Könül NURİYEVA.”Ədəbiyyatda daxili maneələr”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Ədəbiyyatın sonunun süni intellektlər tərəfindən gətiriləcəyi barədə müzakirələr aparanda, bir çoxları “canıyanan” obrazına girərək hay-küy salırlar. Lakin əksəriyyəti anlamır ki, ədəbi inkişafa əsas maneə elə onların özləridir. Sual edə bilərsiniz: necə?

1. İllərlə fəaliyyət göstərib “ədəbiyyatşünas” adını qazananların mənasız statuslar yazması.

Kiminsə bir statusun keyfiyyətini müəyyən etmək hüququnu sorğulayanlar bilsinlər ki, ciddi fikir, kinayə və ironiyanı ayırd etmək üçün xüsusi bir elmi dərəcəyə ehtiyac yoxdur; bu, oxuma-yazma bilən hər kəsin refleksidir. Bunu məktəbli uşaq da bilir.

2. Ədəbiyyatçı olmaq, ilk növbədə, azad fikir sahibi olmaq, sərhədsiz düşünmək və cəsarətli olmaq deməkdir. Lakin bir çox ədəbiyyatçılar özlərinni dar qruplara həbs edib, qrupdaxili təfəkkürə təslim olub. Yazıçıların bir-birini tənqid etməkdən çəkinməsi, ədəbi müzakirələri qeybət, yemək-içmək məclisləri ilə əvəz etməsi ədəbiyyatın intellektual ölümüdür. Biri o birinin əsərini tənqid edə bilmir ki, birdən xətrinə dəyər. Hərdən mənə elə gəlir “kruq ədəbiyyatı” kimi klişe söz yalnız bizə aiddir. Və bu sözün, bu anlayışın haqqını verənlər özləriylə qürur duyurlar.

3. Tənqidi bədii ədəbiyyat və tərcümə sahəsi zəifləyib. Sovet dövrünün tərcüməçilərindən başqa, günümüzdə həqiqətən uğurlu tərcüməçi qalıbmı? Bu sualı səmimi olaraq oxuculara ünvanlayıram. Tənqidçinin özünü də tənqid etmək olar, lakin kimdir bunu edən, buna cəsarət edən. Mədhiyyyələr yazmağa gələndə, məzmunsuz şeirlər yazmağa gələndə çoxu birincidir. İstədiyimiz əsəri uğurlu tərcümədə oxumaq üçün bukinistləri gəzirik, nəşriyyat evlərinə tərəf baxmırıq. Bizə tərcümə barədə son illərdə əməlli-başlı bədii travma yaşadıblar. Qazandığınız pulları yeyib-içib, bir gün dünyadan gedəcəksiniz, amma ədəbi xidmətiniz isə yaddaqalan olardı…

4. İllərlə zəhləsi getdiyi adamlarla mənfəət naminə xoş davranmaq, “işim düşər” düşüncəsiylə təriflər yazmaq, mükafat və ya ev qazanmaq üçün müəyyən qurumlara üzv olmaq… Bütün ömrünü ədəbiyyat dünyasında keçirib, əslində beynində və qəlbində bir dənə də olsun ədəbi obraz yaratmayan, yalnız maddi rifahını düşünənlər ədəbiyyatın əsas əngəlləridir.

5. “Ədəbi sayt” adı altında fəaliyyət göstərib, göndərilən yazıları redaktə etməyən, aylarla cavabsız saxlayanlar da bir ayrı mövzudur. Əgər çap etmək istəmirsənsə, səmimi ol və gənc yazara “sən yaxşı yazmırsan, üzərində işlə” və ya “bu üslub bizə uyğun deyil” de. İnsanları gözlətmək, ədəbiyyata xidmət etməli olan platformanı “qarın ağrısı” ilə idarə etmək sadəcə qeyri-səmimilikdir.

Bu, müşahidələrimin yalnız bir hissəsidir. Yazsam və siz yazsanız qalın kitab alınar.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir