Arzu HÜSEYN.Seçmə şeirlər (II hissə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

* * *

Yoxdur daha baxışında doğmalıq,
Xəyanətlər sildi səndə izimi.
Adam kimi sevgili də olmadıq,
Adam kimi nə olduq ki, düzdümü?

Unutdunmu qoxladığın telləri ?
Darıxdımı gözlərində uzaqlar?
Gəlirsənsə, yarı yoldan dön geri,
Qollarımda bir gecəlik qonaq var.

Boğazıma dirəndikcə yalanlar,
Qabığımdan soyuluram, çıxıram.
Yastığımda uyuyurlar ilanlar,
Yastığıma baş qoymağa qorxuram.

Nə qalıbdı dünənindən əlində?
Xatirələr qan gölüdür, uzaq dur!
Bilirəm ki, bilirəm ki, sənin də
Yatağında elə həmin sazaqdır.

Mən vüsalı gətirmirəm dilə də,
Demirəm ki, qaranlıqda çıraq var.
Qarşılaşsaq ürəyimdə hələ də,
Üşüməyə ikimizə otaq var…

Barmaqlarım saçlarımda azıbdır,
Əllərini saçlarınla ovutma.
Yox, unutma, yaşananlar yazıqdır.
Sevməsəndə, sevməsəndə unutma!

* * *

Qorxma, daha bir kimsəni sevmirəm,
İsidən yox fəsillərin qışında.
Qorxma, daha gücüm də yox gəzdirəm,
Başqasını ürəyimin başında.

Qorxma, daha telefonum hey sussur,
Gizlətmirəm zəngərimi birindən.
Qorxma qəlbim həsrətinə uduzur,
Bağlanmıram adamlara dərindən.

Qorxma, indi soluxubdur bənizim,
Kim tanıyar məni belə görəndə?
Qorxma gülüm, gecə kimi səssizəm,
Gülüşümü itirmişəm dünəndə.

Qorxma, hələ bəriyədir yollarım,
Səfərimi uzaqlara salmıram.
Qorxma, hələ sağalmayıb qollarım,
Özgəsini ağuşuma almıram.

Qorxma, gözüm açılmır ki gün görəm,
Göz yaşımı şeirlərə sıxıram.
Bax beləcə hər gün biraz ölürəm,
Hər gün biraz həyatından çıxıram…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir