Yazıçı Ədəbiyyat Portalı Coşqun Xəliloğlunun qısa təmsillərini təqdim edir.

İXTİSAR

Sintezator çıxandan

Düşdü tar ixtisara,

Kamança çalınmadı,

Qaval qaldı avara.

GİTARA YAZISI

Gitara çap etdirdi,

Qəzetdə belə yazı:

-Qocalıb, əldən düşüb,

Çalmaq günahdı, Sazı.

MİKRAFON

Natiqi danışdıran,

-Mikrafon dedi, – mənəm.

O, ağzın açır-yumur,

Yorulur mənim çənəm.

BƏXTSİZ QOZ

Müğənni söz açırdı,

Tərifindən badamın.

Qoz dedi: – Xoş taleyi,

Bəxti ola adamın.

ŞAMAMA ƏRİZƏSİ

Şamama ərizə yazdı: 

-Yaman şişibdir Qovun,

Xahişimiz budur ki,

Onu bostandan qovun.

LƏKDƏN ÇIXAN ÇİYƏLƏK 

Tərəvəzlər birləşib

Yazdılar Çiyələkdən:

-Artıq bizi bəyənmir,

Çalışır çıxsın ləkdən.

SARMAŞIQ

Sarılıb gül-çiçəyə,

Keflə yaşar Sarmaşıq.

Amma döşünə döyər:

-Mənəm bağa yaraşıq.

SOVKAQURDU GİLEYİ

-Pambıq yaman azalıb,

Çətindir eyləmək tab,

Bəs bizdən niyə yazmır,

Görən “Qırmızı kitab”.

HAQSIZLIQ

Yarpız dedi: – Haqsızlıq

Öldürəcəkdir məni.

İnsanlar niyə məndən

Çox sevirlər nanəni.

HÖRÜMÇƏK İRADI

-Bilin, Baramaqurdu

Toxuya bilmir ipək,

Bu işin içrasını

Özüm aparım gərək.

MİLÇƏK XƏBƏRDAĞRLIĞI

Kürsüdən çıxış edib 

Belə söylədi, Milçək:

İnsanlar, ayıq olun,

Ziyankardı hörümçək.

SOĞANIN İRADI

Soğan: – İylidir,

Öddür, sarımsaq.

Niyə yaşayır,

Görən bu sarsaq.

BİRİNCİ ÇÖRƏK

Kartof dedi, “Gəliblər

İnsanlar mənə kələk,

Buğda məndən sonradır,

Mənəm “Birinci çörək”

BOZBAŞ TƏNQİDİ

Bozbaş tənqid edirdi

Yığıncaqda Salatı:

-Süfrəmizə yaraşmır,

Şübhəlidir həyatı.

1996- 2000-ci il

Mənbə: https://yazici.az/