdan üzr istəməz”)

    Şeirləri ilə Türk dünyasının xəritəsini cızır, tarixi keçmi¬şimizi gözlərimiz önündə canlandırır. Bu məqamda özü də sanki tarixçi-alimə dönür gözlərimizdə.
    Dəmir qapı Dərbənddən danışanda yana-yana deyir ki, bir yerdə ki, sevinc dərdə qənim deyil, iz mənim, naxış mənim olsa da, “Vətən ətri verən gülü, Vətən dadan suyu” yoxdu, içi içimə, çölü çölümə oxşamırsa, “mənim dilimdə danışır, mənim dilimə oxşamır”sa, “məclisində ozanı, məscidində əzanı”, qalaq-qalaq dərdini olduğutək yazanı yoxdusa, Vətən qürbətə dönübsə, “Mənim olan mənim deyil”:

    Dərbənd dərdin yekəsiymiş,
    Yadın yağlı tikəsiymiş.
    Ağrıları parça-parça
    Ciyərimi sökəsiymiş,
    Bu mənim Vətənim deyil.

    “Mənim dərdim siyasətin küpəgirən qarısında”dır, dərdimiz təkcə Dərbəndlə bitmir deyir:

    Borçalı da bu gündədi,
    Təbriz də, Kərkük də belə.


    Kök mənim, budaq özgənin,
    Baş mənim, papaq özgənin.
    Çiçəyi çəmənim idi,
    Libası kəfənim idi,
    Torpağı vətənim idi.
    Dünənə bax, ay eloğlu,
    Sənin idi, mənim idi.
    Bu mənim Vətənim idi,
    Bu mənim Vətənim deyil!
    (“Dərdim – dəmirqapı Dərbəndim”)

    “Mən öləndə üzümü Borçalıya çevirin” deyən şair Bor¬çalı harda yerləşir deyənlərə cavab verir ki, Borçalı arzu¬muzun nüba-rında, könlümüzün qübarında, əlimizin qaba¬rında, alnımızın tərin¬dədir. Borçalı çiçəklərin zərində, yer üzündəki səkkiz cənnət¬dən birindədir və o hər “ağlı aza, kefi saza, dayaza” görünməz, çünki yeri şairin könlünün ən dərinindədir (“Borçalı harda yerlə-şir”). Və deyir ki:

    Kərkükü, Dərbəndi xatırlamazdım,
    Əgər Borçalıda doğulmasaydım.
    (“Dərbənddən gəlirəm”)

    Bir vaxtlar laylası çalınan, şeiri oxunan, cinası ilmə¬lənən, təcnisi toxunan, balı dodaqlardan süzülən, çeşməsi quru¬mayan, suyu bulanmayan, dünyaya Dədə Ələsgəri bəxş edən Göyçəni bir yay günündə gəzib taleyindən halı olan, “Köküm Borçalıda, özüm Göyçədə” deyən Zəlimxan Ya¬qubun “göyüm-göyüm göy¬nə¬yən”, sızıldayan yarasına çevrildi Göyçə XX əsrin sonlarında:

    Göyçə dərdi döndü coşqun sellərə,
    Bilən bilir, kim axıtdı, kim axdı.
    Hey fikirləş, sonu yoxdu bu dərdin,
    Zaman-zaman çözələnən yumaqdı!

    “Divar və çay” şeirinəd bir vaxtlar alman xalqını iki yerə bölən Berlin divarları önündəki düşüncələrini ifadə edir və bu divarları millətimizi ikiyə bölən çayla müqayisə edir:

    Bir dövləti ikiyə
    bölən divar yıxıldı;
    Bir milləti ikiyə
    bölən çayı neyləyək?

    Bu gün dünyada baş verən proseslərə də biganə qalmır şair. Neçə il əvvəl yazılsa da, bu gün dünyada baş ve¬rən siyasi burul¬ğanlar zamanında da aktuallığını saxlayan “Bir kövrək havadı sazımda Kərkük” poemasında son illərdə İraqda cərəyan edən proseslərə diqqəti çəkir, burdakı türk¬lərin taleyindən narahatlığını dilə gətirərək “Qarabağın dalınca gedən Kərkü¬küm” deyə haray çəkir. Şair yaxşı bilir ki, demokratiya pərdəsi altında qərbin dəstəyi ilə şərqdə cərəyan edən hadisələrin əsas hədəfi Türki¬yədir, türklərdir:

    Qürbət qəm gətirən qəmxanə sözdü,
    Vətən işıq sözdü, pərvanə sözdü.
    İran da, İraq da əfsanə sözdü,
    Türkün başındadı xatalar, lələ.

    Doğmaların bir-birinə uzaqdan uzaq olduğunu, Vətənin qür¬bətə çevrildiyini, öz evinin içində talesiz qonağa çevri¬lənləri, Tür¬kün torpağına qənim kəsilib, qanına susayanları görəndə Türkün iqlimdən-iqlimə at oynatdığını, şanlı tarixini xatırladır, “Hardasan Türk oğlu, harda yatmısan”, – deyə haray çəkir, təkcə şanlı keçmişimizlə öyünməyin bu gün az olduğunu deyir:

    Keçmişə güvənmək bir təsəllidi,
    Yapışma tarixin daş yaxasından.
    Türk oğlu, düşmənin bizə bəllidi,
    Qurtar Kərkükümü dərdin yasından.

    Qarabağın da Ərbil, Mosul taleli olduğunu xatırladan şair “Borçalıtək könül varı talan” olan, “namazını Türkə sarı qılan”, “taleyində bir ingilis barmağı” olan Kərkükə, kər¬kük¬lülərə deyir ki, “Borçalıyam, nə çəkirəm mən bilirəm”, Kərkükün, Bayatın, “tərsinə işləyəyn saat”ın nə demək olduğunu mən bilirəm, çünki mən də vətəni qürbətə dönən¬lərdənəm. Bu gün Türkün üzləşdiyi problemlərin səbəbini və onu yaradanların ünvanını da cəsarətlə göstərir:

    Hər gün unudulur, qeybə çəkilir,
    Kişi oyunları, mərd oyunları.
    İndi başqa cürə oynanır, lələ,
    Şahmat oyunları, nərd oyunları.
    Usta hazırlanıb, asta qurulub,
    Quzu oyunları, qurd oyunları.
    Nə türkün, nə kürdün günahı yoxdu,
    “Ağ ev”dən başlanır, “Ağ ev”dən gəlir
    Bu Türk oyunları, kürd oyunları.
    Türkün başındadı, Türkün başında,
    Ərəb oyunları, fars oyunları.

    Şair deyir ki, doğu ilə batını qucaqlayıb göyün yeddi qatını silkələyən, bu gün Haqq yolunda yürüyən Türkü nə ayaz, nə bo¬ran, nə də bürkü qorxuda bilməz. “Dur yəhərlə ərənlərin atını”, – deyə Türkü Haqq işi uğrunda mübarizəyə səsləyir, “hardan gəlib ha¬ra getdiyini bilən” yolda inamla addımlamağa çağırır. “Dur yəhərlə ərənlərin atını”, qurtu¬luşun yolları döyüşdən keçir, deyir, öz qanından qorxanı Türk saymır və Gilqamışdan, Alpamışdan, Ma¬nasdan geri qalmayan yeni qəhrəmanlıq dastanı yaratmağa ruhlandırır:

    Atilladan Atatürkə gələn yol,
    Qalxan olsun, başın üstə, qalxan, türk!
    Çanaqqala Malazgirdin davamı,
    Türk deyil ki, öz qanından qorxan türk!
    Təmiz süddən mayalansın, doğulsun,
    Mete kimi, Oğuz kimi bir xan, türk!
    Yaddaşında sıralansın, anılsın,
    Ərtoğrul bəy, Osman Qazi, Orxan türk!
    Yenə Tanrı dağlarını qucaqla,
    Dağlar olsun səngərin türk, arxan, türk!
    Döyüşən türk, oyanan türk, qalxan türk!
    (“Döyüşən Türk, oyanan Türk, qalxan Türk”)

    “İlk andımız, son andımız Turandı” kimi bir inama söykənib bu müqəddəs yolda “şəhid verin, qurban verin, can verin, cansız¬lara şah damardan can verin” deyərək müba¬ri¬zəyə səsləsə də, eyni zamanda tələsməməyi, təntiməməyi də məsləhət görür. İnanır ki, tarix bir az haqq sözündə ləngisə də, “vaxt Təbrizin, dünya ərkin dünyası, yol Tanrının, haqqı dərkin dünyası”dır, Çin səddini aşanlar yenə qayıdacaq və “əvvəl-axır dünya Türkün dünyası” olacaq. Sadəcə, bu yolda üç gün, beş gün gec-tez ola bilər. İnanır və oxucusunu da inandırır ki, Oğuz xanlar, Bilgələr diriləcək, qaranlıqlar nurlanacaq, bölünənlər qovuşacaq, yeni mizan, yeni düzən – Türkə təzim, Türkə səcdə olacaq:

    Qovuşacaq bölünənlər, bölgələr,
    Nurlanacaq qaranlıqlar, kölgələr,
    Diriləcək Oğuz xanlar, Bilgələr.
    Türkə səcdə, Türkə təzim olacaq,
    Bugün-sabah dünya bizim olacaq.
    (“İlk andımız, son andımız Turandı”

  • Nizami CƏFƏROV.”Bədii sözün Fikrət Qoca miqyası”

    Xalq şairi Fikrət Qoca on cilddən artıq möhtəşəm poetik yaradıcılığı (və son dərəcə həyatsevər şəxsiyyəti) ilə bağlı olduğu bu dünyaya “əlvida” deyib haqq dünyasına qovuşdu. Onun üçün şeir yazmaq düşünmək, insanlarla həmsöhbət olmaq, həsb-hal etmək, bugünlə yanaşı, həm də keçmişlə, gələcəklə ünsiyyətə girmək, birsözlə, yaşamaq demək idi. Elə ona görə də əlinə qələm alandan ömrünün son günlərinə qədər heç bir fasilə vermədən, tərəddüd etmədən yaza-yaza yaşadı. Və yaşaya-yaşaya yazdı!..

    Fikrət Qoca üçün illər uzunu inanmış olduğu həqiqətlər vardı ki, onların böyüyü və ya kiçiyi, əhəmiyyətlisi və ya əhəmiyyətsizi yox idi. Və inandığı bu həqiqətlər uğrunda döyüşə həmişə o dərəcədə hazır idi ki, onu mütəfəkkir olaraq heç bir tərəddüdsüz “metafizik” adlandırmaq olardı.

    Nə qədər qüdrətli şair olsa da, xəyalları hər nə qədər göylərdə gəzsə də, şairlik onun dünyagörüşündəki (və şəxsiyyətindəki) gerçəklik, reallıq, hadisələri necə varsa o cür dəyərləndirmək qabiliyyətini zərrəcə zədələməmişdi. Cəsarətlə demək olar ki, Azərbaycan cəmiyyətinin (və ədəbiyyatının!) müstəqillik uğrunda mübarizəsi tarixində bizim bir sıra görkəmli söz adamları ilə yanaşı, Fikrət Qocanın da heç zaman pozulmayacaq imzası vardır. Və o, hər zaman ümummilli lider Heydər Əliyevin sədaqətli intellektual əsgərlərindən biri olmuşdu.

    Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizədə də Fikrət Qoca son dərəcə vətənpərvər bir şair olaraq ideya-mənəvi döyüşlərin ön sıralarında idi.

    Fikrət Qoca poeziyaya, ədəbiyyata, milli ədəbi-ictimai fikrə novator kimi gəldi, şairlik istedadı ilə birlikdə novatorluq (gənclik!) missiyasını da bütün ömrü boyu qoruyub saxladı.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”BƏNZƏRSİZ ŞAİR, MEHRİBAN DOST!”

    Respublika ədəbi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın ilham dolu ürəyi ömrünün 85-ci ilində dayandı.

    Rəhbər vəzifədə işlədiyi müddətdə, ondan qabaqlar da o, bir şair kimi həssas insani təbiəti, yüksək ziyalı mədəniyyəti ilə yaşayıb-yaratdığı ədəbi mühitin, qələm dostlarının, eləcə də geniş sayda oxucularının və dinləyicilərinin dərin hörmətini, rəğbətini qazanmışdı.

    Fikrət Qoca həmişə səmimi, mehriban dost idi!

    Onun zəngin ədəbi yaradıcılığı – şeirləri, poemaları, pyesləri, romanları, aktual müsahibələri şairə böyük nüfuz qazandırmış, ədəbi hərəkatın ön sıralarına çıxarmışdır.

    Bir təsəllimiz var ki, Xalq şairi oncildliyini öz sağlığında tərtib etmiş, tam nəşrini görmüşdür. Özündən sonra yadigar qoyub getdiyi ədəbi irsi, onu gələn hər yeni nəslin müasiri kimi yaşadacaq.

    Fikrət Qocanın ədəbi yaradıcılığı dövlətimiz tərəfindən  həmişə yüksək qiymətləndirilmiş, o, bu yaxınlarda respublikanın “İstiqlal” ordeninə layiq görülmüşdü.

    Fikrət Qoca oxucuları ilə görüşləri, fərdi yaradıcılıq ünsiyyətini qiymətləndirirdi.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla, Birliyin Ağsaqqallar Şurası üzvlərinin iştirakı ilə keçirilən Cocuq Mərcanlı səfəri hamımızın yadındadı. O görüşlərdən qayıdandan sonra Fikrət Qoca Cocuq Mərcanlıdan məktublar alır, müəllim və şagirdlərlə məktublaşırdı.

    Böyük türk şairi Nazim Hikmət deyirdi ki, insan hər yaşda gəncdi. Fikrət Qoca da hər yaşda mənim gənclik dostum idi: təhsil illərində də, sonrakı iş yerində də.

    Dünya amansızdı.

    Əlvida, mehriban dost!

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”

    Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

    Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından olan Hüseyn Saraçlı kimi bir aşıqdan dərs alan sənətkar ustadından öyrəndiklərini bu gün də sinəsində yaşadır. O qədər şirin, kolorotli danışır ki, saatlarla qulaq assan da, söhbətindən doymaq olmur. Ustadı ilə el şənliklərində çıxış edən, ağır məclislər yola salan Murad Kövrək bu gün həm də tanınmış sazbəndlərdəndir. Hazırda Bakıda yaşayır və sazbənd kimi fəaliyyətini uğurla davam etdirir.
    Bu sənətə gəlişini və Hüseyn Saraçlı kimi bir sənətkara qulluq eləməsini belə xatırlayır Kövrək Murad: “Ustad bizim kəndə toya gəlmişdi, ustaddan xahiş etdilər ki, icazə ver, bu uşaq da bir hava oxusun. Mən də saz çalmağı kəndçimiz aşıq Əhədin yanında öyrənmişdim. Ustad icazə verəndən sonra mən çox çəkinə-çəkinə sazımı götürdüm. Bunu görən Hüseyn Saraçlı – “ziyan yoxdu, sən hələ cavansan, aşıq deyilsən”, – dedi. Bir hava çaldım, xoşuna gəldi. Dedim, məni şəyird götürərsinizmi? “Niyə götürmürəm, səndən yaxşı durnaboğaz aşıq olar”, – dedi. Elə həmin ilin, yəni 1964-cü ilin payızında onun yanına şəyird getdim”.
    Bu gün təkcə Borçalıda yox, həm də Azərbaycanda və onun hüdudlarından kənarlarda – sazın səsi gələn hər yerdə həm də məşhur bir sazbənd kimi tanınan Muradın atası Əli kişi dülgər olub, əsasən kənd yerində lazım olan araba, boyunduruq və s. kimi alətlər düzəldib. Uşaqlıqdan saza böyük marağı olduğundan 3-4-cü siniflərdə oxuyarkən atasının alətlərindən istifadə edərək cır ar-mud ağaclarının içini yonub özünə saz düzəldib. Bəzən alətlərini korladığına görə atasının ona əsəbiləşdiyi vaxtlar da olub. Amma Murad fikrindən dönməyib. Elə bu həvəs də onu aşıqlıqla yanaşı, həm də sazbəndliyə gətirib çıxarıb. Xoşbəxtlikdən ustadı Hüseyn Saraçlı həm də sazbənd idi. Doğrudur, bu işlə mütəmadi məşğul olmurdu, amma dosttanışının, yaxın adamlarının sazını gətirib evində düzəldirdi, sim salırdı, kökləyirdi və Murada həm də sazbəndliyin sirlərini öyrədib.
    Aşıqlıqda olduğu kimi, sazbəndlikdə də ilk xeyir-duanı Hüseyn Saraçlıdan alıb: “Şəyird olan vaxt Hüseyn Saraçlının yanına getməkdə bir həftə gecikmişdim. Dedi niyə gec gəldin? Balaca bir cürə göstərdim, bunu düzəldirdim, Hüseyn əmi, – dedim. Cürəni bəyəndi. Səndən yaxşı sazbənd çıxar, bu sənəti də buraxma, dedi. Ondan sonra mənlə məşğul olmağa başladı, gördü ki, sazbəndliyi də bacarıram. Yavaş-yavaş sənətin sirlərini öyrətdi, ustalaşdırdı”.
    Murad Kövrək deyir ki, ustad aşığa saz bağlamaq hər sazbən-din işi deyil: “Aşıqlar hər ustaya saz bağlatmırlar, ancaq kamil ustalara müraciət edirlər. Aşıqlar üçün ən əsası sazın səsidir, gözəlliyidir”.
    O, həm də qədim sazları da bərpa edib: “Çox qədim sazları bərpa etmişəm. Məsələn, Hüseyn Saraçlının ustadının – Quşçu İbrahimin sazını gətirmişdilər yanıma. Yeni üz saldım, bərpa elədim. Aşıq Musa Qaraçöplünün sazını bərpa etmişəm, bəlkə də o sazın yüzdən çox yaşı vardı”.
    Son illərdə sazbəndliyə marağın artdığını vurğulayan ustad deyir ki, bu gün Borçalıda məşhur sazbənd kimi tanınan Bafəli və onun qardaşı Qəribə, özünün qardaşı İmdata və digərlərinə də öyrədib sazbəndliyin sirlərini. Bundan sonra da maraq göstərənlərə bu sənətin sirlərini böyük həvəslə öyrətmək istədiyini deyir: “İndi hamı əsasən yaxınlarını öyrədir. Mən yanıma gələn gənclərə təklif edirəm, şagirdə ehtiyacım var, yaşımın bu vaxtımda sənətimi öyrətməliyəm ki, məndən sonra kimsə qalsın”.
    Bu gün həm aşıq, həm də sazbənd kimi tanınan Murad Kövrəkdən bu iki sənətdən hansına daha çox üstünlük verirsiniz deyə soruşduqda deyir ki, mənim üçün hər ikisi eynidir, çox xoşdur ki, bir-birinə bağlı olan bu iki sənətlə qoşa məşğul oluram: “Hal-hazırda gücümü daha çox sazbəndliyə verirəm, çünki müraciət edənlər çoxdur. Məndən İrandan, Türkiyədən də saz istəyənlər çoxdu. Yeri gələndə aşıq kimi də fəaliyyət göstərirəm, televiziya verilişlərinə, məclislərə dəvət olunuram”.
    Murad Kövrək bu gün sözün əsl mənasında ustad görmüş, ustada qulluq etmiş tək-tək aşıqlarımızdandır. Hüseyn Saraçlı kimi nəhəng bir ustada qulluq etmək hər aşığa qismət olmayan bir xoşbəxtlik olmaqla yanaşı, həm də bir məsuliyyətdir. Təsadüfi deyil ki, bu haqda danışanda Aşıq Murad deyir ki, şəyird gərək hər şeydən əvvəl öz ustadından ədəb-ərkanı öyrənsin. Ustadının öyüd-nəsihətini isə heç zaman unutmur: “Aşıqlıq çox incə sənətdir. Rəhmətlik Hüseyn Saraçlı deyərdi ki, sən bir nəfərsən, məclis əhli 200-300 nəfərdir, hamısının nəzəri bir nəfərdə, aşıqda olar. Ona görə ədəb-ərkanın kamil olmalıdır”.
    Ustadından danışanda onsuz da kövrək olan Kövrək Murad bir qədər də kövrəlir: “Həmişə o yadıma düşəndə gözlərim dolur. Çox gözəl ustad, geniş dünyagörüşlü bir şəxsiyyət idi.
    O, aşıq de-yil, hər hansı peşənin sahibi də olsa, yenə tanınmış bir şəxsiyyət olardı. Çox kamil insan idi, aşıqlıqla yanaşı bütün sənətlərdən başı çıxırdı. Hər şeyin yerini bilən adam idi. Beş il evində şəyirdlik etdim, Saraçlı camaatının hamısı bunu bilir, hamısı məni tanıyır. Ailə qurandan sonra onun xeyir-duası ilə sərbəst aşıqlığa başladım. Ömrünün sonuna kimi də onunla əlaqəmi kəsmədim, həmişə ondan nəsə öyrənməyə çalışdım. Onunla bərabər el şənliklərində və digər tədbirlərdə çıxışlarım həyatımın ən unudulmaz analrı kimi yazılıb yaddaşıma. Allah ustada rəhmət eləsin”.
    Hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Murad Kövrək kamil sənətkar kimi Borçalı aşıq ənənələrinin yaşadılması üçün əlindən gələni edir, həm aşıq, həm də sazbənd kimi bildiklərini ona mürqaciət edənlərə böyük həvəslə öyrədir.
    Musa NƏBİOĞLU
    Azərbaycan Aşıqlar Birliyinin
    katibi, Əməkdar mədəniyyət
    işçisi

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Bu dünya əbədi dirilərindi”

    VALEH HACILAR — 70

    Aprelin 15-i təkcə Borçalıda, Gürcüstanın elmi ictimaiyyəti arasında və Azərbaycanda yox, həm də bütün Türk dünyasında folklorşünas və ədəbiyyatşünas alim kimi yaxşı tanınan, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Valeh Hacıların doğum günüdür. 1951-ci ildə anadan olub və artıq o mübarək gündən 70 il keçir. Təəssüflər olsun ki, bu 70 ilin yalnız 59 ilini yaşamaq nəsib oldu ona. Bu gün 70 illik yubileyini onsuz qeyd edirik. Amma bu yoxluq sadəcə cismani yoxluqdur — Valeh müəllim bu gün də bizimlədir, onun sevənlərin qəlbindədir. 

    Borçalının ağır ellərindən olan Darvaz kəndində dünyaya gələn, Bakıda ali təhsilini başa vurduqdan sonra doğma Borçalıda yaşayıb fəaliyyət göstərməyi hər şeydən üstün tutan, burada elmi axtarışlarla məşğul olub, professorluğa qədər yüksələn, kafedra müdiri vəzifəsini daşıyan eloğlumuz ömrünün sonuna kimi də burda yaşadı. Hətta ötən əsrin 90-cı illərində məlum səbəblərdən Borçalıdakı ziyalıların çoxu Azərbaycana üz tutanda da doğma yurddan ayrılmağı ağlının ucundan belə keçirmədi. Baxmayaraq ki, Bakıya gəlib özünə layiq bir işlə təmin olunmaq imkanı vardı. Amma gəlmədi. Canından artıq sevdiyi Borçalının uğrunda, Borçalı gənclərinin təhsili uğrunda ömrünü şam kimi əritdi. 

    Valeh Hacıların adı harada yaşamasından asılı olmayaraq bütün qədirbilən darvazlılar üçün ikiqat əzizdir. Çünki təvəzökar və ləyaqətli insan, bütün varlığı ilə elinə-obasına bağlı olan eloğlu, ictimai xadim, əsl ziyalı və ləyaqət simvolu olan VALEH HACILAR qocaman Darvazın başının ucalığı, üzünün ağlığı və dilinin uzunluğu olub həmişə. Özü həyatda olmasa da, bu gün də eyni statusda qalır: yazıb yaratdıqlarıyla, adına layiq Fəxri və Namiq kimi oğullarıyla!  

    Bu yubleyi ərəfəsində dəyərli eloğlumu minnətdarlıqla xatırlayır, 2010-cu ildə dünyasını dəyişərkən yazdığım yazını paylaşmaqla onun əziz xatirəsinə əbədi ehtiramımı bir daha ifadə etmək istəyirəm. 

    Ruhun şad olsun, böyük alim, əsl ziyalı, ləyaqətli kişi, dəyərli eloğlu, sadiq dost!

    BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

    Məqamı gələndə ölümü qarşılamaq ən böyük elmdir.

    M.C.Rumi

     Ən çox sevdiyin, hörmət bəslədiyin, sənə həmişə əziz olan adam haqqında yazmaq həmişə çətindir. Həmin adam haqqında artıq keçmiş zamanda danışmaq isə ikiqat çətin və ağrılıdır. Üstəlik bu adamın tanınmış alim, şair, publisist, ömrünü elmin və elinin inkişafı naminə şam kimi əridən böyük ziyalı olması, şöhrətinin bir el çərçivəsini aşaraq Türk dünyasına yayılması söz demək məsuliyyətini daha artırır. 

    Valeh Hacılar… Bu imza çoxlarına tanışdır, doğmadır. Kiminin dostu olub, kiminin həmkarı, müəllimi. Məhsuldar alim ömrü yaşayıb, şair kimi oxucuların könlünə yol tapıb, ictimai xadim kimi hər yerdə hörmətlə qarşılanıb. Onu hər yerdə seviblər, sayğı göstəriblər..

    Mən də ona həmişə böyük rəğbət bəsləmiş, cəfakeş alim zəhmətinin bəhrəsi olan əsərlərini, minlərlə oxucunun qəlbinə yol tapan şeirlərini sevə-sevə oxumuş, şirin və məzmunlu söhbətlərini dinləməkdən doymamışam. O, mənim həm də ruh qohumum idi, aramızdakı yaş fərqinə baxmayaraq səmimi dost idik. Son illərdə isə Bakıya elə bir gəlişi olmazdı ki, mənimlə görüşməmiş getsin. Hətta bir dəfə onun doğmaca əmisi oğlu Sayaddan Valeh müəllimin nə vaxt Bakıya gələcəyini soruşanda zarafatla mənə belə demişdi: Onun Bakıya nə zaman gələcəyini sən bizdən yaxşı bilərsən. Çünki o, Bakıya gələndə bizimlə görüşməyə imkanı olmasa da, səninlə mütləq görüşür. 

    Hər dəfə yolu doğma Darvaza düşəndə də mütləq mənim kənddə olub-olmadığımla maraqlanar, kənddə olduğumu biləndə dalımca uşaq göndərib çağırtdırardı… Hər söhbətinin əvvəli də Darvaz idi, sonu da. Borçalının ayrı-ayrı kəndləri, o cümlədən də Darvazla bağlı olduqca qiymətli arxiv materiallarını üzə çıxarıb nəşr etdirmişdi. 

    Doğma elinin-obasının, onun aranının, dağının, çölünün-çəməninin, gülünün-çiçəyinin vurğunuydu, hər çəhliminə, hər gədiyinə, hər qayasına bələd idi. Darvaz onun üçün dünyanın əsl cənnət guşəsi idi. Hər dəfə kəndə gələndə ruhu təzələnir, cavanlaşır və şair qəlbi cuşa gəlir, “burdan qayıdanda yaşa doluram,  bura qayıdanda gəncləşir ürək”, – deyirdi. Ayna bulaqlarını vəsf etməkdən doymurdu:

    Bu bulaq necə də sərindi, nənə,

    Suyu şəkər kimi şirindi, nənə,

    Üzümə dağların havası dəydi –

    Bizim Ortabulaq göründü, nənə.

    Həyatdan vaxtsız köçəcəyi ürəyinə dammışdımı, nəydi Ulu Tanrının səxavətindən payı bol olan Darvazın  əsrarəngiz gözəlliyini doyunca seyr etmək üçün qırx göz istəyirdi:

    Qırxbulaq gözəldi, mən hardan alım

    Baxıb oxşamağa qırx gözü, nənə.

    Saf idi, Darvazın ayna bulaqlarının suyu kimi dumduru idi. Onu heç nə bulandıra bilməmişdi.   Və onun bu duru qalmağının səbəbi də çox sadə idi, özü bunu belə izah edirdi:

    Mən ki, su içmişəm Quyubulaqdan,

    Axaram durula-durula, nənə.

    Bu gün Valeh müəllim haqqında düşünərkən yadıma alman filosofu Şopen­ha­uerin nə vaxtsa qeyd dəftərçəmə yazdığım bir fikri düşdü: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”. Sanki Valeh müəllimin boyuna biçilib bu sözlər. Və bir də R.Taqorun belə bir  fikri xatırlayıram: “Böyük torpaq adicə otun sayəsində qonaqpərvər olur”. Bəli, torpaq adicə otu ilə də tanınırsa, xalq böyük oğulları ilə tanınır. Valeh müəllim kimi oğullar zaman-zaman elinin-obasının, mənsub olduğu millətin şöhrətini uzaq-uzaq ellərə yayacaq, xalq da onları əbədi yaşadacaq.

    Valeh müəllim cəmisi 59 il yaşadı. Amma bu 59 ildə bir neçə ömrə sığmayacaq qədər işlər gördü. Həyatda daim alnıaçıq, üzüağ yaşadı, dünyada heç kimdən, heç nədən, hətta ölümdən belə çəkinmədi. Çünki heç kimin yanında gözükölgəli deyildi, özündən sonra adına kölgə salacaq, övladlarına dilgödəkliyi gətirəcək bir əməli olmadı. Vaxtilə Volter deyirdi: “Ölümdən kimlər qorxar və kimlər ondan boyun qaçırmaq istər? Günahkar ondan qorxur, bədbəxt onda nicat axtarır, igid ona meydan oxuyur, müdrik isə təəssüf  hissi keçirmədən onu qəbul edir”.

    Bəli, Valeh müəllim vaxtsız ölümü də özünəməxsus müdrikliklə qarşıladı. Ölümündən 26 il öncə –  1984-cü ildə  yazdığı bir şeirindən misal gətirdiyim bu bənd də elə həmin müdrikliyin, uzaqgörənliyin nişanəsidir:

    Dünyadan gedərik – izimiz qalar,

    Söhbətimiz qalar, sözümüz qalar.

    Nə qədər yansaq da, külə dönsək də,

    Hardasa, kül altda közümüz qalar.

    Valeh müəllim bu gün aramızda olmasa da, özü demiş, söhbətiylə, sözüylə bizimlədir, həmişə də bizimlə olacaq.  Çünki Xalq şairi Zəlimxan Yaqub demiş:

    Baxmağa güzgüsü, aynası yoxdu,

    Yüz il yaşasa da mənası yoxdu.

    Diri ölülərin dünyası yoxdu,

    Bu dünya əbədi dirilərindi.

    Mənbə: http://darvaz.com/.

  • “Yalnız irəli! – Gülnar Səma şəhid kapitan Ceyhun Həsənovu anır

    ŞƏHİD KAPİTAN, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI CEYHUN HƏSƏNOV MİSİLSİZ RƏŞADƏTİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU

    Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş, Naxçıvanda və Beyləqanda işləmişdi. Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə canını vətənə fəda etdi.

    O, ilk təhsilini Xətai rayonunda Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə (1992-2001) almışdı. Sonralar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə (2001-2003) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (2004-2008) hərb elminin sirlərinə yiyələnmişdi. Təhsilini davam etdirmək üçün Təlim Tədris MərkəzinəBakı  Ali  Birləşmiş Komandirlər məktəbində zabit ixtisası kursuna göndərilmişdi.

    Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında, fənn olimpiadalarında, müdavim vaxtlarında  güləş yarışlarında, sonralar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində qalibiyyətin qürurunu yaşamışdı. Ailəsinin yaxın qohumu, Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti şəhid İlqar Verdiyevin uğurları Ceyhunda hərb sənətini seçməsinə həvəs yaratmışdı. Bununla belə, dayısı Məstan Novruzov və iki  yaxın qohumu birinci Qarabağ  döyüşlərində şəhidlik zirvəsini fəth etmişdi. Ailə gələnəklərini peşəsi ilə davam etdirən Ceyhun 2018-ci ilin 1 iyulunda ailə qurmuş, 2019-cu ilin 6 avqustunda əkiz oğlanları Cahid və Cavidan dünyaya gəlmişdi.

    21 oktyabr 2019-cu ildən Beyləqandakı N saylı hərbi hissədə xidmət edirdi. Vətən müharibəsi başlayan gün Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlə döyüşlərində tarix yazanlardan oldu kapitan Ceyhun Həsənov.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) fəxri adına layiq görülüb, “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.

    Ceyhunun ilk və son savaş günü haqqında onun döyüş yoldaşlarından olan çavuş Şahin Mehdiyev deyir: “Füzuli istiqaməti uğrunda düşmənin ilk müdafiə səddini yaranlar sırasında bizim heyət də vardı. Biz bir yerdə üç aya yaxın idi ki, təlim keçirdik. Ceyhun Həsənov Beyləqan rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsindəydi. O, həm də  PDM komandiri olub. 27 sentyabr 2020-ci ildə müharibə  başlananda Ceyhun öz şəxsi heyəti və 7 BMP, 4 tank, bir neçə başqa texnika ilə hərəkətə keçdi.

    Komandirin PDM-i öndəydi. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, üç erməni postunu məhv etdik. Komandir tez-tez bizə səslənirdi: İgidlər, dayanmaq olmaz! Yalnız irəli!” Döyüş daha da şiddətləndi. Ermənilərin birinci eşalonu darmadağın olmuşdu.  Ancaq mənfur düşmən hər tərəfdən, hər növ silahdan istifadə edirdi. Mən komandirin oturduğu PDM-in tuşlayıcısı idim. Sürücümüz isə Qərib Balacayev idi. Komandir tez-tez “Afərin, igidlərim!” hayqıraraq bizə böyük ruh yüksəkliyi verirdi. O döyüşdə bizə verilmiş tapşırığı yerinə yetirdik, istədiyimiz mövqeləri tutduq. Komandir gördü ki, mənfur düşmən sağdan bizim heyəti mühasirəyə almaq üçün hərəkətə keçib, Qəribin PDM-i sağa döndərməsini əmr etdi. Bilirdik ki, ora girmək çox təhlükəlidi. Amma komandir dedi ki, igidlər, başqa yolumuz yoxdur, düşmən bizim 60-a yaxın heyəti mühasirəyə ala bilər. Balacayev ləngimədən PDM-i onun əmr etdiyi tərəfə sürdü. Komandir Ceyhun Həsənov istədiyinə nail oldu, düşmən itki verib geri çəkildi. Amma çox təəssüf ki, sonra biz dönəndə tank əleyhinə minaya düşdük. Cəsur komandirimiz kapitan Ceyhun Həsənov və PDM-i idarə edən Qərib Balacayev qəhrəmancasına şəhid oldular, mən isə yaralandım. Komandir son nəfəsində məndən soruşdu: “Şahin, sonuncu mövqeni vurduqmu?”  Cavab verdim ki, bəli, komandir, vurduq. Gülümsəyərək əlimi sıxdı. Gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəldi. Ruhu şad olsun!”

    Bir oğul anası olan və onu da vətən uğrunda şəhid vermiş Səmayə xanım qəhrəman övladı haqqında qürurla danışır və şəhid kapitanın ruhuna xitabən deyir: “Oğlum, azad etdiyin torpaqlarda daima ruhun dolaşacaq. Əkiz övladların səni şəkillərdə, tarixlərdə axtaracaq, qəhrəmanlığınla fəxr edəcəklər. Sən Vətənini balalarından da, anandan da yüksəkdə tutdun, Ceyhun. Həyatda sənə nə əziyyət çəkmişəmsə, halalın olsun, oğlum! Vətənimiz, xalqımız səni unutmayacaq!”

  • MİLLİ TELEVİZİYAMIZIN BU GÜNÜ

    İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsi göz önündədir. Orijinal ekran, efir ənənələri olan Azərbaycan Televiziyası da həmin sıradan kənarda qalmayıb.
    Milli televiziya və radiomuz son dövrlərdə nəzərə çarpan yeni keyfiyyətlər qazanıb.
    İnkişaf göz önündədir. Televizyamız ilklərə imza atır. Qeyd edək ki, bu gün doğma televiziyamız inkişaf mərhələsinin kuliminasiya nöqtəsindədir. Radiomuza da eyni fikri şamil edirik. Radiomuzun sadiq dinləyiciləri istər ictimai-siyasi, istərsə də ədəbi-bədii, musiqili-əyləncəli verilişləri ötürmür, 95 yaşlı bu cihazın qarşısında dinşəkk kəsilirlər.
    Televiziyamız son 2 ildə yenilikləri ilə bizi sevindirir və ekran qarşısında yaxın olmağa “məcbur” edir. Ənənəyə sadiqlik və müasirlik vəhdət tapır televerilişlərdə. Beynəlxalq televiziyalara inteqrasiya müşahidə olunur. Deyərdik ki, uğurlarla kifayətlənmək olmaz, yenə də çalışmaq lazımdır. AzTV teleməkanımızın lideri olsa da, bu başqanlığı, uğur bayrağını əbədi əldə saxlamaq üçün daim çalışmaq, irəli getmək lazımdır.
    Bu uğurlara imza atılmasında AzTV-nin rəhbəri Rövşən Məmmədovun rolu böyükdür. Hər gün saatlarla ekranda olan Rövşən Məmmədov rəhbər olana qədər AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini aparan dəyərli alim, peşəkar telejurnalistdir. Rövşən bəy eyni zamanda Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışıb. 15 yanvar 2019-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. İndiyədək AzTV-yə sədrlik edən yeganə şəxsdir ki, həm veriliş aparır, həm də həftə ərzində baş verən hadisələrin analitik təhlilini təqdim edir.
    Ekran-efir məkanımızda bir məktəb, bir nümunə olan AzTV dövlət dili olan Azərbaycan dili ilə yanaşı, xarici dillərdə yeni formatda, yeni layihələr ortaya qoyur.
    Hadisələrin obyektiv təqdimi, fərqli üslub, yeni yanaşma tərzi, orijinal baxış, gənclərə meydan verilməsi ana televiziyamınızın ənənəyə sadiq novator tərəfləridir. Öncə AzTV, “Mədəniyyət” və “İdman” kanallarının loqosu yeniləndi. Dövlət başçısının iştirakı ilə ölkədə keçirilən mötəbər beynəlxalq tədbirlər birbaşa yayımlandı.
    Prezident İlham Əliyevin tapşırığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Bədii Şura yaradıldı. Aprelin 12-də “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
    AzTV sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu deyib: “Bu gün Azərbaycan televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Buna görə də ayda iki dəfə Bədii Şura üzvlərini yığmağı planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik, hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində birgə fəaliyyətimiz zamanı tərifdən çox tənqidləri eşitmək istərdik”.
    Çox yaxşı haldır ki, görkəmli sənət xadimləri yeni Bədii Şuraın tərkibinə daxil ediliblər: Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artistləri Ofeliya Sənani, Rasim Balayev və b. Bizə belə gəlir ki, yeni tərkibin irad və təklifləri, nəzarəti verilişlərin daha baxımlı və səviyyəli alınmasında böyük rol oynayacaq.
    Azərbaycan, rus və ingilis dillərində gün ərzində 13 dəfə efir alan “Xəbərlər” xüsusi inkişaf mərhələsinə qədəm qoydu. Nəticəyönümlü “Mobil qrup” bəhrəsini verdi. “Şənbə reportaj”ı, AzTV-nin xaricdəki müxbirlərinin videomaterialları, “Xəbərlər”dən sonra dövlət əhəmiyyətli hadisələr haqqında xüsusi buraxılışların keyfiyyətindəki irəliləyişlər tamaşaçıların gözündən yayınmır. Eyni zamanda “İqtisadiyyat xəbərləri”, “Region xəbərləri”, “Mədəniyyət xəbərləri”nin yeni formatı da izləyicilərin zövqünə hesablanıb.
    Hər bazar günü “Həftə” analitik informasiya proqramında aparıcının dolğun şərhləri, özünəməxsus yozumları həftənin real mənzərəsini yaradır.
    Xüsusilə, Vətən Müharibəsi dövründə əsas diqqət AzTV-yə yönəlmişdi. Ali Baş Komandanımızın xalqa müraciətləri isə bütün ölkənin diqqətini bir mərkəzə cəmləyirdi.
    Bu yaxınlarda, Novruz bayramı ərəfəsində populyar telejurnalist Səyyarə Səyyafın aparıcılığı ilə “Mədəniyyət” kanalının “Ovqat” verilişi yenidən tamaşaçılarına xoş ovqat bəxş etməyə başlayıb.
    Azərbaycanın tanınmış incəsənət xadimləri, şair və yazıçılar, müxtəlif elm adamları verilişdə iştirak edir, öz yaradıcı düşüncələrini tamaşaçılarla bölüşürlər. Vaxtı ilə AZTV-də yaranan, pərvəriş tapan, tamaşaçılara xoş ovqat bəxş edən “Ovqat” verilişi yeni ekran həyatında tez bir zamanda populyarlıq qazandı. Bu veriliş həftənin üç günü tamaşaçıların görüşünə gəlir.
    Ağrılı günlər də olub. 20 Yanvar faciəsində rus əsgərlərinin avtomatı başımızın üstündə inləyə-inləyə, ürəyimizdən qan axa-axa, lal fəryadla çalışmışıq. Bu gün isə doğma teleradiomuzdadır gözümüz. Cəbhədən canlı, operativ xəbərləri onlar yayımladılar. Xoş müjdələr ekranı, efiridir milli teleradiomuz. Qarabağ savaşında teleradiomuzun fəaliyyəti əvəzsizdir. Kollektivin rəhbəri, dəyərli alim, peşəkar telejurnalist Rövsən bəy özü də bayaq qeyd etdiyimiz kimi, hər gün saatlarla ekrandadır. Rövşən müəllim vətənsevər ziyalı qonaqları ilə hadisələrin geosiyasi, tarixi təhlillərini aparır, ermənilərin saxtakarlığını ifşa edir.
    Ötən gün cənab Prezidentin AZTV-yə verdiyi müsahibəsini həvəslə, maraqla seyr etdik. Bir daha Ali Baş Komandanımızla fəxr etdik.
    YAŞA, YARAT, doğma radiomuz, ana televiziyamız! İnkişafın bizi qürurlandırır.
    QARABAĞ AZƏRBAYCANDIR!!!

    VÜQAR ƏHMƏD
    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
    Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

    GÜLNAR SƏMA
    Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

  • Adilə NƏZƏR.”BİOLOJİ MÜHARİBƏ – PANDEMİYA VƏ YA MALTUSUN DİRİLİŞİ”

    Hazırda bir il üç aydır içində olduğumuz pandemiya bəlası dünyadakı insan artımına qarşı, daha doğrusu, insan sayını azaltmaq üçün süni şəkildə yaradılan bioloji silah olaraq izah edilir. Deyilənlərə görə, ətraf mühitin çirklənməsi, su ehtiyatları, həyati əhəmiyyətli digər resursların tükənməsi və sair bu kimi səbəblər guya pandemiyanı problemin çarəsi kimi ortaya çıxarıb. Bəs bu ideyanı ortaya atanlar və təbliğ edənlər kimlərdir? Bu fikir nə qədər həqiqətə uyğundur?

    Bu məsələ ilə bağlı aparılan təbliğatlara nəzər salsaq, görərik ki, bu ideyanın tərəfdarları burjua ideoloqlarıdır ki, onlar hətta bu problemi illərdir ki, təhsil müəssisələrinə tətbiq etməklə öz məqsədlərini reallaşdırmağa çalışırlar. Təbii ki, bu, nəhəng, meqapolis şəhərlərdə yaşayanlar üçün mükəmməl bir məntiq kimi görünür. Çünki onlar izdihamlı kütlənin içində yaşayırlar. Amma bu sıxlığı yaradanın, əslində, getdikcə məntiqsizləşən kapitalizm olduğunu kimsə gündəmə gətirməyə səy göstərmir.
    Kapitalist ölkələrində istehsal, ticarət və maliyyə resurslarının sahibləri bu iddiaları sözdə guya tibb mütəxəssislərinin fikri sayırlar, halbuki bu “mütəxəssislər” onların eşitmək istədiyindən başqa heç nə demirlər. COVID-19 epidemiyasını əhali artımı ilə əlaqələndirən açıqlamalar verənlər yenə də onlardır.

    Burada XVIII-XIX əsrlərdə ingilis ruhanisi, tanınmış siyasi-iqtisadçı Tomas Robert Maltusu xatırlamamaq olmaz. Darvinin təkamül nəzəriyyəsinin davamı olaraq yürüdülən Maltus nəzəriyyəsində (1789) əhali artımı ilə qida ehtiyatlarının artımı arasındakı nisbət və tarazlığın pozulması qeyd edilir, əhali artımının nəzarətə götürülməsi tövsiyə olunurdu. Tomas Maltus ruhani olmasına baxmayaraq, ümumi mövzusu bu nəzəriyyəni əhatə edən kitabında belə bir cümlə də işlətmişdir: “Əgər insan təbiətlə münasibətləri nizamlamasa, təbiət özü bunu edəcəkdir”. Bir çox tədqiqatçılar Maltusun bu cümləsini belə şərh etmişdilər ki, o bu cümləsi ilə tənzimlənmənin ehtiyat tədbirləri olaraq kütləvi qırğınlarla aparılacağını vurğulayıb. Maltus bundan sonrakı izahlarında da bu çözümün insanlığın xeyrinə olduğunu iddia edir və yazdıqlarının doğruluğunu sübut etməyə çalışırdı.

    Dırnaqarası ruhani hələ sağlığında bu fikirlərinə görə cəmiyyət tərəfindən lənətlənmişdi. Tarix indi də onu lənətlə xatırlayır.

    (Buna baxmayaraq, hələ də müharibələrin, kütləvi qırğınların vacib olduğunu hesab edən ziyalılarımız var. Çünki illərdir ki, bu ideologiyanı həqiqət kimi bizə tədris və təbliğ ediblər. Halbuki, müqəddəs kitablarda “öldürmə” deyə əmr olunur.)

    İndi, əsasən son 30 ildə kapital sahibləri Maltusu haqlı çıxarmaq üçün əllərindən gələni edirlər, xüsusilə də qida mənbələrinin sıradan çıxarılması ilə bağlı onlar çox ciddi addımlar atmağa müvəffəq olublar. Təbii qida ilə bağlı bütün istehsal sahələrinin ləğvi məhz buna əsaslanır. Bunu isə şeytan əməlindən başqa nəsə adlandırmaq sadəcə mümkün deyil.

    Praqmatizmin öncülü kimi tanınan ingilis filosofu Ceremi Bentam (əsasən, Cəza nəzəriyyəsi və “Sələmin müdafiəsi” əsərləri ilə tanınır) əhali artması səbəbiylə insan növləri üçün qida qaynaqlarının istifadəsindəki məhdudiyyətlərin və çatışmazlıqların rəqabət zəminində müharibələrə səbəb olacağını iddia edərkən bu nəzəriyyəni yüksək qiymətləndirmiş və təklif edilən “nizamlamanı” doğru saymışdır.

    Demək olar ki, həm Bentama, həm də Maltusa görə, müharibədə barış, aclıqda bolluq, epidemiyada sağlamlıq var! Yəni zülm olunanların fəlakətindən zülm edənlərin xoşbəxtliyi yaranır.
    Qiyamət əlaməti kimi baxdığımız pandemiya və buna bənzər hadisələr Maltusun (nəzəriyyəsinin) dirilişinin nəticəsidir. Bu nəzəriyyəni dirildən şəxslər hazırda dünyanı idarəçiliyini əlində saxlayan liderlərdir.

    Diqqətlə nəzər etsək, koronovirusun altından Maltus, Maltusun altından tramplar, baydenlər, makronlar, mattarellalar, şi çinpinglər, putinlər və daha neçələrinin çıxdığını görərik.

    Əgər qəbul etsək ki, həqiqətən də bu problemləri yaşamağımıza səbəb dünyada əhali sayının artımı və qida təminatının azlığıdır, o zaman bunun həlli yolu müharibələr və bioloji qırğınlar olmamalıdır axı. Qida təminatını artırmaq üçün qida istehsalını artırmalı, nüfus artımının qarşısını almaq üçün doğum sayını azaltmaq, az sayda uşaq dünyaya gətirilməsi üçün dövlət tərəfindən müəyyən qaydaların tətbiq olunması gərəkməzmi?
    Maltus nəzəriyyəsi kimlərəsə, xüsusən həddindən artıq varlı zümrələrə tunelin ucundakı işıq kimi görünə bilər, amma o ucdakı qapı ölüm qapısıdır. Olmazmı ki, İNSAN o qaranlıq tunelə heç girməsin?

    Demək ki, bütün tarixlərdə İNSANın davası sözdə inancı ilə bağlı olub. Əgər bu insanın qiyamətini və insanlığın sonunu gətirirsə, niyə inancımız sözdə yox, özdə olmasın?!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə, karantin də bəzilərinin kim olduğunu bizə tanıtdı. Yaxşı insanlar xeyirxahlığı ilə yadda qaldı ac qarınlar doydurdu, pis insanların isə maskası yırtıldı. Kimi xalqı dilənçi adlandırdı, kimi də kəndi, rayonu bir-birinə qatıb zirzəmilərdən vurub, podyezlərdən çıxdı. Bu gün də Nazilə Səfərli şairəmiz deyib ki, imkanlı şəxslər əhd eləməyib ki, kasıblara kömək etsin. Adətən xalqın qayğısına şair, yazıçı qalar, onun haqq səsinə səs verər. Nazilə xanım isə əksinə imkanlı şəxslərin qayğısına qalmaqdan ləzzət alıb. Hə, bax belə yerdə bu koronovirusa minnətdar olmaya bilmirəm. Hamının maslkalanmış sifətinin eybəcərliyini bir-bir üzə çıxarır. Ay Nazilə Səfərli, sən o imkanlı şəxslərdən eninə də, boluna da yaxşıca istifadə etmisən. İmkan ver bu kasıb camaata da nəsə etsinlər. Bu qədər qısqanclıq olmaz axı. Sənin heç nəyə ehtiycın yoxdu, bilirik. Təsadüfən bu imkanlı şəxsləri icarəyə götürməmisən? Ehtiyac içində yaşayanları görmək üçün gərək insan olmağı bacarasan. Efirə çıxmaq, veriliş aparmaq hələ nə şair olmaq, nə də insan olmaq demək deyil. Bax, bunu da bilməyin vacibdir.