Gözəlliklər yurdu Şəkidən bir günlük təəssüratlarım
Azərbaycanımız dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də coğrafi şəraiti, iqlimi və göz oxşayan təbiəti ilə seçilir. Qədim gözəlliklər yurdu olan vətənimizin tarixdə iz qoyan və bu gün də sayılıb-seçilən oğul və qızları ilə çağdaş tarixə imza atan bölgələrindən biri də Şəkidir. Bura şərq ədəbiyyatının qibləsi sayılan Mirzə Fətəli Axundovun, Turan məfkurəsinin zirvəsini yaradanlardan biri olan ölməz şairimiz Bəxtiyar Vahabzadənin, məşhur dilçi alim Əbdüləzəl Dəmirçizadənin, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundovanın, general Ziya Yusifzadənin, tanınmış alim, professor Şirməmməd Hüseynovun, məşhur incəsənət xadimi, bəstəkar Cövdət Hacıyevin və digər onlarla ünlü şəxsiyyətlərin doğulub boya-başa çatdığı məkandır. Bu rayon öz məktəblərinin məzunları ilə gerçəkdən qürur duya bilər. Rayonda fəaliyyət göstərən məktəblərin bir çoxu ilə bağlı ürəkaçan sözlər demək mümkündür. Lakin bu yazıda Şəki şəhərində yerləşən 18 saylı məktəbdən və bu məktəbdə yaxın günlərdə gerçəkləşən məzuniyyət törənindən söz açacam.
Şəhərin 18 saylı tam orta məktəbində sözün həqiqi mənasında gələcəyinə sonsuz inam olan işıqlı şagirdlər – gələcəyin layiqli vətəndaşları yetişdirilir. 18 saylı orta məktəb zaman-zaman yurdumuza savadı, zəkası, tərbiyəsi və cəmiyyətə faydalılığı ilə seçilən insanlar bəxş etmişdir. Bu qocaman məktəbin işinə məsuliyyətlə yanaşan, yüksək intellektli və səmimi kollektivi var. Məktəbin direktoru Məmməd Mahmudov belə bir kollektiv formalaşdırdığına və məktəbdə yüksək səviyyədə təlim-tərbiyə işi qura bildiyinə görə valideynlər və rayon ictimaiyyəti tərəfindən sevilir və hər yerdə rəğbətlə qarşılanır. Hər il olduğu kimi bu il də ənənəyə uyğun olaraq bu məktəbdə “Son zəng“ törəni oldu. Tədbiri məktəbin XI a sinif şagirdi Aysu Yusifli açdı. Tədbirdən öncə müəllimləri mənə məlumat verdilər ki, Aysu oxuduğu illər ərzində məktəbin ən çalışqan, ictimai işlərdə öz fəallığı ilə seçilən şagirdlərindən biri olub. Dəfələrlə “Fəxri fərman” və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. Son zəngdə həm müəllim kollektivi, həm məzunlar, həm də valideynlər kifayət qədər fəal şəkildə iştirak edirdilər. Məktəbin direktoru Məmməd Mahmudov, müəllimlərdən 11-cilərin sinif rəhbəri Səba müəllimə, Yeganə müəllimə və Sevinc müəllimə, ürək sözləri olan valideynlər və şagirdlər çıxış etdilər. Bütün çıxışların bir ana xətti vardı; hamı məzunlara davamlı uğurlar, millətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmağı arzu edirdilər və onların gələcəkdə cəmiyyətdə nüfuz sahibi olan insanlardan biri kimi görmələrini diləyirdilər.
Doğrusu, bu məktəbin məzun törəni və müəllim kollektivinin gözəlliyi məndə dərin təəssürat yaratdı. Özəlliklə öz üslubu, valideynlərə və şagirdlərə yanaşma tərzi ilə seçilən, intellekti və yüksək qabiliyyəti ilə çoxlarından fərqlənən Səba müəllimə qəlbimdə daha dərin iz buraxdı. Səba müəllimə bu il məzun olan 11-cilərin sinif rəhbəri olub. İcazənizlə onu sizə daha yaxından tanıdım, əziz oxucu! Rəsulova Səba Qüdrət qızı 1969-cu ildə Şəki şəhərində doğulub. 1987-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildən Şəki şəhəri 18 saylı tam orta məktəbdə işləyir. 2022-ci ildə müəllim kimi fəaliyyətinin 30 illiyini qeyd edib. İşlədiyi müddət ərzində özünü həm şagirdlər, həm də valideynlər arasında sevdirə bilib. Onu sevdirən isə sənətinə bağlılığı, işinə məsuliyyətlə yanaşması, intellekti, geniş dünyagörüşü və zəhmətkeşliyi olub. O, daim öz üzərində çalışan ən fəal müəllimlərimizdən biridir. Tədbirin sonunda yenidən şagirdlərin qarşısına çıxan 18 saylı məktəbin direktoru Məmməd Mahmudov və sinif rəhbəri Səba Rəsulova məzunlara öz dəyərli tövsiyələrini verdilər, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzuladılar. Biz də Səba müəlliməni 30 illik peşə fəaliyyəti münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu şərəfli işində uğurlar və şanslar arzulayırıq. 11-cilərdən öz fəallığı ilə seçilən Aysuya və onunla bərabər məzun olan bütün uşaqlara tezliklə istədikləri ali təhsil ocaqlarına qəbul olunmasını və tələbə adını qazanmalarını arzu edirik.
Nübar İftixarqızı
Mənbə: https://manevr.az/