
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
“Bir ürək həm məhəbbət, həm də nifrət yuvası ola bilməz; insanda ürək bir dənədir. Mən hər zaman öz ürəyimi necə xilas edəcəyimi düşünmüşəm.
Bir də ki, yaddan çıxarma: quşlar müharibəni tez unudurlar.”
“Müharibə qadın simalı deyil” kitabının son səhifəsində yazmışam ki, hələ heç bir kitab məni belə ağlatmamışdı. Onu müsabiqə üçün oxuyurdum; noyabr ayı idi, müharibə isə mayda bitmişdi. Amma Svetlana xanım və romanın qəhrəmanları üçün müharibə onların dünyanı tərk edən gününə qədər davam edəcəkdi.
“Mən həmişə bayramımızı gözləyirəm” deyən qadın, əslində, o bayramdan qorxurdu. “Bayramdan neçə gün qabaq paltarları yuyuram ki, işim çox olsun, başımı qatım. Hərbi oyuncaqları sevmirəm, uşaqlara da almıram. Hərbi təyyarə modelini kimsə bizə gətirmişdi, həmin dəqiqə zibilliyə tulladım. Bütün bunlar haqqında danışan kimi xəstələnirəm. Müharibədən sonra bizim evdə təzə müharibə başladı. O da qorxulu idi. Nə üçünsə, cəbhədə bizi güllədən qoruyan kişilər, bizi tərk edirdilər. Heç kim müharibə iştirakçısı olan qadınlarla ailə qurmaq, onları sevmək istəmirdi. Kəndin qadınları bizi əxlaqsız sözlərlə təhqir edirdilər. Mən isə on səkkiz yaşımdan cəbhədə sağlamlığımı itirmişdim. Biz bu qədər yol keçmişdik, qadınların ərlərini, oğullarını xilas etmişdik. Bu həqarət nə üçün idi?
Sən kiminlə evlənmisən? Cəbhə qızıyla.
Bu sözləri tez-tez eşidirdik. Biz müharibə zamanı və müharibədən sonra da dəhşətli dərəcədə yaşamaq istəyirdik. Bu həyatı qazanmışdıqsa, niyə mükafatımız bu qədər ağır sözlər olurdu?”
Bir qadın insan qanının nar şirəsindən də parlaq olduğunu, nə rəsm əsərlərində, nə də təbiətdə ona rast gəldiyini danışırdı. Narkozsuz, adi mişarla kəsilən ayaqlara araq vururdular; nə yod var idi, nə də pambıq.
İdeya və inamın analıq hissiyatından da güclü olduğunu anlamışdıq. Müharibə olan ərazilərdən kişi qoxusu gəlirdi. “Normal qadın müharibəyə getməz, atəş açmağı öyrənməz, belə olarsa, normal uşaq doğa bilməz” – deyənlərin sayı isə çox idi. Vətənə qayıdanda eşitdiyimiz ən sərt danlaq isə belə idi:
Bilirik, orda nə işlə məşğul olmusunuz. Bizim kişiləri yoldan çıxarmısınız, cəbhə fahişələri!
Müharibədə aşiq olmasaydıq, çətin ki, sağ qalardıq. Yaralı əsgərləri qadın təbəssümü xilas edirdi. “Mən səni hər yerdə tanıyaram” cümləsinin necə güclü duyğu, necə sərt ağrıkəsici olduğunu əsgərlər bilirdilər; axı isti cümlələr onların yaralarına məlhəm idi. Məhəbbət müharibədə yeganə şəxsi hadisə idi. Qalan nə vardısa ümumi idi – hətta ölüm belə.
İztirab idrakın xüsusi formasıdır. Bəlkə buna görədir ki, gettoda öləcəklərini bilən qadınla kişi evdə deyil, küçədə öpüşürdülər. Onlar başqa cür və birlikdə ölmək istəyirdilər. Bu, məhəbbət idi. Başqa nə ola bilərdi ki? Ətrafda qırğın vardı, güllə-baran idi, onlar isə öpüşürdülər. Müharibədə insan qorxulu və anlaşılmaz olur, onu başa düşmək qeyri-mümkündür.
Ağır yüklənmələr nəticəsində qadınlığın hər ay təkrarlanan normal halı pozulmuşdu. Bir dəfə istidə gedən bir qadından axan qan qumda ləkələr qoyurdu. Əsgərlər arxasınca gəlirdilər, guya heç nə görmürdülər. Qadının şalvarı əynində qurudu. Qanın qoxusu isə baş çatladırdı. Əsgərlər köynəklərini koldan asan kimi oğurlayırdıq. Bunun üçün bizə heç nə vermirdilər, əsgərlər isə gülür, başqa paltar istəyirdilər. Saçımızı qısa kəsir, yerişimizi dəyişirdik, amma yenə də boyanmaq istəyirdik. Qəndi yemirdik, saçımızı kraxmallamaq üçün saxlayırdıq. Bioloji təbiətimizi dəyişmək mümkün deyildi.
Torpağın üstündə əyilmədən və sürünmədən gəzmək ən böyük arzumuz idi. Hamımız siqaret çəkirdik. Kişilər aclığa çətin dözürdülər, aclıq onlar üçün ölümdən betər idi. Biz isə ölümdən qorxurduq. Sonra yorğunluqdan bu qorxunu da unudurduq.
Öldükdən sonra çirkin görünmək qorxusu isə adamı heç vaxt tərk etmir. Acından ölsək də, yumurtanı qırıb çəkmələrimizi təmizləyirdik. Gözəl görünmək arzusu heç bir qadını ən çətin şəraitdə belə tərk etmirdi. Bizim öhdəmizdə iş vardı: hər bir yaralıya onu sevdiyimizi deməliydik. Bu, ən güclü dərman idi. Söhbətlərimizdəki kiçik detallar böyük hadisələrə, hətta tarixə belə qalib gəlirdi.
Bir cavab yazın