Şuşa

Şuşa – İstanbul fəthi,
Şuşa – Çanaqqaladır.
Şuşa – özünə dönüş,
Şuşa – başa bəladır.

Şuşa

Şuşa – İstanbul fəthi,
Şuşa – Çanaqqaladır.
Şuşa – özünə dönüş,
Şuşa – başa bəladır.

Şuşa – Metexan dərsi –
Atilla imtahanı.
Şuşa türkün gücüylə,
Silkələdi cahanı.

Şuşa – Borçalı yolu,
Şuşa – Təbriz qoludur.
İrəvandan alınan
Göyçənin qan puludur.

Birliyimin yolunda
Böyük lağımdır Şuşa.
Qarabağ – Azərbaycan,
Qarabağımdır Şuşa.

Qardaşım

(Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf edirəm)

Murova könül verdin,
Silahından gül dərdin.
Düşməni yerə sərdin,
Mənim əsgər qardaşım.

Od-alovdan keçirsən,
Qarabağa uçursan
Zəfərə yol açırsan,
Mənim əsgər qardaşım.

Döyüşürsən ilk gündən,
Yerin cəbhədə – öndə.
Şuşa umuruq səndən,
Mənim əsgər qardaşım.

Türkə tarix yazırsan,
Düşmənləri əzirsən,
Qələbəyə hazırsan,
Mənim əsgər qardaşım.

Qələbəni öpüm mən,
Gözlərimə təpim mən.
Yoluna gül səpim mən,
Mənim əsgər qardaşım.

Döyüşçü ailəsi

(Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizin ailələrinə ithaf edirəm)

Ürəyindən
bir döyüşçü anasını
bağrına basmaq keçər.
Baxarsan ki,
bu elə sənin öz anandır.

Ürəyindən
bir döyüşçü atasına
qulaq asmaq keçər
Baxarsan ki,
bu elə sənin öz atandır.

Ürəyindən
döyüşçü balalarını qucaqlamaq keçər.
Baxarsan ki,
bu elə sənin öz qardaşının balalarıdır.

Ürəyindən
bir döyüşçü qadınına
sarılmaq keçər.
Baxarsan ki,
bu elə sənin qardaşının yoldaşıdır.

Ürəyindən
bir döyüşçü qardaşının
əlini sıxmaq keçər.
Baxarsan ki,
bu elə sənin doğmaca qardaşındır.

Ürəyindən
bir döyüşçü bacısının
gözünə baxmaq keçər
Baxarsan ki,
bu elə sənsən.

Və ürəyindən
bir döyüşçü keçər.
Baxarsan ki,
O, həmişə sənə
BACIM – deyən döyüşçüdür.

Mənbə: https://www.xural.com/