234435423665547648

Yol

Bu yol xarabalıq,bu yol abadlıq,
Yolun ortasında ölüm oyanıb.
Kim deyir başlanğıc doğum ilidi?
Yolun lap sonunda ilim dayanıb.

Bu yol məhəbbətdi, bu yol məşəqqət,
Ayağım torpaqda sırsıralanıb.
Yolun üzündəki mənim göz yaşım,
Yolun ürəyində sirr sıralanıb.

Bu yol qara geyib, bu yol ağ geyib,
Əvvəli ortası sonu ağ-appaq.
Yolun kiprikləri, yolun saçları,
Yolun sinəsidi qapqara bir dağ.

Bu yol arzuların budağı kimi,
Bu yol günahların otağı kimi,
Bu yol dirilərin ölüm ayağı,
Bu yol ölülərin torpağı kimi.

Yolun gözləri də qarmaqarışıq,
Yol yaman sarılıb kipriklərimə.
Yol mənim saçımda xınalıbdı,
Gedirəm bu yolu geyib əynimə

 

Çək!

bir qara daşın üzünə
adamın şəklini çəkmə
ananın şəklini çəkmə
atanın şəklini çəkmə.
daşın üzünə, daşı çək,
gözündən enən yaşı çək
ya yadlaşmış yaddaşı çək
yada götür yad yaşı çək.
çək, özünün şəklini çək!
bəzək olsun qırışların.