Elnur RƏSULOĞLU (Əliyev Elnur Rəsul oğlu) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.dayaq.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.azpress.az”, “www.persona.az”, “www.vehdet.org” saytlarında şeir və məqalələri çap olunmuşdur.
Ailəlidir. İki övladı – bir oğlu və bir qızı var.
Ağ rəngi sevmirəm
Ağ rəngi sevmirəm rənglər içində,
Çünki ağ rəng qorxu, təslim rəngidir.
Başların üstünü xəbərsiz alan
Əzrail rəngidir, ölüm rəngidir.
Ağ rəngi sevmirəm rənglər içində,
Çünki mən sevmirəm təslim olmağı.
Həyat mübarizə, mübariz insan
Bacarır güc alıb yorulmamağı.
Ağ rəngi sevmirəm rənglər içində,
Çünki mən sevirəm mübarizəni.
Mübariz olmayan diriykən ölü,
Mübariz olmayan həyat düşməni.
Mənim arzum
Xatirələr yığın-yığın,
Ürəyimdir apardığın.
Əllərimdən qopardığın
Rahatlığım, dincliyimdir,
Cavanlığım, gəncliyimdir.
Yaralarım düyün-düyün,
Bununla sən fəxr et, öyün.
Vüsal oldu çox gördüyün.
Həsrət çəkib qoşun gəldi,
Sənin bundan xoşun gəldi.
Eşq havası başdan getməz,
Səsim, ünüm sənə yetməz,
Kişi olan qarğış etməz.
Arzum budur mənim sənə:
“Sevgim olsun qənim sənə”.