Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyası sovet epoxası daxilində xüsusi mərhələ təşkil edən 1960-1970-ci illər nəsrinin ədəbi tənqiddəki mənzərəsini görükdürmək, bütöv dövrə, dövrün ədəbiyyatında müəyyən təbəddülatlara məruz qalmış nəsrin inkişaf özəlliklərinə, həmçinin həm nəsrin, həm də ədəbi tənqidin keyfiyyət dəyişiminə verilən elmi-nəzəri baxışın aspektlərini meydana qoymaq baxımından əlamətdar işdir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu son dərəcə qiymətli tədqiqat əsəri ədəbiyyatşünaslığımızda bəhs edilən dövrün nəsrinin və ədəbi tənqidin bütöv mənzərəsinin yaranmasına imkan verir. Üstəlik, nəinki 1960-70-ci illər, həmçinin sovet epoxasının ondan əvvəlki bir neçə onillik dövrünün nəsr təsərrüfatı da tədqiqat predmetinə çevrilmiş olur. Həmçinin müəllif bu illərdə yazılmış, şərh edilmiş nəsr əsərləri ilə bağlı müstəqillik illərində davam tapmış polemikalara, tənqidi məqalələrə diqqət yönəltməklə mövzunun əhatə spektrini daha da böyütməyə, problem rakursunu geniş çevrələrə daşımağa çalışır. Bu isə, eyni zamanda “1990-cı ildən etibarən totalitar rejimin ideoloji “buxov”undan azad olan ədəbi-estetik fikrin bir vaxt yazılanlara yenidən qayıtmaq ehtiyacı ilə yanaşı, sonunadək deyə bilmədiyi fikirləri tamamlamaq zərurəti”nə də imkan yaradır ki, bu amil nəticədə müstəqillik illəri ədəbi tənqidinin özünün də obrazını əyaniləşdirməyə xidmət edir. Bunu kitabın önəmli məziyyəti kimi qeyd etməliyik. Əslində, mövzu 60-70 ci illər nəsrinin ədəbi tənqiddə elmi-nəzəri dərkidirsə, problem yalnız dövrün ədəbi tənqidini deyil, həmçinin çağımızın ədəbi tənqid nümunələrini də çevrələməlidir. Niyə? Bunu müəllif monoqrafiyada ətraflı izah edir: “Əslində tənqid nəsrin bədii təsvir və təhlil prinsiplərinin dəyişdiyinin, həyata, hadisələrə dərin analitik müdaxilə, ciddi və düşündürücü konflikt, önə çıxan insan amili, mənəvi-əxlaqi problemlər, bədii zaman eksperimentləri, forma axtarışları kimi səciyyəvi xüsusiyyətlərin onu keyfiyyətcə nə dərəcədə yenilədiyinin fərqində idi. Lakin bunu dərhal izhar etməkdə çətinlik çəkirdi. Çünki tənqid dəyişən nəsrə dəyişməyən metodla, sosrealizm elmi-nəzəri prinsipləri mövqeyindən qiymət verməyə çalışır, buna görə də yeni ədəbi mərhələnin başlandığını müşahidə edib təsdiqlədiyi halda, onun spesifikasını açmaq cəhdləri baş tutmurdu. Tənqiddə “isti başla” yazılan məqalələrin obyektiv qiymətini verməkdə çətinlik çəkdiyi bu yeniləşmənin, bütövlükdə bu ədəbi mərhələnin daha aydın elmi-nəzəri dərki əsrin sonrakı onilliklərində gerçəkləşir”.

Nəzərə alsaq ki, hətta 80-ci illərin ədəbi tənqidi belə tam estetik qütbün tənqidi deyil, o zaman problemin müstəqillik illərinə də şaxələnməsi zərurəti labüdləşir ki, Təranə Rəhimli də bu mühüm məqamı gözardı etmir. Tədqiqat işində hər bir təhlil edilən nəsr nümunəsinin çağdaş dövr tənqidində elmi-nəzəri şərhi analoji şəkildə meydana qoyulur. Bu binar yanaşma tənqidin keçdiyi inkişaf qanunauyğunluğunu görməyə imkan yaratmaqla bərabər, nəsrin özünün dərk olunması baxımından hansı təkamül mərhələlərindən keçdiyinə işıq salır.

1960-1970-ci illər nəsrinin tənqidçi qələmində əyaniləşən obrazı… Zamanın, dövrün, ədəbiyyatın və tənqidçi düşüncələrinin inkişaf trayektoriyası… Kitabda bu düzümlərin hər birinin yeri aydın və çalarlıdır. Çoxsəsli ədəbiyyat dumanının içindən hər kəs öz sözü ilə obyektivə fokuslanır. Qos-qocaman tənqidçi-ədəbiyyatşünas pleyadası – M.Arif, M.Cəfər, M.Hüseyn, K.Talıbzadə, M.Cəlal, A.Zamanov, B.Nəbiyev, Ə.Mirəhmədov, K.Məmmədov, Y.Qarayev, G.Əlibəyova, Y.Seyidov, P.Xəlilov, Ə.Hüseynov, Q.Xəlilov, X.Əlimirzəyev, A.Əfəndiyev, A.Hüseynov, A.Məmmədov, Elçin, K.Abdulla, N.Cabbarov, M.Əlioğlu, N.Babayev, R.Əliyev, K.V.Nərimanoğlu, V.Yusifli tənqidi, üstəlik nəsrin inkişaf xəttini daim nəzərdə saxlayan, onu elmi-nəzəri tədqiqatların predmetinə çevirən – T.Əlişanoğlu, Ş.Alışanlı, E.Akimova, T.Salamoğlu, H.Ənvəroğlu, İ.Musayeva tənqidi və s. Əlbəttə könül istərdi ki, bu sıraya kitabda adı çəkilən əsərlərlə bağlı müxtəlif vaxtlarda fikir səsləndirən C.Yusifli, M.Osmanoğlu, R.Kamal, Ə.Cahangir, B.Əlibəyli, S.Ağabalayevanın da imzası əlavə olunaydı. Bu, hər iki dövrün tənqidçi yanaşmasını, mətnə münasibətdə ideya-estetik istiqaməti daha aydın şəkildə meydana qoyar, dinamizmi möhkəmləndirərdi.

Müəllifin hər bir ədəbi mərhələ haqqında fikirləri bitkin xarakter daşıyır. Məsələn, əsas tədqiqat predmeti 60-70-ci illər nəsridirsə, bu gün bəlkə də artıq aktuallığını itirən çoxtəmayüllü “60-cılar” ədəbi nəslinin yenilikləri ilə bağlı əsərdə səsləndirilən qənaət dəqiqdir: “Yeni nəsrin yaranmasında əhəmiyyətli xidmətləri olan, “yeni dalğa” ədəbi istilahnı elmi leksikona daxil edən “altmışıncılar” milli bədii fikrə möhtəşəm yeniliklər gətirdilər. Lakin 1960-70-ci illərdə nəsrin yenilənməsi hadisəsini təkcə “altmışıncılar”ın nailiyyətləri ilə izah etmək daha təcrübəli ədəbi nəsillərin xidmətlərinə kölgə salmağa gətirib çıxarır. Bu baxımdan dövrün nəsrini, onun fövqəladə yeniliklərini bir ədəbi nəslin deyil, bütövlükdə çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda araşdırmaq ədəbi ədalətə riayət etməklə yanaşı, daha dəqiq nəticələrə gəlmək imkanı yaradır”.

Monoqrafiyada bu qənaət ona görə tutarlı ifadəsini tapır ki, Təranə xanım problemi “bütövlükdə çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda” araşdırır. Və bu zaman həmin nəslə münasibətdə dövrün ədəbi tənqidinin yanaşmasındakı ideoloji münasibətin bütün çalarları üzə çıxır. İ.Əfəndiyevin “Körpüsalanlar”, “Valehlə Sarıköynəyin nağılı”, Anarın “Ağ liman” kimi əsərlərə tənqidin münasibəti bunu bəlli edir. Bu yerdə tənqidçi T.Əlişanoğlunun aşağıdakı fikirlərinə istinad edən müəllif ziddiyyətin dəqiq qütblərini nişan verir: “Ədəbi tənqid başlıca tendensiyalarında “yeni nəsr”i məhz “keyfiyyət dəyişməsi” kimi qeydə alırsa da, həmişə bunun təsbitinə nail ola bilmir; həm obyektiv olaraq: – yeni nəsrin mahiyyətinə varmaq, istər-istəməz, onu sosializm realizmi ədəbiyyatının hüdudlarından kənara çıxarırdı, rəsmi sosializm ideolojisinin hakim olduğu, bütün “sovet məkanı”nda vahid metodlu ədəbiyyatın mövcudluğu aksiom kimi təlqin edildiyi şəraitdə bunu etmək həqiqətən də çətin idi. Həm də subyektiv olaraq: – yəni yeni nəsrdən fərqli olaraq, Azərbaycan ədəbi tənqidi əsasən sosrealizm məcrasında düşünməkdə davam edir, “keyfiyyət dəyişməsi”! faktını da bu mövqedən, sadəcə “mərhələ dəyişməsi”, “artım”, “inkişaf və s. kateqoriyalara müncər edirdi”.

“Azərbaycan nəsri və tənqid” kitabında hər zaman müqayisələrə yol açan tənqidin yanaşma aspektləri ətraflı elmi şərhini tapır. Harda nəsrin hadisələrindən, proseslərindən söhbət gedirsə, tənqidin də bu dəyişimə uyğun təzahürü var: güclü, yaxud zəif, zamana adekvat, yaxud ardınca gələn, estetik, yaxud ideoloji. Bu, dövrün ədəbi mənzərəsidir. Bu dəfə irəli getmək və tənqidi ardınca aparmaq yükü nəsrin üzərinə düşüb: “Nəsrin dəyişən problematikası, ideya və mövzuları, bədii obrazlar sistemi, eləcə də struktur yenilikləri tənqidin təkcə fəal təhlil predmetinə çevrilməklə qalmadı, tənqiddə yeni estetik meyarın yaranmasını şərtləndirdi. Beləliklə, yeni ədəbi nəsil yaratdıqları dəyərli nəsr nümunələrilə tənqidin ədəbi prosesə son dərəcə fəal müdaxiləsini təmin etməklə tənqidin özünün də inkişafını yeni məcraya saldı”.

Təranə Turan Rəhimli 60-cılar ədəbi nəsrinin yaranmasındakı zaman amilinə xüsusi toxunur, nəsrin keyfiyyət dəyişimi qarşılığındakı tənqidin susması, yaxud yeniliklərdən kənarda qalması, mətnləri avanqard estetik fikrin prinsipləri baxımından şərh etməyə yubanmasını geniş müstəvidə araşdırır. Bu zaman seçdiyi ədəbi priyom da maraqlıdır: tənqidin tənqidi elə tənqidçilərin özləri – M.A.Dadaşzadə, K.Talıbzadə, Elçin, T.Əlişanoğlu, V.Yusifli və b. tərəfindən edilir.

Yaxud digər məsələ. Danmaq olmaz ki, 60-cılara nisbətən 70-ci illər nəsrinin ədəbi mərhələ kimi keyfiyyət özəllikləri ayrıca tədqiqat predmetinə çevrilməyib. Hər halda geniş salınan nəzərin işığında nəsrin qüsurlarına, irəli-geridönüm arasında olan gedişlərinə baxış sərgiləmək daha asan olardı. 60-cıla yönələn marağın sayəsində digər mərhələlər daha çox “uzaq, yaşıl ada” qismində, 60-cıların kölgəsi olaraq təqdim olunmuşlar: “Əksər hallarda ədəbiyyatın iyirmi illik nailiyyətləri yalnız “altmışıncılar”ın adı ilə bağlanır, bununla da əvvəlki təcrübəli ədəbi nəslin 60-70-ci illərdə yazdıqlarına bir ədəbi laqeydlik nümayiş etdirilirdi. Digər tərəfdən, tənqid əsas diqqəti obrazların yeniliyinə, poetik zənginlik və orijinallığa yönəltməklə, nəsrin mövcud qüsurlarına münasibət bildirməkdən yayınır, onun 70-ci illərin sonuna doğru kütləvi hal alan neqativ obrazlarının stereotipləşdiyini, “60-cı illərin ştampı” adlanan təhlükəni görə bilmirdi”.

Tədqiqatçı bu baxımdan, müxtəlif ədəbi mərhələlər arasında medium rolu oynayır. Hər ədəbi mərhələ öz hüdudları, nəsr imkanları, qoyulan suallar və ona verilən cavabların müxtəlifliyi ilə dəyərləndirilir. Nəsrdə millilik və tarixilik amili, bu anlayışlara sövet dövrü ədəbi tənqidində yanlış münasibət məsələsini müəllif əsasən epik panoram təsvirlərinin əhatəliyi ilə seçilən bir neçə əsərin – İ.Şıxlının “Dəli Kür”, F.Kərimzadənin “Qarlı aşırım, İ.Hüseynovun “Məhşər”, M.İbrahimovun “Pərvanə” romanlarının üzərində dayanmaqla aydınlaşdırır. Müasir mövzulu nəsrdə isə müəllifin təhlilə çəkdiyi əsərlər daha çox onunla fərqlənir ki, Cahandar ağa, Kərbəlayı İsmayıl obrazı ətrafında olduğu kimi, Dədə Bəhmən, Qılınc Qurban, Səriyyə, Təhminə, Zəlimxan və başqa obrazlarla bağlı polemika yaradıb, diskusiyalara yol açıblar: İ.Əfəndiyevin “Körpüsalanlar”, Əfqanın “Gülyanaq” və “Katib” romanları, İ.Hüseynovun “Teleqram”, “Tütək səsi”, “Saz”, B.Bayramovun “Sərinlik”, Anarın “Ağ liman”, Elçinin “Bir görüşün tarixçəsi”, M.Süleymanlının “Dəyirman”, Ç.Hüseynovun “Mənim bacım”, İ.Məlikzadənin “Quyu”, “Evin kişisi”, S.Əhmədlinin “Yamacda nişanə”, “Qanköçürmə stansiyası” povestləri və s.

Bu əsərdə geniş işlənmək zərurəti doğuran bir mövzu var: həmin illərin hekayə janrı. Çünki 1960-1970-ci illərdə yazılan o qədər maraqlı hekayələr var ki, onlar haqqında ayrıca və geniş tədqiqat oxumaq istəyi yaranır. Təranə Turan onların əksəriyyəti üzərində dayansa da, təəssüf ki, geniş təhlillərə varmır, bu mövzu ağırlıq mərkəzinə gətirilmir. Buna onun roman və povest janrında müraciət etdiyi əsərlərin kifayət qədər çəkili olması və özü ilə bağlı geniş polemik rakurs yaratma səbəbi mane olur. Dövr çətin və mürəkkəbdir, yazılan əsərlər də yenilik ruhu ilə aşılanıb. Üstəgəl məsələyə bir də ədəbi tənqidin münasibəti prizmasından baxmaq, ədəbi-estetik düşüncədə həlli məsələsinin dərkini vermək lazımdır. Düzdür, müəllif 70-ci illər nəsrindəki “hekayə axını” məsələsini qaldırır və bu zəmində Elçin, X.Əlimirzəyev, B.Nəbiyevin problemlə bağlı fikirlərinə münasibət bildirir, polemikalara gedir, Anar, Elçin, İ.Məlikzadə, S.Əhmədli hekayələrinin sənətkarlıq xüsusiyyətləri üzərində geniş dayanır. Amma ümumilikdə, tədqiqatçı roman və povest janrının nəzəri təhlili üzərinə daha çox fokuslanır ki, bu da qeyd etdiyim kimi, həcm, tutum amilinə və əsərlərlə bağlı mübahisə-müzakirə mətnlərinin genişliyinə bağlı məsələdir.

“Azərbaycan nəsri və tənqid” monoqrafiyası əhatəliyi və faktoloji tutumu ilə qənaətbəxş təsir bağışlayır. Müəllif bədii təcrübə baxımından milli və xarici ədəbiyyatşünaslığın tanınmış imzalarına, onların nəsrlə bağlı səsləndirdikləri fikirlərə istinad edir. Bununla bərabər, kitabda diqqətimi cəlb edən iki məsələ ilə bağlı iradımı bildirmək istərdim:

1. Tədqiqat işində dövrün demək olar bütün dəyərli nəsr nümunələrinin təhlili, onların ədəbi tənqiddə nəzəri şərhi üzərində geniş dayanan müəllifin bu gün adı az çəkilən, hətta heç xatırlanmayan bir çox yazıçıların da layiqli, zamanında nəsr faktı kimi qəbul olunan əsərlərinə müraciəti razılıq doğurur. Məsələn, yazıçı Əfqanın “Güləndam”, Bayram Bayramovun “Sərinlik” əsəri bu qəbildəndir. Amma ədəbi tənqidə münasibətdə belə bir dərin həssaslığa şahid olmuruq. Nəyə görəsə, 60-70-ci illər nəsrinin əksər nümunələri haqqında silsilə məqalələr yazan İmamverdi Əbilovun yazılarına istinad olunmur. Heç bir yerdə tənqidçi kimi adı çəkilmir. Halbuki kitabda əsərləri geniş təhlil edilən Sabir Əhmədlinin hekayələri haqqında ilk yazını yazan elə İmamverdi Əbilov olmuşdur (bax: İmamverdi Əbilov. Beş hekayə haqqında. “Ədəbiyyat və incəsənət” qəzeti, 1962, 12 may). Yaxud İmamverdi Əbilovun həyat və yaradıcılıq yolunun əyaniləşdiyi, ön sözünün müəllifi və elmi redaktoru olduğum “Elmin və ömrün romantikası” kitabına əsasən əminliklə deyə bilərəm ki, yuxarıda adını çəkdiyim yazıçı Əfqanın əsərləri haqqında dövrün “Ədəbiyyat və incəsənət” qəzetində ən azı üç məqaləni elə İ.Əbilov yazıb (bax: Mənəvi gözəllik müqəddəsdir. Əfqanın “Dünya gözəlliyindir” əsəri barədə. “Ədəbiyyat və incəsənət qəzeti”, 1969, 2 may; Əfsanəvi həqiqətlər. Əfqanın “Qartal əfsanəsi” haqqında. “Ədəbiyyat və incəsənət qəzeti”, 1970, 21 mart; Müasir kəndimiz haqqında roman. Əfqan Əsgərovun “Gülyanaq” romanı barədə. “Ədəbiyyat və incəsənət qəzeti”, 1970, 19 dekabr;).

2. Təranə Turan Rəhimli Sabir Əhmədlinin əsərlərini təhlil edərkən nədənsə belə bir mülahizə səsləndirir: “Sabir Əhmədli yaradıclığı hələ də sistemli şəkildə, bütün parametrləri, yaradıcılıq problemləri ilə birlikdə araşdırılmamış, bu qiymətli bədii irsin mahiyyəti yetərincə üzə çıxarılmamışdır. Görkəmli nəsr ustası ümummilli proseslərin fəal təbliğatçısı, ədəbiyyatımızın önəmli bir inkişaf mərhələsinin aparıcı simalarından biri olmasına baxmayaraq, müasir dövrdə onun haqqında yazılanlar yazıçının yaradıcılığının “haqqını verə bilmir”. Sabir Əhmədli irsinin ədəbi tənqiddəki obrazı çox sönük görünür”.

Bu fikirlə razılaşmaq çətindir. Ona görə ki, yazıçının əsərləri müstəqillik illərində heç də nəzərdən kənarda qalmamış, bir çox tənqidi məqalə və esselərdə layiqli qiymətini almışdır. Hər halda, müəllifin kitabda istinad etdiyi bəzi imzalara mən diqqətdən kənardan qalmış bu adları da əlavə edib “diqqətsizlik” hökmünü bir qədər tənqidin xeyrinə dəyişərdim: Südabə Ağabalayeva “Bu ömür deyilən bir kiçik möhnət” (1999), Tehran Əlişanoğlu “Sabir Əhmədlinin Qarabağ trilogiyası” (2008), Əsəd Cahangir “Kitabi – Dədə Sabir” (2010), Azad Qaradərəli “Qürub dövrünün cəngavər ədibi” (2019), Ramilə Qurbanlı “Sovet İttifaqı Qəhrəmanının qardaşı… Qarabağ şəhidinin atası… Xalq yazıçısı…” (2018), Ruhiyyə Nağıyeva “Müasir Azərbaycan nəsrində qəhrəman və mühit problemi (Sabir Əhmədovun yaradıcılığı əsasında)” (2014), Elnarə Akimova “Ağrılarına sığınıb yaşayan yazıçı” (2020) və s.

Əlbəttə, adını çəkdiyim bu məqalələrlə yazıçının yaradıcılığının “haqqının verildiyini” iddia etmirəm. Amma “tənqiddəki obrazı çox sönük görünür” fikrinə qarşı ədalətli mövqe sərgiləməyi özümə borc hesab edirəm. 

***

Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyasını ədəbi tənqid tariximizlə bağlı meydanda olan bir qism kitablarla eyni sırada almaq olar. Azərbaycan ədəbi tənqid tarixinin, eləcə də nəsrin keçdiyi yolun sistemli şəkildə öyrənilməsi bu cür əsərlərdəki elmi-nəzəri yanaşmanın və elmi-filoloji bazanın təməli üzərində mümkündür.

Mənbə: https://edebiyyatqazeti.az/