İlk bahar çiçəyi təravətlidir,
Sənə bəslədiyim hislərim kimi.
Bülbül öz gülünə səxavətlidir,
Sənə sadiq qalan ürəyim kimi.
Bir bulaq suyu tək safdır göz yaşım,
Süzülsə gözümdən eşqin yolunda.
Günəş sönük qalar, bil, şöləsindən,
Alışsa ürəyim sevgi odunda.
Dağlar əzəmətin itirər o an,
Sevgimin vüqarı danışsa əgər.
Əslisi uğrunda Kərəmdir yanan,
Bu sevgi naminə yanmağa dəyər.
Buludlar ağlayır çəkdiyim dərdə,
Yağdırır üstümə qəm yağışını.
Vüsalın həsrəti dayanıb gendə,
Zilləyib üzümə od baxışını.
Baxma sən üzümə sual dolusu
Xəbərin yox kimi bu hicranımdan.
Qaytar ürəyimi, ay qəlb oğrusu,
Məgər qorxmursanmı Yaradanından?