Həzin bir yalvarış kimi,
Qəfil yağan yağış kimi,
Bəxtə düşən naxış kimi,
Sevgi dolu baxış kimi,
Hisslərimi duyarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..
Susuz quraqlıqdan sonra,
Leysan yağışlardan sonra,
Uzun ayrılıqdan sonra,
Tellərimi tumarlayıb,
Gözlərimi yumarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..
Söz də çəkilər vaxtına,
Kimlər oturdu taxtına?
Yəqin yazılıb baxtına,
Şehli söyüdlər altında,
Busəmə bal qatarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..
Xəyal dəryasında gəmim,
Bir gün itər dərdi-qəmim,
Yenə gələr sevgi dəmim!!
Bu dünyadan qopub gülüm,
Qollarımda uyarmısan?
Məni məndən alarmısan?!.
Ürəyimdə qalarmısan?……