1601578_710347309084020_7077466699777794928_n

Dünya da küsdürdü özündən məni,
Yox daha, ürəyim heç kəsi sevməz.
Allahın sevdiyi kasıb bəndəni,
Allahın qarnı tox bəndəsi sevməz.

Baxdığın aynada özünü tanı,
Səni bu aynadan qoparan da var.
Allahdan havayı aldığı canı,
Allaha minnətlə qaytaran da var.

İnsanın ayagı torpağdadırsa,
Torpağın bətnində kiriyər belə.
Şamın kəraməti yanmağdadırsa,
Şam da öz dibinə əriyər belə.

Aldanma dünyanın hər daş-qaşına,
Şeytanın ev yıxan min bir şəri var.
Ey insan, deyilsən sən öz başına,
Dünyanın Allahı, Peyğəmbəri var.

Dayanma özgəylə çiyin-çiyinə,
Özün öz boyunu öz əlinlə ölç.
Səni kim danlayar özgə yerinə?
Ölçürsən özünü əməlinlə ölç.

Padşahı zülümkar, cəlladı axmaq,
Səni də asarlar bir gün dilindən.
Şairin silahı sözüdür, ancağ,
Bu dərdin əlindən, qəmin əlindən.

Allaha getməyə yolun da ola,
Dərdini Allahla böləsən rahat.
Ölüm də, əlinin altında ola,
Ölmək istəyəndə öləsən rahat.

Daş-qalaq eyləyin, susdurun məni,
Gəlmərəm dünyaya, gəlmərəm bir də.
Allahin yanında basdırın məni,
Yatmağa həvəsim yoxdu qəbirdə