Dodağımda daş əriyir,
Nəfəsimdən…
Hər gün bir az daşlaşıram.
Közərirəm, alışıram,
Ah səsindən.
Mən özümə yadlaşıram.
Quruyuram saman kimi,
Yapışıram ətəyimdən.
Bağlanıram günahlara,
Biləyimdən.
Günahlarım dolan kimi…
Gözlərimə, sözlərimə,
Üz dərimə.
Alır məni mənliyimdən.
Dilimə söz dolaşır.
Keçmir dilin, ilgəyindən.
Ətə gəlir, cana gəlir,
Günahlarım…
Düşmür yerə,
Əl götürmür,
Sallanıbdır ətəyimdən.
Daşa dönür yuxularım.
Gecələri ovuduram.
Çəkib başdan lap yuxarı,
Dağıdıram.
Gözlərimdə yaş quruyur,
Gilə- gilə.
Canım boğazıma gəlib,
Əməlimdən.
Gecə-gündüz yıxır məni,
Çəkir özünə tərəf.
Bərk-bərk tutub, əllərimdən.