Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Ürəyə sevgi düşəndə bülbül kimi ötmək olar” (Qəzəl)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas

Ürəyə sevgi düşəndə bülbül kimi ötmək olar,
Səni sevənin yanından heç biganə ötmək olar?

Bir ay üzlünü görəndə nur saçsa sevgi günəşi,
İllərin həsrət qarını əridib sel etmək olar…

Sevgi kədəri əridir, sevgi insanı ucaldır,
İstək olsa, qarışqanı böyüdüb fil etmək olar.

Gülün tikanından qorxan ilahi qoxu duyarmı?
Qayğı ilə, nəvazişlə tikanı gül etmək olar.

Böyük qapılar açılır bir xırdaca açar ilə,
Bir balaca çınqı ilə meşəni kül etmək olar.

Qəlbə sevgi odu düşsə, onu çətin gizləyəsən,
Kür-küləşlə, şax-şəvəllə heç alovu örtmək olar?

Çağırsa da yollar səni, çox tələsmə, Yusifoğlu,
Bu qədər gözəl dünyanı qoyub hara getmək olar?

17.05.2025


Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir