
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
Bayırda əsən küləyin ürəkdə əsən küləyə uzun-uzadı ismarıcları olur. Biri evi, digəri çölü arzulayır; birinə isti olur, birinə soyuq. Biri sahibindən şikayətçidir, digəri onu yaradandan… Əslində dağların, dərələrin, dənizin və şəhərin üstündən əsən külək hardan bilsin ki, ürəyin də bəzən bir varlığa sığmamaq kimi arzuları olur? O da sahibinin yersiz danlaqlarından yorulur, o da sahibinin xoş olmayan dəvətlərini qəbul etmək istəmir, qonaqlarından bezir.
Bu mübahisəni kənardan izləyən mən, Albert Kamyunun “absurd” anlayışını yadıma salıram, ümumiyyətlə nə vaxt kədərlənsəm, Kamyu yadıma düşür, ilk olaraq ağlıma o gəlir. Dünyanın insana yadlığı və insanın öz daxili dünyası ilə tənhalığı son illər varlığımı tez-tez zəbt edir. Bəlkə bayırda gecənin bu vədəsində əsən, hamının azad hesab etdiyi külək daha çox tənhadır? Ürəkdəki küləyin yeri dar olsa da tənha deyil, dar ayaqda sahibinə sığına bilmək fikri onun tənha olmamağına əsas səbəbdir?
Külək az qala pəncərəmi sındırdığı vaxtda, Marsel Prustun “İtrilmiş zamanın izində” kitabı ilə ürəyimin dərinliklərinə enirəm, duyğularımı incəliklə təsvir edirəm və xatirələrimi, arzularımı “külək” vasitəsilə canlandırıram. Tez-tez duyğusuzlaşma yaşadığımı hiss edirəm və görürəm. Hadisələrə daha soyuqqanlı baxa bilməyimdən hürkürəm, bilmirəm ki, bunun adı böyüməkdir və ya qocalmaqdır?
Sırada isə Emil Cioran var, kitab rəfindən mənə boylanır. Görəsən, o da bu gecə külək olmaq istəmir?
Yadıma salıram ki, Kamyu absurdun içində yaşamağın yolunu göstərirsə, Cioran mövcudluğun özünün bir yük, bir “səhv” olduğunu düşünür. Cioranın o ironik, kədərli və hər şeyi kökündən inkar edən üslubu gecənin bu vədəsində həm bayırdakı narazı küləyi, həm ürəyimdəki dilxor və axtarışda olan küləyi sakitləşdirir, sakitləşdirir…
Hər gecənin bir yazısı olur və onu hər dəfə adam yaza bilmir. Heç məhşur yazıçılar da hər düşündüklərini yaza bilməyiblər. Amma qarşına hədəf qoymaq istəsən, özünü “Minbir gecə nağılları” nı danışan Şəhrizada oxşatmaq istəsən, min gecə yaza bilərsən…