“Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə” – misraları Fərid Hüseynin “Təkrarın tənhalığı” kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi “…həyata bəhanəymiş elə-belə” sətirləri sadəcə gözdən pərdə asmaq üçünmüş. Qısacası, bənzətmə çox müdrikcəsinə seçilib. Fərid Hüseyn ömrü Füzuli qəzəlləri kimi bütün ölçü-biçimləri yerində olan ömürdür… ƏtraflıAd – 00:37
Bu ömrün müəyyən epizodlarına da şeirlərində yer ayrılıb. “Anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür”, “mən “rəhmətliyin oğlu” və “bacım “rəhmətliyin qızı”dı” – sətirlərində ata adı çəkilmir, lakin ilk baxışdan ana, qardaş, bacı üçbucağı təsiri bağışlayan bu cümlənin məntiqi vurğusu ata sözünün üzərinə düşür. Və müxtəlif misralarda müxtəlif üsullarla özünütəqdimin cizgilərini görürük: “İnsanı öz taleyi qədər heç nə təəccübləndirmir, bu xəbərsizlikdən doğur min dona girmiş arzular”, “yaşadıqca insan ömür sarvanından günah karvanının dəvəsinə çevrilir”, “Özümdən böyük qablarla su daşıyıram, bədənimin bütün xəritəsindən tər axır”, “Sən paklığına qovuşacağını düşünürsən, ancaq insanlar inanmır sənin dəyişəcəyinə”.
“Ürəyim yaralar muzeyidi”, “ayaqlarım gəzdiyimiz yerlərdən izlərini gəmirir” – Ürək Azərbaycan dilində sinonimi olan bədən üzvüdür. Ayaq isə əllə əl-ələ verib mürəkkəb söz yaradır, ancaq ona yaraşan antonim başdır. Doğrudan da, bəzi sözlərin gizli sövdələşməsi çox başayaq olur. Fərid isə ürək və ayaq sözlərindən həm təzad, həm də doğmalıq yaradıb. Öncə yaralar muzeyi olan ürək, sonralar “qəfəsə bülbülün xatirəsini danışır ürəyim” – misraları ilə başqa bir görəvdə xidmətini davam etdirir. Ürək işləri sevgisiz alınmır.
Fəridin sevgili misraları da bənzərsizdir. “Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı, sağ ol, sən də məni sevdin” – unutmaq olmaz ki, bu eşqin qəhrəmanı da sən özünsən. Lirik qəhrəman həm də öz sevdiyinin qəhrəmanlığını vəsf edir. Başqa seçimi yox, “gözümün görməyə alışmadığı qədər gözəlsən” – etirafında gözlər gözəllik görməyə alışdırılır. “Mən səni ərəb çöllərində təs quruyanacan sevdim, ancaq dəniz buxarlananacan unuda bilmərəm” – misraları isə zaman məhfumuna münasibətdə ədalətli olmağa çalışır, sevməyin zaman kəsiyi ilə unutmağın zaman kəsiyi arasındakı təzad mübarizə aparır. Unutmaq feili öz hərəkətlərinə belə haqq qazandırır: “Onlu günlərin təqvimini düzəldəndən sonra bilir illərdə nə az gün varmış”. Yəni hər yaşadım dediyimiz gün ömürdən sayılmaz. Günlərimizi ömrümüzə hesablayanı isə qiymətləndirməyi bacarmalıyıq:
Sənsiz sevinclərim də
ələmimdir, yasımdır.
Tapdım sevgi yolumu –
Gözlərin kompasımdır.
– bəndi sevdiyini heca vəznində də mükəmməl etiraf etməyin sübutudur. Bu sevginin bəhrəsi olaraq “Səniz qaldı məndən sonra səni bütün sevənlər”. Sonra qoşması cümləyə bir neçə məna verə bilər; Səni məndən sonra sevənləri sənsiz qoydum və ya mən bütün sevənlərindən qabağa düşdüm.
Sevməyin gözəl tərəfləri kimi gözəlliyə qənim tərəfləri də var: “İlahi, çox ağırdı, bir ayrı cür zülmdü sevdiyin insanları günahından tanımaq”. Zülmün qələbəsinin bu cür ifadəsi ağlasığmazdır. “Tribuna kimi bezmisən məndən, həqiqəti içinə qısıb, səsini yayıram” sətirləri isə lirika ilə ictimai problemlərin sintezini görüntüləyir. Oxşar ictimai mahiyyətli nümunələrə yetərincə rast gəlmək olur: “gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib, istəmir əcəl ayağında ondan ötəri kimsə səhərin qapısına minnətçi düşsün”, “qəbirqazanın rəhimsiz təpiyindən içi çevrilən torpaq kimiyəm – bir üzümdə həyata, bir üzümdə ölümə yer verirəm”, “doğru sözləri höccələmə, səni rahat başa düşürlər – axı əzəldən yalan dilində danışırsan”.
Fəridin şeirlərində tarixlə çağımız arasındakı bağlantıları da müşahidə edirik. “İndi qızıllarla bəzədilmiş saraylarda, ötən əsrlərin laylasının şirinliyindən yeni əsrin vicdanı məst olur” və ya “Üzüm gəlmədi, Topqapıda qılınclardan qanları soruşum, İstanbul” sətirləri ədəbiyyatda məskunlaşmış mövzulardandır. Fikrin ifadə tərzini isə özünüz görürsünüz. Həm də ötənlərə ötkəm qiymət: “Görünür, keçmişin vəzifəsi həm də olanları gözümüzdə kiçiltməkdi…” Keçmiş hər zaman qalib gələ bilmir. Bəzən elə fəlakətlər olur ki, günü-gündən yenilənir. Onu keçmiş insanlar icad etsə də, keçmişə gömmək olmur. Tarix tarixliyində qalmır, bu günümüzə pərçimlənir. Olanlar gözümüzdə kiçilməsin deyə onu özümüzlə bərabər müasirləşdiririk. Bəs söhbət nədən gedir?! “Müharibədir: Əsgər ağzında evlərindəki çörəyin xəyalını çeynəyir” – bəli, müharibənin bu daşlaşmış qanunu eradan əvvəlki kimi günümüzə də keçərlidir. “Ayağını itirmiş əlillərin addım səsləri duyulurdu dünən – o səslərdən bildim ki, sevgi itmir” – tarixin sıradan çıxara bilmədiyi, heç müharibənin də yenə bilmədiyi sevgi. Qədim yunan əsatirlərində çox zaman müharibələrin sevgi üstündə başladığını da oxumuşuq. Buna baxmayaraq hələ də, sevginin müharibəyə qalib gələcəyi günə pənah gətiririk. Əslində tarixə gömülməli olan və insan adına ləkə gətirən şey müharibədir. “İnsanları gerçəklər yox, xəyallar yaşadır, odur ki, ilk insan qatilini ustufca unutmuşuq” və günümüzün muzdlu qatilləri də vaxt gələcək heç nə olmamış (əslində heç nə etməmiş) kimi unudulacaq. Çünki “İndi yaşadığım anlar səbəblərə gözünün ucuyla da baxmır…” İndi indidir. Onun mühakimə obyektləri özünəgörədir. Səbəb nəticənin keçmişidir: “Bülbül kababı yeyənə gül alıram, mənə bu da azdır hələ”.
Mənbə: https://525.az/