Elə istəyirəm qığılcım axsın,
Parlasın, gözümün yaşı yerinə.
Çiynim bu dünyanın yükü altında,
Əzilib getməsin boşu yerinə.
Elə istəyirəm küləklər əssin,
Çiçəklər dayansın dodaq-dodağa.
Bu öpüş qanadlı mələyə dönsün,
Aparsın məndən də məni uzağa.
Elə istəyirəm nağıl danışsın,
Hər gecəm, gündüzü yatırmaq üçün.
Sinəmdə doğulmuş, körpə arzumu,
Qızılgül içinə batırmaq üçün.
Elə istəyirəm buludlar kimi,
Ağlayım, quruyan dodaqlar üstə.
Baharda ağacda tumurcuqlayım,
Gizlin-gizlin açım budaqlar üstə.
Elə istəyirəm torpaq ağlayım,
Tökülsün gözümdən torpaq adamlar.
İçimdə göyərən, içimdə ölən,
Bir- bir yerə ensin yarpaq adamlar.
Elə istəyirəm torpaqdan bitim,
Yeriyim, yeriyim uzanım göyə.
İçimdə göyərən, içimdə ölən,
Yarpaq adam kimi ölməyim deyə.