Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb.
Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik.
Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması “Ol”- dedin kainat oldu”- sətirləri ilə başlayır. Göstərilir ki, Adəmlə Həvvanın tanrının sözündən çıxaraq cənnətdən qovulmasının cəzası bu günə qədər davam edir. Hələ də insanlar süni cənnətlər yaratmağa can atırlar. Əsərdə bir ideya diqqəti çəkir. Allah bir insan yaratdısa, sonralar bu çoxmillətlilik necə meydana çıxdı?! “Dünyanın hər yerində eynidi it, at, donuz! Amma insan türkdü, rusdu, farsdı” sətirləri ilə bu müxtəlifliyə işarə edilir. Poemanın məğzi ondan ibarətdir ki, böyük dövlətlər kiçik dövlətləri, böyük xalqlar kiçik xalqları yer üzündə cənnət qurmaq adıyla məhv edir. Şairin də amalı bunları müasir insana çatdırmaqdır.
Əsərdə tanrı və onun insan həyatında rolu məsələsi də qoyulub. Müəllifin fikrincə, insan özü bir dara düşməyincə yadına düşmür ki, tanrı da təkdir. Bəzən yazarın ziddiyyətli mövqeyi ortaya çıxır. Həm tanrının yazdığı yazıya, taleyə inam var, həm də “Hər kəsin şərəfi, şöhrəti Özünün ağlı qədərdi…” qənaətinə gəlinir. Sonra xalq olaraq düşdüyümüz mənəvi böhranların kökləri axtarılır, başqa millətlərlə müqayisələr aparmaqdansa, vahid Azərbaycan olmaq istəyənlərin olmamasından gileylənir. Şair qonşu dövlətlərin yardımını dəstəkləsə də, el məsəlini xatırladır ki, “qonşu işığına umud olan qaranlıqda qalar”. Özün əkib-becərməsən başında turp əkəcəklər deyə xəbərdarlıq edir. Müəllif “millət” və bu sözün tərkibindəki “illət” sözünə də açıqlama gətirir. Hər iki sözün izahı fonunda inkişaf və məhvə yuvarlanmaq anlayışlarını izah edir. İllət o zaman başlayır ki, min il əvvəl olmuş İmam Hüseyn müsibətinə başına, döşünə qara bağlayıb yas saxlayan xalq öz Qarabağ dərdinə, əsirlikdə olan qızlara, gəlinlərə, körpələrə yas saxlamır. Mükəmməl bir təzadla əsl mətləbini çatdıra bilir: “Fatimeyi-Zəhra bu günümüzü görsəydi, balalarını unudub dərdimizə şaxsey deyərdi”. Bizsə, öz fəlakətlərimizin fərqində deyilmişik kimi, özümüzü xoşbəxt göstərməyə, başqalarına təsəlli verməyə meyl edirik. Bu yerdə müəllif milli düşüncədən irəli gələn bir deyimi xatırladır: “Türklər gözünüzdə yaş qalıbsa, öz halınıza ağlayın- deyərdi”. Şairə təsir edən odur ki, indi biz bəşəriyyətin diqqətini özümüzə yönəldib, bizim problemlərin həllinə çağırmaqdansa, elə hey başqalarının fikrini çəkirik. Sona yaxın müəllif vətənimizin ikiyə parçalanmasına da toxunur. Əsər boyu ilk insanın cənnətdən qovulmasından sonra törədə biləcəyi cinayətlər Azərbaycanın timsalında göstərilir. Yəni cənnətdən məhrum edilmiş insanlar Azərbaycan kimi bir məmləkəti də cənnət olmaq şansından məhrum edirlər. Şair sonda belə qənaətə gəlir ki, “Cənnətdən qovulmaqdı, bəlkə, insanın uğuru”.Ola bilsin ki, bu uğur sözünün alt qatlarında müəllif ironiyası dayanır.
Onun 2011-ci ildə qələmə aldığı “Bakı-Quba yolu” poeması müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr edilmişdir. Əsər nikbin əhval-ruhiyyə ilə lirik notlar üzərində yazlıb. Bakıdan Qubaya yol alan şairi yollarınyol alan şairi yolların təmiri çaşdıracaq dərəcədə sevindirir. Bölgələrdəki quruculuq və abadlıq işləri onu heyran qoyur, “Təzə Heydər muzeyi yeni bir Tacmahaldı” fikirləri ilə heyranlığını ifadə edir. Xınalığın abadlaşıb göz oxşaması bir vətəndaş olaraq şairi fərəhləndirir. Müəllif həmin yolların bərpasına belə bədii məna verir: “Yol keçmişdən gələndi, Gələcəyə gedəndi”. Şair xüsusi olaraq xatırladır ki,keçmişdən gələn yol XX əsrin əvvəllərində ermənilərin Qubada törətdikləri qırğınlarla kəsişir. Həmin vəhşiliyin başında duran Lalayanın əməllərinə lənət yağdırılır. Bütün bu zülmlərə rəğmən Azərbaycanın dünyada özünü təsdiqləyə bilməsi güclü vətəndaşlıq pafosu ilə çatdırılır. Müəllif Lalayan oğlu Balayana üz tutur ki, “Gəl Milli parkı dolan, Öz içində alış, yan”. Azərbaycanın göz önündə olan inkişafını gör və böhtan dolu yazdıqlarından utan. Əsərin yekunu da nikbin sonluqla bitir, Zəfər yürüşünə hər an hazır olduğumuza əminlik ifadə olunur.
Müəllifin 2010-cu ildə yazılmış “Qəbələ” poeması da kiçik parçaların bir mövzu ətrafında cəm olunması yolu ilə qələmə alınıb. Əsərin ilk başlanğıcında məlum olur ki, şair yayın istisindən baş götürüb Qəbələyə qaçır. Lap uşaqlıq yaddaşında qalan Dürca, Qəmərvan yaylağını xatırlayır. Lakin Qəbələyə bu yaşında verilən qondarma adı olan Qutqaşın xoşuna gəlmir. Bölgəyə sonrakı gəlişi şairi sözün yaxşı mənasında təəccübləndirir. Onun palçıqlı və keçilməz kimi tanıdığı yollar indi tamamilə abadlaşıb. Həmin yolların baxımsız vaxtlarında şair də gənc idi. Lakin indi qocalığını soyadı ilə boynuna alan şair ömrünün bu çağlarını Qəbələdən uzaqda, Bakıda 13-cü mərtəbədə yaşamasına sanki təəssüflənir. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı belə xarakterizə edilir: “Musiqi ulduzları bütün dünyadan gəlib Qəbələdə sayrışır”. Nəvəsi ilə rayonun müasirliyinə heyran qalan şair etiraf edir ki, “burda eyni zamanda dörd fəsil yaşayırdı”. Son bölüm olan “Bizim eradan əvvəl” adlı hissədə Qəbələnin qədim tarixindən söz açılır. “Torpağın arxivindən durub ayağa qalxır ən qədim – yeni şəhər” sətirləri ilə Azərbaycanın qədim şəhərlərinin müasir sivilizasiya ilə uyğunlaşa bilməsinə sevinir.Poema gənc ölkəmizin səadətinə yazılmış himn təsiri bağışlayır.
Şairin “Dörd addım” poeması 2008-ci ildə yazılmışdır. Əsər təhnalığın şikayətləri ilə başlanır. Dörd addım sanki yalnızlığın ölçü vahididir. Sonra isə ümumi yaşamdan gileylər hiss olunur. Yaxın dost-tanışdan narazılıq edilir. Ehtiyacı olan anlarda yanında olmadıqları üçün onları qınayır da. Birdən əsərin axarında dəyişiklik yaranır. Lirik qəhrəmanın tanrıya şükranlığı başlayır. Özü-özünə etiraflar edir: “Hikkəm zindan olubdu mənim yazıq ağlıma”. Hətta hansısa qeyri-müəyyən ölümdən söz açılır. Qatil olduğunu da etiraf edir. Məlum olur ki, dörd divar elə zindanın rəmzi simvolu imiş. Bəzən ora qanunu və ədaləti qorumaq üçün addım atanda da düşmək olur. Bu poemanın lirik qəhrəmanı da polis işləyərkən bir harın biznes adamını öldürdüyü üçün həbsxana divarları arasında düşüncələrə dalmağa məhkum edilmişdir; “Bu dörd divar daş deyil, Daşa dönmüş səbirdi” misraları ilə əsər tamamlanır. Bu sətirlərdə itirilmiş azadlığın susmağa məhkum olunmasının faciəsi nümayiş olunub.
Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poeması ulu öndər Heydər Əliyevin səksən beş illiyinə ithaf edilib. Şair poemanın əvvəlində zaman haqqında fəlsəfi düşüncələrini bəyan edir. Nəhayət, bəlli olur ki, “hər min ilin sonunda Allahımız əzəldən bu millətin səhvini, Qamətini düzəldən bir xilaskar göndərir”.Təbii ki, Allah bu millət üçün həmişə dəyərli insanlar göndərib, amma “Min-min gələn insandan Birisi Heydər olub”. Şair qəhrəmanının uşaqlıq illərini, Naxçıvanda doğulmasını və qeyri-adi bir insan kimi həyata atılmasını böyük coşğu ilə oxucusuna çatdırır. Heydər Əliyevin “Kommunist imperiyasının olimpinə ucaldı”ğını ən böyük insani uğur hesab edir. Onun bir müsəlman, bir türk olması ruslar üçün bir göz dağı, bir görk olduğu da vurğulanır. Qeyd edilir ki, Heydər Əliyevin bu ucalığını biri bacarığa, biri bəxtə yozur. Yolunu kəsmək üçün hər cür hiyləyə əl atırlar, bu da mane olmayanda canına da qəsd etməyə hazır olublar. Lakin o, mümkünsüz işləri görməyə adət eləmişdi. İmperiya çökən zaman ailəsini qorumağı da bacarır. Bir səhər çağı Naxçıvana qayıdır və xalqının imdadına çatır. Azərbaycanı stabil inkişaf yoluna çıxarır. Şair poemaya epiloq kimi on il əvvəl yazdığı “Ata” şeirini əlavə edib.
Onun “Şəhidlər Xiyabanı” poeması yeddi yarımbaşlıqdan ibarətdir. Poema bütövlükdə Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunub. Elə əsərin əvvəlindən qəhrəmanının müxalif olduğu anti-insanlıq təsvir edilir. Fikrət Qoca Çingizin əzəmətli obrazını canlandırmaq üçün onun şəxsiyyət bütövlüyünü təqdim edir: “Kürsü əvəzinə dırmaşıb öz hövsələsinə çıxmışdı”. Şair o cəsur insanın cəsarətini qabartmaq üçün bu misraları yazır: “Altdan kəfən geyinmişdi, üstdən əzik-üzük paltara bənzər bir şey”. Ç.Mustafayevin vətənin dar günündə olan çağırışına Nübar xala da qoşulmuşdu, lakin oğullar buna razı olmamışdılar. O, Nübar xalanın çağırışına tənə edərək həmin qadını “saçı uzun, ağlı gödək” hesab edən deputatların tənəli cavablarını da vermişdi. O da qeyd edilir ki, Çingiz başında başından bahalı papaq gəzdirənlərə Qarabağ lazım olmadığını sübut edir. Çünki Çingiz rəsmən peşə sadiqliyinə and içən jurnalistlərdən deyildi. Onun şərait tələb edəndə bu yolu könüllü seçməsi alqışla təqdim olunur. Müəllif onun hönkürə-hönkürə Xocalı soyqırımında başı soyulmuş, gözü oyulmuş meyitləri, goreşən kimi eşilib pis günə qoyulmuş körpələri lentə almasını həm də ermənilərin amansızlıqlarını tarix unutmasın deyə xatırladır. Tarixin səhvləri də göstərilir ki, o cür qətliama baxmayaraq rəsmi Bakı radioda iki nəfərin öldüyünü xəbər vermişdi. Sonra şair onun Laçında apardığı çəkilişlərdən bəhs edir. Çingiz döyüş meydanını tərk edib qaçanları geri çağıranda balaca dəstənin böyük komandiri onu ələ salır. O isə cavabında bildirir ki, mən də Nübar xala kimi qadınları ön cəbhədə aslan ürəkli oğullarımız olduğuna əmin eləmişəm. Əvəzində isə sizin kimi qorxub qaçanları görürəm. Əsərin ən dramatik məqamlarından biri də odur ki, ona bir xalqın döyüş tarixini bu cür biabırçılıqla lentin yaddaşına köçürmək ağır gəlir. Poemanın sonluğu çox təsirli bitir, həmişə özündən qabaqda olub döyüşü çəkən kamerası, indi vurulmuş Çingizi çəkirdi. Əsər belə yekunlaşır ki, “Çingiz kimi vətəni candan artıq sevməkdi qəhrəmanlıq”. Bu qəhrəmanlığın fövqündə çağdaş insanın vətəndaşlıq mövqeyi nümayiş olunur.
Göründüyü kimi, Fikrət Qocanın da poemalarının əsas mövzusu müasir Azərbaycanın gerçəklikləridir. Bu gerçəkliklər çağdaş əsərlərin çağdaş qəhrəmanlarının simasında özünü göstərir.
Gülnar SƏMA
Mənbə: https://525.az/