Payız: gözəlliyin təntənəsi
Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb tədricən rəngini dəyişən rəngbərəng yarpaqlardan, çisələyən yağmurdan zövq almasından gözəl nə ola bilər ki? Gözəlliyi görmək, ondan zövq almaq gərəkdir.
Böyük Hüseyn Cavid “Mənim Tanrım” şeirində deyirdi:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir cəllad olsa da,
Sevgi xoşdur sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Gözəllik bir insan zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hankı bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Cəfər Cabbarlının da eyniadlı şeiri gözəllik anlayışının nə demək olduğunu göstərir:
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir Tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazi sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni Tanrım, sevindir!..
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!
Ürəkləri fəth edən gözəl – Afrodita
Göz qamaşdıran gözəlliyə sahib olan Afrodita gözəllik ilahəsidir. Əfsanəyə görə, Afrodita dalğaların köpüyündən yaranıb. Bir bahar sabahı, Kipr adası sahillərində sakit dalğalanan dəniz birdən-birə ağ köpüklü dalğa ilə hərəkətə gəlir, bu dalğa ilə birlikdə bir sədəf qabığı sahilə çırpılır. Sədəfin qapağı açıldığı zaman içindən gözəllər gözəli Afrodita çıxır. Onun yanında eşq Tanrısı olan oğlu Eros da vardı. Afrodita qumsalda yeridikcə ayaqlarının dəydiyi yerlərdə al-əlvan, gözəl qoxulu çiçəklər açırdı…
Zaman tanrıları olan heralar onları qarşıladılar və əvvəl Afroditanı yaxşıca yuyub vücudundakı duzlu dəniz suyunu təmizlədilər. Uzun saçlarını hörüb başını qızıl bir tacla bəzədilər, əyninə tüldən bəzəkli paltarlar geyindirib, boynuna göz qamaşdıran boyunbağı taxdılar. Daha sonra onu və oğlunu götürüb Olimp dağına qaldırdılar. Olimp dağındakı tanrılar bu gözəli görüncə heyranlıqlarını gizlədə bilmədilər.
O gündən sonra Afrodita gözəllik və eşq ilahəsi olaraq Olimpdə digər tanrılarla birlikdə yaşamağa başladı.
Afrodita gözəlliyi ilə sadəcə tanrıların deyil, insanların da ürəyini fəth etmişdi. İnsanların qəlbinə sevgi və eşq toxumları səpir, onlara nəşə və sevinc bəxş edirdi. Digər tərəfdən, çox vaxt bu nəşə və sevinc eşq acısına da dönə bilirdi. Gözəllik ilahəsi gücünü sadəcə insanlar və tanrılar üzərində göstərməzdi. Onun sözü bütün təbiətə keçirdi. Bir baxışıyla quduz dalğaları sakitləşdirir, nəfəsi ilə dəli kimi əsən küləkləri susdururdu. O, yer üzündə hər şeyi dirildir, ona həyat verirdi. Qurumuş çiçəkləri təkrar canlandırır, dünyanı bəzəyir, gözəlləşdirirdi.
Dünya estetiklərinin əksəriyyəti deyir ki, gözəllik estetikanın ən ümumi və universal kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, insanın həyatında əvəzsiz rol oynayır, təbiət və cəmiyyət hadisələrini, incəsənət, əmək, ictimai münasibətlər və digər sahələri əhatə edir. O, insanlara müsbət enerji, pozitivlik, sevinc bəxş edir, fərəh gətirir, həzz, yaşamaq üçün stimul verir, onlarda həyat eşqi yaradır. Elə bu səbəbdən bütün dövrlərin dahiləri heç vaxt gözəlliyə biganə qalmayıb. Gözəllikdən ilham alan dahi şəxsiyyətlər onu təbliğ edib və onun şərəfinə təriflər söyləyiblər. Ümumiyyətlə, şair və yazıçılar həmişə gözəlliyi yaradıcılıqları üçün prioritet mövzu hesab ediblər və etməkdədirlər. Gözəlliyi sabit, metafizik bir ideya kimi qiymətləndirən Yunanıstanın idealist filosofu Platonun sözlərinə qüvvət üçün deyək ki, dünya var olandan yüksək qiymətləndirilən gözəllik bundan sonra da – əbədi olaraq göz oxşayacaq… Platon gözəlliyin mənbəyini fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görürdü. O, hesab edirdi ki, gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə, görünə bilməz.
Gözəlliyi görmək
Yazıçı Ejen İonesko müsahibələrinin birində gözəlliyi görməkdən danışır: “Pessimist bir dostum bizə qonaq gəlmişdi. O vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım. Ondan bir az əvvəl qızım dünyaya gəlmişdi. Evimiz darısqal idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Dostum gəldi və həyatın dəhşətlərindən, dünyanın rəzillik və miskinliklə, bitib-tükənməyən qəmlə, kədərlə dolu olmasından, evimizin darıxdırıcılığından və narahatlığından danışdı. Ona dedim: “Məncə, bura çox gözəldir, otağın ortasından asılmış əskilər belə göz oxşayır.” Dostum təəccüb və nifrətlə üzümə baxdı. Mənsə sözümə davam etdim: “Bəli, gözəldir. Baxmağı bacarsan görərsən ki, dünya başdan-başa möcüzədir, ilahi bir təntənədir.” O an doğrudan da mənə elə gəlirdi ki, zivədən asılmış paltarlar işıq saçır. Sanki dünyaya rəssam gözüylə baxmış və ən dəyərsiz əşyanın belə işıq saçdığını görmüşdüm. “Məsələn, üzbəüz binadakı üçkünc pərdəli, yöndəmsiz evi götürək. O evə məhəbbətlə və ya neqativ fikirləri beynindən çıxararaq baxsan, görərsən ki, necə şəfəq saçır. “Hər kəsin həyatında belə anlar olur. Məişət – əsl həyatın əsrarəngiz gözəlliyini öz arxasında gizlədən bomboz örtüyə bənzəyir. Gündəlik qayğı və vərdişlərin üzündən insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrətlənmək hissi yoxa çıxıb, yaddaşı korşalıb.”
Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi ki, hər şeydə bir gözəllik var. Lakin bunu hamı görmür. Dostoyevski gözəlliyin insanlıq üçün nə qədər önəmli olduğunu, vacib rol oynadığını göstərirdi: “Bilirsinizmi , siz bilirsinizmi ki, bəşəriyyət ingilissiz də yaşaya bilər, almansız da yaşaya bilər, russuz lap yaxşı yaşayar, elmsiz, çörəksiz yaşayar. Yalnız gözəlliksiz yaşaya bilməz, çünki onda həyatda heç nə etməyə lüzum qalmaz! Bütün sirr bundadır!”
İtin dişləri
Azərbaycanın böyük şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə İsa peyğəmbərlə bağlı hekayədə müdrik bir insan surəti yaradır. Bazarın başında bir dəstə adam bir it cəmdəyini qarğa-quzğun kimi dövrəyə alıb onun üfunətindən, xəstəlik mənbəyi olmasından danışır, üzlərini turşudur, ağızlarını büzürlər. Növbə İsa peyğəmbərə çatanda o söyləyir ki, heç inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər cəmdəyin başına yığışan hər kəsi heyran edir, onlar pərt halda başlarını aşağı salıb gedir, düşündüklərinə, danışdıqlarına görə xəcalət çəkirlər.
“Dünyanı gözəllik xilas edəcək”
Böyük rus yazıçısı Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” sözlərini bilməyən yoxdur. Müasir dövrün yeniliklərindən olan estetik müdaxilə gözəllik naminə atılmış uğurlu addım olsa da, bunu qəbul etməyənlər də var. Həkim qarşısına keçən, əməliyyat masasına əyləşən insan bunun nə qədər ağrılı, çətin olmasını bilsə də, gözəllik naminə bu əzaba qatlaşır. Sublimasiya baş verir və insan arzusuna çatır. Əvvəlki dövrlərdən fərqli olaraq müasir insan qocalmaqdan, yaşa dolmaqdan qorxmur. Bilir ki, bunun çarəsi var. Əlbəttə, bütün bunlar gözəllik, göz oxşamaq üçündür.
Özünü sevən entuziastlar eyni zamanda ətrafdakılar üçün də müsbət enerji mənbəyi olur. Gözlər gözəllik görür, həmin gözəlliyə heyranlıqla baxır. Daxili gözəlliyə önəm verənlərin yalnız çirkinlər olduğunu düşünənlər də var. Əsla belə deyil. İslam dünyasında peripatetik fəlsəfənin inkişafında böyük xidmətlər göstərmiş filosof Əbu Turxan deyirdi: “Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur”.
İncəsənət üçün dərin və mistik mövzuların qaynağı olan payız fəslidir. “Son bahar – təbiətin kədərli, hüznlü ayı” deyib keçməyək. Bu gözəllikləri doyunca seyr edək. Hərçənd doymayacağıq, amma yenə də gözəllikdən zövq almağa çalışaq.
Mənbə: https://edebiyyatqazeti.az/