1424249538_sekil

Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ” adlı kitabların müəllifidir.DGTYB-nın üzvü, “Ocaq” qəzetinin bölgə müxbiridir.Hal-hazırda ixtisası üzrə öz rayonu olan Saatlıda Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.
Gənc yazar Allahşükür Ağanın şerilərini təqdim edirik…

Dönən deyiləm…..

Məhəbbət məşəli yanır qəlbimdə,
Gecə də, gündüz də sönən deyiləm….
Min gözəl eşqini bəyan etsə də,
Mən sənin eşqindən dönən deyiləm….

Təsəlli ol mənə , barı təsəlli,
Günahım sevməkmi, ey şəkər dilli?
Eşqim, məhəbbətim gözümdən bəlli,
Mən sənin eşqindən dönən deyiləm….

İsti nəfəsinlə gəl, isit məni,
İsidə bilmirsən, tap, üşüt məni.
Harayıma hay ver, bir eşit məni,
Mən sənin eşqindən dönən deyiləm….

Dəyir xətrinə….

Uşaq kimi dəymə–düşər olmusan,
Adicə bir sözüm, dəyir xətrinə….
Gözlərim gözünə elə bənd olub,
Göz vuranda gözüm, dəyir xətrinə…

Yandırıb yaxırsan sevəni qəsdən,
Qısqanırsan hətta çiçəklərə sən,
Günəşli günlərdə kölgəniydim mən,
Yoxsa ayaq izim, dəyir xətrinə?

Bu qədər insafsız olmaz ki, adam
Görünür qəlbində hələ də yadam,
Soyuq havalarda ocağam, odam,
İsidəndə közüm, dəyir xətrinə….

Xatirələr var….

Xəyal aləminin tənhalıq quşu,
Alaraq qoynuna apardı məni…
Xəyallı dünyada qanad çalaraq,
Saldı yaddaşıma olub keçəni….

Gözümdə canlanır o illər mənim,
Aradan ötsə də neçə qış, bahar..
Qədrini bilmədim, bilmədim nədən,
İndi o illərdən xatirələr var…..

01..14..2015