sefa1-450x300

Yenə avtobusa çatmadı… Dayanıb nəfəsini dərdi. İş yerindən buracan qaçmışdı… Əllərini dizinə dayayıb tənginəfəsliyini yatırmaq istədi. Alnındakı tər damlalarına elə bil havadan toz bulaşmışdı. Hər axşam hamama keçməmiş yemək masasına belə otura bilmirdi. Titrəyən dizlərindən əllərini götürüb yavaş-yavaş dayanacağa tərəf getdi… Az qala addımlarını sürüdü. Daha tələsməyin mənası yox idi. Ən tezi yarım saatdan sonra növbəti avtobus gələcəkdi. Bir andaca isti bir külək vurdu, gözlərinə elə bil qum doldu. Bütün hirsini ancaq küləyə ünvanlaya bildi:
-Elə bil Bakıdı eee… Səni andıra qal… Bozanaq-tozanaq vaxtıdı elə, başın üçün…
Sonra da gülümsədi. Gəncəni Bakıya bənzətmənin təkcə külək olmadığını düşündü. Elə yarım saata gələn şəhərarası avtobus da Bakıyla eyni deyildimi? Dayanacağa çatıb şüşəyə söykəndi. Üzünü isti şüşəyə yapışdırıb ayağının ucuyla təzə döşənmiş daşların üstündə adını yazırdı: “Turan”…
Növbəti avtobusun dayanmasını dayanacaqdakı adamların canlanmasından başa düşdü. Başını qaldırıb baxdı, “4” nömrəli avtobus idi…
-Eh… – sol əlini də şüşəyə söykəyib “26” nömrəli avtobusun həsrətini çəkdiyini düşündü indi də…
Gözlərini yumdu. Yaddaşının hansısa səhifəsindən xoş bir hekayə axtarmağa başladı. Amma, tapammadı. Fikrini cəmləyib qarışıq səsləri ayırd eləməyə cəhd etdi.
-Bizimki də… Neçənci dəfədi ee…
Bunu deyən güllü-güllü don geymiş ortayaşlı, arıq bir qadın idi. Sonrasını yanında dayanmış ağ ətəkli, qara koftalı qadının qulağına pıçıldayırdı…
-Bu, mənim üçün ölümə bərabər olardı…
Səsin sahibini axtardı. Sağ tərəfində duran uzun oğlan idi. Özündən boyda xeyli kiçik qızın qarşısında durmuşdu. Danışırdı.
-Ölərəm, Dilarə… Ölərəm, inan!
Dilarə… Öz-özünə düşündü ki, bir zamanlar onun da Sevdası vardı… Saf, təmiz, mələk kimi… Və bircə dəfə onu öpməklə mələkliyini, saflığını itirmiş Sevda… İndi, illər sonra özünü qınayırdı ki, axı, niyə Sevdanı atdı onda? Niyə onun başqasıyla evlənməsinin doğru seçim olduğunu dedi ki? Bəyəm başqasını öpmüşdü ki, Sevda? Axı, o Sevdanı sevdiyi kimi, qız da onu sevirdi. Bütün arzularına sarılmışdı ona olan hissləriylə… Onun üçün ölə də bilərdi… Bax, buna əmin olduqdan sonra Sevdadan uzaqlaşmışdı… Özlüyündə qət elədiyi bir qərar vardı ki, əgər bir qız, bir oğlandan ötrü ölməyi gözə alırsa, deməli, o, heç də yaxşı qız deyil… Deməli, o qız mələk deyil… Deməli, qızın bu düşkünlüyü onun adiliyidi…
İndi isə… İllər sonra başqa cür düşünürdü… Sevdanın o sevgisini heç kəsdə görməmişdi. Heç kəs onun uğruna heç nədən keçməmişdi. Heç kəs onun üçün bir də qayıdıb mələk olmamışdı. İndi dönə bilsəydi o illərə, Sevdanı başının tacı edərdi… Onu sevən ürəyin qarşısında baş əyərdi. Amma… Bilirdi ki, qayıda bilməz… Qayıda bilməz…
Ona elçi gəldiyini Sevda həmin günün səhəri demişdi Turana. Elçilərin “yox” cavabı ilə qayıtdığını da. Utanıb gözlərini yerə dikərək:
-Mamangil gəlsin, nolur…-demişdi…
O isə, bu sözün qarşısında alçaldığını zənn etmişdi. Hirslənmişdi.
-Ağ gün istəmirsənmi? Get də o oğlana… Evi, maşını… Pulu zibil kimi…
Sevda başını qaldırıb onun üzünə də baxmamışdı…
-Axı… səni sevirəm…
-Nolsun… Mən day istəmirəm… Çıx get!
Sevda yalnız bircə dəfə onun üzünə baxmışdı. Bu baxışlarda sadəcə təəssüf vardı… İtirilmiş illərin, xərclənmiş qürurun təəssüfü:
-Sən … Sən mənim astardığım deyilsən!
Hönkürüb qaçmışdı… Və bir həftə sonra şəhərin ən dəbdəbəli restoranına ağ gəlinlikdə girmişdi…
Turan bunları xatırladıqca daha da istiləndiyini duydu. Boyun-boğazının tərini əli ilə sildi. Saatına baxdı… Günün duran vaxtı idi. 16:22 idi…
-Offf… andıra qal… Gəl də…- avtobusun qarasınca söyləndi…
“25” nömrəli avtobusdan düşən yeniyetmə qızın saçındakı mavi banta baxdı… Sevdanın da beləsi vardı…
Tez də gözlərini təzədən yumdu. Sevdanın son baxışını yenə aydınca görürdü… Həmin günkü kimi… Düşündü ki, görəsən, Sevda “ağ gün”ü yaşayırmı? Onu xatırlayırmı? Nifrətlə yoxsa sevgiylə? Bəlkə yenə təəssüf hissi ilə?
Hərdən də özünü təmizə çıxarırdı bu xatirələrdə.. Sevda onu öpməsəydi o Sevdanı atmazdı… Əvvəlki kimi mələk bilərdi…
Yox… üzüntüsü artırdı… Bu dəfə də üzü univermağa tərəf çevrildi, sağ çiynini şüşəyə söykədi… “26” nömrəli avtobus kitabxana tərəfdən göründü. Dayanacağın qarşısına keçib adamları yara-yara düz yolun qırağına gəldi. Avtobusa minəndə də heç kimə güzəştə getmədi. Özünü içəri atıb açıq pəncərənin birinin qarşısında əyləşdi.
-Bayaqkı külək indi olaydı, bax…- hiss etdi ki, bəsit arzudu… Heç belə də arzu olar?
Üzünü elmi mərkəzə çevirdi. Avtobus yerindən tərpənəndən sonra yanında oturana nəzər saldı. Arıq, uzun qız sadə geyinmişdi. Ağ, qolsuz köynək, cins şalvar… Qara, kiçik çantasını dizləri üstündə tutmuşdu… Qızın üzünə baxmağa cəsarət etmədi. Yenidən eşiyə baxdı.
Avtobusun içərisinə yayılan musiqi çox hüznlü idi. Bu mahnını heç eşitməmişdi. Heç, deyəsən, mahnı da deyildi…
Az keçmədi ki, musiqiyə uyğun deyilən şeirin səsi onu yenidən üzüntüyə köklədi…
Turan ürəyi sıxıldığını hiss etdi… Elə bil onun Sevdanı xatırladığını duymuşdu sürücü. Bu şeir onun üçün idi sanki…
Gözünü hərləyib yanındakı qıza tərəf baxdı. Qara, təmiz gözlərini əlindəki telefona zilləyən qızın çöhrəsində Sevdaya bir oxsarlıq axtardı… Tapdı… Bu qalibanə təbəssüm… Eynən Sevda da belə gülümsəyirdi ona baxanda… Bəlkə də, yazıq qız onu sevdiyi üçün özünü dünyanın bəxtəvəri sayırdı…
Şeirdən fikrini yayındırmaq üçün gizlincə qızın telefonuna baxdı. Qız sms yazırdı:
“Sənin şeirin oxuyur avtobusda.. Yanımda da biz tərəfdə qalan oğlan oturub, sənin dediyin… Turan… Maraqlıdı, şeirin axırını eşidəndə, mimikasına baxacam…”
Turan daxilində yenidən istilik baş qaldırdığını anladı. Bu qız onu tanıyır… Hələ sms yazdığı da… Şeirin axırına diqqət kəsildi:
Qız susdu… hüznlü melodiya davam edirdi… Birdən şeiri səsləndirən qız lap ucadan dedi:
-Müəllif: Sevda Turan…
Turan öncə sinəsinin sol tərəfində bir ağırlıq duydu…
…Nəfəsini dərindən aldı…
…Yanındakı qıza baxdı…
…Qız ona baxıb tez də telefona nə isə yazmağa başladı…
…Qalxmaq istədi… Əlini tavana uzatdı…
…Kimsə çığırdı…
…Avtobus dayandı…
…Təcili yardım maşınından ağ xalatlılar düşdü…
…Turan dayanacaqda uzanmışdı…
…Kimsə dedi:
-İnfarkt keçirib…
-Yazıq… cavan adam…
-Bəs nolacaq?
…Səslər qarışdı…
…Hər şey ağappaq idi…
… Hər şey ağarırdı…
…Səmadan boylanan gün də ağarırdı…